Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4361/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 8.229.6 manat borc məbləğinin əsassız hesab edilməsi, 7.579,75 manat məbləğində borcun onun abonent hesabından silinməsi və Birlik tərəfindən əsassız olaraq ondan tutulmuş 649,85 manat məbləğində pul vəsaitin onun abonent hesabına geri qaytarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz ailə üzvləri ilə birlikdə özünə məxsus olan və Abşeron rayonu, Qobu qəsəbəsi, Natəvan küçəsində yerləşən 14 saylı fərdi yaşayış evində yaşayır. Ev, iddiaçı ilə Birlik arasında bağlanmış müqaviləyə əsasən təbii qazla təchiz edilir. Bununla bağlı olaraq Birliyin əməkdaşları tərəfindən evdən kənarda, yəni küçədə qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********20000). Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, onun abonent hesabından 2021-ci ildən başlayaraq Birlik tərəfindən 649,85 manat məbləğində pul silinmişdir. Bunun səbəbi ilə maraqlandıqda iddiaçıya məlum olmuşdur ki, Birlik tərəfindən ona əlavə sərfiyyat kimi 8.229.6 manat məbləğində borc hesablanmış və borcun hesablanamasına əsas, onun evində təbii qazdan qanunsuz istifadə edilməsi ilə bağlı Birliyin əməkdaşların tərtib etdikləri aktlar olmuşdur. İddiaçı hesab edir ki, hesablanmış borc əsassızdır. Çünki ona məxsus evdə yeni sayğac quraşdırıldıqdan sonra artıq köhnə sayğac istifadə edilməmiş, sayğacdan kənar xətt mövcud olmamış, təbii qazdan qeyri-qanuni qaydada istifadə edilməmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Buna görə də, borcun hesablanması və iddiaçının abonent hesabından pul məbləğinin silinməsi əsassız olmuşdur. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında cavabdeh Birliyə maddi zərər dəymişdir.
9. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək, iddianı təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barə məlumat
10. Cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
12. İddiaçının vəkili (nümayəndəsi) isə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. e) işdə olan sənədlər barədə məlumat
13. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlardan görünür ki, iddiaçıya aid yaşayış sahəsinə aid qaz sayğacına və qaz xətlərinə baxış keçirilən zaman sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə təbii qazdan istifadə edilməsi faktı aşkar olunmuşdur.
14. “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, iddiaçının barəsində tərtib olunmuş aktlara əsasən itirilmiş təbii qazın həcmi aşağıdakı qaydada müəyyən edilmişdir: ******* saylı akta əsasən 11.880 kub metr, ******* saylı akta əsasən 1.440 kub metr, ******* saylı akta əsasən 3.096 kub metr, ******* saylı akta əsasən 4.752 kub metr, ******* saylı akta əsasən 4.752 kub metr, ******* saylı akta əsasən 16.200 kub metr, ******* saylı akta əsasən 20.304 kub metr, ******* saylı akta əsasən 4.176 kub metr və ******* saylı akta əsasən 3.960 kub metr.
15. İddiaçının adına tərtib edilmiş **********20000 saylı abonentin saldosundan görünür ki, iddiaçıya 2018-ci ilin sentyabr ayı üzrə 72 manat, 2021-ci ilin oktyabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1.188 manat, 2021-ci ilin noyabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 172,80 manat, 2021-ci ilin dekabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 371,52 manat, 2022-ci ilin yanvar ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 570,24 manat, 2022-ci ilin fevral ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 570,24 manat, 2022-ci ilin mart ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1.944 manat, 2022-ci ilin oktyabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 2.436,48 manat, 2022-ci ilin noyabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 501,12 manat və 2022-ci ilin dekabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 475,20 manat borc hesablanmışdır.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/2143 nömrəli rəydən görünür ki, iddiaçının ünvanında olan qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmir.
17. “Gasrep” elektron məlumat sistemindən çıxarışdan görünür ki, 2021-ci ildən başlayaraq iddiaçının etdiyi ödənişlərdən cavabdeh Birlik tərəfindən cəmi 649,85 manat məbləğində pul tutulmuşdur.
18. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçıya aid ünvanda təbii qazdan qeyri-qanuni istifadə etməsi barədə 2021-ci ildən başlayaraq 9 ədəd akt tərtib edilmiş və aktlara əsasən iddiaçıya ümumilikdə 8.229.6 manat borc hesablanmışdır. 2021-ci ildən başlayaraq iddiaçının etdiyi ödənişlərdən cavabdeh Birlik tərəfindən cəmi 649,85 manat məbləğində pul tutulmuşdur. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
19. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
20. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
21. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
22. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).
24. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. İddiaçının qaz xəttinə qanunsuz qoşulması və qeyri-qanuni istifadə nəticəsində hesablanmış borcun əsaslı olmasını sübut etmə vəzifəsi cavabdeh Birliyin üzərinə düşür. Birlik, yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara” əsaslanaraq, həmin aktlarda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz iddiaçı tərəfindən törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, müəyyən edilir ki, həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki cavabdeh Birlik həmin aktlarda qeyd edilən faktları təsdiq edə biləcək sübut kimi fotoşəkillərə istinad etsə də, həmin fotoşəkillərdən görünmür ki, iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz xəttinə qoşulma olmuşdur. Birlik bu faktı təsdiq edə biləcək digər sübutları (məsələn: video yazısını, şahidləri, digər fotoşəkilləri və sair) məhkəmələrə təqdim etməmişdir.
26. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh Birlik həmin aktlarda qeyd edilən faktları – istehlakçının (hazırki halda – iddiaçının) təbii qazın talanmasında təqsirli olmasını təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarlarını da məhkəmələrə təqdim etməmişdir.
27. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən aktlar əsasında iddiaçıya hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab, Birliyin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edir. i) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
28. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
32. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
33. Cavabdeh Birliyin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh Birlik MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
34. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Hazırkı iş üzrə iddiaçı bu qətnamədən kassasiya şikayəti verə bilməz.