Məhkəmə qərarları › İş №2(103)-4337/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4337/2020

22.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4337/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-434/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılmaqla təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 9, 14 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 46,73 kv.m olan mənzili almış və həmin mənzilə dair adına Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 30/72549 saylı, xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 14 saylı mənzilindən istifadə edə bilmir. Belə ki, başqa yaşayış yerləri olmadığından müvəqqəti olaraq cavabdehlərə ona məxsus mənzildə yaşamağa şərait yaratmışdır. Hazırda cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən çıxmaq istəmirlər və ona məxsus mənzili məşğul etməklə boşaltmaqdan imtina edirlər. Bundan başqa cavabdehlər heç bir səbəb olmadan onun ailəsinin həmin mənzildə yaşamasına maneələr yaratmaqla mülkiyyət hüququnu pozur. Bu səbəbdən mülkiyyətində olan mənzilindən istədiyi kimi istifadə etmək və öz mülkiyyəti üzərində istədiyi kimi sərəncam vermək hüququndan məhrum olunmuşdur. Dəfələrlə cavabdehlərə mənzilini boşaltmağı təkidlə tələb etsə də, onlar heç bir əsaslı səbəb gətirmədən mənzili boşaltmayacaqlarını bildirirlər. Sonradan iddia iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 9, 14 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-434/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 9, 14 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh4 apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan zaman məhkəmə işin həqiqi hallarını araşdırmamış, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər, maddi və prosessual hüquq normalarına da riayət etməyərək, hüquq pozuntularına yol vermişdir. Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalı, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflərin çəkişmə prinsipinə əsasən təqdim etdikləri dəlilləri yoxlamalı, bu dəllilərin hər hansı mötəbər sübutla öz əksinin tapmasını müəyyən etməlidir. Qətnamə şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normaları işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Cavabdehlərin işdə iştirakı təmin edilməmiş, işin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməmişdir. Məhkəmənin vaxtı və yeri barədə heç bir bildiriş gəlmədiyi halda qətnamədə əsassız olaraq göstərilmişdir ki, guya cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında x xxxx 2004-cü il tarixli Prezidentin Sərəncamına əsasən Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında və yaşayış üçün yararsız yerlərdə məskunlaşmış soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin yaradılmasını və digər sosial problemlərin həllini təmin etmək məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat olan məhkəmə bildirişinin göndərilməsi barədə poçt zərfi isə üzərindəki qeyddən göründüyü kimi, “bağlı olur” səbəbindən geri qaytarıldığı üçün cavabdehlər bu barədə lazımi qaydada xəbərdar oluna bilməmiş və buna görə də məhkəmə iclasında iştiraklarını təmin edə bilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 146 və 376.2-ci maddələrinin tələbinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh4 qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni digər cavabdehlər mübahisələndirməmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 9, 14 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi 499 nömrəli reyestr kitabında 72549-cu səhifədə xx.xx.1995-ci il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli, 14 saylı və 473 saylı arayışlarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Şuşa rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 9, 14 saylı mənzili zəbt edərək orada məskunlaşmışlar. İşə birinci instansiya qaydasında baxmış məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 9, 14 saylı mənzil iddiaçının mülkiyyətindədir, hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin həmin mənzildə yaşamaları iddiaçının mənzilə olan istifadə hüquqlarını məhdudlaşdıran hal olduğundan, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx xxx 1999-cu il tarixli Qanunun 5-ci maddəsinə görə “Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2 maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs özmülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Cavabdehin apellyasiya şikayətində göstərdiyi «məhkəmə iclasında iştirakının təmin edilməməsi» barədə dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin dəlil əsassız olduğu üçün qəbul edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericilikdə nəzərdə tutulan qaydada cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülsə də, sonuncuların iştirakını təmin etmək mümkün olmamışdır. Bu isə MPM-nin 385.2-ci maddəsinə əsasən qanuni və əsaslı olan məhkəmə qətnaməsinin formal əsaslarla ləğvi üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olub, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud olmadığından, eyni zamanda maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunduğundan apellyasiya şikayəti təmin edilməməli və məhkəmə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-434/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh4 qarşı təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar