Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4332/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, onun vəkili X2, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, eyni zamanda digər cavadeh Cavabdeh1 nümayəndəsi Cavabdeh2, Cavabdeh1 vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən birinci iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə 7000 manat kompensasiya verilməklə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov (keçmiş 5-ci Çernoqorodskaya və ya H.Tağızadə) küçəsi 3 saylı evin, 21 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra onlar bir müddət valideynlərinə məxsus Bakı şəhəri, Azadlıq prospekti, 116 nömrəli evin 76 nömrəli mənzilində yaşamışlar. Sonra valideynləri ona mübahisəli mənzili almışlar və 1992-ci ilin noyabr ayından cavabdeh ilə birlikdə həmin mənzildə yaşamışlar. Lakin 1996-cı ildən sonra xasiyyətlərinin uyğun gəlməməsi nəticəsində evdə tez-tez söz-söhbətlər və mübahisələr yaranmış, bu da uşaqların psixikasına mənfi təsir göstərmişdir. Uşaqların maraqları naminə 1996-cı ildən Cavabdeh1 ayrı yaşamış, elə həmin ərəfələrdə əmək fəaliyyəti ilə bağlı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə gedərək 2002-ci ilədək orada yaşamış və həmin ildə yenə Bakı şəhərinə qayıtmışdır. Mübahisəli mənzildə keçmiş həyat yoldaşı və uşaqları yaşamış, iş üzrə Cavabdeh1 əmək fəaliyyəti ilə bağlı Səudiyyə Ərəbistana köçmüş və orada yaşayıb işləmiş, o isə iş üzrə digər Cavabdeh2 ilə mübahisəli mənzildə yaşamışdır. Lakin sonradan Cavabdeh2 onunla mübahisə edərək mənzildən köçüb getmişdir və hazırda nənəsinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsi, 2 saylı evin, 7 saylı mənzilində yaşayır. Cavabdeh1 söhbət əsnasında deyəndən sonra bilmişdir ki, mülkiyyətində olan mənzil Xətai rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş, tərəfindən verilən şikayət əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020 il tarixli 2(011)-708/04 saylı qərardadı ilə Bakı Şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli 2(011)-708/04 saylı qiyabi qətnaməsi ləğv edilmiş və onun mübahisəli mənzilə mülkiyyət hüquqları bərpa edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-282/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ona və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi, istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair" iddiası qismən təmin edilərək, Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmədə mübahisə gedən zaman o, mənzildə tək yaşamışdır. 29 iyun 2021-ci il tarixdə iş üzrə cavabdehlər yaşadığı mənzilə gələrək onunla mübahisə edib səs-küy qaldırıb onu və ətrafda yaşayan qonşuları narahat etmişlər. Onunla cavabdehlərin mübahisəli mənzildə birlikdə yaşamaları qeyri-mümkündür. Cavabdehlərin mübahisə predmeti olan yaşayış sahəsindən istifadə etmək niyyətində olmadıqları açıq-aşkar sübut edilir. Cavabdehlər öz təşəbbüsləri ilə ona məxsus mənzili tərk edib getmişlər və onun mülkiyyətində olan yaşayış sahəsinə onların ehtiyacları yoxdur. Hazırda cavabdehlərin qeydiyyatda qalmaqda yeganə məqsədləri mülkiyyətində olan daşınmaz əmlak barəsində sərbəst şəkildə sərəncam vermək imkanının məhdudlaşdırılmasıdır. Həmçinin, Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 5-ci Qaraşəhər küçəsi, 3 saylı evin, 21 saylı 2 otaqlı mənzilinin cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə, həmin mənzilə onların bərabər paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə birgə nikahda olduqları müddətdə onun adına Bakı şəhəri Tİ və MHQ idarəsinin xx.xx.1992-ci il tarixli 8144 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyatdan keçmiş mənzili aldıqdan sonra ailə üzvləriylə birlikdə həmin mənzilə qeydiyyata düşməklə köçüb yaşamağa başlamışlar. O illərdə iddiaçı (İddiaçı) respublikada qeyri-leqal dərc edilən "Çeşmə" adlı siyasi-tənqidi qəzetdə fəaliyyət göstərən 5 jurnalistdən biri olmuşdur. 1994-cü ildə həmin qəzetin jurnalistləri DTX-nın əməkdaşları tərəfindən həbs edilmiş, cavabdeh həmkarlarının həbs edildiyi barədə məlumatı alan kimi qeyri-leqal yollarla respublikadan Sankt-Peterburq şəhərinə qaçaraq orda gizlənmiş, onun barəsində axtarış elan edilmiş, hətta mənzildə axtarış aparılmışdır. O dövrdə iddiaçı dəfələrlə Rusiyadan onunla telefon əlaqəsi saxlayaraq ondan təcili boşanmağını, adına olan yaşadıqları mənzili onun adından çıxararaq öz adına rəsmiləşdirməyi tələb etmişdir. İddiaçı təkidi ilə o, 1997-ci ildə aralarında bağlanmış nikahı məhkəmə qətnaməsi ilə ləğv etdirdikdən sonra Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-708-/04 saylı qiyabi qətnaməsi ilə mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat vəsiqəsinə dəyişiklik edilərək onun adına xx.xx.2004-cü il tarixli, 8144 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Məlum hadisələrdən bir müddət sonra onun həmkarları ölkə Prezidenti tərəfindən əfv edilsə də, İddiaçı təxminən 10 il sonra respublikaya qayıtmış, lakin qayıdan gündən o, valideynlərinə məxsus evdə yaşamış, mənzil isə onun və iki övladının istifadəsində qalmışdır. Hazırda iki ildir ki, o, xarici ölkədə müddətli müqavilə əsasında həkim olaraq işləyir, mübahisə edilən mənzil isə qızı Cavabdeh2 istifadəsində qalmışdır. Bu hal cavabdehə məlum olan kimi o, 2020-ci ildə qızının evdə olmadığı vaxt mənzilə girmiş və onları mənzilə buraxmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi barədə” iddiası üzrə 2(011)-7588/2021 saylı mülki iş iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddiası üzrə 2(011)-5941/2021 saylı hazırkı mülki işə birləşdirilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-174/2022 saylı qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməmiş, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi barədə iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, 5-ci Qaraşəhər küçəsi, 3 saylı evin, 21 saylı mənzili Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə, həmin mənzilə dair ½ hissədə Cavabdeh1, digər ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən birinci iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-174/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə əsassız yerə onun iddia müddətinin tətbiqi barədə ərizəsini təmin etməmişdir. Köhnə qanunvericilikdə də, yenidə də nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İddiaçı ilə Cavabdeh1 arasında nikah 04 aprel 1997-ci il tarixdə pozulmuşdur. Cavabdeh də öz izahatlarında qeyd etmişdir ki, İddiaçı ilə 1997-ci ildən faktiki qaydada ayrılmış və rəsmi qaydada boşanmışdır. Elə həmin vaxtdan 3 il ərzində Cavabdeh1 əmlak bölgüsü tələbi ilə məhkəməyə müraciət etməli idi. Lakin cavabdeh bu tələbə riayət etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmışdır. İddia müddəti 1997-ci il tarixdən hesablanır. Belə ki, cavabdeh rəsmi qaydada, həmçinin faktiki qaydada 1997-ci il tarixdən iddiaçıdan ayrılmışdır. Bununla da cavabdeh tərəfindən iddia müddəti ötürülmüşdür. Həmçinin, məhkəmədə mübahisə gedən zaman Cavabdeh1 xarici ölkədə yaşadığından onun hüquqlarını nümayəndəsi təmsil etmiş, digər Cavabdeh2 könüllü olaraq mübahisəli mənzili tərk etmişdir və o, nənəsinə məxsus ünvan 1 ünvanında yaşamış və mübahisəli mənzildə tək yaşayır. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Ekspertiza keçirilməsi ilə bağlı məhkəməyə vəsatət vermələrinə baxmayaraq, vəsatətləri məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kompensansiya məbləğini müəyyən etməmişdir. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə İddiaçı, onun vəkili X4 və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda digər cavadeh Cavabdeh1 nümayəndəsi Cavabdeh2 və Cavabdeh1 vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İşin faktiki halları ilə müəyyən olunur ki, birinci İddiaçı Cavabdeh1 ilə xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından iki övladları – xx.xx.1992-ci il təvəllüdlü X6 və xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah xx.xx.1997-ci il tarixdə pozulmuşdur. İddiaçı ilə Cavabdeh1 birgə nikahda olduqları müddətdə Bakı şəhəri, 5-ci Qaraşəhər küçəsindəki 3 nömrəli evin, 21 saylı mənzili iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və bu barədə Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1992-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflərin nikah münasibətlərinin 1991-ci il tarixdə, mənzilin isə 1992-ci il tarixdə əldə edildiyini nəzərə alaraq, kollegiya hesab edir ki, mənzilin tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilib-edilməməsi ilə bağlı mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinin birinci hissəsində qeyd edilmişdir ki, ərarvadın nikah dövründə əldə etdikləri əmlak, o cümlədən mənzil-tikinti və bağ-tikinti kooperativlərinə pay haqları onların ümumi birgə mülkiyyətidir. Ər və ya arvadın bu əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka sahib olmaq, ondan istifadə etmək və ona sərəncam verməkdə bərabər hüquqlara malikdirlər. Qeyd edilən müddəalar əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab olunması üçün üç şərt müəyyən etmişdir. 1) tərəflərin birgə nikahda olmaları, 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın hər hansı birinin qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın birgə mülkiyyət kimi qiymətləndirməyə əsas vermir. İşdən görünür ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahda olduqları müddətdə xx.xx.1992-ci il tarixdə mübahisəli mənzili əldə etmişlər. İddiaçı mənzilin valideynləri tərəfindən alındığını bildirsə də, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Tərəflər 1992-ci ilin noyabr ayından həmin mənzildə yaşamağa başlamışlar. Əksinə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı mənzili alqısatqı müqaviləsi ilə əldə etmişdir. Belə ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli Mənzil Bakı şəhər 26-cı Dövlət Notariat Kontorunda xx.xx.1992-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X5 tərəfindən İddiaçı satılmış və sonuncunun adına xx.xx.1992-ci il tarixdə Qeydiyyat vəsiqəsi verilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli mənzili iddiaçının, yaxud Cavabdeh1 hər hansı birinin qazancı (gəliri) hesabına ədə olunmuş əmlak kimi onların birgə əmlakı hesab etmiş, birgə nikah müddətində əldə edilmiş həmin əmlakın isə bölünməsinə dair onlar arasında hər hansı razılaşma olmadığından, habelə əmlakın qeyri-bərabər bölünməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmadığından mənzilə dair İddiaçı ilə Cavabdeh1 hər birinin mülkiyyəti (payı) bərabər müəyyən etmişdir. Nikah və Ailə Məcəlləsinin 28-ci maddəsinin birinci hissəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər sayılır. Bəzi hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların maraqlarını və ya diqqətə layiq ərarvaddan birinin maraqlarını nəzərə alaraq bu qaydadan kənara çıxa bilər. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, mənzil Cavabdeh1 ilə İddiaçı birgə əmlakı hesab olunduğundan və onlar mənzil üzərində bərabər paylara malik olmaqla əmlakın birgə mülkiyyətçiləri olduğundan, İddiaçı kompensasiya ödənilməklə Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilə bilməz. Belə ki, mənzil iddiaçı ilə Cavabdeh1 arasında mübahisə predmetidir və məhkəmənin əsaslı qənaətinə görə onların hər birinin payları ½ hissədə olmaqla bərabər bölünməlidir. Bu halda, iddiaçı mənzildən tam olaraq Cavabdeh2 istifadə hüququnun itirilməsini tələb edə bilməz. Belə ki, indiki halda iddiaçı mənzilin yalnız ½ hissəsinin mülkiyyətçisidir və onun bu payı real şəkildə, yəni naturada müəyyən edilməmişdir. Mübahisəli mənzilə dair ½ hissədə iddiaçının, ½ hissədə isə Cavabdeh1 payı ideal bölgü əsasında müəyyən edildiyindən, iddiaçı digər ½ paya malik olan cavabdehin əvəzinə mənzildən bütünlüklə kompensasiya verilməklə Cavabdeh2 istifadə hüququnun itirilməsini tələb edə bilməz. Belə ki, paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və sərəncam verilməsinin hüquqi əsaslarını tənzimləyən Mülki Məcəllənin 215-ci maddəsində göstərilir ki, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.... Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (Mülki Məcəllənin 215.1 215.4 və 215.5-ci maddələri). Mülki Məcəlləyə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (215.2). Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər (215.3). Məhkəmə iddiaçının iddia müddətinin tətbiq edilməklə mənzilə dair payların müəyyən edilməsi barədə Cavabdeh1 iddiasının rədd edilməsi barədə dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından mübahisəsiz qaydada müəyyən edildiyi kimi, tərəflərin nikahları pozulduqdan sonra da Cavabdeh1 həmin mənzildə daimi olaraq yaşamış və onun mənzilə dair hüquqları mübahisə predmeti olmamış, əksinə Bakı şəhəri Xətai rayon məhkəməsinin 2-708/04 saylı xx.xx.2004-cü il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh1 İddiaçı və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi barədə iddia tələbi təmin edilərək, Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Mənzilə dair xx.xx.1992-ci il tarixdə İddiaçı adına verilmiş qeydiyyat vəsiqəsinə dəyişiklik edilərək qeydiyyat vəsiqəsinin Cavabdeh1 adına verilməsi qət edilmiş və sözügedən qətnamə əsasında Mənzilə dair Cavabdeh1 adına Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4234/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair 2(011)- 4234/2020 saylı mülki iş üzrə icraata xitam verilmiş və nəticə etibarı ilə Mənzilə dair iddiaçının mülkiyyət hüququ yenidən bərpa edilmişdir. Göründüyü kimi, mənzil xx.xx.2004-cü il tarixdən Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı qəbul edilənədək Cavabdeh1 mülkiyyətində olmuş, mənzillə bağlı mübahisə isə 2020-ci il tarixdə yaranmış, cavabdeh hüququnun pozulduğunu həmin vaxt bilmişdir. Bu halda Kollegiya hesab edir ki, ər-arvad arasında əmlak mübahisəsi ilə bağlı qanunla müəyyən edilmiş iddia müddəti keçməmişdir və həmin əsasla iddianın rədd edilməsi barədə iddiaçının vəkili və nümayəndəsinin dəlili əsassızdır. Belə ki, xx.xx.2000-ci ilədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən boşanmış ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölünməsi tələbinə görə iddia müddəti üç ildir. Həmçinin, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Göründüyü kimi, tərəflərin ailə münasibətlərinə xitam verildiyi zaman qüvvədə olmuş ailə qanunvericiliyinin normalarında ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölünməsi üçün iddia müddətinin axımının nikahın pozulması tarixindən deyil, ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanması müəyyən edilmişdir. Hazırda qüvvədə olan Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən də, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunması nəzərdə tutulmuşdur. Lakin həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 29 iyul 2019-cu il tarixli Qərarında bu maddə ilə müəyyən edilmiş 3 illik iddia müddətinin axımının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ərarvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalı olması göstərilmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-174/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4332/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4332/2022
07.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver