Məhkəmə qərarları › İş №2(103)-4343/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4343/2020

03.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4343/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X19 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Cavabdeh X13 səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5957/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X8rşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə ipoteka predmetinin hüquqi rejimin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, xx xxxx 1982-ci il tarixdə X21 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Hal-hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hazırki iddianı irəli sürməkdə səbəb odur ki, ona məlum olmuşdur ki, əri X21 Cavabdeh QSC-nin Azadlıq filialı ilə müqavilə bağlayaraq külli miqdarda bankdan kreditlə pul götürmüş, həmin vaxt kredit borcunun təminatı olaraq, birgə nikahdan olan qızı Ülviyyə Mahmudovaya məxsus fərdi evi və Sumqayıt şəhəri Yəhya Məmmədov küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 1812,3 kv.m ümumi sahədən ibarət istehsal təyinatlı 104A nömrəli əmlak kompleksi kimi müəssisəni onun razılığı olmadan "Cavabdeh" QSC-nin Azadlıq filialı ilə bağladığı ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Sumqayıt şəhəri Yəhya Məmmədov küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 1812,3 kv.m ümumi sahədən ibarət istehsal təyinatlı 104A nömrəli əmlak kompleksi kimi müəssisə X14 onunla birgə nikahda olduğu dövrdə əldə etdiyi əmlakdır, bu əmlak onların ailə büdcənin hesabına yaradılmışdır və qanunvericiliyin birbaşa tələbinə görə sözügedən qeyri-yaşayış sahəsi onun razılığı olmadan hər hansı formada (özgəninkiləşdirilə) özgəsinin xeyrinə yüklü edilə bilməzdi. Baş vermiş bu hadisə ailələrində ciddi narazılıqlara səbəb olmuşdur. Qanunvericiliyin qeyd olunan normalarının göstərişi bu nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh QSC-nin “Azadlıq” Filialı ilə X21 arasında bağlanmış 09M000000930 saylı xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi qanunun tələbi kobud şəkildə pozulmaqla bağlanmış və faktiki olaraq, onun mülkiyyət üzrə konstitusion hüquqları pozulmuşdur. Belə bir nəticəyə səbəb olmuş müqavilə isə qanunun tələbinə görə etibarsız hesab edilməli və həmin müqavilə ilə sözügedən əmlaka dair yüklülüyün DƏDRX tərəfindən aparılmış qeydiyyatı ləğv edilərək onun ümumi birgə müəlkiyyət hüququ olan sözügedən qeyri-yaşayış sahəsi ipoteka yüklülüyündən azad olunmalı və həmin müqavilə üzrə ipoteka predmetinin hüquqi rejimi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Proses gedişatında iddiaçı tələbinə dəqiqləşdirmə verərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarına əsasən cavabdeh "Cavabdeh" QSC-nin “Azadlıq” Filialı ilə X21 arasında bağlanmış 09M000000930 saylı xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin 09L000005008 saylı xx.xx.2014-cü il tarixli Kredit Xətti müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5957/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunur ki, qətnamənin 2-cı səhifəsinin 6-7ci abzasları - "Mülki prosessual qanunvericiliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə üçün qeyd edilən qətnamə preyudisial əhəmiyyət kəsb edir. Hazırda iddiaçı xx xxxxxx 2014-cü il tarixli İpoteka müqaviləsini mübahisələndirib müvafiq tələblə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilənin etibarlılığını mübahisələndirməyi məqbul saymır." Lakin aşağıdakılara əsasən qeyd edilən bu yanaşmanı qəbul etmir və hesab edir ki, Yasamal rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli 2(004)-5957/2019 saylı qətnaməsi əsassız olduğundan ləğv edilməli və onun iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh X13 səlahiyyətli nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5957/2019 saylı qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə işin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(004)-809/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin olunaraq, iddiaçı "xxxxxxxxx” QSC ilə cavabdeh X21 arasında bağlanmış xx.xx.2014cü il tarixli, 09L000005008 saylı kredit xətti müqaviləsinə xitam verilməsi; cavabdehlər X11, X7, X4 və X12 müştərək qaydada iddiaçı “Cavabdeh" X13 xeyrinə 09R000010338 saylı kredit razılaşması üzrə 108816 (bir yüz səkkiz min səkkiz yüz on altı) ABŞ dolları 93 (doxsan üç) sent əsas, 16218 (on altı min iki yüz on səkkiz) ABŞ dolları 59 (əlli doqquz) sent faiz, 5000 (beş min) ABŞ dolları cərimə, cəmi 130035 (bir yüz otuz min otuz beş) ABŞ dolian 52 (əlli iki) sent, 09R000010891 saylı kredit razılaşması üzrə 4784 (dörd min yeddi yüz səksən dörd) ABŞ dolları 87 (səksən yeddi) sent əsas, 1680 (bir min altı yüz səksən) ABŞ dolları 16 (on altı) sent faiz, 200 (iki yüz) ABŞ dolları cərimə, cəmi 6665 (altı min altı yüz altmış beş) ABŞ dolları 03 (üç) sent, 009R********** saylı kredit razılaşması üzrə 29028 (iyirmi doqquz min iyirmi səkkiz) ABŞ dolları 65 (altmış beş) sent əsas, 4756 (dörd min yeddi yüz elli altı) ABŞ dolları 78 (yetmiş səkkiz) sent faiz, 500 (beş yüz) ABŞ dolları cərimə, cəmi 34285 (otuz dörd min iki yüz səksən beş) ABŞ dolları 43 (qırx üç) sent, ümumilikdə 170985 (bir yüz yetmiş min doqquz yüz səksən beş) ABŞ dolları 98 (doxsan səkkiz) sent kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması; tələbin ipoteka ilə yüklü edilmiş X10 məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin fərdi yaşayış evin ilkin satış qiyməti 170.000 (bir yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi, həmçinin tələb ipoteka ilə yüklü edilmiş X18 məxsus ünvan 2 A ünvanında yerləşən ümumi sahəsi 1812,3 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin müəssisənin ilkin satış qiymətinin 360.000 (üç yüz altmış min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcun ödənilməsi, ünvan 2 A ünvanında yerləşən ümumi sahəsi 1812,3 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra boşaldılsın, həmçinin ipoteka predmeti olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 saylı fərdi yaşayış evinin açıqhərracda satıldıqdan bir ay sonra cavabdeh X2 şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0,06 ha torpaq sahəsini və onun üzərində yerləşən 2 saylı fərdi yaşayış evini tərk etməsi; iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)- 12755/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, cavabdeh X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-809/2018 saylı mülki işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi; 09R000010338 (xx.xx.2014-cü il tarixli) razılaşma üzrə 109430,09 ABŞ dolları əsas, 15870,59 ABŞ dolları faiz, 21248,77 ABŞ dollaı cərimə, cəmi 146549,45 ABŞ dolları; 09R000010891 (xx.xx.2014-cü il tarixli) razılaşma üzrə 12429,10 ABŞ dolları əsas, 2117,2 ABŞ dolları faiz borcu, 1717,67 ABŞ dolları cərimə, cəmi 16263,97 ABŞ dolları; 009R********** (xx.xx.2015-ci il tarixli) razılaşma üzrə 28675,72 ABŞ dolları əsas, 2610,45 ABŞ dolları faiz, 3927,79 ABŞ dolları cərimə, cəmi 35213,96 ABŞ dolları; Ümumilikdə borc 198027,38 ABŞ dolları məbləğində müəyyən edilməsi; təmin edilməyən hissədə - bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı üçün ödənilmiş pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasının təmin edilməsi; Qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-4475/2019 saylı qərarı ilə cavabdeh X1 şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12755/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, hazırda iddiaçı xx xxxxxx 2014-cü il tarixli İpoteka müqaviləsini mübahisələndirib müvafiq tələblə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilənin etibarlılığını məqbul saymır. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Brumaresku Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarda X23 Məhkəməsi göstərmisdir ki, hüququn aliliyinin əsas aspektlərindən bıri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Kollegiya qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit cuna” (məhkəmə hüququ bilir) prinsipinə əsasən, hüququn tətbiqinə hakimin bilavasitə cavabdehlik daşıdığını və məhkəmə qərarları ilə mübahisənin yaranmasına əsas olan "Cavabdeh" QSC-nin "Azadlıq" Filialı ilə X21 arasında bağlanmış 09M000000930 saylı xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi və ondan irəli gələn hüquqi nəticələr daha əvvəl yuxarıda qeyd edilən qaydada məhkəmə baxışının predmeti olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində əks olunmuş, araşdırılmış, qiymətləndirilmişdir. Artıq məhkəmə baxış(lar)ının predmeti olmuş və qeyd edilən məhkəmə aktlarının həqiqiliyinə şübhə edilməsi üçün hər hansı bir əsas mövcud deyil. X23 Məhkəməsi “X6 Partiyası və başqalarının Rusiyaya qarşı” işi üzrə xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd edir ki, hüquqi müəyyənlik tələbi res judikata prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət ediməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 5957/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar