Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4339/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 7 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X11, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 7 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1227/2023 nömrəli 31 may 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyul 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh ögey bacı-qardaşdırlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin anası X4 məxsus olmuşdur. X6 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və qeyd edilən ev miras qalmışdır.
2. Notariat işində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 5A nömrəli fərdi yaşayış evi və 0.0944 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X2 adına qeydiyyata alınmışdır.
3. Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisində açılmış 2V-254 nömrəli vərəsəlik işi materiallarına əsasən həmin vərəsəlik işi xx.xx.2019-cu il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə qurtarmışdır.
4. Cavabdehin verdiyi xx.xx.2019-cu il tarixli etibarnaməyə əsasən X7 cavabdehin adından sənədləşdirmə işlərini aparmaq, torpaq sahəsinin, tikilinin özgəninkiləşdirilməsi ilə bağlı bütün hüquqi hərəkətləri və sairə hərəkətləri etmək üçün səlahiyyətli olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7 saylı Notariat ofisində Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, ev 5Aya Cavabdeh adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.1999-cu ildə vəfat etmiş məhrum anası X1 miras qalmış ünvan 1, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1268-ci maddəsinə yəni, mirasdan imtina hüququ və həmin ərizənin geri götürülməsi məhkəmə səlahiyyətində olduğuna məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 7 saylı notariusda vərəsəlik işi aparılan zaman gözləri zəif olduğundan, qulağı ağır eşitdiyindən qardaşı Cavabdeh etibarından sui istifadə edərək, onu aldadaraq ona düşən payı özününkiləşdirmişdir. Ona vəd vermişdir ki, fərdi yaşayış evinə müştəri var, dərhal sənəd hazır olan kimi, evi və torpağı müştəri istəyir. Puluda onunla tən yarıya bölməyə vəd vermişdir. Buna baxmayaraq qardaşı Nazim onu aldadaraq tək özünə sənədləşmə aparmışdır. Onun yanında etibarnamə ilə iştirak edən X7 bu işin sənədləşməsini aparmışdır.
7. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
8. Birinci instansiya məhkəməsində şahid X7 bildirmişdir ki, o, iş üzrə tərəfləri tanıyır. İddiaçı ilə cavabdehin Nazimin ataları ayrıdır, onlar ögey bacı-qardaşdırlar və onlarla qonşu olmuşdur. O, tərəflərin anası Sayaddan qalmış əmlakın cavabdehin adına rəsmiləşdirilməsinə kömək etmişdir. Belə ki cavabdeh ona anasından qalmış əmlaka müştəri olduğunu demiş və əmlakın sənədləşdirilməsində kömək etməsini xahiş etmişdir. Cavabdeh ona bildirmişdir ki, əmlakı sənədləşdirməyə pulu yoxdur, buna görə də sonda “hallalıq” verəcək. Onun miras qalmış əmlakın sənədləşdirmə işləri ilə bağlı rüsumların ödənilməsi üçün 1000 manat xərci çıxmış, cavabdeh isə ona 3000 manat pul verəcəyinə söz vermişdir. O, miras qalmış əmlakın Nazimin adına sənədləşdirilməsi işlərini görmüş, çıxarış və texniki pasport almışdır. Hazırda da həmin sənədlər ondadır. Bir müddət əvvəl isə iddiaçı ona yaxınlaşaraq bildirmişdir ki, cavabdeh ona pul vermir. Bundan sonra bilmişdir ki, cavabdeh iddiaçını aldatmışdır. Cavabdeh ondan köməklik istəyəndə o, cavabdehə izah etmişdir ki, miras əmlak bütün vərəsələrin adına rəsmiləşdirilməlidir, lakin miras əmlak bir şəxsin adına rəsmiləşdirildiyi halda həmin əmlakın satılması daha asan olacaqdır. Bir müddətdən sonra cavabdeh ona evdə iddiaçı ilə danışaraq məsələni həll etdiyini və iddiaçının miras qalmış əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh ona miras qalmış əmlakı satdıqdan sonra iddiaçıya çatası paya görə pul verəcəyini demişdir. Daha sonra notariusda olan zaman miras qoyan Sayadın ailə tərkibi ilə bağlı arayış əldə edildikdə müəyyən olunmuşdur ki, Sayadın Əliyoldaş adlı bir uşağı da var. Bundan sonra o, çöldə gözləmiş və notarius ilə cavabdeh təklikdə danışdıqdan sonra cavabdeh çölə çıxmış, bu məsələni də həll etdiyini bildirmiş və Əliyoldaş vərəsələr sırasından çıxarılmışdır. Cavabdeh ona bildirmişdir ki, Əliyoldaş adlı qardaşları olmuş, lakin ölmüşdür. Cavabdehin notariusla təklikdə nə haqqında danışmaları barədə məlumatı yoxdur. Daha sonra iddiaçı notarius orqanına gəlmişdir. İddiaçı gələndən sonra notariusun kabinetinə daxil olmazdan əvvəllər koridorda cavabdehlə söhbət etmişdir. İddiaçı onun yanında cavabdehdən onu aldatmayacağı, sənədləri imzalaması üçün cavabdehin ona pul verəcəyi barədə soruşmuş, cavabdeh də iddiaçıya narahat olmamasını və torpağı satdıqdan sonra ona pul verəcəyini bildirmişdir. Bundan sonra iddiaçı gedib sənədləri imzalamışdır. İddiaçı şəxsən notariusun yanında olmamış, notariat orqanının Səbinə adlı işçisinin yanında olmuş və həmin işçi tərəfindən təqdim olunmuş jurnalı və sənədləri imzalamışdır. İddiaçının gözləri pis gördüyündən notariat orqanın işçisi tərəfindən əlindən tutularaq sənədlərə imza atdırılmışdır. İddiaçı həmin zaman hansı sənədlərə imza atdığını bilməmişdir. Notariat orqanının əməkdaşı iddiaçıya hüquq və vəzifələrini izah etməmişdir. İddiaçının sənədləri imzaladığı vaxtda koridorda gözləmiş, iddiaçının yanında olmamışdır. Daha sonra cavabdeh ona etibarnamə vermiş, o da miras əmlaka dair cavabdehin adına çıxarış və texniki pasport almışdır. Cavabdeh son vaxtlara kimi iddiaçıya pul verəcəyini bildirmiş, lakin verməmişdir.
9. Məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisində açılmış 2V-254 nömrəli vərəsəlik işi materiallarının təsdiq edilmiş surətlərindən görünür ki, həmin vərəsəlik işi xx.xx.2019-cu il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə qurtarmışdır. X6 xx.xx.1999-cu il tarixdə ölmüş (AZ-İ seriyalı 991490 nörməli ölüm haqqında şəhadətnamə), ondan miras qalmış Bakı şəhəri, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, ev 7 “B” əmlaka dair vərəsəsi, oğlu Cavabdeh 1/1 hissədə payı olması, miras əmlakın 33.1 kv.metr olan fərdi yaşayış evindən və 0,0944 ha olan torpaq sahəsindən ibarət olması barədə xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.
10. Həmin notariat işində olan İddiaçı notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ünvan 2ir Vədətov tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.1999-cu il tarixdə ölmüş X1 miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan vərəsəliyi qəbul etmir və qəbul etmək niyyətində deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsi yəni, mirasdan imtinanın hüquqi nəticələri və həmin ərizənin geri götürülməsinin mümkünsüzlüyü ona izah edilmişdir. Gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırılmayacaqdır.
11. Həmin notariat işində olan İddiaçı notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ünvan 2ir Vədətov tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, Dadaşova Əliyoldaş 1954-cü ildə doğulmuş və 6 aylığında ölmüşdür. Mərhum bacısı Dadaşova Əliyoldaşa ölüm kağızı alınmamışdır. Mərhum anası X1 miras qalmış ünvan 3 ünvanında yerləşən evə və mülkiyyətində olan torpaq sahəsinə dair yeganə vərəsəsi Cavabdeh olmasının nəzərə alınmasını xahiş etmişdir.
12. Həmin notariat işində olan Cavabdeh notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ünvan 2ir Vədətov tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, Dadaşova Əliyoldaş 1954-cü ildə doğulmuş və 6 aylığında ölmüşdür. Mərhum bacısı Dadaşova Əliyoldaşa ölüm kağızı alınmamışdır. Mərhum anası X1 miras qalmış ünvan 4 ünvanında yerləşən evə və mülkiyyətində olan torpaq sahəsinə dair yeganə vərəsəsi odur. Gələcəkdə hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür.
13. Həmin notariat işində olan Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 397 nömrəli arayışın surətindən görünür ki, X6 ölənədək, yəni xx.xx.1999-cu ilədək N.Məmmədov küçəsi ev 7b ünvanında yaşamış, ailə üzvləri Cavabdeh, İddiaçı və X8r. X9 ölmüşdür.
14. Həmin notariat işində olan vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən çıxarışdan görünür ki, X2 Həqiqət Dadaşova və Əliyoldaş Dadaşova adlı uşaqları vardır.
15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 may 2023-cü il tarixli 2(003)-1227/2023 nömrəli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) iddia tələbi təmin edilməmişdir.
16. Məhkəmə göstərmişdir ki, miras qoyanın 3 uşağı olmuş, İddiaçı, X5 və Cavabdeh. Miras qoyanın ölümündən sonra iş üzrə Cavabdeh miras əmlakı faktiki qəbul etmişdir. İşin müəyyən edilmiş hallarına əsasən isə iş üzrə iddiaçı tərəfindən miras əmlakın açıldığı vaxtdan faktiki qəbul edilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Mirasın açıldığı yerin notariusu tərəfindən Cavabdeh müraciəti əsasında vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik işindən görünür ki, iş üzrə iddiaçı anası X1 qalmış bütün daşınar və daşınmaz əmlakdan imtina etməsi barədə notariusa ərizə vermiş və həmin ərizə notarius tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən mirasın açıldığı yerin notariusuna mirasın qəbul edilməsi barədə müraciəti isə yalnız 23 il sonra olmuşdur. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən vərəsəlik formal qaydada da qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul edilməmişdir. Qanunvericiliyə əsasən isə miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
17. Birinci instansiya məhkəməsi iddiaçının notariat orqanı tərəfindən təsdiq edilmiş miras əmlakdan imtina etməsi barədə ərizəni oxumadan imzalamasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən notariat ofisinə müraciət edilməzdən əvvəl iddiaçı ilə onun arasında miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı danışıqlar aparılmış və həmin danışıqlar əsasında iddiaçı notariat ofisinə getmiş və həmin ərizəni imzalamışdır. Həmin ərizənin iddiaçı tərəfindən imzalanması işin mübahisə edilməyən halıdır. İddiaçının özünün izahatından və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidin ifadəsindən müəyyən olunmuşdur ki, iddiaçının notariat ofisinə hansı məqsədlə getməsi ona qabaqcadan məlum olmuşdur. Belə ki, iddiaçı miras əmlakın gələcəkdə cavabdeh tərəfindən satıldıqdan sonra əldə edilən pul məbləğindən ona da veriləcəyi təqdirdə özgəninkiləşdirilməsinə razılıq verdiyini bildirməklə dolayısı ilə miras əmlakdan məhrum olacağını anladığını etiraf etmiş, eyni zamanda iş üzrə şahid qismində dindirilmiş və həmin ərizənin imzalandığı vaxtı iş üzrə tərəflərlə birlikdə notariat ofisində olmuş Ədalət Məmmədovun ifadəsindən də məlum olmuşdur ki, notariat ofisində iddiaçı cavabdehdən sənədləri imzalaması üçün onu aldatmadığına dair sualına cavab aldıqdan sonra ərizəni imzalamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçı tərəfindən mirasdan imtina barədə ərizəsinin etibarsızlığına dair iddia irəli sürülməməsini də vurğulamışdır.
18. Bundan əlavə, birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən cavabdehə verilmiş vərəsəlik şəhadətnaməsinin mübahisələndirmək hüququnu da itirmişdir. Belə ki, cavabdehə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə xx.xx.2019-cu il tarixdə verilmiş, iddiaçı isə bu barədə məhkəmə iclasında verdiyi izahatına əsasən 2020-ci ilin sentyabr ayında oğlunun yas mərasimində bilmiş, lakin bundan sonra qanunvericiliklə müyyən olunmuş müddətdə müvafiq hərəkətlər etməmiş, yalnız 2023-cü ildə ona vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə, ordan imtina aldıqdan sonra isə məhkəməyə müraciət etmişdir. Bununla da mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddiaçı tərəfindən ötürülmüşdür.
19. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının cavabdehə vərəsəlik haqqında şəhadətnamə verildiyi zaman miras qoyanın onlardan başqa da vərəsəsi olması və həmin vərəsənin nəzərə alınmamasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, yalnız həmin vərəsənin və ya həmin vərəsənin vərəsələri tərəfindən (irsi transmissiya qaydasında) bu halın mübahisələndirilməsi hüquqları vardır ki, iddiaçının başqa vərəsə əvəzinə çıxış etməklə bu halı mübahisələndirməsi istisna edilir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1151.2, 1252, 1159.1, 1243, 1246, 1256, 1257, 1262, 1268, 1272, 1321.1, 1322-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220-ci, “Notariat haqqında” Qanununun 57-59-cu maddələri və “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-477/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 31 may 2023-cü il tarixli qətnamə ləğv edilmiş, iddia təmin olunaraq Bakı Şəhəri 7 saylı xüsusi Notariat Ofisi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsində yerləşən 5 “A” saylı evdən ibarət miras əmlaka dair Cavabdeh adına 18 iyun 2019-cu il tarixdə verilmiş və reyestrdə 2V-254 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Azad İmanov)
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mirasın yeni Mülki Məcəllə qüvvəyə minməzdən əvvəl açılması, iddiaçı tərəfindən mirasın qəbulundan imtina müddətinin buraxılmasını nəzərə alınmamış, işə baxarkən maddi və prossesual hüquq normalarının tələblərini pozmuş, bu da düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur.
26. İşin hallarını nəzərə alan apellyasiya məhkəməsi bildirmişdir ki, hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibəti, 1999-cu ildə, yəni iş üzrə tərəflərin anası Sayad Dadaşovanın xx.xx.1999-cu il tarixdə ölməsindən sonra yaranmışdır. MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün Azərbaycan Respublikasında qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mirasdan imtina müddəti şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan xüsusi müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Artıq xitam verilmiş hüququn sonradan həyata keçirilməsi isə əhəmiyyətsiz olmaqla etibarsız sayılır. Belə olan halda iddiaçının mirasın qəbulundan imtina edilməsi müddətin bitməsindən təxminən 20 il sonra – xx.xx.2019-cu il tarixdə ərizə ilə 7 saylı Notariat Ofisinə müraciət edərək mirasın qəbulundan imtina etməsi əhəmiyyətsiz hesab edilməlidir.
28. Bu baxımdan, iddiaçı tərəfindən mirasın qəbul edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə də düzgün deyil. Belə ki xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin tələbinə görə vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya baxışında iddiaçının 1972-ci ildə ailə quraraq ər evinə köçdüyünü bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 397 nömrəli arayışına əsasən onu da müəyyən etmişdir ki, miras qoyan Sayad Dadaşova ölən günədək, yəni xx.xx.1999-cu il tarixinədək onun ailə üzvü kimi iddiaçı miras qalmış və ünvan 5 ünvanında yerləşən evdə yaşamışdır. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin qənaəti belə olmuşdur ki, iddiaçı miras qoyanın öldüyü məqamda mübahisəli evdə faktiki yaşamaqla mirası qəbul etmişdir. Bu fakt vərəsəlik açılan gündən (yəni altı ay müddətin daxilində) baş vermiş olduğu üçün onun tərəfindən miras artıq faktiki qəbul edilmiş hesab edilməlidir. Necə ki, vərəsəlik açılan gündən altı ay müddət keçdikdən sonra mirasın faktiki qəbul edilməsi artıq öz əhəmiyyətini itirdiyi kimi, sonradan iddiaçının hansısa səbəbdən yaşayış yerini dəyişməsi, ərinin evinə köçməsi də artıq mirasın onun tərəfindən qəbul edilməsi faktını dəyişdirmir. İddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi cavabdeh tərəfindən də qəbul edilmiş və mirasa yeganə vərəsə kimi yiyələnə bilməsi üçün iddiaçının notariat ofisinə mirasdan imtina ərizəsi verilməsinə istinad edərək notariat ofisi tərəfindən mirasdan yeganə irs alan vərəsə kimi tanınması barədə vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Notariat ofisi də öz növbəsində iddiaçının mirası faktiki qəbul etmiş vərəsə kimi mirasdan imtina etməsi barədə ərizəsinə istinad etmişdir. Sadəcə olaraq həm cavabdeh, həm də notariat ofisi tərəfindən mirası faktiki qəbul etmiş vərəsə olan iddiaçının müddətin keçməsi ilə əlaqədar mirasdan imtina etmək hüququnu itirməsi nəzərə alınmamışdır. Həmin imtinanın əhəmiyyətsiz olması isə iddiaçının mirası faktiki qəbul etməsi faktını aradan qaldırmır.
30. Artıq iddiaçının mirası faktiki qəbul etmiş vərəsə olduğunu müəyyən etmiş apellyasiya instansiyası məhkəməsi həmçinin onu vurğulamışdır ki, iddiaçı vərəsə kimi mirası faktiki qəbul etmiş olmasaydı belə, o, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyi üçün bu əsasla da mirası qəbul etmiş vərəsə hesab edilməli idi. Çünki vərəsəlik hüququ məhz mirasın açılması ilə yaranır və qəbulla şərtləndirilə bilməz. Vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Belə olan halda, vərəsənin qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsi onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hər bir halda miras əmlak iddiaçı tərəfindən qəbul edilmişdir. Buna görə də iddiaçının əhəmiyyətsiz olan mirasdan imtinası notariat orqanı tərəfindən nəzərə alınmaqla miras əmlakda cavabdehin tam payı müəyyən edilərkən iddiaçının payı nəzərə alınmadığından iddia əsaslı hesab edilməlidir. İddiaçı mirası qəbul etmiş sayıldığından qeyd olunan halların mübahisələndirilməsinə onun subyektiv hüququ vardır.
31. İddiaçının tələbinə 2 aylıq xüsusi müddəti tətbiq etmiş birinci instansiya məhkəməsi mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddətin iddiaçı tərəfindən ötürülməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir.
32. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin (xx.xx.2000-ci il tarixədək qüvvədə olan) 527, 528, 529, 532, 533, 552, 553 və 556-cı maddələri ilə əsaslandrımışdır.
d)Kassasiya instansiya məhkəməsindəki icraat
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-2045/2024 nömrəli 13 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər A.Abbasov (məruzəçi), V.Həsənov və Ə.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-477/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
34. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, iddiaçının vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi müəyyən edilməyib. Belə olan halda, imtinanın əhəmiyyətsiz hesab edilməsi üçün qalır iddiaçının mirası faktik qəbul edibetməməsi halını aydınlaşdırmaq. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, mirası faktiki qəbul etməsi halını sübut etmək vəzifəsi bunu iddia edən tərəfin üzərinə düşür. İşdən iddiaçının buna dair hər hansı sübut təqdim etməsi görünmür, əksinə, iddiaçı birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin sualına cavab olaraq ərinə məxsus evdə yaşadığını bildirmişdir. Üstəlik, apellyasiya baxışında (i.v.171) iddiaçının nümayəndəsi (qızı) iddiaçının 1972-ci ildən – ailə qurduqdan sonra miras əmlak olan evdən çıxmasını bildirmişdir. İddiaçının 1972-ci ildən miras əmlak olan evdən çıxaraq ər evində yaşamasını iddiaçının özü və nümayəndəsi bildirdiyi halda, həmin halın təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması MPM-in 106.3cü maddəsinin tələblərinə zidd olmuşdur. Yəni iddiaçı nəinki mirası faktiki qəbul etməsinə dair sübut təqdim etmiş, hətta mirası qəbul etməməsinə yönəlik izahat versə də, apellyasiya instansiyası məhkəməsi olmayan faktın təsdiq edilməsi yükünü cavabdehin üzərinə qoymaqla sübutetmə yükünü düzgün bölməmişdir. Bundan əlavə, mirasın faktiki qəbul edilməsi ilə bağlı istinad edilən Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 397 nömrəli arayışa gəldikdə, həmin arayışda apellyasiya instansiyası məhkəməsin qeyd etdiyi kimi iddiaçının miras qoyanla sonuncunun öldüyü günədək miras əmlakda yaşadığı deyil, miras qoyanının ailə üzvü olması qeyd edilmişdir. Buna görə də həmin arayışın iddiaçının mirası faktik qəbul edib-etməməsi baxmından nə kimi əhəmiyyətli olması qətnamədən görünmür. Həmin arayışa yalnız istinad edilib, başqa hər hansı qiymət verilməyib. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı vərəsə kimi mirası faktiki qəbul etmiş olmasaydı belə, o, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyi üçün bu əsasla da mirası qəbul etmiş vərəsə hesab edilməli idi. Çünki vərəsəlik hüququ məhz mirasın açılması ilə yaranır və qəbulla şərtləndirilə bilməz. Məhkəmə kollegiyası hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və hazırkı işin hallarına tətbiq edilən Mülki Məcəllənin normalarına istinadən qeyd edir ki, həmin Məcəllə mirasdan imtina edilmədiyi halda, mirasın qəbul edilməsi prezumpsiyasını nəzərdə tutmurdu. Ümumiyyətlə, həmin Məcəllə mirası əldə etmək üçün yalnız mirasın qəbulu institutunu tanıyırdı, vərəsənin susmasını mirasın qəbul edilməsi prezumpsiyası kimi qəbul etmirdi.
e) Proses iştirakçılarının izahatı
35. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
36. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
37. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (1964-cü ildə qəbul edilmiş)
38. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
39. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
40. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
41. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
42. Maddə 533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.
43. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
44. Maddə 553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.
45. Maddə 556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
46. Maddə 561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir.
47. Maddə 562. Vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
53. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
54. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir.
56. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsinə dair düzgün nəticəyə gəlsə də, maddi hüquq normaları düzgün tətbiq edilmədiyi üçün apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamə ləğv edilməlidir.
57. Belə ki, hazırki mübahisəyə qanunvericiliyin tələbinə əsasən tərəflər arasında mübahisəli hüquq münasibəti yarandığı vaxt qüvvədə olan, yəni 1964-cü il tarixli Mülki Məcəllənin normaları tətbiq edilməlidir.
58. İşin müəyyən edilmiş hallarına görə tərəflər ögey bacı-qardaşdırlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin anası X4 məxsus olmuşdur. X6 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və qeyd edilən ev miras qalmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı anasından miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan imtina etməsi barədə ərizə vermişdir. Miras əmlaka dair Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisi tərəfindən cavabdeh 1/1 hissədə payı müəyyən edilməklə müvafiq qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.
59. İddiaçı hazırki tələbində vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını tələb etmişdir.
60. 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur.
61. Həmin Məcəllə ilə istər vəsiyyət üzrə, istərsə qanun üzrə mirasın qəbulu üçün də 6 aylıq müddət müəyyən olunmuşdur.
62. Göründüyü kimi X2 xx.xx.1999-cu il ildə ölməsi ilə mübahisəli ev üzrə miras açılmışdır.
63. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Mirasdan imtina isə yalnız vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə realizə edilir.
64. İşdən görünür ki, iddiaçının vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi müəyyən edilməyib. Belə olan halda, imtinanın əhəmiyyətsiz hesab edilməsi üçün iddiaçının mirası faktik qəbul edib-etməməsi halı müəyyənləşdirilməlidir.
65. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi-vəkilinin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, “mən ərimə məxsus Mərdəkan qəsəbəsi, Ş.İskəndərov küçəsində yerləşən 48 nömrəli evdə yaşayıram” (i.v.45).
66. Əvvəlki apellyasiya baxışında iddiaçının nümayəndəsi (qızı) iddiaçının 1972-ci ildən – ailə qurduqdan sonra miras əmlak olan evdən çıxmasını bildirmişdir (i.v.171).
67. Hazırki apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi (qızı) bildirmişdir ki, anası ailə qurduqdan sonra atasına məxsus Mərdəkanda olan evdə yaşamışdır, mübahisəli evdə isə Nazim yaşamışdır. Bununla belə anası həmin evə gedib-gəlmiş, nənəsinə, hətta Nazimin ailəsinə də anası baxmışdır.
68. Beləliklə mübahisəsiz olaraq müəyyən edilir ki, iddiaçı 1972-ci ildən, yəni ailə qurduqdan sonra miras qalmış evdə yaşamamışdır, həmin evdə cavabdeh yaşamışdır.
69. Göründüyü kimi iddiaçı tərəfindən miras faktiki olaraq da qəbul edilməmişdir. İddiaçının nümayəndəsi-qızı anasının həmin evə gedib-gəldiyinə, nənəsinə baxdığına istinad etsə də, bu hallar mirasın faktiki qəbul edilməsi qəanətinə gəlməyə əsas vermir. Miras əmlakda cavabdeh ailəsi birlikdə yaşamış, mirası faktiki qəbul etmişdir.
70. Mirasın açıldığı yerin notariusu tərəfindən Cavabdeh müraciəti əsasında vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik işindən görünür ki, iş üzrə iddiaçı anası X1 qalmış bütün daşınar və daşınmaz əmlakdan imtina etməsi barədə notariusa ərizə vermiş və həmin ərizə notarius tərəfindən təsdiq edilmişdir.
71. İddiaçının imzaladığı sənədin mirasdan imtina etməsi barədə ərizədən ibarət olmasına dair məlumatının olmaması barədə dəlilləri inandırıcı hesab edilmir. İşin araşdırılmış hallarından görünür ki, Cavabdeh tərəfindən notariat ofisinə müraciət edilməzdən əvvəl iddiaçı ilə onun arasında miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı danışıqlar aparılmış və həmin danışıqlar əsasında iddiaçı notariat ofisinə getmiş və həmin ərizəni imzalamışdır. İddiaçının notariat ofisinə hansı məqsədlə getməsi ona qabaqcadan məlum olmuşdur. Belə ki, iddiaçı miras əmlakın gələcəkdə cavabdeh tərəfindən satıldıqdan sonra əldə edilən pul məbləğindən ona da veriləcəyi təqdirdə özgəninkiləşdirilməsinə razılıq verdiyini bildirməklə dolayısı ilə miras əmlakdan məhrum olacağını anladığını etiraf etmişdir.
72. Cavabdehin iddia müddəti ilə bağlı ərizəsinə münasibətdə Kollegiya qeyd edir ki, iddia müddətinin tətbiqi əsaslı iddialar üzrə yolverilən olduğundan, hazırki işdə isə iddia əsaslı sayılmadığından, iddia müddətinin tətbiqinə ehtiyac qalmır.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1227/2023 nömrəli iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 7 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.