Məhkəmə qərarları › İş №2(103)-4320/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4320/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4320/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs «X7» ASC nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Xammal və X10 Mərkəzi Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs «X7» ASC) qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(005)-349/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Xammal və X10 Mərkəzi Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs «X7» ASC) qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, «xxxx» MMC-nin 21 yanvar 2020-ci il tarixli, 03/03 saylı hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X5, X3 və X4 iddiaçı «xxxx» KB ASC-nin xeyrinə 25 fevral 2014-cü il tarixli UM-01/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 27 fevral 2014-cü il tarixli 02/14 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 115577 ABŞ dolları 45 sent, faiz borcu üzrə 45081 ABŞ dolları 63 sent, cərimə borcu üzrə 944 ABŞ dolları 58 sent, cəmi 161603 ABŞ dolları 66 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarının, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulub «xxxx» Kommersiya Bankı ASC-nin xeyrinə verilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətimim 74000 manat müəyyən olunmaqla açıq hərracda satılması, açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində əmlakların boşaldılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(004)-2011/2018 saylı icra vərəqəsi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraatına daxil olmuş, ona bildiriş icraata başlama qərarının surəti təqdim edilmədən müxtəlif icra hərəkətləri aparılmış 17/72- 142392/3-28925 saylı, 01.11.2019-cu il tarixli məktubla hərrac keçirilməsi barədə Hərrac Mərkəzi «xxxx» MMC -nə sifariş verilmiş, 25% aşağı olan qiymətilə 62900 manat qiymətlə tələbkar eldə etmişdir. Bildirir ki, bankla arasında şifahi razılıq əsasında ona məxsus əmlak hərracda satılmalı deyildir. Bankın nümayəndəsi həmişə ona deyirdi ki, sən hissə-hissə ödəmələr apar, biz də hərracda satışı dayandırmışıq. Halbuki, icra məmuru əmlakı qiymətləndirərkən, yaxud satışa göndərərkən ipoteka qoyan kimi ona bildiriş verilməli, eyni zamanda əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ona təqdim olunmalı idi. Əmlak qiymətləndirilərkən baxış keçirilməmiş, anoloji qaydada rəy tərtib olunmuş «Qiymətləndirmə haqqında» Qanunun tələbləri pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(005)- 349/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hərracın qanun pozuntuları ilə keçirilməsi və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakın açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsində (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(004)-2011/2018 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirmiş, məhkəmə qərarı ilə ipoteka predmetinin ilkin satış qiyməti 74000 manat müəyyən edilmişdir. Həmçinin, işdə olan sübutlardan (qəzet elanları, bildirişlər, protokol və s.) görünür ki, qanuni qüvvədə olan məhkəmə qarının icrası sahəsində iddiaçının mülkiyyətində olan, ipoteka predmeti Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənziln açıq hərracdan satılması üçün ilk hərrac 09 dekabr 2019-cu il tarixə təyin edilmiş və bununla bağlı iddiaçı tərəfə bildiriş göndərilmiş, həmin tarixə təyin olunmuş hərrac baş tutmadığından, təkrar hərrac 25 dekabr 2019-cu il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə yenidən bildiriş (həmçinin, iddiaçı tərəfə) göndərilmişdir. İşdə olan rabitə orqanının məlumatlarından (04 dekabr 2019-cu il tarixli, 20 dekabr 2019-cu il tarixli, 17 yanvar 2020-ci il tarixli aktlar) görünür ki, iddiaçının ünvanına göndərilmiş bildirişlərin qəbulundan imtina edilmişdir. Eyni zamanda «Birja yenilikləri» qəzetinin 08-14 noyabr 2019-cu il tarixli, 13-19 noyabr 2019-cu il tarixli, 22-28 noyabr 2019-cu il tarixli buraxılışlarında hərracla bağlı müvafiq elanlar (hərracların vaxtı və yeri, hərracın baş tutmamış elan edilməsi və s.) verilmişdir. Göründüyü kimi, cavabdeh hərracların yeri və vaxtı barədə kifayət qədər məlumatlı olmuş, lakin hərraclarda iştirak etməmişdir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan Respublika Xammal və Əmtəə Birjası Cavabdeh 21.01.2020-ci il tarixli hərracın yekunları barədə 30/05 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilin ilkin satış qiyməti 74000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 62.900 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə - 47175 manat olmaqla «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan «xxxx» Kommersiya Bankı ASC tərəfindən əldə edilmişdir. Qeyd edilməlidir ki, «İpoteka haqqında» Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satışüsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri «İpoteka haqqında» Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. «İpoteka haqqında» Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. «İpoteka haqqında» Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. «Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. İddiaçı apellyasiya şikayətində keçirilən hərracların vaxtı və yeri barədə məlumatın verilməməsini göstərsə də, yuxarıda da qeyd edildiyi kimi - hazırki mübahisə obyekti üzrə iki hərrac (ilk və təkrar) keçirilmiş, hərracların yeri və vaxtı barədə maraqlı şəxslərə bildirişlər göndərilmiş, qəzetdə elanlar verilmiş, lakin hərrac baş tutmamış, nəticədə ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunmuş, sonuncunun əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmçinin qeyd edilməlidir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Göründüyü kimi, qanunverici bildirişin çatdırılmasını deyil, sifarişli poçt göndərişi (məktubu) ilə göndərilməsini nəzərdə tutmuşdur. İşdən isə görünür ki, bildirişlər iddiaçının ünvanına göndərilmiş, lakin onun qəbulundan imtina edilmişdir (yuxarıda qeyd edildiyi kimi rabitə orqanı bu barədə müvafiq aktlar tərtib etmişdir). İddiaçı isə bunun əksini (apellyasiya şikayətində göstərdiyi kimi bildirişlərin qəbulundan imtina olunmaması və s.) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı tələbində evin qiymətləndirilməsini mübahisələndirmiş, qiymətləndiricinin rəyinin ona təqdim olunmamasını və s.göstərmişdir. Halbuki, işdə olan sübutlardan görünür, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti məhz Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Belə olan halda, iddiaçı analoji etirazlarını həmin işə baxılan zamanı irəli sürmək hüququna malik olmuşdur. Göründüyü kimi, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə baxışı zamanı mübahisə obyekti olan yaşayış evi üzrə keçirilmiş hərracın iddiaçının iddia etdiyi əsaslar üzrə qanunsuzluğu müəyyən edilməmişdir. Bu səbəbdən, iddia qalan hissələrdə də əsasızdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyü kimi məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Xammal və X10 Mərkəzi Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs «X7» ASC) qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(005)-349/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(005)-349/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar