Məhkəmə qərarları › İş №2(103)-4348/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4348/2022

22.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4348/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və "xxxx" MTK-ya qarşı ilkin, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər:müqavilə öhdəliyinin icra olunması, müqavilənin etibarsız hesab edilməsi, hüquqi müəyyənlik) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə İddiaçı Cavabdeh2 və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh2 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" MTK (podratçı-icraçı) tərəfindən ünvan 1 ünvanında hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmiş, 15 yanvar 2007-cı il tarixdə MTK ilə payçı (sifarişçi) X21 arasında bağlanmış 104 saylı müqaviləyə əsasən icraçı həmin çoxmənzilli yaşayış binasının 3-cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv.m. olan 170 saylı 4 otaqlı mənzili inşa edib Əziz Rəhimova təhvil verməyi, Əziz Rəhimov isə mənzilin dəyərini təşkil edən 129 450 ABŞ dollarını MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. Mənzilin dəyərini təşkil edən 129 450 ABŞ dollarının X21 tərəfindən tam ödənilməsi barədə MTK tərəfindən 2008-ci il tarixdə maliyyə arayışı verilmişdir və eyni zamanda mənzilin dəyərinin ödənildiyini təsdiq edən kassa mədaxil orderləri də mövcuddur.

2. 12 oktyabr 2013-cü il tarixdə "xxxx" MTK ilə payçı (sifarişçi) X22 arasında bağlanmış 300/19 saylı müqaviləyə əsasən MTK (icraçı) həmin mənzili inşa edib bu payçıya da təhvil verməyi, Mail Səmədov isə həmin mənzilin dəyərini təşkil edən 110 000 manatı icraçıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə müəyyən edilmiş 110 000 manatın tam ödənilməsi barədə X14 MTK tərəfindən xx.xx.2013-cü il tarixdə maliyyə arayışı verilmişdir.

3. Mənzildə təmir işlərinin aparılması, sayğacların quraşdırılması, kommunal xidmətlərin dəyərinin ödənilməsi və sair bu kimi məsələlərin həlli müddətini və qaydasını tənzimləmək məqsədilə X21 və MTK arasında 23 yanvar 2015-ci il tarixdə “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqavilə bağlanmış, müqaviləyə uyğun olaraq mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini təşkil edən 1200 manat X21 tərəfindən ödənilmiş, bu barədə ona həmin tarixli müvafiq qəbz verilmişdir.

4. 28 noyabr 2016-cı il tarixdə podratçı (icraçı) "xxxx" MTK ilə payçı (sifarişçi) Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən, icraçı həmin mənzili bu payçıya təhvil verməyi öhdəsinə götürmüş, müqavilədə mənzilin dəyərini təşkil edən 110 000 manatın Cavabdeh2 tərəfindən əvvəlki payçıya, yəni X14 ödənildiyi qeyd edilmiş, MTK tərəfindən ona mənzilin dəyərinin tam ödənilməsi barədə 28 noyabr 2016-cı il tarixdə maliyyə arayışı verilmişdir.

5. 29 noyabr 2016-cı il tarixdə Cavabdeh2 ilə X22 arasında notarial qaydada təsdiq edilmiş “Mənzilin alqı-satqısına dair ilkin müqavilə” bağlanmış, müqaviləyə əsasən Mail Səmədov, mənzili gələcəkdə 121 000 manata Cavabdeh2 satmağı, sonuncu isə həmin məbləği gələcəkdə X14 ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 ilkin müqavilədə göstərilən məbləği notariusun depozit hesabına köçürmüş və həmin tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə X22 mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə etiraz etmədiyini, gələcəkdə həmin mənzillə bağlı MTK-ya qarşı heç bir iddiasının olmayacağını və maddi tələb irəli sürməyəcəyini bildirmişdır.

6. X21 15 fevral 2017-ci il tarixdə vəfat etmiş, onun qanun üzrə birinci dərəcəli vərəsələri kimi tanınmaq hüququnu arvadı X6, oğulları X23 və İddiaçı əldə etmiş, X6 (xx.xx.2021-ci il tarixdə ölmüşdür) və X23 notariat kontoruna ərizə ilə müraciət edərək X9 onlara çatası miras payını rəsmi və faktiki olaraq qəbul etmədiklərini, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqlarını bildirmiş, X9 miras qalmış əmlakı İddiaçı qəbul etmişdir.

7. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv.m. olan 170 saylı 4 otaqlı mənzillə bağlı kommunal xərcin 2021-ci il üzrə tam məbləğini təşkil edən 1920 manat 25 may 2021-ci il tarixdə İddiaçı tərəfindən ödənilmiş və ona həmin tarixdə bu ödənişi təsdiq edən kassa mədaxil orderi verilmişdir.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə onun, Cavabdeh1 MTK-nın sədri X7 ilə MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binalarında müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün özünün adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edilərək sonradan həmin mənzillərin yenidən satışına dair adından elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girdiyi, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə yaşayış binasının müxtəlif mənzillərini təkrarən başqa şəxslərə satıb pulunu ələ keçirdiyi müəyyən olunmuşdur.

9. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv.m. olan 170 saylı 4 otaqlı mənzil təmir olunmamışdır və hazırda İddiaçı sahibliyində olmaqla yanaşı, onunla Cavabdeh2 arasında mənzilə sahibliklə bağlı münaqişəli vəziyyət mövcuddur.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

10. İddiaçı Cavabdeh2 və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv.m. olan 170 saylı 4 otaqlı mənzilin 15 yanvar 2007-ci il tarixli müqaviləyə əsasən atası X15 təhvil verildiyini, mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin atası tərəfindən tam ödənildiyini, bu barədə MTK tərəfindən atasına 2008-ci ildə maliyyə arayışının təqdim edildiyini, habelə ödənişləri əks etdirən kassa mədaxil orderi qəbzlərinin də mövcud olduğunu, mənzillə bağlı atasının 23 yanvar 2015-ci il tarixdə MTK ilə “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqavilənin bağlandığını, mənzillə bağlı yaranmış xərclərin atası tərəfindən qarşılandığını, atasının vəfat etməsindən sonra əmlakın vərəsə kimi tərəfindən qabul olunduğunu və mənzillə bağlı kommunal xərclərin tərəfindən ödənildiyini, mənzilin ötən dövr ərzində onların istifadə və sahibliyində olduğunu, MTK-nın sədri olan X2 və X11 artıq satılmış mənzilləri sonradan rəsmiləşdirilmiş saxta müqavilələr əsasında başqa-başqa şəxslərə yenidən satdıqlarının Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ilə müəyyən edildiyini, Cavabdeh2 ilə bağlanmış müqavilənin də belə müqavilələrə aid olduğunu bildirmiş, bu səbəblə Cavabdeh2 və MTK arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilənin və Cavabdeh2 ilə X22 arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı- satqısına dair ilkin müqavilə”nin etibarsız hesab olunmasını xahiş etmişdir.

11. Cavabdeh2 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, 15 yanvar 2007-cı il tarixdə MTK ilə X21 arasında bağlanmış müqavilənin X21 tərəfindən, müqaviləyə uyğun verilmiş cədvəl üzrə borcun hissə-hissə ödənilməsinə dair öhdəçiliyin isə ümumiyyətlə imzalanmadığını, bu halın müqavilənin həqiqətən də 2007-ci il tarixdə bağlanmasını şübhə altına aldığını, həmin müqavilənin müqavilələrin qeydiyyatı kitabında olmadığını, MTK-nın üzvlərinin ümumi iclasının 28 dekabr 2019-cu il tarixli protokolunun və 31 may 2021-ci il tarixli maliyyə arayışının X7 tərəfindən imzalanmadığını, ümumiyyətlə 15 yanvar 2007-ci il tarixli müqavilədə, 2008-ci il tarixli maliyyə arayışında, 23 yanvar 2015-ci il tarixli müqavilədə, 28 noyabr 2016-cı il tarixli maliyyə arayışında olan imzaların bir-birindən fərqləndiyini, mübahisəli mənzili elanda gördüyünü və bəyəndiyini, onunla MTK və X22 arasında bağlanmış müqavilələrə uyğun olaraq mənzilin dəyərini ödədiyini, vicdanlı alıcı olduğunu bildirmiş, X21 və MTK arasında bağlanmış müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

13. Məhkəmə eyni zamanda xüsusi qərardad çıxarmış, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv.m. olan 170 saylı 4 otaqlı mənzillə bağlı təkrar müqavilələr bağlayan şəxslərin əməllərində və hərəkətlərində cinayətin əlamətlərinin olması ehtimalı barədə Bakı şəhəri Binəqədi rayon prokurorluğuna məlumat verilməsini qərara alımışdır.

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, təşkilati hüquqi formasından, habelə müqavilədə necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin mülki qanunvericiliyin tələbləri baxımından bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş icraçı növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu baxımdan həm X21, həm də Cavabdeh2 ilə bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Belə olan halda, mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır. Mənzilə dair ilk müqavilə tarix etibarı ilə X21 ilə bağlanmış, bununla da MTK-nın həmin mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini tam ödəməklə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş X15 təhvil verilməsi öhdəliyi yaranmış, yəni bu mənzilə münasibətdə ilk olaraq məhz X12 istifadə və sahiblik hüququ, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Belə olan halda, həmin mənzillə bağlı X22 və Cavabdeh2 ilə MTK arasında yalnız X12 razılığı əsasında mübahisələndirilən (28 noyabr 2016-cı il tarixli) müqavilə bağlana bilərdi. Lakin göründüyü kimi, belə bir müqavilələrin bağlanmasına onun razılığı olmamışdır. Buna baxmayaraq MTK (onun sədri X7) bu barədə susmuş və nəticə etibarilə ona artıq hər hansı aidiyyəti olmayan və başqasının istifadə və sahibliyində olan mənzillə bağlı ilk öncə X22, sonradan isə Cavabdeh2 ilə müqavilə bağlamış, nəticədə Bayramova X5 Sahil Nizami oğlu və X22 tərəfindən aldadılmışdır. Aldatma olmadan bu müqavilənin bağlanması da mümkün olmazdı. Belə ki, Cavabdeh2 həmin mənzilin təhvil verilməsi barədə "xxxx" MTK-nın artıq başqa şəxs qarşısında müqavilə öhdəliyinin olduğunu bilsə idi, təbii ki, MTK ilə 28 noyabr 2016-cı il tarixdə və X22 ilə 29 noyabr 2016-cı il tarixdə qeyd edilən müqavilələri bağlamaz və mənzilin dəyərini təşkil edən məbləği ödəməzdi. Cavabdeh2 aldadıldığı və onunla bağlanmış 28 noyabr 2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin bundan əvəl artıq başqa şəxsə (hazırki vəziyyətdə X15) satıldığı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmündə əks olunmuş X11 və X2 ifadələri ilə də təsdiq edilir. Belə ki, X7 bildirmişdir ki, X22 tikinti materialları, sement alqı-satqısı ilə məşğul olmur və kooperativə heç vaxt sement və ya digər tikinti materialı verməmiş, eləcə də, onun kooperativ tərəfindən inşa olunmuş binalarda mənzili olmamışdır. Bu da öz növbəsində MTK ilə X22 arasında bağlanmış 12 oktyabr 2013-cü il tarixli 300/19 saylı müqavilənin, bu müqaviləyə uyğun olaraq MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilənin və X22 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız olmasını hüquqi baxımdan şərtləndirir. Başqa sözlə, "xxxx" MTK ilə Cavabdeh2 arasında 28 noyabr 2016-cı il tarixdə müqavilənin bağlanmasına hüquqi əsas yaratmış MTK ilə X22 arasında bağlanmış 12 oktyabr 2013-cü il tarixli 300/19 saylı müqavilə bağlandığı andan etibarsız olmuşdur.

15. Məhkəmə həmçinin vurğulamışdır ki, X11, habelə Cavabdeh2 mənzildən müddət etibarilə X9 əvvəl istifadə və ona sahiblik etməsi qeyri-mümkündür. X21 ilə MTK arasında 23 yanvar 2015-ci il tarixdə bağlanmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqaviləyə uyğun olaraq həmin mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini təşkil edən 1200 manat X21 tərəfindən ödənilmiş, onun vəfatından sonra oğlu (vərəsəsi), yəni ilkin iddiaçı mənzillə bağlı xərcləri qarşılamağa davam etmişdir. Yəni daha əvvəl əmələ gəlmiş öhdəliyə uyğun olaraq mübahisəli mənzil məhz X12 istifadə və sahibliyinə verilmiş, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində onun üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Başqa sözlə, bu mənzilin X9 əvvəl X11, daha sonra isə Cavabdeh2 istifadə və sahibliyinə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. ...Bu da öz növbəsində 15 yanvar 2007-ci il tarixli müqavilənin etibarsızlığını istisna etməklə, 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilənin və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, "xxxx" MTK-da müqavilələrin qeydiyyatı kitabı mövcud olmasa da, MTK ayrı-ayrı vətəndaşlarla bağlanmış müqavilələr barədə məlumatı sadə qaydada tərtib edilmiş siyahı şəklində məhkəməyə təqdim etmiş, həmin siyahıda mübahisəli mənzilin (170-cı sıra) X15 məxsus olduğu göstərilmiş, lakin X22 və Cavabdeh2 ümumiyyətlə siyahıya daxil edilməmişdir. Həmin siyahıdan və X15 aid müqavilələrdən bu müqavilələrin sadə formada nömrələndiyi müəyyən edilir, lakin həm X14, həm də Cavabdeh2 aid müqavilələr fərqli qaydada (300/19) nömrələnmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmündə əks olunmuş X11 ifadəsində də məhz bu qaydada nömrələnmiş (300/2, 300/4, 300/9, 300/12) müqavilələrdə göstərilən mənzillərin ona məxsus olmadığı, bu mənzilərdən imtina edilməsi barədə məzmunca saxta ərizə yazdığı göstərilmişdir. Belə aydın olur ki, bu müqavilələrin fərqli qaydada nömrələnməsi onların real olaraq bağlanmış müqavilədən fərqləndirilməsinin təmin edilməsi məqsədi daşımışdır. Digər tərəfdən MTK ilə Cavabdeh2 arasında müqavilənin 28 noyabr 2016-cı il tarixdə bağlanmasına baxmayaraq, X22 ilə Cavabdeh2 arasında “Mənzilin alqı-satqısına dair ilkin müqavilə” 29 noyabr 2016-cı il tarixdə bağlanmışdır. Halbuki, bu müqavilələr əksinə tarixlə bağlanmalı idi. Başqa sözlə, X22 artıq 28 noyabr 2016-cı il tarixdə Cavabdeh2 satılmış mənzilin, gələcəkdə Cavabdeh2 satılması barədə 29 noyabr 2016-cı il tarixdə üzərinə öhdəlik götürmüşdür. Bununla da “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin hüquqi nəticə etibarilə hər hansı əhəmiyyəti qalmamışdır.

17. Məhkəmə Cavabdeh2 dəlilləri ilə bağlı qeyd etmişdir ki, 15 yanvar 2007-cı il tarixli müqavilənin X21 tərəfindən, müqaviləyə uyğun verilmiş cədvəl üzrə borcun hissəhissə ödənilməsinə dair öhdəçiliyin isə ümumiyyətlə imzalanmaması, 31 may 2021-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 28 dekabr 2019-cu il tarixli protokolunun X7 tərəfindən imzalanmaması 15 yanvar 2007-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə əsas ola bilməz. Hər bir halda, qeyd edilən müqavilə MTK-nın müqavilə imzalanan zaman müqavilədə imza etmək səlahiyyətinə malik olan nümayəndəsi tərəfindən imzalanmış və kooperativin möhürü ilə təsdiq edimişdir. Ümumi yığıncağın protokolunun kooperativin sədri tərəfindən deyil, onun nümayəndəsi tərəfindən imzalanması isə bu yığıncağın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Kooperativin nümayəndəsi X4 özü də etiraf edir ki, 31 may 2021-ci il tarixli maliyyə arayışı və həmin protokol kooperativin sədri olan X2 əvəzindən onun tərəfindən imzalanmışdır. Araşdırma zamanı da X1 bu məsələdə ona X7 tərəfindən verilmiş etibarnamədə əks olunmuş səlahiyyətlərə uyğun davrandığı və bu şəxsin əvəzindən imza etməyə tam səlahiyyətli olduğu müəyyən edilmişdir. Digər tərəfdən, mənzilin dəyərinin hələ 2008-ci il tarixdə X21 tərəfindən ödənilməsini təsdiq edən maliyyə arayışı və kassa mədaxil orderləri mövcuddur. İddiaçı tərəfindən həmin mənzilin dəyəri olaraq hər hansı məbləğdə pul ödənilməmişdir. 28 dekabr 2019-cu il tarixdə kooperativin ümumi yığıncağının keçirilməsi, habelə 31 may 2021-ci il tarixli maliyyə arayışının ona verilməsi, X12 vəfatından sonra mənzilin onun istifadə və sahibliyinə keçməsi ilə bağlı olmuşdur və bu əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin təmin edilməsi məqsədini daşıyır. Həmin maliyyə arayışın olmaması belə, mənzilin X15 məxsus olmasını istisna etmir.

18. Məhkəmə MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilənin və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsi qənaəti ilə bağlı onu da qeyd etmişdir ki, mənzilin dəyəri bu müqavilələrdə fərqli yazılmış, 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilədə Cavabdeh2 tərəfindən mənzilə görə 110 000 manat məbləğində pulun ödənildiyi, 29 noyabr 2016-cı il tarixli müqavilə üzrə onun tərəfindən notariusun depozit hesabına 121 000 manat pulun köçürüldüyü, 28 noyabr 2016-cı il tarixli beh müqaviləsində isə mənzilin qiymətinin 123 000 manat olduğu göstərilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmünə əsasən digər oxşar hallarla (mənzillərin satılması) bağlı Cavabdeh2 ilə müqavilə bağlamış X7 və X22 bir-birinə zidd ifadələr vermişlər. Bu səbəblə, müqavilə üzrə ödənilmiş pulun tutulması məsələsi müqavilənin etibarsız hesab edilməsi ilə eyni vaxtda həll edilə bilməz və həm bu, həm də vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı ayrıca iddia qaldırmalıdır.

19. Məhkəmə tərəfindən, 10 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən "xxxx" MTK-nın qanuni təmsilçisi X7 məhkəmə iclasında dindirilmiş və izahatında bildirmişdir ki, X21 ilə MTK arasında 23 yanvar 2015-ci il tarixdə bağlanmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqavilə, Cavabdeh2 ilə MTK arasında 28 noyabr 2016-cı il tarixdə bağlanmış 300/19 saylı müqavilə və MTK tərəfindən 28 noyabr 2016-cı il tarixdə Cavabdeh2 verilmiş maliyyə arayışı onun tərəfindən imzalanmışdır. Lakin İddiaçı verilmiş 31 may 2021-ci il tarixli maliyyə arayışında və MTK-nın üzvlərinin 28 dekabr 2019-cu il tarixdə keçirilmiş ümumi iclasının protokolundan çıxarışda onun adı və soyadı qarşısında olan imza onun tərəfindən icra edilməmişdir. O, Cavabdeh2 və onunla müqavilə bağlamasını xatırlamır. Belə ki, kooperativin sədri olaraq xeyli sayda müqavilə bağlamışdır. X16 tanıyır. Belə ki, ondan bir neçə dəfə müəyyən faiz dərəcəsi ilə borc almış və həmin borcun təminatı olaraq artıq MTK tərəfindən başqa-başqa şəxslərə satılmış mənzillərlə bağlı sonradan onunla da müqavilə bağlanmışdır. Həmin müqavilələr girov kimi, borcun təminatı olaraq və borc qaytarılanadək, yəni müvəqqəti olaraq bağlanırdı və borc qaytarıldıqdan sonra X22 müqavilələri ona qaytarırdı. X22 reallıqda MTK-dan hər hansı mənzil almamış, müqavilələr borc əvəzi bağlanmışdır. 2016-cı ildə həmin binada satılmamış mənzil də qalmamış, bütün mənzillər satılmışdır. X3 hər hansı məbləğdə borcu da qalmamışdır və bu səbəbdən hazırki müqavilə də ona qaytarılmalı idi.

20. Məhkəmənin dindirdiyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10, 2007-ci ildə MTK-nın sədri olduğunu və MTK ilə X21 arasında bağlanmış 15 yanvar 2007ci il tarixli müqavilənin və MTK tərəfindən 2008-ci il tarixdə X15 verilmiş maliyyə arayışının, habelə həmin müqavilə üzrə ödənişləri əks etdirən qəbzlərin onun tərəfindən imzalandığını bildirmişdir.

21. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh2 nümayəndəsi (vəkili) onun ləğv olunmasını və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, mənzili Cavabdeh2 satan şəxslərin Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum edildiklərini ümumiyyətlə araşdırmadığını, Əziz Rəhimovun mənzili kimdən və hansı yolla əldə etdiyini aydınlaşdırmadığını, onun istinad etdiyi sənədlərin saxta olmasını və imzalanmadığını nəzərə almadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

22. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2, onun nümayəndələri (vəkilləri) Vəkil1 və Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, habelə "xxxx" MTKnın nümayəndəsi X4 şikayətin əsassız olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etdiyi X10 isə məhkəməyə gəlməmişdir.

23. Apellyasiya baxışı zamanı apellyatorun xahişi ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə "xxxx" MTK-dan mənzillər almış, sonradan MTK ona satdığı mənzili başqa şəxslərə satmaq istədiyindən aralarında məhkəmə mübahisəsi yaranmış, 3 ildən artıq davam edən məhkəmə çəkişmələrinin sonunda mənzilləri özünə qaytarılmışdır. Hazırda növbəti zərərçəkən Cavabdeh2dır və o da MTKnın dələduzluğuna məruz qalmışdır. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv.m. olan 170 saylı 4 otaqlı mənzili Cavabdeh2 qanuni əsaslarla almış, o, 2016-cı ildə Aygün xanımı həmin binada dəfələrlə görmüşdür.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

25. Maddə 337.1 və 339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər.

26. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

27. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

28. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

31. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

33. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

38. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

45. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin gəldiyi nəticə və iddia tələblərinə verdiyi qiymətlə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Belə ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

48. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh2 ilə MTK və Mail Səmədov arasında müqavilə bağlandığı zaman Əziz Rəhimovla (İddiaçı atası) ilə daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, mübahisəsi gedən mənzil bu müqavilə əsasında sonuncunun sahibliyinə verilmişdir. Başqa sözlə MTK, Cavabdeh2 istinad etdiyi müqavilənin predmeti olan əmlakla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda əvvəl Mail Səmədovla, sonra isə onunla müqavilə bağlamış, MTK ilə Cavabdeh2 daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış şəxsin müqaviləsinin həmin dövrdə ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, Cavabdeh2 irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir.

49. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

50. Əziz Rəhimovla bağlanmış müqavilənin onun tərəfindən imzalanmaması səbəbilə etibarsız olması ilə bağlı irəli sürülənlərlə əlaqədar kollegiya qeyd edir ki, müqavilə MTK tərəfindən qəbul edilməkdədir (bəyənilməkdədir) və bu hal, müqavilənin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmçinin qeyd olunmalıdır ki, sözügedən müqavilənin bağlanmasından sonra həyata keçirilən hərəkətlər də MTK ilə Əziz Rəhimov arasında həmin müqavilənin bağlandığına dəlalət edir.

51. Bu kontekstdə kollegiya, İddiaçı istinad etdiyi ödəniş qəbzlərindəki və maliyyə arayışındakı imzaların yoxlanılması üçün ekspertiza keçirilməli olması barədə apellyatorun dəlilləri ilə bağlı araşdırma aparılmasına da zərurət görmür. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 istinad etdiyi müqavilə imzalandığı zaman mənzil Əziz Rəhimova satılmış olduğundan, MTK ikinci müqaviləni bağlamaq səlahiyyətinə sahib olmamışdır; bu isə o deməkdir ki, sözügedən qəbzlərdəki və maliyyə arayışındakı imzanın kimə məxsus olması hazırkı mübahisənin həlli baxımından əhəmiyyətli deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

52. Apellyasiya baxışı zamanı dindirilən şahidin ifadəsinə münasibətdə isə qeyd olunmalıdır ki, birincisi, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 81-ci maddəsi); digər tərəfdən, həmin şahid özünün də MTK ilə məhkəmə çəkişmələri yaşadığını vurğulamaqla Cavabdeh2 da aldadıldığını mülahizə şəklində bildirmiş, dindirilməsindən daha əvvəl məhkəməyə ünvanladığı teleqramda isə əslində işin nəticəsində maraqlı olduğunu ortaya qoymuşdur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1ci maddələri). Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasa da, onların ifadələrində nəzərə alınmalıdır.

53. Kollegiya onu da qeyd edir ki, Cavabdeh2 X7 və Mail Səmədov tərəfindən aldadıldığı, Mail Səmədovla MTK arasında bağlanmış müqavilələrin predmeti olan mənzillərin daha əvvəl başqa şəxslərə satılmış mənzillər olduğu adı çəkilən şəxslərin Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmündə əks olunmuş ifadələri ilə də təsdiq edilir. Cavabdeh2 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmasa da, qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin 82.4-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir - hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.

54. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-547/2022 saylı iş üzrə 11 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar