Məhkəmə qərarları › İş №2(103)-4340/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4340/2021

07.05.2021 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4340/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Üçüncü şəxs “Şifa Medikal və Sağlıq İşletmeleri Sanayi Ticaret Anonum Şirketi”nin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı razılaşma müqaviləsinə dəyişiklik edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-349/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı razılaşma müqaviləsinə dəyişiklik edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında 24.04.2019-cu il tarixli Bakı şəhəri 23 saylı notariat ofisində, reyestrdə 3M-216 nömrə ilə qeyd edilmiş razılaşmış müqaviləsinə dəyişiklik edilməsi, Cavabdeh mülkiyyətində olmuş 681,3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin əvəzinə İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli binada 817,56 kv.m. mənzil sahəsi Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən adları göstərilən rayonlarının ərazisində abadlı-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03.11.2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMCnin istifadəsinə verilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20% əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı MMC ilə Cavabdeh və “Şifa Medikal və Sağlık İşletmeleri Sanayi Ticarət Anonim Şirkəti” Bakı filialı arasında 24.04.2019-cu il tarixli razılaşma müqaviləsi imzalanmış və müqavilənin 1.1.1-ci bəndinə görə ünvan 1 ünvanında yerləşən 681,3 kv.m. qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsi sökülmək üçün 30.04.2019-cu il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir. Eyni zamanda, İddiaçı MMC tərəfindən isə torpaq sahəsində cavabdehin xüsusi mülkiyyətində olması faktı nəzərə alınaraq 945,0 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Yəni 20% (817,56 kv.m.) yox, daha çox sahə 945,0 kv.m. (127,44 kv.m.əlavə) verilmişdir. Daha sonra, 27.06.2019-cu il tarixdə qarşılıqlı razılaşma protokolu imzalanaraq, obyekt və torpaq sahəsi boşaldaraq, naturada təhvil verilsə də, lakin Cavabdeh öz mülkiyyətində olduğu bildirdiyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahənin və torpaq sahəsinin müvafiq sənədləri onlara təqdim etməmişdir. Aralarında müqavilənin etibarsız hesab olunması barədə məhkəmə mübahisələri olmuş və iddia tələbləri iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Cavabdeh ancaq istifadə hüququ olmuş, eyni zamanda qeyri-yaşayış sahəsi kimi İddiaçı MMC-yə təhvil verilən sahə əslində sənəd üzrə fərdi yaşayış evidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25.02.2016-cı il tarixli qərarının 1.3-cü bəndində göstərilir ki, qəzalı vəziyyətdə olan binalardan köçürülən sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər ayrılmalıdır. Cavabdeh adına olan daşınmaz əmlakın dövlət reyestrindən 13.08.2013-cü il tarixli çıxarışla təsdiqlənir ki, onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən 681,3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi olmuşdur. Hesab edirlər ki, Cavabdeh ilə aralarında bağlanılmış 24.04.2019-cu il tarixli razılaşma müqaviləsinə dəyişiklik edilərək, ona 681,3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin əvəzinə İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli binada 817,56 kv.m. mənzil sahəsi verilməlidir. Aldıqları mütəxəssis rəyi ilə təsdiqlənmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olan sahəsi kimi onlara təqdim etdiyi torpaq sahəsinin dəyəri 920.000 manat təşkil edir, onlarda işin bu cəhəti nəzərə alaraq Cavabdeh 945,0 kv.m. sahə verilməsi nəzərdə tutulmuşdur. Hazırda göstərilən torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyətində olmaması təsdiqlənmişdir. Daha sonra “Şifa Medikal və Sağlıq İşletmeleri Sanayi Ticaret Anonum Şirketi” birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi “Şifa Medikal və Sağlıq İşletmeleri Sanayi Ticaret Anonum Şirketi”ni 3-cü şəxs qismində cəlb etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-349/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Şahin Abdullayev). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-349/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şəıti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyriyaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı MMC ilə Cavabdeh və “Şifa Medikal və Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi” Bakı filialı arasında 24.04.2019-cu il tarixli razılaşma müqaviləsi imzalanmış və müqavilənin 1.1.1-ci bəndinə görə, ünvan 2 ünvanında yerləşən 681,3 kv.m qeyriyaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsi sökülmək üçün 30 aprel 2019-cu il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir. Eyni zamanda, İddiaçı MMC tərəfindən isə, torpaq sahəsinində cavabdehin xüsusi mülkiyyətində olması faktı nəzərə alınaraq 945.0 kv.m qeyriyaşayış sahəsi Cavabdeh mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Yəni, 20 % (817.56 kv.m) yox, daha çox sahə 945.0 kv.m (127.44 kv.m əlavə) verilmişdir. Daha sonra, 27 iyun 2019-cu il tarixdə qarşılıqlı razılaşma protokolu imzalanaraq, obyekt və torpaq sahəsi boşaldaraq, naturada təhvil verilsədə, lakin Cavabdeh, öz mülkiyyətində olduğunu bildirdiyi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahənin və torpaq sahəsinin müvafiq sənədləri iddiaçıya təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarının 1.3-cü bəndində göstərilir ki, qəzalı vəziyyətdə olan binalardan köçürülən sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər ayrılmalıdır. Cavabdeh adına olan daşınmaz əmlakın dövlət reyestrindən 13.08.2013-cü il tarixli çıxarışla təsdiqlənir ki, onun mülkiyyətində ünvan 2 ünvanında yerləşən 681.3 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi olmuşdur. Ona görə də, məhkəməyə müraciət edərək, Cavabdeh ilə iddiaçı arasında bağlanılmış 24.04.2019-cu il tarixli razılaşma müqaviləsinə dəyişiklik edilərək, ona 681.3 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin əvəzinə, İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli binada 817.56 kv.m mənzil sahəsi verilməsini xahiş etdik. Müqavilənin etibarsız hesab olunması barədə məhkəmə mübahisələri olmuş və iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir. Həmçini müəyyən edilmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Cavabdeh ancaq istifadə hüququ olmuş, eyni zamanda qeyri-yaşayış sahəsi kimi İddiaçı MMC-yə təhvil verilən sahə əslində sənəd üzrə fərdi yaşayış evidir. Məhkəmə göstərilən əsasları ətraflı araşdırmadan, verdiyimiz vəsatətlərə münasibət bildirmədən ilk iclasında yekun qətnamə qəbul etmişdir. Belə ki, “Covid-19” pandemiyası ilə əlaqədar 2 və 18 dekabr 2020-ci il tarixə təyin edilən məhkəmə iclasları təxirə salınmış, 29 yanvar 2021-ci il tarixə təyin edilmiş iclas cavabdehin vəkilinin vəsatəti ilə (iclasa gələ bilmədiyi üçün) 18 fevral 2021-ci ilə təxirə salınmış, həmin iclasın yarısında “Şifa Medikal və Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi” Bakı filialının nümayəndəsi məhkəmə zalına daxil olaraq, onları 3-cü şəxs qismində işə cəlb etmələrini istəmiş, ilk əvvəl hakim iclasın artıq başlandığını bildirsədə, iclasın sonuna yaxın nümayəndənin etibarnaməsini alaraq 3-cü şəxs kimi işə qəbul etdiyini və məhkəmə iclasını bitdiyini, çıxışlara keçdiyini və müddətin bitməsini bildirirək, işi yekunlaşdırdığını elan etdi. Beləliklə, obyektiv araşdırma aparılmadan, nəticədə əsassız və qanunsuz bir qətnamə qəbul edilmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 5.3, 16.1,17.1, 347, 560.1, 560.2, Mülki Prosessual Məcəllənin 82.1, 88, 217.4, 220.4, 372.1-ci maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin A.H.Zalovun şikayəti üzrə 21 may 2004-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası MİÜMK-nln 28 dekabr 2004-cÜ il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cl il tarixli qərarına, Ümumidünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi Gheorghe Rumıniyaya qarşı iş Üzrə 15 mart 2007-ci il tarixli qərarına istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili B.Məmmədov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş üzrə 13.08.2013-cü il tarixdə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 52a saylı evin ümumi sahəsi 681,3 kv.m., yaşayış sahəsi 353,7 kv.m., yardımçı sahəsi 327,6 1 mərtəbəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir, evin altındakı 0,04045 ha torpaq torpaq sahəsi isə dövlət mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzilməişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. İş üzrə Nəsimi rayon İcra Başçısının 03.11.2016-cı il tarixli, 208 saylı sərəncamına əsasən İddiaçı MMC-yə Bakı şəhəri Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyriyaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMCnin istifadəsinə verilmişdir. İş üzrə “Tikinti şirkəti” qismində İddiaçı MMC ilə “Əmlak mülkiyyətçisi” qismində Cavabdeh və “İcarəçi” qismində “Şifa Medikal və X3 Ticarət Anonim Şirkəti”nin Bakı filialı arasında bağlanmış 24.04.2019-cu il tarixli razılaşma müqaviləsinin kserosurətindən görünür ki, Cavabdeh bu müqaviləyə əsasən 13.08.2013-cü il tarixdə qeydə alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX No0219715 ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 681,3 kv.m. ibarət qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsini sökülmək üçün 30.04.2019-cu il tarixdə İddiaçı MMC-yə təhvil verməyi, bu müqavilə ilə sənədləşdirilmiş müddətdə və qaydada İddiaçı MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyriyaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsi kimi istifadə edilən tikinti və altındakı torpaq sahəsinin sökülməsini və həmin sahənin yerləşdiyi yer də daxil olmaqla həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi ünvan 3 ünvanında 6 saylı girişin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 391 kv.m. və 2-ci mərtəbəsində isə 554 kv.m. ibarət qeyri-yaşayış sahəsinin (pilləkən və pilləkən qəfəslərini, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla), cəmi 945 kv.m. qeyri-yaşayış sahəsini içərisi təmirsiz vəziyyətdə Tikinti və Şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun sahəni hesablamaqla Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC Cavabdeh müvəqqəti sahəni təmin etmək məqsədi ilə ona kompensasiya şəklində aylıq 5000 manat məbləğində icarə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 20 ay ərzində ödəyir. Qalan vaxtlar icarə haqqı əvvəlcədən hər ayın 1-də həmin ay üçün ödənilir. 30.04.2019-cu il həmçinin icarə haqqının ödənilməli olduğu ilk ayın başlanğıcı hesab olunmuşdur. İş üzrə “Tikinti şirkəti” qismində İddiaçı MMC ilə “Əmlak mülkiyyətçisi” qismində Cavabdeh və “İcarəçi” qismində “Şifa Medikal və X3 Ticarət Anonim Şirkəti”nin Bakı filialı arasında bağlanmış 27.06.2019-cu il tarixli X1 kserosurətindən görünür ki, tərəflər arasında notarial qaydada imzalanaraq bağlanmış 24.04.2019-cu il tarixli Razılaşma müqaviləsində Cavabdeh 13.08.2013-cü il tarixdə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX No ******* ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 681,3 kv.m. ibarət qeyri-yaşayış sahəsi kimi istifadə edilən obyekti və altındakı torpaq sahəsini sökülmək üçün 30.04.2019-cu il tarixdə İddiaçı MMC-yə təhvil vermək öhdəliyinin tarixi tərəflərin qarşılıqlı razılığı ilə 10.05.2019-cu il olaraq müəyyən edilmişdir. 10.05.2019-cu il tarixdə “Şifa Medikal və X3 Ticarət Anonim Şirkəti”nin Bakı filialı obyekti və altındakı torpaq sahəsini boşaldaraq Cavabdeh təhvil vermiş, Cavabdeh da öz növbəsində 10.05.2019-cu il tarixdə obyekti və altındakı torpaq sahəsini İddiaçı MMC-yə təhvil vermişdir. Tərəflərin qarşılıqlı razılığı ilə "xxxx" MMC Cavabdeh müvəqqəti sahə ilə təmin etmək üçün ona kompensasiya şəklində 5000 manat aylıq icarə haqqını ödəməli olduğu ilk ayın başlınğıcı 10.05.2019-cu il tarixi hesab olunmuş və "xxxx" MMC Cavabdeh arasında qeyd edilən kompensasiya ilə əlaqədar hesablaşmalarda 10.05.2019-cu il tarixi əsas götürmüşdür. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4224/2020 saylı, 25.08.2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı MMC cavabdehlər Cavabdeh və “Şifa Medikal və X3 Ticarət Anonim Şirkəti”nin Bakı filialına qarşı “müqavilənin və X1un etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(006)-6987/2019 saylı qətnaməsi ilə iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3112/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(006)-6987/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.08.2020- ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 12.10.2020-ci il tarixli pretenziyadan görünür ki, ona 24.04.2019-cu il tarixli Bakı şəhəri 23 saylı notariat ofisində, reyestrdə 3M-216 nömrəsi ilə qeyd edilmiş razılaşmış müqaviləsinə dəyişiklik edilməsi, Cavabdeh mülkiyyətində olmuş 681,3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin əvəzinə İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli binada 817,56 kv.m. mənzil sahəsi Cavabdeh verilməsinə dair müqaviləyə dəyişiklik edilməsini təklif olunmuşdur. 10 gün ərzində cavab verilmədiyi təqdirdə, səlahiyyətli məhkəməyə müraciət ediləcəkdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hallarına əsasən qeyd edir ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03.11.2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhərinin müxtəlif rayonlarında (o cümlədən Nəsimi rayonu) yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20% əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı MMC ilə Cavabdeh və “Şifa Medikal və Sağlık İşletmeleri Sanayi Ticarət Anonim Şirkəti” Bakı filialı arasında 24.04.2019-cu il tarixli razılaşma müqaviləsi imzalanmış və müqavilənin 1.1.1-ci bəndinə görə ünvan 1 ünvanında yerləşən 681,3 kv.m. qeyriyaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsi sökülmək üçün 30.04.2019-cu il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 27.06.2019-cu il tarixdə cavabdehlə bağlanmış müqaviləyə əsasən qarşılıqlı razılaşma protokolu imzalanaraq, obyekt və torpaq sahəsi boşaldaraq, naturada onlara təhvil verilsə də, Cavabdeh öz mülkiyyətində olduğunu bildirdiyi ünvan 1 ünvanında yerləşən evə aid torpaq sahəsinin müvafiq sənədlərini onlara təqdim etməmişdir. Eyni zamanda, işin hallarından görünür ki, torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Cavabdeh ancaq istifadə hüququ olmuş, qeyri-yaşayış sahəsi kimi təhvil verilən sahə əslində sənəd üzrə fərdi yaşayış evidir. Cavabdehlə bağlanmış 24.04.2019-cu il tarixli razılaşma müqaviləsində mülkiyyətindəki evin altındakı torpaq sahəsinin cavabdehin mülkiyyətində olması faktı nəzərə alınmaqla 945 kv.m sahənin onun mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda onun mülkiyyətindəki evin 681,3 kv.m olduğu göstərildiyi üçün, iddiaçı cavabdehlə bağlanmış müqaviləyə dəyişiklik edilməsi və müqavilədə ona verilməli olan sahənin 817,56 kv.m kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən müqavilədə dəyişiklik edilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh müqavilənin dəyişdirilməsinə hər hansı razılıq bildirməmişdir. Bu səbəbdən iddiaçı müqavilədə dəyişiklik edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. AR Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Kollegiya qeyd edir ki, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin sadalanan müddəalarının tələblərindən göründüyü kimi müqavilənin dəyişdirilməsi ya tərəflərin razılaşması ilə, ya da Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulduğu halda yol verilir. Eyni zamanda tərəflərdən biri müqavilənin dəyişdirilməsini o halda tələb edə bilər ki, digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozsun. Tərəflər arasında bağlanmış 24.04.2019-cu il tarixli razılaşma müqaviləsindən görünür ki, cavabdehin müqavilə üzrə öhdəlikləri aşağıdakı kimi olmuşdur: - “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən 13.08.2013-cü il tarixdə, ********** qeydiyyat və **********48 -10302 reyestr nömrəsi ilə qeydə alınmış və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX No0129715 seriyalı çıxarısa əsasən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 681,3 kv.m-dən ibarət qeyriyaşayış sahəsi kimi istifadə edilən yeri və altıdakı torpaq sahəsini sökülmək üçün 30.04.2019-cu il tarixdə "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürür. Göründüyü kimi iddiaçı müqavilə bağlanarkən cavabdehin mülkiyyətində olan əmlakın texniki göstəriciləri (əmlakın ümumi sahəsi, əmlakın növü və əmlakın altında yerləşən torpaq sahəsinin mülkiyyət forması) barədə məlumatı olmuş və cavabdehin mülkiyyətindəki əmlaka dair çıxarış müqavilə bağlanmamışdan qabaq ona təqdim olunmuşdur. Yəni iddiaçı cavabdehlə razılaşma müqaviləsi bağlayarkən əmlakın ümumi təsivri barədə məlumatlı olmuşdur. Digər tərəfdən razılaşmadan da göründüyü kimi cavabdeh mülkiyyətində olan əmlakın altındakı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı hər hansı öhdəlik götürməmişdir. Əksinə cavabdeh razılaşma müqaviləsinə və razılaşma protokoluna əsasən mülkiyyətindəki əmlakı "xxxx" MMC-yə təhvil verməsini öhdəsinə götürmüşdür. Kollegiya həmçinin qeyd edilməini zəruri hesab edir ki, iddiaçı müqavilə bağlayarkən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin qeyri-mümkünlüyünü bilməli idi. Yəni iddiaçı tikinti sahəsində ixtisaslaşmış təşkilat kimi dövlət reyestrindən çıxarış əsasında torpaq sahəsinin mülkiyyət növünü müəyyən etməyi bacaran şəxsdir. Digər tərəfdən çıxarışda da yaşayış evinin altındakı torpaq sahəsinin dövlət mülkiyyətində olması konkret göstərilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçı cavabdeh tərəfindən torpaq sahəsinə dair sənədlərin təqdim edilməməsinə istinad edərək müqavilənin dəyişdirilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, həm razılaşma müqaviləsində, həm X1da cavabdehin mülkiyyətindəki əmlakın altında yerləşən torpaq sahəsinə dair müvafiq sənədlərin verilməsi ilə bağlı hər hansı öhdəliyi nəzərdə tutulmamışdır. Kollegiya fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi təqdim edilməsi ilə bağlı qeyd edir ki, razılaşma müqaviləsindən də görünüdyü kimi iddiaçı cavabdehin mülkiyyətində olan sahənin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğunu bilmişdir. Eyni zamanda həmin əmlaka dair çıxarış ona təqdim edilmiş və iddiaçı müqavilə bağlanmamışdan əvvəl cavabdehin mülkiyyətindəki sahənin yaşayış sahəsi olsa da, qeyri-yaşayıs kimi istifadə olunduğunu bilirdi. İddiaçı bu halları bilərək müqaviləni bağlamış və müqavilə bağlandıqdan sonra əmlakı iddiaçıdan təhvil almışdır. Eyni zamanda cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halları məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iclasın yarısında “Şifa Medikal və Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi” Bakı filialının nümayəndəsi məhkəmə zalına daxil olaraq, onları 3-cü şəxs qismində işə cəlb etmələrini istəmiş, ilk əvvəl hakim iclasın artıq başlandığını bildirsə də, iclasın sonuna yaxın nümayəndənin etibarnaməsini alaraq 3-cü şəxs kimi işə qəbul etdiyini və məhkəmə iclasını bitdiyini, çıxışlara keçdiyini və müddətin bitməsini bildirirək, işi yekunlaşdırdığını elan etmişdir. İddiaçının bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, “Şifa Medikal və Sağlıq İşletmeleri Sanayi Ticaret Anonum Şirketi” birinci instansiya məhkəməsinə ərizə (i.v. 59) ilə müraciət edərək, 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin şəxsi üçüncü şəxs qismində cəlb etmişdir. 18 fevral 2021-ci il tarixli məhkəmə iclas protokolunun 4-cü səhifəsindən görünür ki, iddiaçının nümayəndəsi E.Paşayev “Şifa Medikal və Sağlıq İşletmeleri Sanayi Ticaret Anonum Şirketi”nin üçüncü şəxs qismində cəlb edilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının 24.04.2019-cu il tarixli müyavilədə dəyişiklik edilməsi ilə bağlı irəli sürdüyü tələbinin əsassız olması təsdiq olunduğundan, həmçinin müqavilənin dəyişdirilməsi üçün qanunla müəyyən olunmuş hər hansı hal müəyyən olunmadığından, iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-349/2021 saylı, 18.02.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar