Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-436/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Bakı şəhəri Yasamal RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası, X1 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2, Üçüncü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Bakı şəhəri Yasamal RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası, X1 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2383/2023 nömrəli 15 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıların qanuni nümayəndəsi ilə cavabdehin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2012-ci il təvəllüdlü İddiaçı2 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1154/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh ilə Qanuni nümayəndə arasında xx.xx.2005-ci il tarixli bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2012-ci il təvəllüdlü İddiaçı2 anası Qanuni nümayəndə himayəsində saxlanılmaları, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat sabit pul şəklində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının, məhkəməyə müraciət edildiyi tarixdən, yəni 07 yanvar 2014-cü il tarixdən hesablanması qət edilmişdir.
2. Cavabdeh ilə Qanuni nümayəndə arasında xx.xx.2014-cü il tarixində bağlanmış bağışlama müqaviləsinə əsasən Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 21 nömrəli reyestr kitabının 2426 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********15-05101-093002, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2012-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 11/1284 saylı arayışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında 05 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 52,1 kv.m yaşayış sahəsi, 21,7 kv.m yardımçı sahəsi, 73,8 kv.m ümumi sahəsi olan, 03 otaqlı mənzili övladları İddiaçı1 və İddiaçı2 bağışlamışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissə üzrə İddiaçı1 adına ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Həmin mənzil üzrə ½ hissə İddiaçı2 adına rəsmiləşdirilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-380/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Qanuni nümayəndə övladları İddiaçı1 və İddiaçı2 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzilə köçürülmələri qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, məh. 528, ev B, 29 saylı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, mənzildən çıxarılması və mediasiya prosesi zamanı ödənilmiş məbləğdən 25 manat Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra iddiaçının nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddiaçı siyahısından Qanuni nümayəndə çıxarılması və iddiaçı kimi xx.xx.2011ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2012-ci il təvəllüdlü İddiaçı2 cəlb edilməsini və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, X1 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasını və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmasını xahiş etmiş, iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma barədə iddia ərizəsinə kompensasiyanın məbləği olaraq 21600 manat təyin etməklə cavabdehə bu məbləğin ödənilməsi şərtilə onun Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, məh. 528, ev B, 29 saylı mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, Qanuni nümayəndə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli nikahın pozulması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş və 10 fevral 2014-cü il tarixdə bu nikah ləğv edilmişdir. Qanuni nümayəndə himayəsində birgə nikahdan olan 2 övladları var və hal-hazırda da onlar hər ikisi himayəsində olmaqla Almaniyada yaşayırlar. Qanuni nümayəndə cavabdeh ilə birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, məh.528, ev B, m. 29 əmlakı əldə etmişlər və bu əmlak cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin, nikah pozulmamışdan öncə, yəni 04 fevral 2014-cü il tarixdə Bakı şəhər 3 saylı ASAN Xidmət Mərkəzində həm cavabdehin, həm də onun iştirakı ilə birgə nikahdan doğulmuş övladları İddiaçı1 və İddiaçı2 adına “Bağışlama” müqaviləsi rəsmiləşdirilərək onların adlarına mənzil bağışlanılmışdır. Bağışlama müqaviləsi əsasında 27 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Çıxarış yetkinlik yaşına çatmayan uşaqların–İddiaçı1 və İddiaçı2 adına keçirilmişdir. Halhazırda cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvan ünvan 2 göründüyü kimi, mübahisəli mənzil iki uşaqların adlarına olsa da, həmin mənzildən nə uşaqlar, nə də onların rəsmi qəyyumu olan ana istifadə edə bilmir. Qanuni nümayəndə və uşaqları hazırda Almaniyada yaşayırlar və uşaqlar orada təhsil alırlar. Azərbaycana gəldikləri təqdirdə isə cavabdeh uşaqları mənzilə buraxsa da, ananın evə daxil olmasına imkan vermir. Baxmayaraq ki, fevral 2014-cü ildən bu yana cavabdeh həmin mənzildən və orada Qanuni nümayəndə məxsus olan cehiz əşyalarından istifadə edir, bunun müqabilində sonuncuya bu mənzildən istifadə etməyə imkan yaratmır. Yəni, artıq 9 ildir ki, bu mənzil cavabdehin tam olaraq bütün əşyalarla birlikdə istifadəsindədir. Bildirir ki, hazırda Qanuni nümayəndə anası yaşlı qadın olduğundan, o və uşaqları Azərbaycana birdəfəlik köçüb yaşamaq niyyətindədirlər, bir dəfə bu cəhd edilmişdir və hər iki övladı Bakıda yerləşən özəl məktəblərdən olan Landau School-a imtahan verib keçmişlər. Lakin, cavabdehin yaratdığı bu mənzil problemi səbəbindən, Azərbaycana qayıtmaqdan imtina etmişdir, çünki fiziki olaraq qalmağa yerləri yoxdur. Qanuni nümayəndə Almaniyada “Ginekologiya” sahəsi üzrə çalışır və işinin əsas hissəsi onlayn şəkildə məsləhətlərin verilməsindən ibarətdir. Yəni, tam olaraq Azərbaycana köçüb yaşamaq imkanı var və buna niyyətlidir. Atası bir neçə il əvvəl vəfat etdiyi zaman da, cavabdeh onu evə buraxmamış və aralarında ciddi münaqişə olmuş və polis orqanlarının müdaxiləsi ilə iş həll olunmuşdur, lakin bunlara baxmayaraq, 2022-ci ilin yay aylarında o və uşaqları Bakıya gəldikdə cavabdeh onu yenə də mənzilə buraxmamış və indi də buraxmaq niyyətində deyil. O və uşaqları hər dəfə Azərbaycana gəldiyi zaman nənəsinin yaşadığı evdə qalırlar və orada 1 ay yaşayırlar. Nənənin yaşadığı evi Qanuni nümayəndə atası qızının adına nikahdan öncə almış və orada hər Bakıya gələndə yaşamışlar. Yəni, rəsmi olaraq nikahdan əvvəl Qanuni nümayəndə adına alınan mənzil olsa da, faktiki olaraq o mənzil onun valideynlərinə məxsusdur və həmin mənzildə anası hazırda yaşayır. Hər iki uşaq hazırda cavabdehin yaşadığı Bakı ş, Yasamal rayonu, H.Cavid pr-ti, məh. 528, ev B, 29 saylı mənzildə qeydiyyatdadırlar və rəsmi olaraq həmin mənzilin mülkiyyətçisidirlər. Qanuni nümayəndə uşaqları ilə birlikdə Azərbaycana qayıdıb orada yaşamaq fikrindədir və qayıtdıqda onların bir mənzildə yaşaması qeyrimümkündür. Buna görə də, ona müvafiq kompensasiyanın ödənilməsi şərtilə yaşayış hüququna xitam verilməsi məqsədəmüvafiqdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 avqust 2023-cü il tarixli 2(004)-2383/2023 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilməmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, Qanuni nümayəndə ilə Cavabdeh birgə nikahından doğulmuş iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırda Almaniyada yaşayır və orada təhsil alırlar. Uşaqların məhkəmədə dindirilməsi qeyri-mümkün olmuşdur. Həmçinin iddia ərizəsi və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırki iddia tələbi iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi – anaları Qanuni nümayəndə mənafeyinə uyğun olduğundan, verilən tələb uşaqların mənafeyi və hüquqlarına ziddir. Anaları Qanuni nümayəndə cavabdehlə yola getmədiyinə və cavabdehlə aralarında şəxsi münasibətə görə hazırki mənzildən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini tələb edir. Odur ki, uşaqlar Almaniyada yaşadığından və hazırki mənzilə istifadə hüququna xitam verilməsi tələbində uşaqların heç bir maraq və mənafeləri olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il qərarına, Mülki Məcəllənin 228.1, 228.2, 228.5, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçıların qanuni nümayəndəsi apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, sonuncu məhkəmə iclasına gəlməkdən ötrü 15 avqust 2023-cü il tarixdə Bakı şəhərinə gəldiyində mübahisəli mənzilə getmiş və qapını açıb içəri daxil olanda cavabdehin təzyiqləri ilə üzləşərək sonuncunun ona qarşı alçaldıcı təhqir və söyüşlərini eşitmiş, əl ataraq üzündən vurmuş və cırmaqlamış, hətta boynunda belə barmaq izinin qızartısı qalmışdır və o, 26-cı Polis Bölməsinə müraciət edərək şikayət etmiş, elə həmin gün polis əməkdaşları mənzilə gedərək ifadəsini almışlar. Lakin sonradan bildirmişlər ki, əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin açılması qeyrimümkündür (qərar polis bölməsi tərəfindən hazır edilmədiyi üçün onu rəsmi surətdə təqdim edilməsi hələki mümkün deyil). Bu hal bir daha onu göstərir ki, uşaqlarla bu mənzildə onunla birgə yaşaması qeyri-mümkündür və ona görə də ona kompensasiya ödəməklə evdən həm qeydiyyatdan, həm də fiziki olaraq çıxartmalıdır ki, uşaqları ilə birgə rahat şəkildə bu mənzildə yaşasın.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş rəy ilə razı olmadığını bildirdi. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
15. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Üçüncü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi rəyi müdafiə etdiyini bildirdi.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
18. Maddə 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.
19. Maddə 58.1-58.2. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar, uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
20. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
21. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.
22. Azərbaycan Respublikasının da qoşulduğu BMT-nin «Uşaq hüquqları haqqında» Kovensiyasının 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu
23. Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
24. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Mübahisəli mənzil iddiaçıların qanuni nümayəndəsi ilə cavabdehin birgə nikah dövründə əldə edilmiş, aralarında olan nikah pozulmamışdan əvvəl, 04 fevral 2014cü il tarixdə həm cavabdehin, həm də Qanuni nümayəndə iştirakı ilə birgə nikahdan doğulmuş övladları İddiaçı1 və İddiaçı2 adına “Bağışlama” müqaviləsi rəsmiləşdirilərək onların adlarına həmin mənzil bağışlanılmışdır.
34. İddiaçılar və onların qanuni nümayəndəsi, yəni anaları hazırda Almaniyada yaşayır və uşaqlar orada təhsil alırlar.
35. Hazırda iddiaçıların qanuni nümayəndəsi uşaqları ilə birlikdə Azərbaycana qayıdıb yaşamaq fikrində olduğunu və qayıtdıqda cavabdehlə bir mənzildə yaşamağın qeyri-mümkün olduğunu əsas gətirərək, həmin mənzilə cavabdehin istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini xahiş etmişdir.
36. Kollegiyanın müvafiq qərardadları ilə mübahisənin düzgün həlli üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri Yasamal RİH Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasından müvafiq rəylər alınmışdır.
37. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinə görə X1 anaları ilə birgə gələcəkdə Bakı şəhərində daha yaxşı mənzil-məişət şəraitinə malik və özlərinə məxsus evdə yaşamaları naminə iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinin təmin olunmasını uşaqların mənafeyi və hüquqlarının qorunması baxımından məqsədəuyğun hesab edilir.
38. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli rəyinə görə yektinlik yaşına çatmayan iddiaçıların özlərinə məxsus olan mənzildə yaşamasına cavabdeh tərəfindən hər hansı bir maneə yaradılmamışdır. Mübahisənin keçmiş ər-arvad arasında barışmaz şəxsi münasibətlərdən irəli gəldiyi və bir-birinə qarşı təsir vasitəsi kimi uşaqlardan istifadə olunduğu görünür. Bunun üçün hər bir tərəfin uşağın mənafeyindən çıxış etməsi ilə bağlı diqqətəlayiq hallar məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Dövlət Komitəsi tərəfindən mülki iş üzrə tərəflərin nümayəndələrinin izahatlarını, həmçinin iş materiallarında olan sübutların tədqiqi zamanı iddiaçıların öz valideynləri ilə etibarlı ailə münasibətlərinin qorunub saxlanıldığı müşahidə edilmişdir. Dövlət Komitəsi apellyasiya şikaytinin təmin olunmamasını məqsədəmüvafiq hesab edir.
39. Göründüyü kimi cavabdeh ilə iddiaçıların qanuni nümayəndəsi arasında münasibətlər kifayət qədər gərgindir, iddiaçıların qanuni nümayəndəsi Azərbaycana qayıtmaq niyyətində olduğunu, cavabdehlə bir evdə yaşamağın mümkün olmadığını əsas gətirərək hazırki iddianın təmin edilməsini tələb edir.
40. Kollegiya hesab edir ki, məhkəmənin qəanəti düzgün olmuşdur.
41. Qanuni nümayəndə göstərmişdir ki, Azərbaycana birdəfəlik köçüb yaşamaq niyyətindədirlər, bir dəfə bu cəhd edilmişdir və hər iki övladı Bakıda yerləşən özəl məktəblərdən olan Landau School-a imtahan verib keçmişdilər. Lakin iş materialları ilə belə bir hal müəyyən edilmir.
42. Hazırda Qanuni nümayəndə və uşaqların Almaniyada yaşaması və uşaqların orada təhsil alması mübahisəsizdir.
43. Hazırda onların Azərbaycana Respublikasına köçməsi, uşaqların təhsilini burada davam etdirməsi və yaşamaları istiqamətində hər hansı real hərəkətlərin həyata keçirilməsi müəyyən edilməmişdir, bu hallara dair hər hansı sübut təqdim edilməmişdir.
44. Belə olan halda hazırki iddianın qaldırılması uşaqların mənzilə olan tələbatının ödənilməsinə xidmət etmir, iddia tələbi uşaqların maraq və mənafeləri nəzərə alınaraq deyil, daha çox onların qanuni nümayəndəsinin mənafeyinə uyğun olaraq irəli sürülmüşdür.
45. Digər tərəfdən Kollegiya qeyd edir ki, təqdim edilmiş fotoşəkillərdən, digər sənədlərdən müəyyən edilir ki, uşaqların ataları ilə münasibətləri normaldır, uşaqlar Azərbaycana gəldikdə ataları ilə birlikdə vaxt keçirir, hətta fotoşəkillərdən də görünür ki, tətil üçün gəldikdə ataları ilə birlikdə rayona getmişlər, yəni uşaqların ataları ilə ünsiyyətlərində hər hansı problem olduğu aşkar edilməmişdir.
46. Valideynlərin, yəni cavabdeh ilə iddiaçıların qanuni nümayəndəsi arasında olan kəskin münasibətlər zəminində hazırki iddianın qaldırılması barədə məhkəmənin qənaəti doğru olmuşdur.
47. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2383/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.