Məhkəmə qərarları › İş №2(103)-4327/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4327/2022

04.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4327/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və tutulmuş pulun qaytarılması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1388/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən cərimə kimi yazılmış 600 (altı yüz) manat cərimə borcun silinməsi, həmin borcdan ödənilən 350 (üç yüz əlli) manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda ünvan 2-da ailəsi ilə birlikdə yaşayır. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları xx.xx.2020-ci tarixdə ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni mexaniki qaz sayğacını aktlaşdıraraq quraşdırmışlar. Yeni qaz sayğacını quraşdırdıqda köhnə qaz sayğacına heç bir borcları olmamışdır. Bir müddət qazdan istfadə etdikdən sonra “Azəriqaz“ istehsalat Birliyinin əməkdaşları ona bildirmişlər ki, güya ki, onun köhnə qaz sayğacına 600 manat cərimə borcu vardır. O, cərimənin hansı əsasa yazıldığını araşdırmaq üçün “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmiş və ona bildirmişlər ki, onlara məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı 1202AQ**********4 zavod nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Meteorologiya Departamentinin xx.xx.2021-ci il tarixli MSK 29/1710-04588-1 saylı aktında güya qeyd edilmişdir ki, guya ki, Sayğacın çıxış plastmas borusu deşilib kimi qeyd edilmişdir. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları ona məlumat vermişlər ki, “bilirik sayğaca müdaxilə etməmisiz güya ki, “Sayğacın çıxış plastmas borusu deşilib” və bu səbəbdən də, əsassız olaraq o, cərimə ödəməlidir. Hansı ki, onun yaşadığı evdə sayğac kart sistemi ilə işləyib, bu səbəbdən də o, hesab edir ki, onun qaz sayğacına heç bir borcu olmamışdır. Qaz sayğacına kartla ödənişlərini vaxtı-vaxtında etmiş və qaz sayğacına heç bir müdaxilə etməmiş və plombu da üzərində olmuşdur. Həmin evdə təbii qazdan istifadəyə görə indiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. Lakin bütün bunlara baxmayaraq o, qaz sayğacına yazılan cərimə borcuna görə məcbur qalıb evində qazdan istifadə etmək üçün qaz pulu yükləyirmiş və hər yüklədiyi məbləğdən tutulmalar olurdu. Bu günə qədər köhnə qaz sayğacına yazılan 600 manat puldan 350 manat onun tərəfindən ödənişlər edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1388/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanı ilə bağlı hesablanmış 600 manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 350 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsinin Cavabdeh İB-nə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbində silinməsi tələb olunan 600 manat borcun hansı hissəsinin dəymiş ziyan məbləği, hansı hissəsinin isə istifadə olunmuş təbii qaz üzrə yaranmış borc məbləğinin olduğunu araşdırmamışdır. Belə ki, 600 manat məbləğindən 216 manat hissəsi qaz sayğacına edilmiş müdaxilə nəticəsində yaranmış borc məbləğidir. Bunlar iş materiallarına əlavə olunmuş abonent saldosunda qalıq və aktlar bölməsində əyani surətdə görünməkdədir. Lakin birinci instansiya məhkəməsi iş materiallarında mövcud olan saldonu araşdırmamış iddiaçının iddia ərizəsində qeyd olunanları qətnaməyə köçürməklə kifayətlənmişdir. Borc məbləğinin digər hissəsi xx.xx.2022-ci il tarixdə sərfiyyatı keçməklə (*0,20manat), digər hissəsi isə xx.xx.2021-ci il tarixdə (*0,25 manat) yaranmış borc məbləğidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilməklə iddiaçının qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə etməklə istifadə edilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 216,00 manat həcmində sayğaca müdaxilə faktına görə qazın talandığı müəyyən edilmişdir. Borc məbləğinin digər hissəsi isə dəyəri ödənilmədən istifadə olunmuş təbii qaza görə müəyyən edilmişdir. İddiaçının digər borcu, yəni AGİS proqramından çıxarışda ödəniş qrafasında 437,30 manat məbləğ ödəniş kimi qeyd edilmişdir. Həmin məbləğ proqramda borc olaraq qeyd edilir və hər dəfə iddiaçı ödəniş etdikdə 50 faiz əvvəlki borcdan tutulut. Bu səbəbdən həmin məbləğ ödəniş qrafasında qeyd olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, ödəniş kartla olduğu üçün hər ay ödəniş etmişdir və borcu olmamışdır. Daha sonra cavabdehin əməkdaşları sayğacı dəyişmişdilər, bununla belə 1 ay ödəniş etmişdir, lakin ona 600 manat cərimə yazılmasını bildirmişlər və bu barədə akt da tərtib edilmişdir. Lakin akt tərtib edilərkən ona xəbərdarlıq edilməmişdir. həmçinin sayğac evdən kənarda yerləşir və sayğaca kimin müdaxilə etməsi məlum deyil. Sayğaca etdiyi ödənişləri onlayn şəkildə həyata keçirtmişdir. Bu barədə qəbzləri birinci instansiya məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci il üçün 216 manat borcu vardır. İş materiallarında olan Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 may 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qaz sayğacına baxış keçirilmiş və “Sayğacın çıxış plastmas borusu deşilmişdir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı 616.48 manat borcu vardır Göründüyü kimi iddiaçıya ümumlikdə 616.48 manat borc hesablanmışdır. İddiaçı isə 600 manat borcun silinməsini tələb etməklə yanaşı tərəfindən ödənilmiş 350 manat pul vəsaitinin də geri qaytarılmasını xahiş etmişdir. Lakin iddiaçı tərəf tərəfindən 350 manat ödənilməsi barədə hər hansı sübut təqdim etməmişdir. İş materiallarında isə iddiaçının 350 manat məbləğində ödəniş etməsi müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, abonentin saldosunda ödəniş qrafasında 387.3 manat göstərilir, lakin həmin ödəniş abonentin saldosuna əsasən sərfiyyata görə ödənilmiş məbləğ olması müəyyən edilir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbini - ödənilmiş 350 manat pul vəsaitinin geri qaytarılması hissəsində sübut edə bilməmişdir, halbuki sübutetmə yükü tələbin hissəsində iddiaçının üzərinə düşmüşdür. İddia tələbinin - cərimə kimi yazılmış 600 (altı yüz) manat cərimə borcun silinməsi hissəsinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 may 2021-ci il tarixli, ******* nömrəli akta əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qaz sayğacına baxış keçirilmiş və “Sayğacın çıxış plastmas borusu deşilmişdir” qeyd edilmişdir və dəymiş ziyanın həcmi 2160 kub metr olmuşdur. Həmçinin iş materiallarında olan abonentin saldosundan görünür ki, 2021-ci il 6-cı ay üçün akta əsasən 216 manat borc hesablanmışdır. Lakin abonentin saldosundan iddiaçı tərəfindən mübahisələndirilən borcun qalan hissəsinin məhz cərimə qismində hesablanması barədə hər hansı sübut təqdim edilməmiş,həmin hallar iş materialları ilə də müəyyən edilmir və saldoda göstərilən məbləğlər məhz qaz sərfiyyatına görə hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 216 manat borcun silinməsi hissəsində əsaslı olmuşdur, çünki Cavabdeh İB-si tərəfindən tərtib edilmiş aktda iddiaçının evindən çıxarılmış sayğacda “Sayğacın çıxış plastmas borusu deşilmişdir” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Beləliklə də, sayğacın çıxış plastmas borusunun deşilməsinin iddiaçı təqsirli hərəkətləri nəticəsində baş verməsi müəyyən edilmədiyindən, bu barədə tərtib edilmiş akta əsasən hesablanmış borc silinməlidir. İddianın qalan hissələri isə yuxarıda qeyd edildiyi kimi sübut edilmədiyindən təmin edilməsi üçün əsaslar olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi təmin etməklə tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməyərək, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, iş üzrə düzgün olmayan nəticə gəldiyindən apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən - İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanı ilə bağlı hesablanmış 216 manat borcun silinməsi hissəsində təmin edilməli, qalan hissədə isə iddia tələbi öz təsdiqini tapmadığından rədd edilməlidir. Həmçinin apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402 maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1388/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanı ilə bağlı hesablanmış 216 (iki yüz on altı) manat borc məbləğini silmək vəzifəsi Cavabdeh İB-nə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar