Məhkəmə qərarları › İş №2(103)-4330/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4330/2022

17.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4330/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Firqət Nuriyevin iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi və tutulmuş pulun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehin iddiaçının barəsində tərtib etdiyi xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə əsassız hesablanmış borc silinsin və borcun hesablandığı gündən 2021-ci ilin noyabr ayına kimi qanunsuz olaraq abonentin hesabından borca tutulmuş 163,80 manat və 925,20 manat, ümumilikdə 1.089 manat pul vəsaiti iddiaçının hesabına geri qaytarılsın. İddiaçı həmin tələbi iddia ərizəsində onunla əsaslandırıb ki, istifadəsində olan fərdi yaşayış evini qazla təchiz edən qaz xəttinin üzərində “Smart G4” makalı sayğac qurşadırılmış, xx.xx.2021-ci il tarixdə cavabdehin əməkdaşları həmin sayğacı yeni sayğacla əvəz etmiş, bu barədə xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, çıxarılmış qaz sayğacı dövlət yoxlamasına (laboratoriyaya) göndərilmiş, dövlət yoxlaması barədə heç bir rəy verilməmişdir. xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında onun abonent hesabında borc qeyd edilmişdir. Halbuki, qaz sayğacında aşkar olunan xətalarda onun heç bir təqsiri yoxdur. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin, iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanını üzrə cavabdeh tərəfindən hesablanmış 925,20 manat borc məbləğini silmək və borca görə cavabdeh tərəfindən iddiaçıdan tutulmuş 925,20 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi cavabdehə həvalə edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. İddiaçının qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə etməklə istifadə etməsi həmin aktla öz təsdiqini tapmışdır. Dəymiş ziyan üzrə hesabatlar tərtib edilərək 924,95 manat həcmində qazın talandığı müəyyən edilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanan məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonent tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Firqət Nuriyev apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan (iş v. 6) görünür ki, iddiaçıya aid olan, Şüvəlan qəsəbəsində yerləşən ünvanda qaz sayğacı çıxarılıb və yeni sayğac quraşdırılıb. Sayğacın çıxarılmasının səbəbi həmin aktda “Sayğac həyətdaxilində quraşdırıldığına görə” kimi qeyd olunub. ünvan 1 ünvanını üzrə təbii qazdan istifadə üzrə “Abonentin saldo”sundan (iş v. 7) görünür ki, iddiaçı 2021-ci il noyabr ayında 925,20 manat ödəniş etmişdir. İş materiallarında mübahisənin mahiyyəti ilə bağlı başqa heç bir sənəd yoxdur. Cavabdehin nümayəndəsi birinci instansiya məhkməsində iştirak edib, lakin 925,20 manatın iddiaçıdan tutulmasının əsasları barədə heç bir sübut təqdim etməyib. O cümlədən cavabdeh iddiaçının qazdan qeyri-qanuni istifadə etdiyini və ya sayğaca müdaxilə etdiyini təsdiq edən heç bir sübut təqdim etməyib. Məhkəmə Mülki Məcəllənin 21, 1092, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 925,20 manat borcun silinməsini və həmin məbləğin geri qaytarılmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar