Məhkəmə qərarları › İş №2(103)-4324/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4324/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4324/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-1626/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli iltizama əsasən o, 2019-2021-ci illər arasında çalışdığı İddiaçı aldığı mallardan aralarında qalan 30.000 ABŞ dolları borcu olduğunu qəbul etdiyini və ödəyəcəyinə söz verdiyini qeyd etmişdir.

2. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli iltizama əsasən o, 2023-cü ilin avqust-sentyabr ayında İddiaçı aldığı malların borcunu – 25.024 ABŞ dollarını ödəyəcəyi barədə söz verdiyini qeyd etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən İddiaçı müraciəti ilə əlaqədar izahatı alınmış, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçılə 2017-ci ildən tanışdır, aralarında bir çox alqı-satqı olmuşdur. Aralarında yaranmış borc Elminin ona vermiş olduğu malların satılması ilə bağlı olmuşdur və Elmin ona söz vermişdir ki, malları ucuz satsın, yenidən ona mal verilsin. O, həmin malları ucuz satmış, lakin Elmin tərəfindən ona güzəşt edilməmişdir. Onun Elminə olan mal borcunun bir hissəsi Moskva şəhərində anbarındadır. Ondan mal borcunu istəyirsə anbarında olan malları qaytarmağa və ya satıldıqca hissə-hissə borcun verilməsinə razıdır.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 53.424 ABŞ dolları məbləğində borcun və 363 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən Türkiyənin İstanbul şəhərində yaşayır, Azərbaycan Respublikası vətəndaşı olsa da Türkiyədə daimi yaşamaq hüququ vardır. O, artıq uzun müddətdir ki, İstanbul şəhərində ayaqqabı satışı ilə məşğul olan mağazada işləyir. 2019-cu ilin əvvələrində əvvəllər tanımadığı, hazırki iş üzrə cavabdeh onun İstanbul şəhərində işlədiyi mağazaya gəlmiş, özünü onun həmyerlisi kimi təqdim edərək ilk vaxtlardan isti münasibət yaratmış, ayaqqabı satışı ilə məşğul olduğunu bildirmişdir. Daha sonra isə cavabdeh həmyerli olmalarını bildirərək ona nisyə mal verilməsini xahiş etmişdir. O, bir neçə dəfə ona yox cavabı versə də, cavabdehin çoxsaylı təkidlərindən sonra həmçinin də həmyerli olmalarını nəzərə alaraq ona nisyə mal verilməsinə razılaşmışdır. Bundan sonra malların nisyə verilməsi və verilmiş malların dəyərinin mal verilən gündən sonrakı 3 ay içərisində tam şəkildə ödənilməsi barədə razılığa gəlmişlər. Beləliklə də 2019-2021-ci illər ərzində cavabdehə ümumilikdə 100.000 ABŞ dolları dəyərində nisyə ayaqqabı verilmiş və cavabdeh həmin malları qəbul edərək satmışdır. Buna baxmayaraq, cavabdeh götürdüyü malların dəyərini tam ödəməmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixində 300 ABŞ dolları göndərmiş və 2021-ci ildə götürdüyü mallara görə 30.000 ABŞ dolları borcu qalmışdır. O, cavabdehdən dəfələrlə həmin borc məbləğinin ödənilməsini tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Daha sonra isə 2023-cü ilin avqust ayında cavabdeh yenidən ona müraciət edərək borcundan müəyyən məbləğdə ödəniş etməklə ona yenə də nisyə mal verilməsini xahiş etmiş, həmin malları sataraq həm əvvəlki borcunu, həm də yeni götürdüyü malların dəyərini ödəyəcəyini bildirmişdir. Bundan sonra cavabdeh əvvəlki borcundan 1.600 ABŞ dolları ödəniş etmiş və tərəfindən cavabdehə 2023-cü ilin avqustsentyabr ayları ərzində cəmi 25.024 ABŞ dolları dəyərində yeni mal verilmişdir. Lakin, yenə də cavabdeh borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmış, həmin tarixdən bugünədək borcundan heç bir ödəniş etməmişdir. Bu səbəbdən də, hazırda cavabdehin ona 53.424 ABŞ dolları məbləğində borcu qalmışdır. Borc məbləği ilə bağlı tərəflər arasında çoxsaylı “whatsapp” səs və mətn yazışmaları, cavabdehin xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində öz xətti ilə yazdığı etirafedici sənədlər, təhvil-təslim sənədi mövcuddur. Bunlardan əlavə malların cavabdehə verilməsində iddiaçı ilə birgə çalışan X1 da iştirak etmişdir və zərurət yaranarsa o, da şahid qismində dindirilə bilər.

6. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 51.024 ABŞ dolları məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 363 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, o, uzun müddətdir ki, Rusiya Federasiyasının Moskva şəhərində ayaqqabı alveri ilə məşğuldur. Satdığı malları da Türkiyə Respublikasından alıb Moskvaya apararaq orada pərakəndə qaydada satmışdır. Onunla iddiaçı arasında onun bildirdiyi kimi 100.000 ABŞ dolları deyil, ümumilikdə bu günə kimi 300.000 ABŞ dollarından artıq dövriyyə olub. Onlar bir neçə ildir ki, alver edirlər və aralarında bu müddətə söykənən etibar vardır. O, dəfələrlə ondan istər nisyə, istərsə də nağd qaydada mal alıb satmışdır. Qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ona göndərdiyi sonuncu partiya mal onun dediyi kimi 2023-cü ilin avqustsentyabr aylarına təsadüf edir. Həmin cəmi 25.024 ABŞ dolları məbləğində olan mal bu günə kimi satılmamışdır. Moskva şəhərindəki mağazanın anbarında və vitrindədir. Əgər iddiaçı mallarını geri götürmək istəyirsə buyursun gəlsin aparsın. Qaldı ki, 2021-ci ildə ona yaranmış 30.000 ABŞ dolları məbləğində borcu - bu məbləğin yaranma səbəbi pandemiya dövründə alverin getməməsi, malların bir qisminin qüsurlu olması və digər ondan asılı olmayan vəziyyətə görə 42.000 ABŞ dolları olan malın 12.000 ABŞ dollarına satması olmuşdur. Bunu isə mal sahibi İddiaçı özü ilə məsləhətləşib dəyər-dəyməzinə satmışdır ki, o, arada qalan 30.000 ABŞ dollarının əvəzinə ondan 15.000 dollar tələb edəcək, yerdə qalan 15.000 ABŞ dolları olan malın dəyərini isə yeni alacağı ayaqqabılarda iri məbləğlərdə edəcəyi güzəşt endirimlərlə onun üçün qazanaraq bərpa olunmasına şərait yaradacaqdır. Lakin iddiaçı bu vədinə əməl etməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilmişdir.

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1626/2024 nömrəli qətnaməsi ilə (hakim P.Ş.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh 51.024 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin və ödənilmiş 363 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, mülki işin materialları, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatları, cavabdeh tərəfindən yazılmış, lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin xətti və imzası olan əlyazma ilə təsdiq edilir ki, tərəflər arasında ayaqqabı satışı ilə bağlı razılaşmalar olmuş, cavabdeh tərəfindən iddiaçıdan 2021-ci ildə götürülmüş mallara görə 30.000 ABŞ dolları məbləğində borc qalmış, daha sonra isə 2023-cü ilin avqust ayında Cavabdeh tərəfindən yenidən iddiaçıya müraciət edilərək borcundan müəyyən məbləğdə ödəniş etməklə ona yenə də nisyə mal verilməsi xahiş edilmiş, həmin malları sataraq həm əvvəlki borcunu, həm də yeni götürdüyü malların dəyərini ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra Cavabdeh əvvəlki borcundan 1.600 ABŞ dolları ödəniş etmiş və iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin avqust-sentyabr ayları ərzində cəmi 25.024 ABŞ dolları dəyərində yeni mal verilsə də, hazırki günədək cavabdeh tərəfindən ümumilikdə 51.024 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmamışdır.

10. Cavabdeh tərəfindən verilmiş etirazda 30.000 ABŞ dolları məbləğində borcun yaranma səbəbi kimi pandemiya dövründə alverin olmaması, malların bir qisminin qüsurlu olması və digər ondan asılı olmayan vəziyyətə görə 42.000 ABŞ dolları olan malın 12.000 ABŞ dollarına satılması, bununla bağlı tərəflər arasında şifahi razılaşmanın olması əsas gətirilsə də, həmin xüsusatlarla bağlı mötəbər sübutları məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, Cavabdeh 51.024 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 404.1, 442, 448.1, 448.2, 600.4, 601.1, 601.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən malların bir qisminin qüsurlu olması ilə əlaqədar məhkəməyə sübutlar – qüsurlu ayaqqabıların şəkilləri, iddiaçı ilə cavabdeh arasında olan son 7 il ərzində baş tutmuş alverin hesabatı təqdim edilmişdir. Hətta vaxt istənildi ki, 2023-cü ilin avqust ayında iddiaçı tərəfindən cavabdehə nisyə satılmaqla Rusiyaya göndərilmiş 25.024 ABŞ dolları dəyərində olan və hazırda Moskva şəhərində cavabdehin anbarında saxlanılan yeni ayaqqabıların arasında təxminən 8.000 ABŞ dolları dəyərində 88 cüt qüsurlu ayaqqabının qüsur aktını – yəni müvafiq ekspert rəyini təqdim edə bilsin. Lakin birinci instansiya məhkəməsinin hakimi bu şəraiti yaratmadı. Hazırda həmin rəy Moskva şəhərində tərtib olunmuş və Azərbaycana gələn kimi tərcümə olunmuş və təsdiqlənmiş versiyası apellyasiya məhkəməsinə təqdim ediləcəkdir. Məhkəmədə cavabdehin nümayəndəsi əlyazma və qəbzdən məlumatsız olduğunu, əlyazma və qəbzin nə tərtib olunmasında, nə də imzalanmasında iştirak etmədiyini, əlyazmanın kim tərəfindən yazılmasını və qəbzin kim tərəfindən imzalanmasını bilmədiyini, bunu yalnız Cavabdeh şəxsən özünün və ya məhkəmə-xətşünaslıq ekspertizasının müəyyən edə biləcəyini bildirmişdir. Məhkəmə isə qeyd etmişdir ki, mülki işin materialları, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatları, cavabdeh tərəfindən yazılmış, lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin xətti və imzası olan əlyazma ilə təsdiq edilir. Birinci instansiya məhkəməsinin gəldiyi “cavabdehin xətti və imzası olan əlyazma ilə təsdiq edilir” qənaəti iş materiallarında hansı mötəbər sübutla öz təsdiqini tapır? Cavabdeh tərəf olaraq, yuxarıda da qeyd etdiyi kimi, nə Cavabdeh, nə də onun nümayəndəsi və vəkili əlyazmaların onlara aid olduğunu etiraf etməmişlər. Məhkəmə tərəfindən istinad olunan CD diskə baxış keçirilməmiş, diskin məzmunu araşdırılmamış, oradakı məlumatların mötəbərliyi yoxlanılmamış və həqiqiliyi sübuta yetirilməmişdir. Bundan əlavə, Cavabdeh polis bölməsində araşdırma aparılarkən borcunun məbləğini etiraf etmir, hal-hazırda anbarda mövcud olan malı geri qaytarmaq, ya da hissə-hissə satıldıqca ödəmək niyyətində olduğunu bəyan edir. Lakin birinci instansiya məhkəməsi satılmayan mallara görə Cavabdeh əldə etmədiyi pulları iddiaçıya ödəməsi qənaətinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Moskva şəhərində malların qüsurlu olmasına dair rəy tərtib edilmişdir. Tərcümə təsdiq olunduqdan sonra məhkəməyə təqdim edilir. Birinci instansiya məhkəmə icraatı dövründə ekspertizanın keçirilməsi ilə bağlı şərait yaradılmasını xahiş etsə də, şərait yaradılmadı. Malların bir hissəsinin qüsurlu olmasını bildirmişdilər. Birinci partiyadan olan 42.000 ABŞ dolları dəyərində olan mal qalmışdı, 30.000 ABŞ dollar borc da ondan yaranıb. Cavabdeh iddiaçıya malın satılmadığını, bir hissəsinin qüsurlu, dəbdən düşmüş olduğunu, bu səbəblə ona həmin malları satmasına şərait yaratmasını bildirib. İddiaçı tərəf isə bildirmişdir ki, malları dəyər-dəyməzinə satsın, müəyyən güzəştlər edəcək. Lakin iddiaçı sonradan bu razılıqdan boyun qaçırmış və heç bir güzəşt olunmamışdır. 42.000 ABŞ dolların 12.000 ABŞ dolları iddiaçıya ödənildikdən sonra qalan 30.000 ABŞ dollar cavabdehdən güzəşt olmadan tələb edilib. Hətta keçən ilin avqust ayında verilən malın da verilməsində məqsəd o olmuşdur ki, mal satıldıqca, qazancdan əvvəlki borc da, yeni malın borcu da ödəniləcək. 42.000 ABŞ dollar dəyəri olan mallardan satılmayan mallar qalıb. Mallar Rusiya Federasiyasında satılır. Mallar dəbdən düşdüyü üçün alınmır. Cavabdeh bildirir ki, yeni mal götürməli idi ki, köhnə malı da təzəyə qatıb satsın. İddiaçı isə təzə mal verməyib ki, cavabdeh borcunu bağlasın. Cavabdeh iddiaçıya bildirib ki, dəyər dəyməzinə sata bilər. 12.000 ABŞ dollarına satıb, 30.000 ABŞ dollar borcu qalıb. İddiaçı cavabdehə bildirib ki, 15.000 ABŞ dollarını gələcəkdəki verəcəyi mallarda edəcəyi güzəştlərlə, endirimlərlə bağlayacaq. Cavabdeh iddiaçıdan yenidən mal istəyib, lakin ona borcu qaldığı üçün mal verilməyib. Cavabdeh borcu ona görə etiraf edib ki, yenidən iddiaçıdan mal götürə bildin. Hazırda təqdim etdiyi rəy 25.000 ABŞ dolları dəyərində olan malların qüsurları ilə bağlıdır. Əvvəlki mallarda da belə qüsurlar olmuşdur. Birinci instansiya məhkəməsi icraatı dövründə məhkəmə tərəfindən polisdən hüquqlarını təmsil etdiyi şəxsin borcun etirafı ilə bağlı araşdırma materialları əldə olundu. Araşdırma materiallarında borcun olması etiraf edilsə də, məbləği qeyd olunmayıb. Eyni zamanda, orada olan imza və xətt nümunələrinin cavabdehə məxsus olub-olmamasını deyə bilməzdi. O istəyirdi ki, cavabdehin özü məhkəmə iclasında iştirak etsin, həm suallara cavab versin, həm də ehtiyac yaranarsa etiraf etmədiyi təqdirdə imza və xətt nümunələri ilə bağlı ekspertiza məsələsinə baxılsın.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh tərəf apellyasiya şikayətlərində də 30.000 ABŞ dolları borclarının olduğunu etiraf edirlər. Bildirirlər ki, guya tərəflər arasında 15.000 ABŞ dollarının güzəştə gedilməsi ilə bağlı razılıq olub. Lakin birinci instansiya məhkəmə icraatı dövründə bunu təsdiq edən sübutun təqdim edilməsi üçün məhkəmə iclası təxirə salınsa da, cavabdeh tərəf sübut təqdim edə bilmədi. Habelə, əlyazma ilə bağlı ekspertiza məsələsinə aydınlıq gətirilməsi üçün cavabdeh tərəf hakimin sualına cavab olaraq bildirdi ki, əgər yazışmalar varsa demək ki, əlyazma cavabdeh tərəfindən imzalanıb. Tərəflər arasında olan “Whatsapp” yazışmaları elan olunsa da, qarşı tərəf hər hansı etirazını bildirmədi. Eyni zamanda, cavabdeh tərəfin digər bir arqumenti malların qüsurlu olması ilə bağlıdır. Bildirmək istəyir ki, bu mübahisə ortaya çıxana qədər cavabdeh malların qüsurlu olmasına dair bizə məlumat verməmiş, hər hansı rəsmi sənəd təqdim etməmişdir. Hazırda apellyasiya instansiya məhkəməsi üçün təqdim olunan ekspert rəyindəki malların həmin mallar olmasına dair sübut qismində etiket və s. yoxdur. Cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsi iclasında hakimin sualına cavab olaraq imzanın cavabdehə məxsus olduğunu etiraf edib.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Maddə 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmanılıdır.

22. İşdən görünür ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan malları qəbul etmiş və borcunu razılaşdırılmış müddətdə ödəməyə söz vermiş, lakin öhdəliyini icra etməmişdir. Cavabdeh aldığı mallara görə ödəməli olduğu məbləğləri yazılı formada tərtib edilmiş iltizamlarda da etiraf etmişdir.

23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki qanunvericiliyin tələblərinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı öz seçimi ilə satılmış malların dəyərinin ödənilməsini və ya ödənilməmiş malların qaytarılmasını cavabdehdən tələb edə bilər.

25. Cavabdeh tərəf birinci instansiya məhkəməsinə iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, 25.024 ABŞ dolları məbləğində olan mal bu günə kimi satılmamışdır. Moskva şəhərindəki mağazanın anbarında və vitrindədir. Əgər iddiaçı mallarını geri götürmək istəyirsə buyursun gəlsin aparsın. Qaldı ki, 2021-ci ildə ona yaranmış 30.000 ABŞ dolları məbləğində borcu - bu məbləğin yaranma səbəbi pandemiya dövründə alverin getməməsi, malların bir qisminin qüsurlu olması və digər ondan asılı olmayan vəziyyətə görə 42.000 ABŞ dolları olan malın 12.000 ABŞ dollarına satması olmuşdur. Bunu isə mal sahibi İddiaçı özü ilə məsləhətləşib dəyər-dəyməzinə satmışdır ki, o, arada qalan 30.000 ABŞ dollarının əvəzinə ondan 15.000 dollar tələb edəcək, yerdə qalan 15.000 ABŞ dolları olan malın dəyərini isə yeni alacağı ayaqqabılarda iri məbləğlərdə edəcəyi güzəşt endirimlərlə onun üçün qazanaraq bərpa olunmasına şərait yaradacaqdır. Lakin iddiaçı bu vədinə əməl etməmişdir.

26. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş iltizamlar cavabdeh tərəfindən etirazda mübahisələndirilməmiş, əksinə, orda qeyd edilmiş məbləğlər cavabdeh tərəfindən təsdiq edilmişdir. Bundan başqa, cavabdeh məbləğ göstərməsə də, borcunun olduğunu polisdə verdiyi izahatında da təsdiq etmiş, hətta iş birinci instansiya məhkəməsinin icraatında olan dövrdə iddiaçıya müəyyən məbləğdə ödənişlər etmiş, bunun nəticəsi olaraq iddiaçı məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaltmışdır.

27. Həmçinin, birinci instansiya məhkəməsində cavabdeh tərəf hər hansı ekspertizanın keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir.

28. Kollegiya həmçinin qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.

29. Cavabdeh iddiaya qarşı etirazında 2021-ci ildə yaranmış 30.000 ABŞ dolları məbləğində borcunun yaranma səbəblərindən biri kimi malların bir qisminin qüsurlu olmasını göstərsə də, xx.xx.2023-cü il tarixdə, yəni uzun müddət keçdikdən sonra tərtib etdiyi və imzaladığı iltizamda aldığı malların keyfiyyəti ilə bağlı hər hansı irad irəli sürməmişdir.

30. Bundan başqa, cavabdeh hər iki iltizamda iddiaçı tərəfindən ona güzəşt ediləcəyi ilə bağlı da qeydlər etməmiş, habelə bununla bağlı iddiaçı ilə razılıq əldə olunduğuna dair digər sübutlarını məhkəməyə təqdim etməmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1626/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar