Məhkəmə qərarları › İş №2(103)-4335/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4335/2021

13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4335/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Ərizəçi və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli e-2(004)- 629/2021 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Fatmayi kəndi Timiryazyev küçəsində yerləşən 50 saylı evə dair 1988-ci ildə verilmiş 318 inventar nömrəli texniki pasportun mərhum anası Bədəlova (Həmzəyeva) X9 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Abşeron rayonu Fatmayi kəndi Timiryazyev küçəsində yerləşən 50 saylı ev və evin yerləşdiyi torpaq sahəsi onların dədə-baba yurdu olmuş, mərhum anası Bədəlova (Həmzəyeva) X14 1988-ci ildə həmin evə dair 318 inventar nömrəli texniki pasport almışdır. O həmin torpaq sahəsinin, üzərində olan yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin texniki pasportda hüquq sahibi kimi səhvən X8 göstərildiyinə görə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir. Buna görə də müvafiq hüquqi əhəmiyyətli faktın məhkəmə yolu ilə müəyyən olunması üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, e-2(004)- 629/2021 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamədən ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, ərizəçinin məhkəməyə təqdim etdiyi şahidləri dindirməmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində qeyd edilənləri təsdiq edərək izahatında bildirdi ki, ərizəçi məhkəmə qaydasında müəyyən edilməsini xahiş etdiyi hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyi halda, birinci instansiya məhkəməsi onun hüquqlarını təsdiq etməmişdir. Ərizəçi izahatında göstərdi ki, Abşeron rayonu Fatmayi kəndi Timiryazyev küçəsində yerləşən 50 saylı ev mərhum anası X2 məxsus olmuş, anası 15 aprel 2010-cu ildə vəfat etmişdir. Anasının qızlıq soyadı Bədəlova olmuş, nikaha daxil olduqdan sonra Həmzəyeva soyadını qəbul etmişdir. Həmin evdə hal-hazırda heç kim yaşamır, ev yarımuçuq vəziyyətdədir. Həmin ev və evin yerləşdiyi torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin texniki pasportda hüquq sahibi kimi səhvən X8 göstərildiyinə görə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, X8 adlı şəxs ümumiyyətlə yoxdur. Həmin texniki pasportun anası Bədəlova (Həmzəyeva) X9 məxsus olması faktını başqa yolla müəyyən etdirə bilmir. Bu faktın müəyyən olunması anasından miras qalmış Abşeron rayonu Fatmayi kəndi Timiryazyev küçəsində yerləşən 50 saylı evin sənədləşdirilməsi üçün zəruridir. Buna görə də müvafiq faktın məhkəmə yolu ilə müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, e-2(004)-629/2021 saylı qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi anası qrafasında X3, atası qrafasında X10 yazılmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin əslindən görünür ki, X3 13 dekabr 1950-ci ildə X10 ilə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra Bədəlova soyadını qəbul etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin əslindən görünür ki, X3 15 aprel 2010-cu ildə vəfat etmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 aprel 2010-cu ildə vəfat etmiş X1 vərəsələri oğlu Ərizəçi və X7r. İş materiallarında olan Maraqlı şəxs “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” 23.01.2020-ci il tarixli bildirişindən görünür ki, 318 inventar nömrəli texniki pasportda hüquq sahibi “X8” göstərilməsinə baxmayaraq, müraciət üzrə əlavə edilmiş sənədlərdə “Bədəlova (Həmzəyeva) X14” kimi qeyd edildiyinə, habelə 318 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evi mövcud olmadığına və B tikilisi yaşayışa yararsız (istifadəsiz) olduğuna, ərazidə yerləşən 0,1578 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər əlavə edilmədiyinə görə ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan Abşeron rayonu Fatmayi kəndi Timiryazyev küçəsində yerləşən 50 saylı evin 1988-ci ilin fevral ayında tərtib olunmuş 318 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, texniki pasport X4 adına tərtib olunmuşdur. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçila Fatmayi kəndində qonşu olmuşlar. Ərizəçinin qeyd etdiyi evdə onlar ailə üzvləri ilə birlikdə yaşamışlar. Əli Qulunun anasının adı Çərkəzxanım, atasının adı isə Rzabala olmuşdur. Ərizəçinin atasının taksi sürücüsü işləməsini xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Ərizəçila Fatmayi kəndində bir məhəllədə böyümüşlər. Əli Qulunun anası Çərkəzxanım riyaziyyat müəllimi olmuşdur. Həmin evdə Çərkəz adlı şəxsin yaşadığını görməmiş və Əli Qulunun belə bir adlı qohumunu tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Onlar ailədə dörd qardaş olmuş, qardaşlardan ikisi vəfat etmişdir. Abşeron rayonu Fatmayi kəndi Timiryazyev küçəsində yerləşən 50 saylı ev anası Bədəlova (Həmzəyeva) X9 məxsus olmuşdur. Həmin ev hazırda uçuq vəziyyətdədir. Onların X8 adında qohumları yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir, bu isə Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli e-2(004)- 629/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi təmin edilsin. Abşeron rayonu Fatmayi kəndi Timiryazyev küçəsində yerləşən 50 saylı evə dair 1988-ci ildə verilmiş 318 inventar nömrəli texniki pasportun Bədəlova (Həmzəyeva) X9 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ərizə və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar