Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4328/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ünvan 1 ünvanında tikili və hasar inşa etmişdir və həmin tikilidə yaşayır. a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 119-cu km-də, 2-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 32 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 119-cu km-də, 2- ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 32 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 2 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikilisi faktları aşkar edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-445/24 saylı iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, ekspert rəyinə əsasən inşa edilmiş hasarın və fərdi yaşayış evinin bütövlükdə neft kəmərinin 50 mertlik mühafizə zolağına düşdüyü müəyyən edildiyindən iddia əsaslı sayılmalı və təmin edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 180.1 və 180.4-cü maddələri, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Biləcəri qəsəbəsində 2008-ci il tarixdə fərdi yaşayiş evi tikdirib və bundan sonra həmin evə köçərək daimi yaşayıb. Həmin evə dair müəyyən sənədlər əldə edib. Eyni zamanda həmin ev ünvanına dair Dövlət qurumları ilə qaz, su, işıq və və kommunal xidmətləri özündə əks etdirən müqavilələr bağlayıb. Ümumiyyətlə, yaşadığı ərazidə daimi yaşayiş evləri olmaqla həmin ərazidə minlərlə ev tikilmişdir. Lakin iddiaçı iddia ərizəsində guya həmin evin yeni tikildiyini iddia edir. Halbuki, həmin evin dam örtüyü köhnəldiyindən 2023-cü ilin iyul ayının sonlarında yenisi ilə əvəz edib. Bu isə evin yeni tikilməsi anlamına gəlmir. İddiaçı bu günədək tikinti ilə bağlı ona irad bildirməyib. Düşünür ki, iddiaçı ona məxsus olan evi sökdürüb həmin ərazini başqa bir şəxsə satacaq, nəticədə hüquqları pozulmuş və tapdalanmış olacaqdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Apellyasiya baxışının hədləri
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
17. Məhkəmə kollegiyası iddianın təmin edilməsini, həmçinin ekspert rəyi ilə torpaq sahəsində inşa edilmiş hasar və fərdi yaşayış evinin bütövlükdə neft kəmərinin 50 mertlik mühafizə zolağına düşməsinin müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, neft kəmərinin üzərində inşa edilmiş tikilidə yaşamaq niyyətində olan şəxsin özünün (onunla birlikdə yaşayan ailə üzvlərinin) də sağlam ətraf mühitdə yaşamaq və sağlamlığını qorumaq konstitusiya hüquqlarının təminatı baxımından məqsədəmüvafiqdir.
18. Məhkəmə kollegiyası eyni zamanda cavabdehə izah edir ki, özbaşına inşa edilmiş tikiliyə sərf edilmiş tikinti materiallarına münasibətdə mülkiyyət hüququna malikdir.
19. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində mübahisəli evə dair hüquqmüəyyənedici sənədləri olduğunu göstərsə də, bununla bağlı işə baxan məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişdir.
20. Eyni zamanda qanunvericilikdə şəxsin özbaşına tikiliyə müəyyən müddət sahiblik etməsi, həmin ünvan üzrə kommunal ödənişlər etməsi özbaşına tikili üzərində mülkiyyət hüququnun birmənalı tanınması əsası kimi müəyyən edilməmişdir.
21. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.