Məhkəmə qərarları › İş №2(103)-4352/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4352/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4352/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "İddiaçı" X2 Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-907/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 7931,37 manat əsas, müqavilə müddəti üçün hesablanmış 23,80 faiz, 12557,35 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1161,60 manat borc, ümumilikdə 21674,12 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli, 63010027 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən 36 ay müddətinə 8000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin bitmə tarixi xx.xx.2016-cı ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmiş və tələb olunan məbləğdə borcu yaranmışdır. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehdən 7931,37 manat əsas, 23,80 manat faiz, 800 manat cərimə, 1161,60 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9946,77 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilərək, iddianın qismən təmin edilməsi, əsas borcun hissə-hissə hər ay 100 manat olmaqla ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona bildiriş çatdırılmayıb. Maddi vəziyyəti ilə əlaqədar kredit borcunu tam ödəyə bilməyib. Borcu hissə-hissə ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsininqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3573 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə 8000 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin, ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxxx 2019-cu il tarixinə Banka 7931,37 manat məbləğində əsas, 23,80 manat faiz, 12557,35 manat cərimə, müqavilənin bitdiyi tarixdən hazırki vaxtadək 5%-lik faiz borcu üzrə 1161,60 manat olmaqla, ümumilikdə 21674,12 manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 445, 448, 449, 467-ci maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 7931,37 manat əsas, 23,80 manat faiz, 800 manat cərimə, 1161,60 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9946,77 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh Bankla aralarında bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Cavabdehin məhkəmə iclasları barədə məlumatlandırılmadığı barədə apellyasiya şikayətinin dəlili iş materialları ilə təkzib olunur. Belə ki, işdə olan poçt sənədlərindən görünür ki, cavabdehə məhkəmə baxışı barədə bildirişlər onun qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Bundan əlavə, AZEMİS elektron informasiya sistemi vasitəsi ilə cavabdehə sms xəbərdarlıq da göndərilmişdir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-907/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar