Məhkəmə qərarları › İş №2(103)-4345/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4345/2023

18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4345/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2007/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etmək, iddiaçı isə cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər.

2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmiş, bu barədə xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilərək, dəymiş ziyanın məbləği 1944 manat həddində hesablanmışdır.

3. Gasrep adlı sənəddən görünür ki, abonentə 2018-ci ildə akt üzrə 1944 manat məbləğində borc hesablanmış və karta yükləmələrlə borca görə tutulmalar həyata keçirildikdən sonra, 2022-ci ilin dekabr ayına qalıq borcu 1245,05 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanına (zavod nömrəsi 1305AZ**********14 (abonent kodu **********01510) 06 avqust 2018-ci il tarixli akta əsasən əsassız hesablanmış 1945 manat borc məbləğinin silinməsi və 700 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, faktiki olaraq ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu **********01510) quraşdırılmış qaz sayğacı xx.xx.2018-ci il tarixdə çıxarılmışdır və yeni qaz sayğacı quraşdırılmışdır. Bu barədə xx.xx.2018-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. ARDNŞ Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir, dəymiş ziyanın hesablanması göstərilmişdir. Aktda sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən 10 iyul 2018-ci il tarixdə tərtib edilmiş aktda sayğacın yararsız olması göstərilmişdir. 06 avqust 2018-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir. 9720 metr kub qaz itkisi hesablanmışdır. Belə ki, sayğac küçədə yerləşir, tərəflərindən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur. Lakin onun qaz sayğacının dövlət yoxlamasına verilməsi, rəy verilməsi barədə akt tərtib edilməsindən məlumatı olmamışdır, aktın surəti ona göndərilməmişdir. Bu tamamilə əsassızdır, belə ki, dövlət yoxlaması zamanı akt tərtib edilməsi barədə ona məlumat verilməmişdir, onun iştirakı təmin edilməmişdir və qaz sayğacına tərəfindən müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş qaz hesablanmışdır. O, hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir, sayğaca müdaxilə olmadığı halda ona cərimə tətbiq edilməsi tamamilə əsassızdır. Aktlar onun iştirakı olmadan tərtib edilmişdir. 700 manat məbləğində onlardan borcla bağlı tutulmuşdur. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, sayğac küçədə, hasarın divarında yerləşirdi və qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Sayğaca müdaxilə edilməsi barədə cavabdehdə hər hansı bir sübut da yoxdur. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır, tərəfindən qeyri-qanuni qazdan istifadəyə yol verilməmişdir və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, qaz sayğacına müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, tərəflərindən istifadə edilmiş qaz sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətinə ödənişlərə nəzarət etməklə bunu müəyyənləşdirmək mümkündür. Onun sayğacdan qeyri-qanuni istifadə etməsi ilə bağlı hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır.

6. Cavabdeh iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan qaz sayğacı əməkdaşları tərəfindən dəyişdirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçı tərəfindən sayğacın çıxış pastmas borusu deşici alətlə deşilməklə istifadə olunan qaz sərfiyyatının qeydə alınmadığı aşkar olunmuşdur. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib olunmuş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırımışdır. Bunun nəticəsində Birlik tərəfindən İtirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2007/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı (Abonent kodu: **********01510) hesablanmış borcun 1245,05 (min iki yüz qırx beş manat 05 qəpik) manat məbləğində Cavabdeh tərəfindən silinməsi; Cavabdehndən 698,95 (altı yüz doxsan səkkiz manat 95 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması; Cavabdehndən 39,44 (otuz doqquz manat 44 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının yaşadığı evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 27 iyul 2018-ci il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində istehlakçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, 27 iyul 2018-ci il tarixli, ******* nömrəli nömrəli akt etibarlı olmadığından məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və həmin akt əsasında İddiaçı (Abonent kodu: **********01510) hesablanmış 1944 manat məbləğində borcun 1245,05 manatı Cavabdeh tərəfindən silinməli və akta görə iddiaçıdan əsassız tutulmuş 698,95 (1944- 1245,05=698,95) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2007/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyi qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindənistehlakçı İddiaçı istifadəsində olan qaz sayğacı xx.xx.2018-ci il tarixində dəyişdirilərkən sayğaca müdaxilə faktı aşkar edilmiş və sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib olunmuş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırımışdır. Dövlət yoxlamasının rəyinə əsasən sayğacın çıxış plastmas borusunun deşici alətlə deşildiyi aşkar edilmişdir. Bunun nəticəsində Birlik tərəfindən İtirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Göründüyü kimi istehlakçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni sayğaca müdaxilə edərək təbii qazın dəyərini ödəmədən istifadə etmiş və cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək,əsassız qətnamə qəbuletmişdir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, iddia tələbi qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

18.Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 19.Mülki Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 20.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 21.Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 22.Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 23.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

24.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktların surətindən görünür ki, evə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. 26.Bununla əlaqədar qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 27.Hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, fıziki şəxs olan istehlakçının (hazırki halda iddiaçının) qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. 28.Beləliklə məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli halları sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə, yəni Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş aktı etibarlı olmadığını və beləliklə də onun əsasında hesablanmış borcun silinməli olduğu qənaətinə gəlməklə haqlı olmuşdur. Həmçinin məhkəmə xx.xx.2018-ci il tarixli ******* saylı aktın qüsurlu olduğu qənaətinə gəldiyi üçün düzgün olaraq hesab etmişdir ki, həmin akta əsasən yaranmış borcun ödənilməsi məqsədilə iddiaçıdan Cavabdeh İB-nin hesabına tutulmuş 698,95 manat məbləğində pul, ona geri qaytarılmalıdır. 29.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 31.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2007/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar