Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-436/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Məmmədova küçəsində yerləşən 12 nömrəli evin bir hissəsini 1989-cu ildə cavabdehdən aldığını, evin hər ikisinin adına qeydiyyatdan keçdiyini, evi və həyətyanı sahəni öz aralarındakı razılıqla hasar çəkməklə böldüklərini, lakin sonradan cavabdehin həmin hasarın üstündən yenidən hasar çəkdiyini və evin qarşısında üstüörtülü çardaq tikdirdiyini, bunun isə onun evinə gün işığının düşməsinin qarşısının aldığını irəli sürmüş, buna görə də sözügedən tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikаyətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozduğunu və sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. İddiaçı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən nümayəndəsi X2, həmçinin sonrakı iclasda iştirak edən vəkili apellyasiya şikayətini müdafiə etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, izahatları dinləyib işdə olan sübutları tədqiq edərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Məmmədova küçəsində yerləşən 12 nömrəli evin ½ hissəsi iddiaçının, ½ hissəsi isə cavabdehin mülkiyyətindədir; tərəflər arasında mübahisə isə iddiaçının, evi və həyətyanı sahəni öz aralarındakı razılıqla hasar çəkməklə böldükləri, lakin sonradan cavabdehin həmin hasarın üstündən yenidən hasar çəkdiyi və evin qarşısında üstüörtülü çardaq tikdirdiyi, bunun isə ona məxsus hissəyə gün işığının düşməsinin qarşısının aldığını iddia etməsi nəticəsində yaranmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatı əsasında verilmiş ekspert rəyində “...iddiaçının və cavabdehin yaşadıqları evlərin mülki işin materiallarının 39-cu vərəqində olan 1964-cü il tarixli texniki pasportda göstərilən “A” və “B” literli tikililər olduğu, “A” literli tikilinin cavabdehin, “B” literli tikilinin isə cavabdehin istifadəsində olduğu, texniki pasportda həmin tikililərin bir torpaq sahəsində yerləşdiklərinin göstərildiyi, həmin torpaq sahəsində mübahisəli evləri bir-birindən ayıran hasarın, hər bir evin yerləşdiyi torpaq sahəsinə ayrı-ayrılıqda giriş-çıxış qapılarının mövcud olduğu, texniki pasportda iddiaçının yaşadığı “B” literli tikilinin bir mərtəbəli olduğunun göstərildiyi, faktiki vəziyyətdə isə həmin evin üç mərtəbəli olduğu, eyni zamanda hasarın və cavabdehin evi ilə hasar arasında olan çardağın və hasarın texniki pasportda göstərildiyi, iddiaçının evi ilə hasar arasında 1,0 metr məsafə olduğu, həmin hasarın hündürlüyünün 2,2 metr, iddiaçının evinin hündürlüyünün isə 10,4 metr təşkil etdiyi” qeyd olunmuş, həmin rəyi əsas götürən məhkəmə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Apellyasiya baxışı zamanı təyin olunmuş əlavə ekspertiza rəyi ilə də, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Məmmədova küçəsində yerləşən 12 nömrəli evinin iddiaçının istifadəsində olan hissəsinin faktiki olaraq üç mərtəbəli tikili olduğu, cavabdehin istifadəsində olan tikilinin bir mərtəbəli olmaqla texniki pasportda “A” literli tikili kimi göstərildiyi, onun (cavabdehin) öz istifadəsində olan həyətyanı torpaq sahəsinin daxilində əlavə 4,8 m2 anbar və 33,6 m2 talvar inşa etdiyi, bu tikililərin inşaat norma və qaydalarına uyğun olduğu müəyyən edilmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas yoxdur və buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni hesab olunmalıdır. Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-307/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun; apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın xərci qismində 100 (yüz) manat isə ondan alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-436/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-436/2021
11.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver