Məhkəmə qərarları › İş №2(103)-432/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-432/2022

27.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-432/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının vəkili Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs: Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus rabitə qurğularının üzərində inşa edilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və rabitə qurğularının mühafizə zonasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, telekommunikasiya operatoru olan ünvan 2 ünvanında yerləşən MMC-yə məxsus rabitə qurğularının üzərində cavabdeh tərəfindən özbaşına tikili inşa edilmiş və bunun nəticəsində rabitə quyusunun bir hissəsi və yeraltı telekommunikasiya şəbəkələri cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan inşa edilmiş tikintinin altında qalmışdır. Bu isə öz növbəsində iddiaçının telekommunikasiya operatorun texniki işçiləri tərəfindən cəmiyyətə məxsus qeyd olunan telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonasına maneəsiz daxil olmağı və təmir işlərini aparmaq imkanını məhdudlaşdırmışdır. Nəticədə, iddiaçı tərəfindən həmin ərazidə rabitə xidmətlərinin maneəsiz və qüsursuz göstərilməsini qeyri-mümkün olmuşdur. Bu barədə 19 sentyabr 2013-cü il tarixdə rabitə xəttinin pozuntuları haqqında akt tərtib edilmişdir. Cavabdehdən dəfələrlə şifahi və yazılı şəkildə telekommunikasiya qurğunun üzərində inşa edilmiş qeyri-qanuni tikilinin sökülməsi və qurğunun mühafizə zonasının boşaldılmasının tələb edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Cavabdeh hazırda da cəmiyyətin qanuni tələblərini icra etməkdən yayınır. Buna görə də cəmiyyət öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(005)- 92/21saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, İddiaçı MMC hüquqi şəxsdir. Cavabdeh isə mübahisələndirilən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, vergi ödəyicisidir. O, eyni zamanda "xxxx" MMC-nin rəhbəridir. İddiaçı cavabdehin hərəkətləri, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulan qeyri-yaşayış sahəsi (obyekt) inşa etməsi nəticəsində cəmiyyətə məxsus telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonasına maneəsiz daxil olmağın və təmir işləri aparmağın məhdudlaşdırıldığını iddia etmişdir. Beləliklə, hazırkı iddia sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə yaranan maneədən dolayı qaldırılmışdır. Bununla da müəyyən edilir ki, işdə iştirak edən şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar və hazırkı mübahisə də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, yaranmış məhkəmə aidiyyəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prossesual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Hüqüq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prossesual qaydalara müvafiq aparılır. Bu prinsip və prossesual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələrindən yaranan tələblərə yalnız kommersiya məhkəmələrində baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi kommersiya mübahisəsi olduğundan həmin tələbə baxılması səlahiyyəti mülki icraat qaydasında kommersiya məhkəməsinə aiddir. İş materiallarından məlum olur ki, iddiaçı və cavabdeh Bakı şəhərində qeydiyyatdan keçmişlər. Göstərilənlərə əsasən hazırkı iddia Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 32.3, 32.4, 384.0.4, 385.1.1, 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar