Məhkəmə qərarları › İş №2(103)-4340/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4340/2020

23.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4340/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X12 və X7 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 225/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 3 saylı "ASAN Xidmət” Mərkəzinin xüsusi notariusuna qarşı "bağışlama müqaviləsinin ləğvinə dair sazişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, ev 39, ümumi sahəsi 81,85 kv.metr olan, 4 otaqlı 27 nömrəli mənzilə dair xx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsinin ləğvinə dair sazişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 3 saylı "ASAN Xidmət” Mərkəzinin notariat kontorunda xx xxx 2014-cü il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, ev 39, ümumi sahəsi 81,85 kv.metr olan, 4 otaqlı 27 nömrəli mənzil Cavabdeh tərəfindən İddiaçı notarial qaydada bağışlama müqaviləsi əsasında bağışlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli xx xxx 2014-cü il qeydiyyat tarixli çıxarışına əsasən, İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, ev 39, ümumi sahəsi 81,85 kv.metr olan, 4 otaqlı 27 nömrəli mənzilə tam mülkiyyət hüquqları qeydə alınmışdır. xx xxxxxx 2019-cu il tarixli Bağışlama müqaviləsinin ləğvinə dair sazişə əsasən, İddiaçı və Cavabdeh adından X2 xx xxx 2014-cü il tarixli 4Ə/675 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi razılaşdırılmış və təsdiq edilmişdir. Lakin sonradan Cavabdeh xx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsinin ləğvinə dair sazişin şərtlərinə əməl etməmişdir. Bu da sözügedən sazışin etibarsızlığına əsas verir. Göründüyü kimi, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, ev 39, ümumi sahəsi 81,85 kv.metr olan, 4 otaqlı 27 nömrəli mənzilə dair bağışlama müqaviləsinin ləğvinə dair sazişi bağlamaqla niyyəti qarşı tərəfi aldadaraq mübahisəli mənzilə dair üstünlük hüququnu əldə etmək və mənzili ələ keçirmək olmuşdur. Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 39, ümumi sahəsi 81,85 kv.metr olan, 4 otaqlı 27 nömrəli mənzilə dair xx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edildiyindən və onun əsasında X3 adına verilmiş RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxx 2014-cü il olan çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X10 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 39, ümumi sahəsi 81,85 kv.metr olan, 4 otaqlı 27 nömrəli mənzilə dair xx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsinin ləğvinə dair sazişin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Hazırda mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Aşağıda göstərilən əsas və səbəblərə görə qarşılıqlı iddia ərizəsi məhkəmə tərəfindən qəbul edilməli və digər iddia ərizəsi ilə birlikdə baxılaraq hüquqi qiymət verilməlidir. Qarışılıqlı iddia üzrə cavabdeh X3 doğma atası X1 tərəfindən müəyyən işlərinə görə etibarnamə vermişdir. X5 bundan istifadə edərək və xəbəri olmadan xüsusi mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 39, ümumi sahəsi 81,85 kv.metr olan, 4 otaqlı 27 nömrəli mənzili xx xxx 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında doğma qızı olan qarışılıqlı iddia üzrə cavabdeh X6 hədiyyə etmiş və onun əsasında sonuncunun adına RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxx 2014-cü il olan çıxarış verilmişdir. Onun iki övladı olduğu halda puluna görə az müddətə onunla nikaha girərək boşanmış şəxsin qızı olan qarışılıqlı iddia üzrə cavabdeh X6 hansı səbəbə görə öz mənzilini hədiyyə etməlidir. Ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 39, ümumi sahəsi 81,85 kv.metr olan, 4 otaqlı 27 nömrəli mənzilə dair xx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edildiyindən və onun əsasında X3 adına verilmiş RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxx 2014-cü il olan çıxarış ləğv edilməlidir. Xüsusilə diqqət yetirilməlidir ki, xəbəri olmadan adından həyata keçirilmiş mübahisəli mənzilə dair bağışlama müqaviləsinin hüquqi nəticələri barədə sonradan məlumatı olsa da, buna dair çıxarış ona təqdim olunmamışdır. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil Məhərəm oğlu ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-225/2020 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 225/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 3 saylı "ASAN Xidmət” Mərkəzinin xüsusi notariusuna qarşı "bağışlama müqaviləsinin ləğvinə dair sazişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini iddia tələbinin dəlillərinə istinad etməklə, onunla əsaslandırır ki, məhkəmə məhz müqavilənin ləğvinə dair sazişin ləğvi üçün qeyd olunan normaların tələbləri baxımıdan araşdırma aparmamasi sonda qanunsuz qətnamənin qəbulu ilə nəticələnmişdir. Məhkəmə qəsdən araşdırma aparmayaraq sadəcə saziş imzalanıb qurtardı deməklə araşdırmasını bitmiş hesab etmişdir. Hərçənd ki, artıq məlum olduğu kimi onun cavabdeh tərəfindən pulun qaytarılacağı adı ilə aldadılmasaydı mənzilin bağışlama müqaviləsini heç vaxt imzalamayacağını cavabdeh çox yaxşı bilmişdir. Məhz 2014 cü ildən onun pulundan istifadə edərək cavabdeh öz işlərini düzəltmiş və sonda da onu aldadaraq pulun qarşılığında mülkiyyətinə keçmiş mənzilin adına qaytarılmasına nail olmuşdur. Məhkəmələr isə bu ədalətsizliyə və haqsızlığa son qoymaq əvəzinə cavabdehə havadarlıq etmişdir. Məhkəmə araşdırmamışdır ki, 2014 cü ildən 5 il sonra 2019 cu ilin yanvar ayında bağışlama müqaviləsinin ləğvi ilə bağlı saziş imzalanmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, onlarıniştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və cavabdehin nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X9 (hədiyyə verən) ilə Cavabdeh (hədiyyə alan) arasında bağlanmış və Bakı şəhərinin notariusu X11 tərəfindən təsdiq edilmiş xx xxxx 2011-ci il tarixli mənzilin bağışlanma müqaviləsinin surətindən görünür ki, X9 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 39 nömrəli evin, 63,15 kv.metr yaşayış sahəsi, 18,7 kv.metr yardımçı sahəsi, 81,85 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət 27 nömrəli mənzili Cavabdeh mülkiyyətinə vermişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxxx 2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, ev 39, mənzil 27 Cavabdeh adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2089 nömrəli reyestr kitabının 193263 nömrəli vərəqində qeydiyyata alınmışdır; X5 (Cavabdeh əvəzindən müvafiq etibarnamə əsasında çıxış edir) ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 3 saylı "ASAN xidmət” mərkəzinin notariusu X8 tərəfindən təsdiq edilmiş xx xxx 2014-cü il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 39 nömrəli evin, 63,15 kv.metr yaşayış sahəsi, 18,7 kv.metr yardımçı sahəsi, 81,85 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət 27 nömrəli mənzili İddiaçı bağışlamışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxx 2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, ev 39, mənzil 27 İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2089 nömrəli reyestr kitabının 193263 nömrəli vərəqində qeydiyyata alınmışdır; Skatt vest (əhalinin siyahıya alınma reyestri) tərəfindən xx xxxxxxx 2014-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin tərcümə olunmuş və müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə Cavabdeh arasında Stavanger şəhər Məhkəməsində (Norveç Respublikasında) xx xxxxxxx 2014-cü il tarixdə nikah mərasimi keçirilmişdir; İddiaçı ilə X2 (Cavabdeh əvəzinə) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli Bağışlama müqaviləsinin ləğvinə dair sazişin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 39 nömrəli evin 27 nömrəli mənzilinə dair xx xxx 2014-cü il tarixdə Bakı şəhəri 3 saylı "ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış bağışlama müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilməsi ilə bağlı razılaşma əldə edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, xx xxx 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğvinə dair xx xxxxxx 2019-cu il tarixli saziş nəzərə alınaraq xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 39, mənzil 27 hazırda Cavabdeh mülkiyyətindədir; Nərimanov RPİ tərəfindən xx xxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 03530806 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 39, mənzil 27 ünvanında qeydiyyatdadır; xx xxxxxxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur; 135.4- ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır; 152.1- ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.4- cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5- ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 666.1- ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 667.1- ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; 668.1- ci və 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; 673.4-ci maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 (Cavabdeh əvəzindən müvafiq etibarnamə əsasında çıxış edir) ilə İddiaçı arasında bağlanmış xx xxx 2014-cü il tarixli bağışlanma müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 39 nömrəli evin, 27 nömrəli mənzili İddiaçı bağışlamış və həmin mənzilə dair İddiaçı adına xx xxx 2014-cü il tarixli çıxarış verilmişdir. İddiaçı ilə X2 (Cavabdeh əvəzinə) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli Bağışlama müqaviləsinin ləğvinə dair sazişlə Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 39 nömrəli evin 27 nömrəli mənzilinə dair xx xxx 2014-cü il tarixdə Bakı şəhəri 3 saylı "ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış bağışlama müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilməsi ilə bağlı razılaşma əldə edilmiş və bu barədə xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Müvafiq mənzil hazırda Cavabdeh mülkiyyətindədir. İddiaçı Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 3 saylı "ASAN Xidmət” Mərkəzinin xüsusi notariusuna qarşı "bağışlama müqaviləsinin ləğvinə dair sazişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, ev 39, ümumi sahəsi 81,85 kv.metr olan, 4 otaqlı 27 nömrəli mənzilə dairxx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsinin ləğvinə dair sazişin etibarsız hesab edilməsibarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1- ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2- ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.5- ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə X2 (Cavabdeh əvəzinə) arasında xx xxxxxx 2019-cu il tarixli Bağışlama müqaviləsinin ləğvinə dair saziş bağlanarkən İddiaçı müvafiq sazişin məzmunu notarius tərəfindən izah edilmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-ci (Bağışlama ilə bağlı) maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin həmin sazişin doğuracağı hüquqi nəticələr izah edilmişdir. İddiaçı şəxs tərəflər arasında qeyd edilən məbləğdə pul vəsaitinin cavabdeh şəxs tərəfindən iddiaçıya qaytarılması şərti daxilində hərəkət etməsini iddia etsə də, bu halı, o cümlədən bağışlama müqaviləsinin ləğvinə dair saziş bağlanarkən belə şərtin müvafiq sazişdə öz əksini tapması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şəxsin qeyd etdiyi müvafiq şərt bağışlama müqaviləsinin ləğvinə dair sazişdə öz əksini tapmamışdır, demək həmin saziş hər hansı bir öhdəliklə şərtləndirilməmişdir. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, ev 39, ümumi sahəsi 81,85 kv.metr olan, 4 otaqlı 27 nömrəli mənzilə dair xx xxx 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğvinə dair xx xxxxxx 2019-cu il tarixli sazişin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmiş, bu səbəbdən qeyd edilən bağışlama müqaviləsinin ləğvinə dair sazişin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. İddiaçı apelyasiya şikayətində iş materiallarının 67-ci səhifəsində olan yazışmalara (mail vasitəsi ilə) istinad etsə də, həmin yazışmalar xx xxxxx 2014-cü il tarixli olmaqla hazırda mübahisələndirilən xx xxxxxx 2019-cu il tarixli sazişdən 5 ildən çox əvvələ aiddir. Həmin vaxtdan sonra tərəflər arasında münasibətlərin necə olması, hansı öhdəliklərlə bağlı mübahisə olması, mübahisənin sazişlə bağlı olması öz təsdiqini tapmamışdır, yəni hazırda mübahisələndirilən sazişin etibarsızlığına səbəb olan hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 225/2020 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar