Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4339/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-386/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MMC Estetik Klinikasının FA1379-2019 nömrəli, xx.xx.2019-cu il tarixli «nisyə alqı-satqı müqaviləsinin» etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində istifadəsində olan mobil nömrəyə tanımadığı nömrədən zəng gəlmiş, telefonu açdıqda özünü Cavabdeh MMC estetik klinikasının əməkdaşı olaraq təqdim edən şəxs ona mobil nömrənin kampaniyaya düşdüyünü və klinika tərəfindən qızıl kart qazandığını bildirərək pulsuz müayinə üçün klinikaya yaxınlaşmağı və hətta istəsə qonşuluqda yaşayan qadınlarıda gətirə biləcəyini demişdir. Bundan sonra o, xx.xx.2019-cu il tarixində Cavabdeh MMC estetik klinikasına qonşusu Sənəm adlı şəxslə getmişdir. Klinikanın işçisi ona üzdə olan səpkilər, allergiyalar üçün xüsusi kremlər və eyni zamanda 6 seanslıq müalicə kursu haqqında məlumat vermişdir. Daha sonra klinikanın işçiləri 1 seans üçün 283 manat ödəməli olacağını bildirmişdirlər. O isə həmin gün 20 manat ödəniş edə biləcəyini qalan 263 manat isə daha sonra gətirəcəyini bildirmişdir. Bundan sonra klinikanın işçisi ona məzmununu bilmədiyi bir sənəd imzalatdırmışdır. O, bir müddət sonra həmin sənədin «nisyə alqı-satqı müqaviləsi» olduğunu bilmişdir. «zünə çəkdikləri krem isə onun üzündə şişkinlik yaratmışdır. O, bununla bağlı poliklinikaya müraciət etmişdir. Həmin müqaviləyə əsasən o, 20 manat ilkin ödənişdən sonra 7 ay müddətində, aylıq ödəniş 282 manat olmaqla, cəmi 1960 manat pul ödəməlidir. Bildirmək istəyir ki, o, sözügedən müqavilə ilə razı deyildir. Belə ki, həmin müqavilənin nə üçün olduğunu bilməmiş, klinika işçiləri tərəfindən aldadılmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 386/2020 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia rədd olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, müqavilənin etibarsız olmasını, onun hüquqlarının pozulmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, FA13792019 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-dən ümumi dəyəri 1980 manat təşkil edən kosmetik ləvazimatı ilkin 20 manat ödəniş edərək məbləğin qalan hissəsini 7 ay müddətində aylıq 282 manat məbləğində ödəniş etməklə almışdır. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli malın təhvil-təslim aktının surətindən görünür ki, xx xxxxxxx 2019-cu il tarixli, FA1379-2019 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC aktda adları sadalanan kosmetik vasitələri İddiaçı təhvil vermişdir və İddiaçı bunu şəxsi imzası ilə təsdiq etmişdir. İşdə olan «Apparat prosedurlarının həyata keçirilməsi haqqında Saziş»in surətindən görünür ki, iddiaçı həmin prosedurlarının həyata keçirilməsinə razılığını ifadə etmiş, Sazişi imzalamışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, FA1379-2019 nömrəli müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-dən ümumi dəyəri 1980 manat təşkil edən kosmetik ləvazimatı ilkin 20 manat ödəniş edərək, məbləğin qalan hissəsini 7 ay müddətində aylıq 282 manat məbləğində ödəniş etməklə almışdır. Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər müqavilə ilə müəyyən olunur. İddiaçı sərbəst şəkildə ifadə etdiyi qarşılıqlı iradə ifadəsi əsasında cavabdehlə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar müqavilənin etibarsızlığına səbəb ola bilməz. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). İşdə olan sübutlardan görünür ki, mübahisələndirilən əqdi tərəflər imzaları ilə təsdiq etmişlər. Eyni zamanda işdə olan xx xxxxxxx 2019-cu il tarixli təhvil-təslim aktından da görünür ki, iddiaçı mübahisələndirilən əqd üzrə müvafiq əşyaları (kosmetik vasitələr) təhvil almışdır. Beləliklə, işdə olan sübutlardan aydın olur ki, tərəflər alqı-satqı müqaviləsini bağlamış, alıcı (iddiaçı) müvafiq malları qəbul etmiş və tərəflər alınmış malların dəyərinin müəyyən müddət sonra ödənilməsi barədə razılığa gəlmişlər. İddiaçı hazırki tələbin də əqdin aldatma yolu ilə bağlanmasını, müqavilənin məzmunundan məlumatlı olmamasını və s. Bildirərək, əqdin etibarsız sayılmasını tələb etmişdir. Qeyd edilməlidir ki, MM-in 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. MM-in 339.1-ci maddəsinəə sasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində suslan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Göründüyü kimi, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə biləbilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Beləliklə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. İddiaçı əqd bağlanılarkən aldadıldığını (yuxarıda sadalanan halların mövcudluğunu) sübut etmək yükünü daşıyır. İddiaçı isə əqdin aldatma yolu ilə bağlanmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bu halın mövcudluğunu yalnız özünün izahatı ilə əsaslandırmağa çalışmışdır. İddiaçının izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Eyni zamanda, cavabdeh tərəf də iddiaçının bildirdiklərini təsdiq etməmişdir. Göründüyü kimi, iddiaçının müqavilədən məlumatının olmaması, onun aldatma yolu ilə balanması barədə bildirdikləri işdə olan sübutlarla tam təkzib olunur. Beləliklə, işin faktiki hallarıvə qanunvericiliyin qeyd edilən tələblərinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etidyi halları əsaslandıra və sübut edə bilməmiş, məhkəmə baxışı zamanı isə araşdırılmış sübutlarla iddiaçının irəli sürdüyü dəlillər üzrə mübahisələndirilən əqdin etibarsızlığına əsas ola biləcək hər hansı hal müəyyən olunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-386/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-386/2020 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlikedən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4339/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4339/2020
16.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver