Məhkəmə qərarları › İş №2(103)-4358/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4358/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4358/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxs X3 və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı ilə Dadaşbəyova (Süleymanlı) Nigar Tofiq qızı xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar. Tərəflər arasında nikah münasibətləri davam etməkdədir. Mübahisəli **-LS- *** dövlət qeydiyyat nişanlı “Seat İbiza” minik markalı avtomobil 2017-ci ildə Cavabdeh adına olmaqla tərəflərin birgə nikahda olduqları zaman əldə edilmişdir. Həmin avtomobil 2018-ci ildə Cavabdeh tərəfindən mərhum atası X2 adına özgəninkiləşdirilmişdir. Sonuncu vəfat etdiyindən mübahisəli avtomobil X2 miras kütləsinə daxil olmaqla, onun vərəsələri X6 və Cavabdeh tərəfindən qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi və X6 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə X5 arasında xx.xx.2018-ci il tarixdə “Seat İbiza” minik markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlakın qaytarılması, məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprel-may aylarında aralarında narazılıq olmuş və onlar nikahın məhkəmə qaydasında pozulması həddinə çatmışlar. Belə olan zaman iddiaçı cavabdehə bildirmişdir ki, əgər belədirsə, ona nə almışsa, yəni ev, pal-paltar və minik maşını əlindən tutub alacaq və ya da yarı böldürəcək. Belə dedikdən sonra cavabdeh ona demişdir ki, heç nə edə bilməyəcəkdir. O, iddiaçının ona alıb verdiyi maşını atasına alqı-satqı etmişdir və atasının mülkiyyətinə keçirmişdir. Avtomobili birgə nikah dövründə əldə etmişlər. Həmin minik maşını xx.xx.2018-ci il tarixində X4 satılıb. İddiaçı maşının satılmasından yuxarıda qeyd etdiyi tarixdə xəbər tutmuşdur və həmin zamana qədər bununla bağlı heç bir məlumatı olmamışdır.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia rədd edilmişdir.

4. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli avtomobilə münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan iddiaçının razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübut etmək vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. İş materiallarından görünür ki, iddiaçı və cavabdeh qarşılıqlı şəkildə razıdırlar ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsi zamanı İddiaçı buna razılığı olmamışdır. Buna görə də İddiaçı əmlakın özgəninkiləşdirilməsinə dair razılığının olmaması işin mübahisəsiz halıdır. Buna baxmayaraq, qeyd olunan hal mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün yetərli deyil. Belə ki, iddiaçının əqdin bağlanılmasına razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən T.Dadaşbəyov iddiaçının razılığının olmaması barədə məlumatlı olaraq əqdin bağlanılması zamanı vicdanlı olmasın. Mərhum T.Dadaşbəyovun iddiaçının razılığının olmadığını bildiyini və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən və T.Dadaşbəyovun vıcdanlı olmaması barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən, müqavilənin sözügedən əsaslarla etibarsız olması barədə iddia dəlilləri əsassızdır. Belə ki, əksi iddiaçı tərəfindən sübuta yetirilənədək mərhum T.Dadaşbəyovun vicdanlılığı qorunur.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 347, 354, 377-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun şəkildə əsaslandırılılaraq əlavə olaraq qeyd edilmişdir ki, mərhum Tofiq Dadaşbəyovun onun alqısatqı müqaviləsinə dair razılığının olmamasından xəbəri olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. Cavabdeh də apellyasiya şikayətini müdafiə etdiyini bildirdi.

11. Üçüncü şəxs və nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 354.1 - əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

13. Maddə 354.2 - bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

14. Maddə 377.1 - iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

15. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı qərarın 7.22-ci maddəsinə görə müvafiq razılıq alınmadan bağlanmış əqd hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq, sonradan bəyənmə halı istisna olmaqla, bağlandığı andan etibarsızdır. Həmin Qərarın 7.24-cü maddəsinə görə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan tələb əqdin əhəmiyyətsiz sayılması barədə deyil, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiadır və həmin normada göstərilən müddət iddia müddətidir. Əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı tələb irəli sürüldükdə isə bu müddət “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun şəkildə tətbiq olunur. Həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət yalnız həmin maddədə sadalanan mübahisələndirilən əqdlərə dair kəsici müddət olduğu üçün müvafiq razılığın alınmamasına görə etibarsızlıq tələblərinə tətbiq edilə bilməz. Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

19. Belə ki, , İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar. Tərəflər arasında nikah münasibətləri davam etməkdədir. Mübahisəli **-LS-*** dövlət qeydiyyat nişanlı “Seat İbiza” minik markalı avtomobil 2017-ci ildə Cavabdeh adına olmaqla tərəflərin birgə nikahda olduqları zaman əldə edilmişdir. Həmin avtomobil 2018-ci ildə Cavabdeh tərəfindən mərhum atası X4 özgəninkiləşdirilmişdir. Sonuncu vəfat etdiyindən mübahisəli avtomobil X2 miras kütləsinə daxil olmaqla, onun vərəsələri X6 və Cavabdeh tərəfindən qəbul edilmişdir. Hazırda isə İddiaçı mübahisəli avtomobilin Cavabdeh tərəfindən 2018-ci ildə onun razılığı olmadan özgəninkiləşdirildiyini əsas gətirərək, həmin avtomobilə dair Cavabdeh ilə sonuncunun mərhum atası X2 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və avtomobilin geri qaytarılmasını tələb edir.

20. Birinci instansiya məhkəməsində icraat zamanı X3 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı vəsatət ünvanlayaraq, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və minik avtomobilin qaytarılması tələbinə dair mülki iş üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Kollegiya ilk öncə əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı iddia müddətinin tətbiqinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 vəsatətinin təmin edilməməsinə münasibətdə qeyd edir ki, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməməsinə dair məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

22. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

23. Apellyasiya şikayətinin dəlillərinə görə mərhum T.Dadaşbəyov avtomobil onun adına özgəninkiləşdirilərkən iddiaçının razılığının olmadığı barədə vicdanlı olmamışdır.

24. Kollegiya qeyd edir ki, T.Dadaşbəyovun iddiaçının razılığının olmadığını bildiyini və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə bu barədə sübutlar təqdim etməmişdir.

25. İddiaçı apellyasiya şikayətində mərhum T.Dadaşbəyovun alqı-satqı müqaviləsinə dair iddiaçının razılığının olmamasından xəbərdar olmasını bildirsə də, onun apellyasiya şikayətinin bu dəlili hər hansı bir sübuta söykənməməklə, mülahizə xarakteri daşımışdır.

26. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

27. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

28. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

29. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

30. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı qərarın 7.18-ci maddəsinə görə mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ərarvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir.

31. İşin hallarından görünür ki, iddiaçı və cavabdehin (ər-arvadın) qarşılıqlı niyyətləri mübahisəli əmlakın özgəninkiləşdirilməsi barədə əqdin etibarsız hesab edilərək əmlakın geri qaytarılmasından ibarətdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələblərinə iddia tələbləri çərçivəsində baxılaraq hüquqi qiymət verilməli, əqdin etibarsızlığı ilə bağlı iddia tələbləri təmin edilməyərək, qanunvericilikdə nəzərdə tutulmuş müddətlər və şərtlər nəzərə alınmaqla iddiaçıya mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdehdən tələb etmək hüququ izah edilməlidir.

32. Bundan əlavə, kollegiya qeyd edir ki, mübahisələndirilən əqdin tərəfi olan T.Dadaşbəyovun miras əmlakı açıldığından, onun vərəsəsi olan şəxslər əmlakın mülkiyyətçisi hesab edilirlər.

33. Odur ki, mübahisəli əmlak (onun hissələri) mərhum T.Dadaşbəyovun miras əmlakına daxil olduğundan və mirası qəbul etmiş vərəsələrinin mülkiyyəti hesab olunduğundan, sözügedən Plenum Qərarının 7.9-cu maddəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qeyd olunur ki, sözügedən əmlakı sonradan əldə etmiş vərəsələrin vicdanlılığının qorunması səbəbi ilə də mübahisələndirilən əqd etibarsız hesab edilə bilməz.

34. Sadalanan xüsusatlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 01 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar