Məhkəmə qərarları › İş №2(103)-4349/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4349/2024

05.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4349/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "qanunsuz tikilinin sökülməsi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, Cavabdeh2, onun vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil1 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər X3 və Cavabdeh1 İsrafil qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikililər cavabdehlər X2 və Cavabdeh1 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin (ADY) balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində torpaq sahələrinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 24 metr təşkil etdiyi halda X7 və Cavabdeh1 tərəfindən 6 metr məsafədə tikinti işləri aparılmışdır. Dəmir yolu xəttinin qazma yataqda çəkilməsi, həmçinin hazırda bu evlərin qəzalı vəziyyətdə olması və həmin dəmir yolu xətti ilə neft və neft məhsullarının daşınması təhlükəliliyi daha da artırır, gələcəkdə neqativ halların baş verməsini qaçılmaz edir. ADY-yə daxil olmuş Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 11-19/138 nömrəli məktubunda həmin ərazidə yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin X4 və Cavabdeh1 məxsus olması qeyd edilmişdir. Bununla bağlı ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə həmin əraziyə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, qeyd edilən fakt bir daha öz təsdiqini tapmışdır. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinə Cavabdeh2 cavabdeh qismində cəlb edilməsinə dair təklif irəli sürmüşdür. Məhkəmə Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir.

4. Nizami Rayon Məhkəməsinin 2(007)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia tələbi rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmiş və məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, göstərmişdir ki, məhkəmə bir tərəfdən vətəndaşların mənzil toxunulmazlığı hüquqlarını qoruyur, digər tərəfdən onların həyatını təhlükə altına qoyur. Evin yararsız və təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq, gələcəkdə hər hansı bir bədbəxt hadisənin baş vermə ehtimalı Məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçini qanunsuz tikili heç bir halda alğı-satqı müqaviləsinin predmeti ola bilməz. Ona görə də, məhkəmənin qeyd etdiyi “cavabdehlər satın almışlar” istinadı qanuna ziddir və sübuta yetirilmir. Digər tərəfdən Məhkəmə qeyd edir ki, özbaşına tikili 1960-ci illərdə inşa edilmiş, lakin məhkəmə bu qənaətə gəldikdə hansı mötəbər sübuta əsaslanıb aydın deyil. Məhkəmə qeyd edir ki, xx.xx.2005-ci il tarixli 33 nömrəli qərar hesabatdan sonra qəbul edilib, lakin məhkəmə nəzərə almamışdır ki, qərar 2005-ci ildə qəbul olunsa da həmin ərazidə dəmir yolu 1950-ci illərdə tikilmiş və özbaşına tikili tikildiyi vaxtda dəmir yolu artıq mövcud idi. Göründüyü kimi məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmişdir. Belə ki, Məhkəmə AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyini, cavabdehlərin izahatlarını nəzərə almamış, həmçinin yerində müayinə aparmamışdır. Məhkəmə dəmir yolunun və qeyd olunan evin həmin ərazidə nə vaxt tikildiyini araşdırmamışdır. Nəticədə Məhkəmə qərəzli və cavabdehlərin özləri üçün təhlükəli bir qərar qəbul etmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi O.Rəhimova apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iş materiallarından da məlum olur ki, sözügedən evlər metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edilmiş, həmin meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatları və qatarların hərəkəti zamanı ciddi titrəyişlərə məruz qalmasını nəzərə alaraq, evin texniki vəziyyəti qəzalı kimi qiymətləndirilmişdir. Nəticədə həmin evlərə giriş qadağan edilməli, evə daxil olan kommunikasiya xətləri kəsilməli, evin ətrafı çəpərlənməli və digər təhlükəsizliklik tədbirləri görülməlidir. Evin altında metal boru dayaqlar üzərində primitiv qaydada düzəldilmiş meydançanın örtüyü yararsız vəziyyətdə olduğu üçün hər an uçma təhlükəsi var, lakin məhkəmə tərəfindən bu hallara toxunulmamış, bu təhlükəli vəziyyət nəzərə alınmamış, düzgün olmayan qərtnamə qəbu etmişdir. Nümayəndə əlavə olaraq göstərdi ki, qeyd olunan ərazidə oxşar vəziyyətdə olan digər evlərə münasibətdə qiymətləndirmə aparılmaqla vətəndaşlara müxtəlif məbləğdə kompensasiyalar ödənilməklə həmin evlərin sökülməsi həyata keçirilmişdir. Belə ki, həmin söküntülər aparılan vaxt - 2017-ci ildə çıxarışı olan evlərə bir kvadrat metrə görə 2000 manat, çıxarışsız evlərə görə isə bir kvdarat metrə 1500 manat kompensasiya verilmişdir. Hazırda isə onlar müvafiq orqanlara müraciətlər etmiş, maliyə mənbəyi tapılmadığından bu sakinlərə eyni qaydada kompensasiyanın ödənilməsi imkanı yoxdur, bununla belə bu iddiada göstərilən evlərin qalması orada yaşayan insanların həyat və sağlamlığı üçün real təhlükə yatdığından və baş verə biləcək bədbəxt hadisələrin qarşısını alınması baxımından həmin evlərin sökülməsi zəruridir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq əlavə olaraq bildirdi ki, sözügedən ev sovet dövründə -illər öncə tikilib, 60-cı illərdə evlər tikiləndə dövlət bilirdi ki, mühafizə zonasına düşür, onların başqa yaşayış yeri yoxdur, evlərinin həqiqətən də qəzalı vəziyyətdə olması danılmır, hətta hər qatar keçəndə evlər titrəyir və onlar həyacan keçirirlər, bununla belə, hazırda iddiaçının kompensasiya verilmədən sökülməni tələb etməsi qanunsuzdur, çünki ətraf ərazilərdə eyni vəziyyətdə olan vətandaşlara müvafiq kompensasiya verilməklə onların tikililəri sökülmüşdür, hansı səbəbdən onlara münasibətdə evlərinin əvəzi verilmədən sökülməsi tələb olunur, bu, onlara aydın deyildir, hər kv.m. üçün 1500 manat əvəz verilməklə evlərinin sökülməsinə etiraz etmirlər.

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, Cavabdeh2 mövqeyinə uyğun izahat verərək yalnız müvafiq qaydada kompensasiya ödənilməklə iddianın təmin edilməsinin qanuni və ədalətli ola biləcəyini, əks halda isə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

10. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

12. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının 21 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonunun Keşlə qəsəbəsindəki NZS yaşayış massivindən keçən dəmiryolu xəttinin mühafizə zolağına düşən hissəsində, Y.Səfərov küçəsində uzun illər öncə sakinlər tərəfindən özbaşına fərdi yaşayış evləri inşa edilmişdir. Bu ərazidə yerləşən 4 (dörd) tərəflərindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunmuş və bunun əsasında Agentliyin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən sözügedən yaşayış evlərinə vizual texniki baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Agentliyin mütəxəssislərinin verdiyi 21 iyun 2019-cu il tarixli rəyə əsasən, Şakir Əliyevə, Cavabdeh1, Hacınisə Qurbanovaya və Səidi Şəhriyara məxsus sözügedən evlər metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edilmişdir. Bu meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatları və qatarların hərəkəri zamanı ciddi titrəyişlərə məruz qalmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin göstərilən texniki araşdırma ilə məşğul olan əməkdaşları evin texniki vəziyyətini qəzalı kimi qiymətləndirmişlər. Bununla əlaqədar Agentliyin mütəxəssisləri hesab edir ki, sakinlər köçürülməli, evlərə giriş qadağan edilməli, evə daxil olan kommunikasiya xətləri (qaz, su, işıq və s.) kəsilməli, evin ətrafı çəpərlənməli və digər təhlükəsizlik tədbirləri görülməlidir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının verdiyi mütəxəssis rəyinə əsasən Rayon İcra Hakimiyyətinin dəfələrlə etdiyi cəhdə baxmayaraq qeyd olunan ünvanda yaşayan sakinlər müvafiq qabaqlayıcı və möhkəmləndirmə işlərinin aparılmasına öz etirazlarım bildirmiş və evlərinin sökülərək kompensasiya və ya mənzillə təmin olunmaqlarını tələb etmişlər. Məlumat üçün bildirir ki, Keşlə stansiyasının 2-ei blok postundan Yeni Bakı Neftayırma zavoduna gedən dəmir yolu vasitəsi ilə Dübəndi Terminalından göndərilən neft və neft məhsullarının, habelə "xxxx" QSC üçün aviasiya kerosininin daşınması həyata keçirilir. Həmin ərazidən keçən dəmiryolu xətlərinin ətrafındakı yaşayış evlərinin strateji məhsullar daşınan ərazidə dəmiryolu xətlərinin mühafizə zonasında yerləşməsi, qatarların hərəkəti zamanı müxtətiv növ təhlükələrin, fövqəladə hadisələrin baş verməsinə səbəb ola bilər. Qeyd olunan ünvanda fövqəladə hadisənin yarandığı zaman xüsusi təyinatlı texnikanın həmin əraziyə yaxınlaşmasına ciddi problemlər yarada bilər. Bununla əlaqədar olaraq həmin ərazidə baş verə biləcək fövqəladə hadisənin qarşısının alınması məqsədi ilə dəmir yolu xətlərinin mühafizə zonasında yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evlərinin köçürülməsinə zərurət yaranmışdır. Sözügedən ərazidən 2017-ci ilin avqust ayından başlayaraq 2018-ci ilin mart ayına qədər "xxxx" QSC tərəfindən 477 fərdi yaşayış evinin köçürülməsi həyata keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq Keşlə qəsəbəsi, Y.Səfərov küçəsi 32 ünvanında uzun illər öncə özbaşına inşa edilmiş və hal-hazırda qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün köməklik göstərilməsini xahiş etmişdir.

13. 21 iyun 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh1 məxsus fərdi yaşayış evi 1965-cı illərdə tikilib, NZS qəsəbəsi ərazisində dəmiryolunun mühafizə zonasında, dəmiryolu xətti səviyyəsindən 6-7 metr yüksəklikdə, yamacda yerləşir. Birmərtəbəli ev qismən düzbucaqlı formada, ümumi sahəsi 45.76 m2 olub, qonşu evə bitişik inşa edilmişdir. Mərtəbənin hündürlüyü 2,6 metrdir. Evin yükdaşıyan divarlarının qalınlığı 40 sm, arakəsmələrin qalınlığı isə 20 sm olmaqla, mişarlanmış əhəngdaşından tikinti norma və qaydalarına əməl edilmədən tikilmişdir. Evə giriş hissəsi, mətbəx və ayaqyolu yamacda primitiv qaydada metal boru dayaqlar və tirlər üzərində düzəldilmiş meydançada inşa edilmişdir. Evin tavan və döşəmələri dikt, qapı və pəncərələri ağac materialındandır. Evin damı, biryamaclı çardaq tipli olmaqla, ağac materialı üzərində dalğalı azbest-şifer materialındandır. Evin əksər divarları və suvaq qatı fiziki köhnəlmələrdən, dəmiryolu xəttində hərəkət edən qatarların mütəmadi olaraq dinamiki titrəyişlərindən və mənzillərin uzun müddət təmirsiz istismarından ovulub yararsız hala düşmüşdür. Mətbəx, hamam və ayaqyolunun divarlarında nəmişlik əlamətləri nəticəsində eni 2-4 mm olan müxtəlif istiqamətli birtərəfli çatlar yaranmışdır. Sakinlər tərəfindən mənzillərdə su, kanalizasiya və işıq xətləri pərakəndə qaydada çəkilmişdir. Borulardan və damın yararsız örtüklərindən daxilə su sızmaları mövcuddur. Otaqların pəncərə boşluqlarında ağac atmaların bəzilərinin çürüməsi müşahidə olundu. Yamacda primitiv inşa edilmiş meydança hazırda istismara yararsız vəziyyətdədir və hər an uçma təhlükəsi vardır. 4 nəfərdən ibarət ailə üzvünün həyatı üçün yolverilməz şərait yaranmışdır. Evin girişinin, hündürlükləri 6-7 metr olan metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edildiyini, bu meydançanın istismara yararsız vəziyyəti və hər an uçma təhlükəsinin olduğunu, dəmiryolunun mühafizə zonasında yerləşməsini və evdə yaranmış çatların mövcudluğunu nəzərə alaraq, evin texniki vəziyyəti yolverilməzdir. Evin girişinin altında yerləşən metal estakadanın və meydançanın təhlükəsiz istismarı üçün konstruktiv tədbirlərin görülməsi zəruridir. Hacınisə Qurbanovaya məxsus fərdi yaşayış evi 1960-cı illərdə NZS qəsəbəsi ərazisində dəmiryolunun mühafizə zonasında, dəmiryolu xəttindən 6 7 metr yüksəklikdə yamacda yerləşir. Birmərtəbəli ev qismən düzbucaqlı formada olub, 32,46 m2 sahədə qonşu evə bitişik halda inşa edilmişdir. Mərtəbənin hündürlüyü 2,6 metrdir. Evin yükdaşıyan divarlarının qalınlığı 40 sm, arakəsmələrin qalınlığı isə 20 sm olmaqla, mişarlanmış əhəngdaşı ilə tikinti norma və qaydalarına əməl edilmədən tikilmişdir. Evə giriş hissəsi, hamam və ayaqyolu, yamacda metal boru dayaqlar və tirlər üzərində düzəldilmiş meydançada inşa edilmişdir. Evin tavan və döşəmələri dikt, qapı və pəncərələri ağac materialındandır. Evin damı biryamaclı, çardaq tipli olmaqla ağac materialı üzərində dalğalı azbest-şifer matenalındandır. Evə giriş üçün metal boru dayaqları üzərində primitiv qaydada düzəldilmiş meydançanın örtüyü yararsız vəziyyətdə olduğundan hər an uçma təhlükəsi vardır. Evin əksər divarları və suvaq qatı fiziki köhnəlmələrdən, dəmiryolu xəttində hərəkət edən qatarların mütəmadi olaraq dinamiki titrəyişlərindən və mənzillərin uzun müddət təmirsiz istismar olunduğundan ovulub yararsız hala düşmüşdür. Sakinlər tərəfindən mənzillərdə pərakəndə qaydada su, kanalizasiya və işıq xətləri çəkilmişdir. Borulardan və damın yararsız örtüklərindən daxilə su sızmaları mövcuddur. Otaqların pəncərə boşluqlarında ağac atmaların bəzilərinin çürüməsi müşahidə olundu. Mətbəxdə, hamamda və ayaqyolunun divarlarında nəmişlik əlamətləri nəticəsində eni 2-4 mm olan müxtəlif İstiqamətli birtərəfli çatlar yaranmışdır. Tikilidə yaşayan ailənin özləri üçün ayrıca tikdikləri hamam və ayaqyolunun divarlarında suların sızması nəticəsində əmələ gələn nəmişlik suvaqların tökülməsinə səbəb olmuş və eni 1-6 mmolan çoxlu sayda müxtəlif istiqamətli birtərəfli çatlar yaratmışdır. Yamacda primitiv inşa edilmiş meydança hazırda istismara yararsız vəziyyətdədir və hər an uçma təhlükəsi vardır. 3 nəfərdən ibarət ailə üzvünün həyatı üçün yolverilməz şərait yaranmışdır. Evin giriş hissəsi, hamam və ayaqyolu, yamacda dəmiryolunun mühafizə zonasında hündürlükləri 6-7 metr olan metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edildiyini, bu meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatların mövcudluğunu və qatarların hərəkəti zamanı ciddi titrəyişlərə məruz qalmasından hər an uçma təhlükəsinin olduğunu nəzərə alaraq, evin texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. Evin giriş hissəsi, hamam və ayaqyolunun altında yerləşən metal estakadanın və meydançanın təhlükəsiz istismarı üçün konstruktiv tədbirlərin görülməsi zəruridir.

14. Kommunal xidmətlərə dair qəbzlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən evə dair kommunal xidmətlər Cavabdeh1 adınadır.

15. Kommunal xidmətlərə dair qəbzlərdən görünür ki, ünvan 7 yerləşən evə dair kommunal xidmətlər Cavabdeh2 adınadır.

16. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı tərəfindən xx.xx.2004-cü il tarixdə Cavabdeh2 fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat verilmişdir.

17. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlandığı 13 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində ünvan 3 ünvanda yerləşən dord fərdi yaşayış evinin sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə birdəfəlik maddi yardım ödənilməklə onların köçürülməsi və bu evlərin sökülməsinin məqsədəuyğun hesab edildiyi barədə Bakı Şəhər İcra Hakimiyyətinin məktubuna və əlavələrə aidiyyəti üzrə baxılmışdır. Sözügedən evlərin texniki vəziyyətinə dair Fövqəladə Hallar Nazirliyinin aktından göründüyü kimi, bu tikililər 1960-cı illərdə dəmir yolunun mühafizəsi zonasında özbaşına olmaqla yamacda və hir hissəsi metal boru dayaqlar və tirlər üzərində primitiv qaydada düzəldilmiş meydançada tikinti norma-qaydalarına əməl olunmadan inşa edilmiş və fiziki köhnəlmədən, qatarların hərəkətindən yaranan titrəyişlərdən və uzun müddət təmirsiz istismar edildiyindən yararsız hala düşmüşdür. Eyni zamanda, daxil olmuş məktubda fərdi evlərin sakinlərinin maddi yardım müqabilində köçürülməsi haqda qərarın hansı instansiyada qəbul edildiyi barədə məlumat verilməmişdir. Ölkə ərazisində dövlət əhəmiyyətli strateji magistral boru kəmədən və kommunikasiyaların (qaz, neft kəmərləri, dəmir yolu, elektrik verilişi xətləri və s) mühafizə zonasında yerləşən şəhərsalma və tikintiyə dair normativlər pozulmaqla özbaşına inşa edilmiş kifayət qədər yaşayış evlərinin mövcud olduğunu və sözügedən dörd fərdi evin sakinlərinin maddi yardım verilməklə köçürülməsinin arzuolunmaz presedentə səbəb ola biləcəyini nəzərə alaraq, məsələnin "xxxx" QSC tərəfindən hüquq-məhkəmə müstəvisində həllini dəstəkləyir və gələcəkdə bu qəbildən olan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsini təklif etmişlər.

18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5856 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci hissəsində və 21-ci bəndində göstərilənləri nəzərə alaraq ünvan 4 ünvanında yerləşən Cavabdeh2 və Cavabdeh1 İsrafil qızının istifadələrində olan fərdi yaşayış evləri NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası:

19. Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

20. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

21. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

22. Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

25. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

28. Maddə 9. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqlarıkənd təsərrüfatı təyinatlı torpaqlaryaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;xüsusi qorunan ərazilərin torpaqları;meşə fondu torpaqları;su fondu torpaqları; ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür.

29. Maddə 22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

30. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2021-ci il tarixli Qərarı:

32. “- 41. Məhkəmə bir daha qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (X8rşı, № 66610/10, § 30, 14 mart 2017). Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq- Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyriqanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmamasıdır. Başqa bir amil, işin daha az ciddi üsullarının olub-olmaması ola bilər; siyahı tam deyil. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd edir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamışdırlar və çəlişən maraqları qarşılaşdıra bilməmişdirlər (Kaminskas Litvaya qarşı, №44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin).” Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Maddə 220.6. məhkəmə qətnamənin icra qaydasını və müddətini ....müəyyən etdiyi halarda , bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

39. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

40. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

41. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

44. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

45. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

46. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

47. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

48. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

49. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi (cavabdehlərə söküləcək evlərin müqabilində müvafiq kompensasiya verilməklə) təmin edilməlidir.

51. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq olunmuş “Dəmir yol təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları” 1960-cı ildə evlərin tikilməsindən və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Cavabdeh2 fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatdan sonra qəbul olunmuşdur. Qanunvericiliyin tələbindən də görünür ki, hazırkı halda Nazirlər Kabinetinin qərarının geriyə qüvvəsi cavabdehlərin vəziyyətini pisləşdirir. Belə olan halda cavabdehlərin təməl hüquqları olan konstitusion hüquqları pozulur. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailələri ilə birlikdə yaşadıqları evlər sökülsə onların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan hüquqları pozulmuş olacaq. Göründüyü kimi cavabdehlərin sökülməsi tələb olunan evlərdən başqa yaşayış yeri yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, əgər sökülməsi tələb edilən evlər iddiaçının fəaliyyətini həyata keçirməsinə maneə törədirsə, bu zaman iddiaçı cavabdehləri onların ailə üzvləri ilə birlikdə yaşamaları üçün yaşayış yeri ilə təmin etməlidir. Həmçinin “Azemis”dən çıxarışdan da görünür ki, cavabdehlərin mülkiyyətində heç bir əmlak yoxdur. Odur ki, iddiaçı tərəfindən həmin evlərin sökülməsi müqabilində cavabdehlər yaşayış yeri ilə təmin edilməli, yaxud onlara kompensasiya ödənilməlidir.

52. Məhkəmə Kollegiyası rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5856 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci hissəsində və 21-ci bəndində göstərilənləri nəzərə alaraq ünvan 4 ünvanında yerləşən Cavabdeh2 və Cavabdeh1 İsrafil qızının istifadələrində olan fərdi yaşayış evləri NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.

53. Göründüyü kimi, hazırda sökülməsi tələb edilən tikililər dəmir yolunun mühafizə zonasında inşa edilmişdir, eləcə də onların real olaraq qəzalı vəziyyətdədir. Bu hallar cavabdehlər tərəfindən mübahisələndirilmir.

54. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada lazımi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 60 ilə yaxın müddət ərzində həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən “mülkiyyət” hüququnun olması barədə qiymətləndirməsi düzgün olmuşdur.

55. Belə ki, ünvan 6 ünvanında özbaşına tikilmiş yaşayış evləri dövlət tərəfindən xx.xx.2004-cü il tarixli hesabatla qiymətləndirilmişdir. Həmin evlər 1960-cı illərdə inşa edilmişdir. Cavabdehlər sökülməsi tələb olunan evləri tikməmişlər başqa şəxslərdən almışlar və uzun illərdir ailə üzvləri ilə orada yaşayırlar. Bundan başqa evdə yaşamaq üçün lazım olan qaz, işıq və su ilə dövlət tərəfindən təmin olunmuşlar. Onların istehlakı müqabilində bütün kommunal xidmətləri ödəyirlər.

56. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

57. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

58. Qeyd olunanlara əsasən müəyyən edilir ki, cavabdehlər göstərilən ərazidə öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Həmin şəxsin tikililəri özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakı” zərəri kompensasiya olunmalıdır.

59. Məhkəm araşdırmaları zamanı da müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən oxşar vəziyyətdə olan tikililər həmin tikinti sahibi olan vətəndaşlara müvafiq kompensasiya verilməklə sökülmüşdür.

60. İddiaçının nümayəndəsi bildirmişdir ki, kompensasiya məbləği müəyyən edilərkən tikilinin çıxarışlı olub-olmaması baxımından hər kv.m. üçün müvafiq olaraq 2000 və 1500 manat əsas götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun vəkilləri də izahatlarında evinin hər kv.m. üçün 1500 manat əvəz verilməsi şərti ilə sökülməsinə etiraz etmədiklərini bildirmişdir.

61. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sökülməsini tələb etdiyi evlərin mühafizə ərazisində yerləşməsindən də daha vacibi, orada yaşayan insanların həyat və sağlamlığının qorunmasının əhəmiyyəti baxımından iddia tələbləri əsaslı olmuşdur və iddia təmin olunmalıdır, bununla belə, cavabdehlərin məhrum olacaqları yeganə yaşayış yeri olan əmlaklarının əvəzinin ödənilməsi də təmin olunmalıdır. Əks halda, cavabdehlər yeganə yaşayış yerindən məhrum olmaqla yanaşı, həm də oxşar vəziyyətdə olan və əvəz ödənilməklə köçürülən şəxslərə münasibətdə ayrıseçkiliyə məruz qala bilərlər ki, bunun da yolverilməzliyi şəksizdir. Hazırkı halda cavabdehlərə məxsus əmlaklara - tikililərə münasibətdə bir kvadrat metr üçün 1500 manat məbləğində kompensasiya ödənilməklə sökülməsi işin halları baxımından mütənasib və ağlabatandır.

62. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, qeyd olunan ərazidə qiymətləndirmə aparılmaqla vətəndaşlara müxtəlif məbləğdə kompensasiyalar ödənilmişdir. Belə ki, 2017-ci ildə çıxarışı olan evlərə bir kvadrat metrə görə 2000 manat, çıxarışsız evlərə görə isə bir kvdarat metrə 1500 manat kompensasiya verilmişdir.

63. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, cavabdehlərə məxsus tikililər müvafiq kompensasiya verilməklə sökülməlidir.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

65. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

66. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

67. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikililər ünvan 1 ünvanında yerləşən ev və ünvan 7 yerləşən ev cavabdehlər X2 və Cavabdeh1 hesabına sökülməli, həmin tikililərə görə iddiaçı tərəfindən hər bir kvadrat metrə görə 1500 manat hesablanmaqla kompensasiya verilməli, həmçinin də MPM-in 220.6-cı maddəsinə əsasən kompensasiya verilməsi və tikililərin sökülməsi eyni vaxtda icra edilməlidir.

68. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspertiza xərcinin dəyəri iddiaçıdan tutulmalıdır.

69. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6, 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul olunsun, iddia tələbləri təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikililər - ünvan 1 ünvanında yerləşən ev və ünvan 7 yerləşən ev iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hər bir kvadrat metrə görə 1500 manat hesablanmaqla kompensasiya ödənilməklə cavabdehlər X7 və Cavabdeh1 hesabına sökülsün. Kompensasiya verilməsi və tikililərin sökülməsi eyni vaxtda icra edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutulsun və X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar