Məhkəmə qərarları › İş №2(103)-4368/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4368/2024

22.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4368/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Məmmədov Murad Akif oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3987/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 12 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3987/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməısindən imtina edilmiş, İddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2, 151.1, 153.2.2, 153.4; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərardadına istinadən qeyd edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-929/2024 saylı qətnaməsinin surətinə əsasən, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və iddia ərizəsi məhkəmə tərəfindən təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.Hal-hazırda iddiaçı eyni tələb eyni tərəf, fərqli əsasla məhkəməyə müraciət edərək ona istinad edir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-929/2024 saylı qətnaməsi ilə fərqli əsas əsasında, yəni cavabdehlə aralarında olan borc müqaviləsini pərdələmək əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi əsası ilə iddia tələbi rədd edilmiş, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsi iştirak etməsinə baxmayaraq tələbin əsası borcunun ödənilməsi məqsədi ilə bağlanmış alqı-stqı müqaviləsi zamanı torpaq sahəsinin satış qiymətində aldadılması olmasına baxmayaraq nümayəndə tərəfindən məlumatı olmadan iddiada fərqli göstərilmişdir. Bu səbəbdən nümayəndəsi və vəkili tərəfindən aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciətlər etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən, hal-hazırda eyni tərəflər arasında, eyni predmet barəsində və fərqli əsaslar üzrə mübahisəyə dair məhkəmənin qətnaməsi mövcud olduğundan ərizə yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iddianın xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edilməsi zəruridir ki, iddianın alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsi xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində yaranan tələbdir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: İddiaçı şikayət vermiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3987/2024 saylı iş üzrə xx.xx.2024cü il tarixli qərardadının ləğv edilib, qaldırılmış iddiaya mahiyyəti üzrə baxılmasının təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə istinadən qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən və sahəsi 0.11ha olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsində ona məxsus, ümumi sahəsi 53.90 kv.m olan yaşayış evi də yerləşir. Bundan əvvəl həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mərhum həyat yoldaşı X2 mülkiyyətində olmuş və vərəsəlik qaydasında ona keçmişdir. Həyat yoldaşı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.Mərhum həyat yoldaşı 2-ci qrup müharibə əlili olmuşdur, o, müharibədə sol ayağını itirmişdir. Həyat yoldaşı daima tibbi yardıma ehtiyacı olan birisi olmuşdur və bunun üçün daima pula ehtiyac yaranmışdır. Ömrünün sonlarında mərhum həyat yoldaşının sağlamlıq durumu daha da pisləşmiş və yaraları onu incidirdi, müalicəyə ehtiyacı var idi. Ona görə də məsləhət oldu ki, kimdənsə, borc pul əldə edib onun müalicəsinə xərclənsin, bu məqsədlə tanışlar vasitəsi ilə cavabdehlə əlaqə saxlaya bilmiş və o, borc pul verməyə razılaşmışdır. Elə oldu ki, borc aldıqdan qısa bir müddət sonra həyat yoldaşı rəhmətə getdi və aldıqları borcla onun yas mərasimlərini yola verdilər. Bundan sonra cavabdeh borcunun qaytarılmasını tələb etməyə başladı və bunun müqabilində o özlərinə məxsus 0.11 ha torpaq sahəsindən 0.01ha torpaq sahəsini cavabdehin yanında girov qoyulmasını təklif etdi, cavabdeh bununla razılaşmadı və bildirdi ki, məslənin ən yaxşı həlli yolu həmin 0.01ha torpaq sahəsinin ona satılmasıdır. O soruşdu ki, həmin ölçüdə torpaq sahəsinin qiyməti neçəyədir və bu zaman cavabdeh bildirdi ki, həmin ərazidə 0.01 ha torpaq sahəsinin qiymət 10.000 manatdır. O düşündü ki, elə bu onun cavabdehə olan borcunun bağlanmasına kifayət edər və ona görə də razılaşdı. Bu məqsədlə o və cavabdeh xx.xx.2022-ci il tarixdə 12 saylı notariat ofisinə müraciət etdilər və orada AN- İN1072369 saylı Daşınmaz əmlakın alqı- satqı müqaviləsini bağladılar. Sonradan o qohumlara bildirdi ki, Samirə olan borcunu ödəmiş, qardaşı biləndə ki, ona torpağın bir hissəsini sataraq ödədikdə sorşdu ki, torpağın bir sotunu neçəyə satıb və o da məsələni ona izah etdikdə qardaşı, bildirdi ki, həmin ərazidə torpağın bir sotunun qiyməti ən azı 50-60 min manatadır. O bununla əlaqədar ilk olaraq cavabdehə müraciət etdi o, isə ona bildirdi ki, artıq müqavilə bağlanıb, iş bitib hara istəsən şikayət edə bilərsən. O məcbur qalıb məhkəməyə müraciət etmək istədi və bu məqsədlə tanışlar vasitəsi ilə vəkil X7 ilə xx.xx.2023-cü il tarixdə müqqavilə bağladı. Bundan sonra vəkil Binəqədi rayon məhkəməsində iddia qaldırdı və ona bildirdi ki, o, bu işi həll edəcək. Lakin sonradan bildi ki, vəkil İ.Kərimov nəinki işi həll etməyib, o, ümumiyyətlə məhkəmədə iştirak belə etməyib və həmçinin vəkil onun adından məhkəmədə əsassız iddia qaldırıb ki, guya o iş üzrə cavabdeh Samir Nəsib oğlu ilə borc müqaviləsini pərdələmək üçün yalandan alqı-satqı müqaviləsi bağlamışdır. Əslində isə məsələ onun yuxarıda qeyd etdiyi kimi olub, yəni cavabdehin təklifi ilə torpaq alqı-satqısı müqaviləsi bağlamışdır və bunda məqsəd cavabdehə olan borcun əvəzləşdirilməsi olub. Məhz bu zaman cavabdeh bilərəkdən onu yanlışlığa sürəkliyərək torpağın həmin ərazidə qiymətinin on min manat deyil, daha yüksək olduğunu gizlədərək onu əhəmiyyətli dərəcədə sərfəli olmayan müqaviləyə imza etməyə vadar edib. Hazırkı iş üzrə hakimlə o zaman razılaşmaq olardı ki, Binəqədi rayon məhkəməsinidə xx.xx.2024-cü il tarixdə baxılmış 2(001)-929/2024 saylı iş üzrə işə baxan hakim məhkəmənin 2(001)-3987/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında sadalanan xüsusatları nəzərə almış və yoxlamış olaydı. Başqa sözlə 2(001)-929/2024 saylı işə baxan hakim İddiaçı ilə Cavabdeh arasındaxx.xx.2022-ci il tarixdə 12 saylı notariat ofisində bağlanmış AN-İN1072369 saylı Daşınmaz əmlakın alq ı- satqı müqaviləsinin etibarsız hesab edilməsinin əsaslarını, yəni həmin müqavilənin etibarsız hesab edilə biləcəyinin hansı əsaslarla mümkün ola biləcəyini hərtərfli araşdırmış və buna lazımi hüquqi qiymət vermiş olaydı.Bu kontekstdən yanaşdıqda, əgər hakim müqavilənin etibarsızlığına səbəb ola biləcək əsasları müəyyən etsə və nəzərə alsa idi, onda tam məsuliyyətlə demək olardı ki, qiyməti 6065 min manat olan daşınmaz əmlakı su qiymətinə satmaq qanunsuzluqdur və bu cür müqavilələr qüvvədə qala bilməz. Cavabdeh tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayətə etiraz daxil olmuş və etirazda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının № 02/2022 saylı 4 iyun 2022-ci il tarixli Qərardadına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair şikayəti ilə əlaqədar olaraq, apellyasiya şikayətində onunla bağlı yazılan bütün iddialar yalandır. Bu işlərin arxasında iddiaçının etibarından sui-istifadə edən və onun ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakına 20 ilə yaxındır faktiki sahiblik edən, əvvəllər həmin əmlakın ərazisində kaferestoran işlədən, hazırda isə ailəsi ilə orda yaşıyan və həmin əmlakın müəyyən hissələrini bir neçə nəfərə, kirayə, icarə verməklə ordan gəlir əldə edən xx.xx.1951 doğum tarixli X4 (AZE18674453, xx.xx.2019, ASAN 2, FİN: 37QYW7W, tel: 050- 328-66-04) dayanır. İddiaçı əvvəllər mərhum həyat yoldaşı ilə, hazırda isə oğlunun ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvanda yəni Xətai rayonu, Süleyman Əhmədov küçəsi, ev 5/1 ünvanında yaşayır. X1 əsas məqsədi, 13 avqust 2022-ci il tarixində onun qanunla müəyyən edilmiş qaydada, notarial kontorda alqı–satqı yolu ilə əldə etdiyi 1 sot (0.01 ha) torpaq sahəsində (Əlavə 1), tikintisinə rəsmi icazə aldığı (Əlavə 2) evin inşaasına mane olmaq və həmin 1 sot torpaqda İsveç və Polşada yaşayan oğlanları üçün obyekt açmaqdı. Bu artıq onun 3-cü belə yalan və böhtan üzərində qurduğu iddia ərizəsidir. Bütün bu proseslər o ev tikintisinə icazə aldığı 25 mart 2023cü ildən sonra başlayıb. X1 təşkilatçılığı ilə, eyni məsələ ilə bağlı xx.xx.2023 tarixində, başqa yalan məlumatlarla iddia ərizəsi yazılmış və Bakı Şəhəri Xətai Rayon Məhkəməsində 2(001)- 4332/2023 iş başlanmış və xx.xx.2023-cü il tarixli qərardadla iş yekunlaşmışdır. Daha sonra X1 təşkilatçılığı ilə xx.xx.2023 tarixində başqa yalan məlumatlarla digər bir iddia ərizəsi yazılmış məhkəmə prosesi başlamış, heç bir sübutu olmayan bu yalan iddialar ətraflı araşdırılmış və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-929/2024 saylı qətnaməsi ilə iddiaçının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bu məhkəmə qətnaməsi 15 aprel 2024-cü il tarixdən qanuni qüvvəyə minmişdir. Möhtərəm hakim, eyni tərəflər, eyni predmet üzrə artıq qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidi. Qeyd etdiyi kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-929/2024 saylı qətnaməsi ilə iddiaçının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə həmin işə baxarkən müqavilənin etibarsızlığ ilə bağlı dəlilləri qəbul etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3987/2024 saylı işi üzrə 20 iyun 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 149-153, 385, 387, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, vəkilin iddiaçının adından məhkəmədə əsassız və ya düzgün olmayan əsaslarla iddia qaldırması, yenidən qeyd edilən iddianın qaldırılması üçün əsas deyildir. Məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir.153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa.153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3987/2024 saylı işi üzrə 23 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar