Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4341/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz hasarın sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 fevral 2021-ci il tarixli qətnaməndən cavabdehin verdiyi apelyasiya şikayətinə əsasən işə, iş üzrə iddiaçının vəkili (nümayəndəsi) Vəkil3, cavabdehin özünün və vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “qanunsuz hasarın sökülməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, ev 11 ünvanında yaşayır. Həmin ev həyət evidir və onların öz həyətlərinə giriş-çıxış S.Məmmədov küçəsi, 1-ci yaşayış massivi, 1-ci döngədəndir. Cavabdeh də həmin döngədə, onların qonşuluğunda yaşayır. Bu vaxta qədər o, öz həyətində olan darvazadan avtomobillə həyətə daxil olmaqla, avtomobilini öz həyətində saxlamış, küçədə rahatçılıqla manevr edib avtomobillə öz həyətinə daxil ola bilirdi. Lakin cavabdeh küçədə qanunsuz olaraq hasar çəkib, küçəni hasara alaraq onun qapısının ağzında küçəni darısqal etmiş, bu isə öz həyətinə avtomobillə daxil olmasının qarşısını almışdır. Yəni cavabdehin küçədə qanunsuz olaraq hasar tikməsi ilə küçədə yol ensizləşdiyinə, o, küçədə avtomobillə dönərək öz həyətinə girə bilmir. O, cavabdehə iradını bildirsə də, cavabdeh buna əhəmiyyət verməmiş, qanunsuz inşa etdiyi hasarı tikib başa çatdırmışdır. Göstərilənləri nəzərə alaraq, o, cavabdeh tərəfindən həmin ünvanda tikilmiş hasarın qanunsuz hesab edilərək sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 25.02.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi hasar 14-15 il bundan əvvəl inşa olunmuşdur. İddiaçının hazırda mülkiyyətində olan ev hasar inşa olunan vaxtlarda başqa şəxsin mülkiyyətində olmuş və iddiaçı bu evi alan zaman bu barədə heç bir təklif və irad bildirməmişdir. Cavabdeh və vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. Cavabdehin vəkili (nümayəndəsi) əlavə olaraq bildirdi ki, mübahisəli hasar iddiaçının hüquqlarını pozmur. Həmin hasar sökülsə belə həmin küçədən yük maşınının keçməsi mümkün olmayacaq. Çünki yol ensizdir və yolun solunda bitən böyük ağac, yolun sağında isə yerləşən tikili iri qabaritli avtomobillərin keçməsinə mane olurlar. Bundan başqa, yolun altında ehtiyat yangınsöndürmə hovuzu yerləşir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin əsaslarına etiraz etmiş və Rayon məhkəməsinin qətnaməsinin olduğu kimi saxlanmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Belə ki, JN-9066H KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontorunun 13.09.2003-cü il tarixli 4Ə-2-263 saylı müqaviləsi ilə satılmış 0,0435 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün iddiaçının mülkiyyətinə verilmişdir. 13.11.2004-cü il tarixli, FM seriyalı, 031834 nömrəli “Qeydiyyat vəsiqəsindən” görünür ki, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, Seymur Məmmədov küçəsində, 5 otaqlı 86,78 kv.m. yaşayış sahəsi, 267,77 kv.m. ümumi sahəsi torpaq sahəsində yerləşən 11 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsündən” görünür ki, Suraxanı rayon 24 saylı notariat kontorunda 16.11.2016-cı il tarixli 4Ə-282 nömrəli alıcı ilə satıcı arasında bağlanmış “Alğı-satqı müqaviləsindən” görünür ki, həmin plan və ölçü cavabdehə məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə aiddir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 06.12.2016-cı il tarixli “Çıxarışdan” görünür ki, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə cavabdehə məxsusdur. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən iş məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 21.01.2021-ci il tarixli 10/4295 №-li rəyinə əsasən müəyyən edilmişdir ki, **********09 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla cavabdehin mülkiyyətində olan və Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin ətrafına çəkilmiş və mübahisə predmeti olan hasar cavabdehə ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi, 1-ci yaşayış massivi, 1-ci döngə ünvanında yerləşən yaşayış evinin qarşısında 10,2 metr uzunluğunda 4,2 metr enində boş torpaq sahəsinin olduğu və həmin boş torpaq sahəsinə 4,5 metr enində giriş-çıxış yolunun olduğunu nəzərə alaraq iddiaçının yaşayış evin həyətində (yüngül) avtomobillə daxil olmasına hər hansı maneə yaratmadığı müəyyən edilmişdir. İşə Rayon Məhkəməsində baxılan zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyi alınmış və 11.09.2020-ci il tarixli həmin mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, **********09 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin ətrafında çəkilmiş və mübahisə predmeti olan hasar ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamədən görünür ki, Rayon Məhkəməsi həmin rəyi nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş hasar cavabdehə ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir və iddiaçıya məxsus torpaq sahəsinə yüngül avtomobillərin daxil olmasına maneə yaratmasa da, iri qabaritli nəqliyyat vasitələrinin daxil olmasına, habelə yüngül avtomobillərin yolda manevr edərək geriyə qayıtmalarına maneə yaradır. Apellyasiya baxışı zamanı hər iki tərəfin Məhkəməyə verdikləri izahatlardan müəyyən edilir ki, yolun altında ehtiyat yangınsöndürmə hovuzu yerləşir və yolun kənarında iri gövdəli ağac var. Cavabdeh bildirir ki, əslində mübahisəli hasar iddiaçının hüquqlarını pozmur. Həmin ərazidə yerləşən yangınsöndürmə hovuzu və yolun kənarında iri gövdəli ağac mübahisəli hasar sökülsə belə, əraziyə iri qabaritli nəqliyyat vasitələrin giriş-çıxışına mane olacaq. Bu xüsusatın araşdırılması məqsədi ilə Məhkəmə hazırki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq rəyini almışdır. Ekspertiza Mərkəzinin 18.10.2021-ci il tarixli, 10/4031 saylı rəyindən görünür ki, cavabdehin mülkiyyətində olan və Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin ətrafına çəkilmiş hasarın mübahisəli hissədə faktiki vəziyyəti ilə 22.11.2016-cı il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar arasında şimal-şərq istiqamətdə 1,47 metr, cənub-qərb istiqamətdə 1,02 metr (ümumi sahə ilə 15 kv.m) fərq var. Mübahisəli hissədən əlavə yolun sağında böyük ağacın gövdəsindən soldakı hasaradək olan hissədə yolun eninin 3 metr olmasını və həmin hissədə iri qabaritli nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandığını nəzərə alaraq, mübahisəli hasar sökülüb mülkiyyətdə olan torpaq sahəsinin koordinatları üzrə tikildiyi halda, iri qabaritli avtonəqliyyat vasitələrinin iddiaçıya məxsus olan, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, ev 11-ə aid torpaq sahəsinə çatmasına və həmin sahəyə girməsinə olan maneələrin aradan qalxmadığı müəyyən olunur. AzDTN 2.6-1 cədvəl-9 un tələblərinə əsasən, həyətyanı sahələrə yük maşınlarının keçidi üçün hərəkət zolağının eninin 4,5 metr olmasını nəzərə alaraq, yolun sağında böyük ağacın və solda tikilinin (yolun eni 3 metr) iri qabaritli nəqliyyat vasitələrinin iddiaçıya məxsus torpaq sahəsinə çatmasına maneə yaratdığı müəyyən olunur. Rəydə həmçinin göstərilmişdir ki, **********09 reyestr nömrəli Çıxarış sənədinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında cavabdehin adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədləri təqdim olunmadığından ilkin cizgidə göstərilən sərhəd xətti ilə hasar arasında fərq olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.). Məhkəmə qeyd edir ki, qanunverciliyin sadalanan normalarına əsasən iddiaçının hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ o zaman yaranır ki, tikili iddiaçının hər hansı maraq və hüquqlarını pozsun. Məhkəmə iş üzrə sübutları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə cavabdeh tərəfindən inşa edilmiş hasarın iddiaçının hüququnu pozması müəyyən edilmir. Çünki ekspertiza tərəfindən verilmiş rəydən görünür ki, mübahisəli hasar sökülsə belə, yolun sağında yerləşən böyük ağac və yolun solundakı tikili iri qabaritli nəqliyyat vasitələrinin iddiaçıya məxsus torpaq sahəsinə çatmasına maneə yaradacaq. Bununla da qeyd edilən hasarın üçüncü şəxslərin, o cümlədən hazırki iddiaçının hüquq və mənafelərinin pozulmasına səbəb olması iş üzrə öz təsdiqini tapmır. Beləliklə Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 fevral 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “qanunsuz hasarın sökülməsi tələbi” barədə iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertizanın xərci cavabdehə aid edilsin və bu məqsəd ilə Cavabdeh dövlət nəfinə 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4341/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4341/2021
17.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver