Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4319/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın üzərində paylarının müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “birgə nikah dövründə əldə edilmiş əmlakın üzərində paylarının müəyyən edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X6, İddiaçı nümayəndəsi X5, Cavabdeh və onun nümayəndəsi və Vəkil1 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1059/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Kia Sportage" markalı **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsız sayılması, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və satış pulunun aralarında bərabər bölünməsi, birgə nikah dövründə alınan ev əşyalarının və avadanlıqlarlar üzrə payların müəyyən edilməsi və naturada bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci ildə bağlanmış nikaha Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2023-cü ildə xitam verilmişdir. Birgə nikah dövründə aldıqları və hazırda mövcud olan ev əşyaları bunlardır: 3 ədəd televizor; 1 ədəd səsgücləndirici musiqi aparatı; 1 ədəd masa; 6 ədəd yumşaq oturacaq; 1 dəst yumşaq mebel- bir divan, iki kreslo (iki min yüz manat); 1 ədəd tv stent; mətbəxt mebeli; 1 ədəd qaz sobası; 1 ədəd elektrik soba; 1 ədəd mikrovalnovka; 1 ədəd havalandırıcı- aspirator; 1 ədəd mətbəxt divanı; 1 ədəd soyuducu (iki min manat); 1 ədəd duş kabini (min beş yüz manat); 1 ədəd paltaryuyan maşın (dörd yüz manat); 1 ədəd moydadır və hamam dolabı; 1 ədəd böyük paltar dolabı; 1 ədəd yataq dəsti (üç min beş yüz manat), "Kia Sportage" markalı **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (iyirmi dörd min beş yüz manat). Cavabdeh ilə ailə münasibətlərinə xitam verildikdən sonra, yuxarıda qeyd edilən əmlakın bölünməsi barədə onunla razılığa gələ bilməmişlər və əmlak bölgüsü barədə mübahisə yaranmışdır. Cavabdeh xx.xx.2023 cü ildə öz adına olan "Kia Sportage" markalı **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini onun notariat qaydasında təsdiq edilmiş razılığı olmadan X7 adına özgəninkiləşdirmişdir. Gülər Eminova isə elə həmin tarixdə sözügedən nəqliyyat vasitəsi barədə Cavabdeh istifadəyə görə etibarnamə, axırıncının anası olan X3 baş etibarnamə vermişdir.
3. İddiaçı xx.xx.2024-cü ildə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, "Kia Sportage" markalı **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsız sayılması, həmin nəqliyyat vasitəsi üzrə cavabdehlə onun paylarının müəyyən edilməsi və Cavabdeh ilə onun arasında paylara uyğun bölünməsi, Cavabdeh ilə onun evliliyi dövründə alınan ev əşyalarının və avadanlıqlarlar üzrə payların müəyyən edilməsi və naturada bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bundan sonra iddiaçı xx.xx.2024-cü ildə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlə birgə nikah dövründə alınan "Kia Sportage" markalı 77-BZ 740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə onun və 1/2 hissəsinə cavabdehin payının müəyyən edilməsi, cavabdehlə birgə nikah dövründə alınan ev əşyaları və avadanlıqları üzərində 1/2 hissəsinə onun və 1/2 hissədə cavabdehin payının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. 11.03.2024-cü ildə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ilə xx.xx.2012-ci ildən xx.xx.2023-cü ilə kimi birgə nikah dövründə aldıqları və hazırda mövcud olan ev əşyaları bunlardır: 3 ədəd televizor; 1 ədəd səsgücləndirici musiqi aparatı; 1 ədəd masa; 6 ədəd yumşaq oturacaq; 1 dəst yumşaq mebel- bir divan, iki puf 2395 (iki min üç yüz doxsan beş) manat; 1 ədəd tv stent; mətbəxt mebeli; 1 ədəd qaz sobası 220 (iki yüz iyirmi) manat; 1 ədəd elektrik soba 450 (dörd yüz əlli) manat; 1 ədəd mikrovalnovka 149 (yüz qırx döqquz) manat; 1 ədəd havalandırıcıaspirator 280 (iki yüz səksən) manat; 1 ədəd mətbəxt divanı; 1 ədəd soyuducu 950 (doqquz yüz əlli) manat; 1 ədəd duş kabini 1300 (min üç yüz) manat; 1 ədəd paltaryuyan maşın (dörd yüz manat); 1 ədəd moydadır və hamam dolabı; 1 ədəd böyük paltar dolabı; 1 ədəd yataq dəsti 3500 (üç min beş yüz) manat (ümumi təqribi 10.500 manat).
6. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1059/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Adilə Paşayeva) ilə iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə edilmiş "Kia Sportage" markalı 77BZ740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 1 dəst yumşaq mebelin - bir divan, iki puf, 1 ədəd qaz sobasının, 1 ədəd elektrik sobanın, 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd havalandırıcı aspiratorun, 1 ədəd soyuducunun, 1 ədəd duş kabininin üzərində ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh payı müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
7. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir.
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçı ilə nikaha daxil olana qədər şəxsi minik avtomobili olmuşdur. «Mersedes» markalı «A Class» modelli həmin avtomobili cavabdeh nikaha qədər olan dövr ərzində almışdır. Cavabdeh və onun tərəfindən ifadə verən X1 və X5 da bu faktı təsdiq etmiş və bildirmişlər ki, cavabdehin nikaha daxil olana qədər mülkiyyətində şəxsi minik avtomobili olmuşdur. Bundan sonra cavabdeh nikah zamanı həmin avtomobili satmış, onun satışından əldə olunan vəsaiti və valideynlərinin ona verdiyi qızıl-zinət əşyalarının satışından əldə olunan vəsaiti toplayaraq hazırkı avtomobili almışdır. Göründüyü kimi mübahisəli avtomobil cavabdehin öz şəxsi avtomobilidir. Çünki cavabdeh həmin avtomobili nikaha qədər ona məxsus olan avtomobilin və nikah zamanı ona bağışlanan qəzəl-zinət əşyalarının satışı hesabına əldə olunan vəsaitlə almışdır. Cavabdeh bunu məhkəmədə sübut etmişdir. Belə ki, cavabdehin anası X4 adından Cavabdeh və gəlini Hüseynova Elmiraya ünvanlanan 12.089.2021-ci il tarixli yazılı müraciət cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin yazılı müraciətdə X8 qızıl ticarəti ilə məşğul olan mərhum ərindən miras qalan qızıl zinət əşyalarını öz qızı və oğlu Səbuhinin yoldaşı Hüseynova Elmira arasında paylara böldüyünü və qızına dəyəri 10000 manat olan brilyant qaşlı karnitur, dəyəri 3000 manat olan kolye, dəyəri 1500 manat olan brilyant qaşlı sırğa, ümumi dəyəri 10000 manat olan iki ədəd brilyant dəst, ümui dəyəri 2500 manat olan iki ədəd qolbaq, ümumi dəyəri 2800 manat olan 3 ədəd üzük verdiyini bildirmişdir. Həmin yazılı müraciət məhkəməyə təqdim edilmişdir. Lakin işə baxan məhkəmə nə bu sübutu, nə də qanunvericiliyin işin bu hallarına dair mövqeyini nəzərə almamış, maddi hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh məhkəmədə sübut etmişdir ki, aldığı avtomobil ər-arvadın ümumi qazancı hesabına deyil, şəxsi avtomobilinin və ona bağışlanan qəzəl-zinət əşyalarının satışından əldə olunan vəsait hesabına əldə edilmişdir. Mübahisəli avtomobil 24000 manata alınmışdır. Cavabdeh öz əvvəlki avtomobilini təxminən 7500 manata satmış, qızıl-zinət əşyalarını da sataraq hazırkı avtomobili almışdır. Cavabdeh iddiaya etirazının əsası kimi sübutları məhkəməyə təqdim etsə də, iddiaçı həmin avtomobilin ümumi qazanc hesabına əldə edildiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əgər iddiaçı həmin avtomobilin ümumi gəlirlər hesabına əldə edildiyini iddia edirsə, o halda həmin qazancın mənbəyini də göstərməli idi. Lakin iddiaçı bunu sübut etməmişdir. Cavabdeh həmin minik avtomobilini iddiaçı ilə nikahda olan zaman əldə etsə də, həmin əmlakın yalnız cavabdehə məxsus olduğunu, ümumi mülkiyyət olmadığını təsdiq edən sübut – qızılların bağışlanmasına dair yazılı müraciət mövcuddur. Nikaha qədər avtomobilin mövcudluğu və qızıl-zinət əşyalarının verilməsinə dair yazılı müraciətin olması Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli həmin qərarının göstərişləri baxımından da deməyə əsas verir ki, həmin əmlak cavabdehin yalnız özünə məxsusdur və iddiaçı ilə ümumi mülkiyyəti hesab edilmir. Çünki həmin qərarda yazılmışdır ki, əvəzsiz əqd əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilsin. Bununla bağlı olaraq bildirir ki, iş üzrə şahid və cavabdehin anası olan X2 xx.xx.2021-ci il tarixli yazılı müraciəti həmin tələbə qarşı sübutetmənin qanunla yol verilən şərti kimi çıxış edir. Lakin işə baxan məhkəmə cavabdehə qarşı qərəzli davranaraq həmin yazılı sübuta düzgün hüquqi qiymət verməmişdir. Digər tərəfdən iddiaçı öz izahatında həmin avtomobilin torpaq sahəsinin satışından əldə olunan vəsaitlə alındığını iddia etə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçının izahatı ilə də təsdiq olunur ki, cavabdehin nikaha qədər «Mersedes A Class» markalı avtomobili olmuş, onu 6500 manata satmışlar. İddiaçının bu faktı etiraf etməsi, cavabdehi həmin faktı sübut etmək vəzifəsindən azad edir. Məhkəmə iş üzrə şahid kimi dindirilən şəxslərin ifadələrinə də düzgün hüquqi qiymət verməmiş, onların ifadələri ilə işin müəyyən olunan hallarının uyğun olub-olmadığını yoxlamadan əsassız nəticəyə gəlmişdir. Nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Bundan əlavə, işə baxan məhkəmə iş materiallarında olan və iddiaçı tərəfindən yazılan xx.xx.2019-cu il tarixli ərizəyə də düzgün hüquqi qiymət verməmişdir. Həmin ərizədə iddiaçı özü bildirmişdir ki, Cavabdeh əmlakına dair heç bir iddia və tələbi yoxdur. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və Vəkil1 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək bildirdilər ki, həmin avtomobili cavabdeh öz şəxsi vəsaiti ilə almışdır, odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi J.İsmayılova apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməsini xahiş etdi, bildirdi ki, cavabdeh avtomobilin bölünməməsi üçün onu nikah dövründə satmış, daha sonra isə geri qaytarmışdır. Hesab edir ki, avtomobil birgə nikah dövründə, birgə gəlirlər hesabına alındığı üçün tərəflər arasında bölünməlidir. Sübutların tədqiqi:
12. Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2023-cü ildə 594 nömrəli akt qeydi ilə xitam verilmişdir.
13. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Kia Sportage" markalı 77 BZ-740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdehdır.
14. 06.12.2021-ci il tarixli etibarnamədən görünür ki, cavabdeh iddiaçıya 3 il 2 ay müddətinə "Kia Sportage" markalı **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini vermişdir. Həmin etibarnamə xx.xx.2026-cı ilədək qüvvədədir.
15. Cavabdeh tərəfindən təqdim edilmiş mobil telefon vasitəsilə edilmiş fotoşəkildən görünür ki, 4 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisi vasitəsilə cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnaməyə xx.xx.2023-cü ildə xitam verilmişdir.
16. Cavabdeh tərəfindən təqdim edilmiş mobil telefon vasitəsilə edilmiş fotoşəkildən görünür ki, Goranboy Rayon Notariat Ofisi vasitəsilə X11 (mülkiyyətçi) Cavabdeh xx.xx.2023-cü il tarixli etibarnamə ilə xx.xx.2032-cü ilədək 77BZ740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini vermişdir.
17. 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiqlənmiş İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh əmlakına dair heç bir iddia və tələbi olmadığını bildirmişdir.
18. AR DİN BDYPİ Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasından çıxarışdan görünür ki, "Kia Sportage" markalı 77BZ740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdır.
19. "Kontak Home" tərəfindən verilmiş qəbzdən görünür ki, iddiaçı xx.xx.2022-ci ildə 149,99 manat məbləğində mikrodalğalı soba almışdır.
20. "Kral İnşaat" tərəfindən verilmiş qəbzdən görünür ki, iddiaçı xx.xx.2017-ci ildə 1300 manat məbləğində duş kabini almışdır.
21. "Saloğlu" tərəfindən verilmiş qəbzdən görünür ki, iddiaçı xx.xx.2022-ci ildə 2395 manat məbləğində bir divan, iki puf almışdır.
22. 0008614 nömrəli qaimə fakturadan görünür ki, iddiaçı 2017-ci ildə soyuducu (950 manat), ankastor (450 manat), qaz (220 manat), aspirator (280 manat) almışdır. Cəmi 1900 manat məbləğində pul tam ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 125.Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
23. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
24. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
25. Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
26. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
27. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
28. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
29. Mülki Məcəllə:
30. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
31. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
37. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
38. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
41. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli avtomobilin şəxsi avtomobilinin və ona verilən qızıl-zinət əşyalarının satışından əldə edilən vəsaitlə alındığını bildirmiş və iş üzrə şahid ifadələrinə eləcə də anası X2 xx.xx.2021-ci il tarixli yazılı müraciətinə istinad etmişdir.
46. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən: 3.7.Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8.Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9.Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10.Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.
47. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı dindirilmiş şahid ifadələri ilə cavabdehin nikahdan əvvəl avtomobilinin olması bildirilmiş, lakin həmin şahid ifadələri ilə, eləcə də işin faktiki halları ilə mübahisəli avtomobilin məhz cavabdehin öz şəxsi vəsaiti hesabına əldə etməsi müəyyən edilməmiş, cavabdeh bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir.
48. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
50. Digər tərəfdən E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 28 dekabr 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Hazırki işin faktiki hallarından isə avtomobilin məhz cavabdehin hesabına əldə edilməsinə dair əyani sübutlar mövcud olmamışdır.
51. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin məhz onun öz gəlirləri hesabına əldə edildiyi sübut edilmədiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
52. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1059/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.