Məhkəmə qərarları › İş №2(103)-4355/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4355/2022

09.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4355/2022 09.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2, onun vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat kontoruna və X4 qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi barədə» ilkin, cavabdeh X3 İddiaçı qarşı «pul tələbinə dair» qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3007/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə görə xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə İddiaçı Cavabdeh1 100000 ABŞ dolları məbləğində pulu borc almışdır. Müqavilənin şərtlərinə görə (1 və 2-ci bəndləri) iddiaçı aldığı 100000 ABŞ dolları məbləğində borc pulu xx.xx.2018-ci il tarixədək cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Bakı şəhəri 6 saylı Notariat kontoruna və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bağlanmış kredit müqaviləsinə əsasən guya iddiaçı, cavabdehdən 100000 ABŞ dolları məbləğində borc pul almışdır. Əslində isə cavabdehdən pul almamışdır. Cavabdeh onun atasının işçisi olmuşdur. Atası xx.xx.2017-ci il tarixdə öləndən sonra cavabdeh ona demişdir ki, atası sağlığında ondan 130.000 ABŞ dolları məbləğində borc pul almış, 30.000 ABŞ dolları məbləində pulu qaytarmış, 100000 ABŞ dolları isə borc qalmışdır. Cavabdeh həmin pulu ondan tələb etmiş və verməyəcəyi halda onu və atasını rüsvay edəcəyini bildirmişdir. O, biabırçılığın qarşısını almaq üçün məcbur olub 6 saylı notariat kontorunda müqavilə bağlamağa məcbur olmuşdur. Atası rəhmətə getdikdən sonra onun yarımçıq qalan işləri üzərində qaldığndan həmin vaxtlar nə etdiyinin mənasını da anlamırdı və tək qalmışdır. Məcburiyyət qarşısında müqavilə bağladıqdan sonra qohumlarından pul alaraq cavabdehin borcunu tam qaytarmış və borcu olmadığını bildirdikdə cavabdeh ona demişdir ki, ona əlavə faiz də ödəməlidir, çünki atası pulu faizlə almışdır. O, buna etiraz etdikdə cavabdeh notarisdan icra qeydi alaraq icra məmurları vasitəsilə pulu ondan pulu tələb etmişdir. O, cavabdehdən heç vaxt borc pul almamışdır və həmin kredit müqaviləsi yalançı əqd olmaqla başqa əqdin pərdələmək məqəsədilə bağlanmışdır. X1 Fuad Ceyhun oğluna qarşı pul tələbinə dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 100.000 ABŞ dolları məbləğində pulun İddiaçı alınaraq ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı onun atası vasitəsilə tanımışdır. İddiaçıondan borc pul istəmiş o, atasının xatirinə və ona inanaraq İddiaçı 100000 ABŞ dolları məbləğində borc vermiş və borc müqaviləsini xx.xx.2018-ci il tarixdə 6 saylı notariat kontorunda rəsmləşdirmişlər. İddiaçı müqavilənin birinci səhifəsinin sonunda öz əl yazısı ilə “pulu tam şəkildə aldım” sözlərini yazmışdır. Müqaviləyə görə İddiaçı pulu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, heç bir ödəniş etməmişdir. Sonradan İddiaçı ona yenidən vaxt verməyi xahiş etmiş, onun atasına xatir yenə də notariat kontorunda xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli əlavə saziş bağlamışlar və sazişə görə İddiaçı pulu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə şərtlərini pozaraq borcunu qaytarmamışdır. Borcu ondan istədikdə qaytarmayacağını bildirdiyindən xx.xx.2019-cu il tarixdə icra qeydinin verilməsi barədə elektron qaydada notariusa müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3007/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, 100000 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) vəsaiti İddiaçı tutularaq X5 ödənilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin təmin edilməməsi barədə mövqeyi aşağıdakılardan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2018-ci il tarixli müqaviləni yalan əqd hesab etsə də, bu əqdi başqa hansısa əqdin pərdələnməsi məqsədilə bağlandığını sübut edə bilməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, guya atasının borclu olduğuna görə sözügedən müqaviləni bağlaması, əslində vərəsəlik hüquq münasibətlərindən doğan bir haldır ki, bu halda iddiaçının bağladığı xx.xx.2018-ci il tarixli müqavilə onun vərəsə kimi öz kreditrolarının mənafeyini təmin etmə öhdəliyindən irəli gəlmiş olur ki, bu zaman sözügedən müqavilə yalan əqd ola bilməz. Digər bir tərəfdən, əgər hesab olunsa ki, xx.xx.2018-ci il tarixli müqavilə etibarsız əqddir, bu hlda da iddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra müqavilənin etibarsızlığı barədə məhkəməyə müraciət etmişdir. Belə ki, kredit müqaviləsi 13 iyun 2018-ci il tarixdə bağlandığı halda, iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsi barədə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Qanunverici əqdin tərəfinin etibarsızlığa səbəb olan halları bildiyi və ya bilməli olduğu gündən əqdin mübahisələndirilməsi üçün 1 illik kəsici müddət müəyyən etmişdir. İddiaçı iddia ərizəsində müqaviləni hədə-qorxu təsiri altında bağladığını qeyd edir. Bu isə o deməkdir ki, iddiaçı müqavilənin etibarsızlığına əsas olmuş halı elə müqavilənin bağlandığı andan, yəni xx.xx.2018-ci il tarixdən bilsə də, qanunla müəyyən edilmiş 1 illik müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı əqdin etibarsızlığına əsas olmuş halları bildiyi halda, onu mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə mövqeyinə görə isə, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış və eyni zamanda notarius tərəfindən təsdiq edilmişdır. İddiaçı 100000 ABŞ dolları məbləğində pul vəsaitini iddiaçıdan almasını bəyan edərək həmin borc məbləğini müqavilədə göstərilmiş konkret müddətədək (xx.xx.2018-ci il) qaytarmağı öhdəsinə götürmüşdür. İşin hallarından da göründüyü kimi, tərəflər arasında borc (kredit) müqavilələrinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək razılaşdırılmış pul məbləğini cavabdehə verməklə, həmin pula olan mülkiyyət hüququnu da cavabdehə vermişdir. Lakin cavabdeh həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilərək, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsası olan kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət qədər əsaslar olsa da, məhkəmə buna hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehdən borc alınmamışdır və bu fakt borcun alınması üçün tələb olunan bank hesabının açılmamasında, şahid ifadəsi ilə təsdiq olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9587/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3007/2020 saylı iş üzrə qəbul etdiyi 05 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat kontoruna və X4 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” barədə iddiası qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X8 arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı 100000 ABŞ dolları məbləğində pulun İddiaçı alınaraq ona verilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin olunmaması qət edilmişdir Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi mübahisələndirilən müqavilənin etibarlı olub-olmaması ilə bağlı təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirməmiş, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməmiş, bir sözlə əqdin etibarlılığını müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən müqavilənin tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsinin mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin sırf görünüş üçün bağlandığını, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa qiymət verilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı atasının ona 160000 ABŞ dolları məbləğində borcu olmuş, həmin borc yaxın qohumları Azərə Babayeva, Arizə Babayeva və Arzu Babayevanın adına rəsmiləşdirilmişdir, həmin borcdan cəmi 30000 ABŞ dollar məbləği ona qaytarılmışdır, lakin qalan pul ona qaytarılmamışdır. Həmin pulun İddiaçıla aralarında olan borc münasibətlərinə aidiyyatı olmamışdır. Təqdim edilmiş xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli və 28 fevral 2017-ci il tarixli razılaşmadan görünür ki, "xxxx" MMC-nin direktoru Ceyhun İbrahimov digər tərəfdən müvafiq olaraq Azərə Babayeva, Arizə Babayeva və Arzu Babayeva 60000 ABŞ dolları, 30000 ABŞ dolları və 40000 ABŞ dolları məbləğində "xxxx" MMC-yə 1 il müddətinə illik faiz dərəcəsi 20 faiz olmaqla vəsait vermişdir. Lakin apellyasiya baxışı zamanı Cavabdeh1 mərhum Ceyhun İbrahimovun ona olan borcunun ödənilmədiyi təqdirdə yenidən özünün bildirdiyi kimi, xx.xx.2018-ci il tarixdə 6 saylı notariat kontorunun həyətində iddiaçıya onun xahişi ilə yenidən 100000 ABŞ dolları məbləğində borc verməsinin səbəblərini məntiqi olaraq izah edə bilməmişdir Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin iddia tələbinə iddia müddətini tətbiq etməsi ilə də razılaşmır. İddiaçı əhəmiyyətsiz əqd üzrə iddia qaldırmış və həmin əqd bağlandığı andan etibarsız sayıldığından hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əhəmiyyətsiz əqd olaraq etibarsız hesab edildiyindən Cavabdeh1 100000 ABŞ dolları məbləğində pulun İddiaçı alınaraq ona verilməsi barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı tələbində icra qeydinin də ləğv edilməsini xahiş etsə də, işdən görünür ki, icra qeydi məhz tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən verilmişdir ki, həmin müqavilə də artıq etibarsız hesab edilmişdir. Belə olan halda ilk iddia tələbi həmin hissədə və ilkin iddia tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsızlığına dair hissədə təmin edildiyi üçün qarşılıqlı iddia da təmin edilə bilməzlər. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 389.1, 324.5, 404 və 337-ci maddələri, Mülki Proosessual Məcəllənin 76.2-ci maddələri, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı, «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarı, X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün geri qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1712/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9587/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, hazırkı iş üzrə tərəflərdən İddiaçı həmin borcun atası tərəfindən Cavabdeh1 alındığını, Cavabdeh1 ilə 100000 ABŞ dolları borc alması barədə müqaviləni atasının (yaxud "xxxx" MMC-nin) borcuna görə bağladığını, hətta borcun bir hissəsinin qaytardğını göstərir, səs yazısı sübut kimi qəbul edilən iddiaçının anası da bu faktı inkar etmir. Cavabdeh1 da anasının və xalalarının adından bağlanmış borc müqavilələrinə əsasən "xxxx" MMC-nin direktoru Ceyhun İbrahimova 160000 ABŞ dolları məbləğində pulun onun tərəfindən verildiyini, həmin pulun 30000 ABŞ dollarının qaytarıldığını göstərir. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsini başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqd kimi qiymətləndirsə də, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları diqqətdən qaçırmış, tətbiq etməmişdir. Halbuki apellyasiya məhkəməsinin özünün müəyyən etdiyi yuxarıda göstərilən hallardan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli borc müqavilə bağlamaqla mərhum atası Ceyhun İbrahimovun ("xxxx" MMC-nin) Cavabdeh1 olan borcun qaytarılmasını öhdəsinə götürmüş, müqavilə tərəflərinin əslində nəzərdə tutduqları razılaşma bundan ibarət olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir Apellyasiya instansiyası məhkəməsində təkrar baxış (hazırki icraat) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı Cavabdeh1 hər hansı məbləğdə borc pul almamış, aralarında bağlanmış müqavilə isə İddiaçı atasının Cavabdeh1 olan borcunu pərdələmək məqsədli olmuşdur. Təqdim edilmiş səs yazılarında da Cavabdeh1 İddiaçı aid olan borcdan deyil, sonuncunun atasına olan borcundan söhbət gedir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 və onun vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi xahiş etdilər. Əlavə olaraq Cavabdeh1 bildirdi ki, İddiaçı atasının ona 160000 ABŞ dolları məbləğində borcu olmuş, həmin pul tərəfindən Ceyhun İbrahimova verilmiş, lakin, həmin borc anası və xalalarının adına rəsmiləşdirilmişdir, həmin borcdan cəmi 30000 ABŞ dollar məbləği ona qaytarılmışdır, lakin qalan pul ona qaytarılmamışdır. 30000 ABŞ dollar borc qaytarıldıqdan sonra həmin məbləğdə borclu olmasını təsdiq edən sənədi Fuadın atasına qaytarmışdır. Hazırda buna görə məhkəməyə təqdim etdiyi sənədlərin arasında 30 000 dolları təsdiq edən sənəd yoxdur. Həmçinin həmin pulun İddiaçıla aralarında olan borc münasibətlərinə aidiyyatı olmamışdır. Belə ki, İddiaçıla aralarında müqavilə bağlanmışdır, həmin müqaviləyə əsasən də 100000 ABŞ dolları sonuncuya məhz notariusun həyətində verilmişdir. İddiaçı da müqavilənin sonluğuna pulu alması barədə qeyd yazmışdır. Bundan başqa təqdim edilmiş səs yazılarından da bilindiyi kimi İddiaçı anasına oğlunun borcunun qaytarılmalı olmasını demiş, qarşı tərəf isə İddiaçı atasının borcundan bəhs etmişdir. Həmçinin Fuadın atası tərəfindən ona hələ də 130 000 dollar borcun qaytarılmamasına rəğmən Fuada yenidən 100 000 dollar borc verməkdə məqsədi köhnə borcu diriltmək olub, yəni Fuada verdiyi borc hesabına sonuncu biznesini artırmaqla həm atasının, həm də özünün borcunu qaytarmalı idi. Borc verdiyi pul məbləğini o, tanıdığı müxtəlif şəxslərdən, daha sonra isə keçmiş həyat yoldaşından alıb İddiaçı vermişdir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. - 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Məcəllənin: - 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə kollegiyasının mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ilkin iddianın təmin edilməməli, qarşılıqlı iddia isə təmin olunmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının iddiasının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, cavabdehdən borc almamış və həmin kredit müqaviləsi yalançı əqd olmaqla başqa əqdin pərdələmək məqəsədilə bağlanmışdır. Bu fakt borcun alınması üçün tələb olunan bank hesabının açılmamasında, şahid ifadəsi ilə təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün 2 dəlil irəli sürür. Birincisi, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehin deməsinə inanaraq guya atasının ona borcu olduğu üçün müqavilə bağlamış, müqavilədə göstərilən pul vəsaitini almamışdır. İkincisi, iddiaçı qeyd edir ki, müqaviləni hədə-qorxu təsiri altında məcburiyyət qarşısını da bağlamışdır. Buna görə də borc müqaviləsini yalançı əqd hesab edir. Yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə digər bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı atası Ceyhun İbrahimovun "xxxx" MMC-nin direktoru kimi Cavabdeh1 yaxın qohumları, anası və xalaları ilə xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli və 28 fevral 2017-ci il tarixli yazılı müqavilələrə əsasən cəmi 160000 ABŞ dolları məbləğində pulu 1 il müddətinə illik faiz dərəcəsi 20 faiz olmaqla borc alması mübahisəsizdir. Ceyhun İbrahimov 27 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Hazırkı iş üzrə tərəflərdən İddiaçı həmin borcun atası tərəfindən Cavabdeh1 alındığını, Cavabdeh1 ilə 100000 ABŞ dolları borc alması barədə müqaviləni atasının (yaxud "xxxx" MMCnin) borcuna görə bağladığını, hətta borcun bir hissəsinin qaytardğını göstərir, səs yazısı sübut kimi qəbul edilən iddiaçının anası da bu faktı inkar etmir. Cavabdeh1 da anasının və xalalarının adından bağlanmış borc müqavilələrinə əsasən "xxxx" MMC-nin direktoru Ceyhun İbrahimova 160000 ABŞ dolalrı məbləğində pulun onun tərəfindən verildiyini, həmin pulun 30000 ABŞ dollarının qaytarıldığını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddiaçının iddia etdiyi hallar, yəni kredit müqaviləsində qeyd edilmiş pul vəsaitinin ona verilməməsi və müqaviləni hədə-qorxunun təsiri altında bağlaması tərəflər arasında bağlanmış müqavilənin etibarsız əqd olması üçün əsasları yaratmış olur. Qarşılıqlı iddiaçı isə bağlanmış kredit müqaviləsinin cavabdehin atasının ona olan borcu ilə əlaqədar olmayaraq müstəqil qaydada bağlanmasını sübut etdiyi halda, sonuncunun həmin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını tələb hüququ yaranır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Başqa sözlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Göründüyü kimi, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçı tərəfin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Kollegiya daha sonra qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olub-olmadığı araşdırılmalıdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə İddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün irəli sürdüyü dəlillərini (pulu almamasını və müqaviləni hədə-qorxu təsiri altında bağladığını) sübuta yetirə bilməmiş, həmçinin, o, xx.xx.2018-ci il tarixli müqaviləni yalan əqd hesab etsə də, bu əqdi başqa hansısa əqdin pərdələnməsi məqsədilə bağlandığını sübut edə bilməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, guya atasının borclu olduğuna görə sözügedən müqaviləni bağlaması əslində vərəsəlik hüquq münasibətlərindən doğan bir haldır ki, bu halda iddiaçının bağladığı xx.xx.2018-ci il tarixli müqavilə onun vərəsə kimi miras qoyanın kreditrolarının mənafeyini təmin etmə öhdəliyindən irəli gəlmiş olur ki, bu zaman sözügedən müqavilə yalan əqd ola bilməz. Digər tərəfdən, iddiaçı əqdin etibarsızlığına əsas olmuş halları bildiyi halda, onu mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 354.2-ci, Mülki Proosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın təmin edilməməsi barədə nəticəsini düzgün əsaslandırmamışdır. Belə ki, kollegiya hesab edir ki, İddiaçı müqaviləni hədə-qorxu təsiri altında bağladığını sübuta yetirə bilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olsa da, müqavilə bağlanandan sonra pulu almamasına dair dəlillərinin inandırıcı və əsaslı olmasına işin faktiki halları baxımından və Mülki Məcəllənin 404.1-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Həmin normaya əsasən isə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İşin materiallarından görünür ki, İddiaçı atası sağlığında cavabdehdən 130000 ABŞ dolları məbləğində borc pul almış, 30000 ABŞ dolları məbləində pulu qaytarmış, 100000 ABŞ dolları isə borclu qalması müqabilində özünün də etiraf etdiyi kimi 100000 ABŞ dolları borc almasına dair 6 saylı notariat kontorunda müqavilə bağlamağı etiraf etmişdir. Lakin İddiaçı ərizəsində həmçinin qohumlarından pul alaraq cavabdehin borcunu tam qaytarmasını göstərsə də, işin bu halını, eləcə də, cavabdeh tərəfindən pulun qaytarılmadığı təqdirdə atasını rüsvay edəcəyini bildirməsini və onun da biabırçılığın qarşısını almaq üçün məcburiyyət qarşısında qeyd edilən müqaviləni bağlamasına dair məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Cavabdeh İddiaçı atasının ölümündən 4 ay sonra ona mərhumun xatirinə və iddiaçıya inandığı üçün borc pul verməsini bildirsə də, bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. İddiaçı cavabdehlə müqavilə bağlaması məhz atasının borcu ilə bağlı olmasına dair dəlilləri isə işin faktiki və araşdırılmış halları baxımından daha inandırıcıdır. Çünki, əvvəla İddiaçı cavabdehdən borc pul almasına zərurət olması və bu borcu istəməsini təsdiq etməmiş, ikincisi də onun imzaladığı müqavilə cavabdehin özünün də təsdiq etdiyi mərhumun qalan 100000 ABŞ dolları borcu ilə bağlı olmuşdur. Başqa sözlə, İddiaçı bu müqavilə ilə faktiki olaraq atasının cavabdehə olan borcunu etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından İddiaçı qeyd edilən müqavilə üzrə pul almamasını sübut edə bilmiş, cavabdeh isə konkret ona borc pul verməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı əqdin etibarsızlığına əsas olmuş halları bildiyi halda, onu mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən iddiası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbləri baxımından da əsaslı sayıla bilməz. Bununla belə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə məzununa əsasən onların əsas niyyətləri üzrə iradə ifadəsi olmasa da, bu həmin müqavilənin yalan əqd kimi deyil, iddiaçının atasının cavabdehə qalmış borc məbləğinin qaytarılması məqsədi ilə bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı etiraf edilmiş borc üzrə öhdəliyini icra edərək razılaşdırılmış pul məbləğini cavabdehə verməməklə həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyi pozmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından qarşılıqlı iddia üzrə iddiaçı və cavabdeh arasında mücərrəd borcun etiraf ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və sonuncunun ona qaytarılmayan borcla bağlı tələbi də məhz yaranmış münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual-hüquq normalarının pozulması müəyyən edildiyindən ilk iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-3007/2020 saylı iş üzrə qəbul etdiyi 05 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. 100000 ABŞ dolları məbləğində pul (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) vəsaiti İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar