Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4371/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1784/2024 nömrəli 20 may 2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 32 saylı notariat ofisində 02 sentyabr 2019-cu il tarixdə bağlanmış və 3M-775 saylı reyestrlə təsdiq olunmuş müəssisədəki payın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında müqavilə bağlanmış və "xxxx" Firmasının təsisçisi İddiaçı "xxxx" Firmasının nizamnamə kapitalında ona məxsus olan 100% payı Cavabdeh2 10.00 (on) manata satmışdır. Cavabdeh2 isə həmin qiymətə almışdır.
2. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(072)-381/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X8 və İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh2 barəsində yayılmış “dələduzdur...” ifadəsi həqiqətə uyğun olmayan, yalan məlumat hesab edilməsi, cavabdeh İddiaçı mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pulun tutularaq, iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir.
3. İş materiallarında olan Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X33 tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaşlar X5 və Cavabdeh2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, X9 təxminən 1998-ci ildən tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. Hümbət müxtəlif biznes sahələrində fəaliyyət göstərir, belə ki, Hümbət xarici dövlətlərdən balıq məhsullarını Azərbaycan Respublikası ərazisinə gətizdirərək satışını təşkil edir. Bundan başqa Hümbətə məxsus “Elmed” klinikası, “Kənan” şadlıq evi, “Əlibaba” restoranı və müxtəlif mağazaları vardır. Hümbətin biznes sahələri geniş olduğundan ona tez-tez vəsait lazım olurdu. Bacardığı köməkliyi Hümbətə edirmiş. Təxminən 2019-cu ilin avqust ayının son günlərində Hümbət ona bildirmişdir ki, xaricdən gətizdirdiyi balıq məhsullarının pulunun ödənilməsi üçün ona təcili olaraq 1.000.000 ABŞ dolları pul lazımdır və ondan xahiş etmişdir ki, həmin məbləğdə pulu ona borca versin. O, Hümbətə bildirmişdir ki, qeyd olunan məbləğdə onun pulu yoxdur. Bundan bir neçə gün sonra Hümbət ona bildirmişdir ki, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən özünə məxsus "xxxx" şadlıq evini satmaq qərarına gəlmişdir. Şadlıq evinin təcili satılması üçün Hümbət 1.620.000 manat pul istəmişdir. O, Hümbətə bildirmişdir ki, qeyd olunan məbləğdə pulu tapa bilsə şadlıq evini ondan satın alar. O, qohumlarından qeyd olunan məbləğdə vəsaiti toplamış və şadlıq evini almaq qərarına gəlmişdir, bu barədə Hümbətə bildirmişdir. Qeyd olunan şadlıq evinə dair mülkiyyət sənədi olmadığından şadlıq evi "xxxx" Firmasının balansında olduğundan şirkəti satın almağa razılaşmışlar. 02 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 onunla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" Firmasını almışdır. Bundan sonra Hümbətlə 1-ci mikrorayonda yerləşən ofisinin qarşısında görüşərək Hümbətlə oğlu Elvinə 950.000 ABŞ dolları (1.620.000 manat) pulu vermişdir. Bununla da "xxxx" Firması və balansında olan "xxxx" şadlıq evi onun mülkiyyətinə keçmişdir. Təxminən 2021-ci ilin noyabr ayında Hümbət bir neçə dəfə onun yanına gələrək, ona bildirmişdir ki, şadlıq evini ona ucuz qiymətə satmış və ondan əlavə 600.000 manat pulun ona verilməsini tələb etmişdir. O, Hümbətə bildirmişdir ki, 2019-cu ildə satdığı qiymətə pulunu verib əmlak almış və əlavə pul vermək fikri yoxdur. Bu ünvanla Hümbət bir neçə dəfə ona hədə qorxu gələrək, ondan şadlıq evini tələb etmişdir. 01 yanvar 2022-ci il tarixdə o, "xxxx" şadlıq evini Şahzadə adlı qadına icarəyə vermişdir. 28 yanvar 2022-ci il tarixdə şadlıq evinin işçisi olan Zaur adlı şəxs ona zəng edərək bildirmişdir ki, Adəm Məmmədov adlı vəkil təxminən 10 nəfər şəxslərlə şadlıq evinə gələrək qanunsuz Şahzadədən açarları alaraq, içəri daxil olmuşlar və bildirmişlər ki, şadlıq evi Hümbətindir, ona görə də işçiləri oradan qovmuşlar. Dərhal o, 34-cü polis bölməsinə zəng vurmuş və olanlar barədə məlumat vermişdir. O, oğlu Anarla şadlıq evinə gəlmiş və içəri daxil olarkən görmüşdür ki, müdir otağında Adəm Məmmədov oturub masa arxasında, yanında isə Bayram, Faiq, Anar, Canpolad və bir neçə nəfər tanımadığı şəxslər vardır. Eyni zamanda o, şadlıq evinə gələrkən polis əməkdaşları da orada olmuşlar. Həmin vaxt Adəm onun qoluna girərək onu binanın arxasına çəkmək istəmiş, lakin oğlu imkan verməmişdir. Həmin vaxt Adam içkili vəziyyətdə ona bildirmişdir ki, əgər o, şadlıq evini Hümbətə təhvil verməsə və ya Hümbətin 600.000 manatını ödəməsə onu rahat yaşamağa imkan verməyəcək və onu təhdid etmişdir. Bundan sonra o, Adəmə demişdir ki, şadlıq evi ona məxsusdur və heç kimə vermək fikri yoxdur. Həmin vaxt bir nəfər tanımadığı şəxs ona bildirmişdir ki, oradan uzaqlaşmasa onu vuracaqlar. Daha sonra polis əməkdaşları tərəfindən yuxarıda göstərilən şəxslər polis şöbəsinə aparılmışlar və orada onun və həmin şəxslərin izahatları alınmışdır. Daha sonra o, görmüşdür ki, bir nəticə yoxdur, ona görə də 30 yanvar 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək olanları bir daha anlatmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdə şadlıq evinin əməkdaşı Rüfət ona zəng edərək bildirmişdir ki, Adəm yenidən şadlıq evinə gəlib və onu danışığa çağırır, o, isə ehtiyat edərək görüşə getməmişdir. Hal-hazırda şadlıq evini Rüfət adlı şəxsə icarəyə vermişdir. Əlavə olaraq göstərmişdir ki, o, 2018-ci ilin əvvələrində Hümbətə 350.000 ABŞ dolları borca pul vermiş, dostu olduğu üçün aralarında heç bir faiz söhbəti olmamışdır. 2018-ci ilin axırına kimi Hümbət 350.000 ABŞ dollarını tam şəkildə qaytarmış və aralarında heç bir narazılıq olmamışdır. Eyni zamanda bildirmişdir ki, Hümbət Binəqədi polis idarəsinə şikayət edərək göstərmişdir ki, güya ondan 950.000 ABŞ dollarını borc olaraq götürmüş və girov olaraq ona "xxxx" şadlıq evini vermişdir. Lakin Hümbətin dediyi tamamilə yalandır, o, Hümbətdən "xxxx" şadlıq evini satın almışdır. Həmin qərardan görünür ki, izahatı alınmış X14 bildirmişdir ki, Cavabdeh2 1993-cü ildən tanıyır, onunla dostluq münasibətləri olmuşdur. İsrafil fərdi sahibkardı və onunla dost münasibətində olduğu üçün ara bir ondan borca pul götürürmüş. Təxminən 2018-ci ildə dostu Babəkə 350.000 ABŞ dolları pul lazım olmuşdur. Babək həmin pulu İsrafildən istəmişdir. İsrafil isə ona pulu verməmişdir və bildirmişdir ki, o, Babəkə zamin dursa pulu verər. O, da İsrafillə söhbət edərək Babəkə zamin durmuşdur və 350.000 ABŞ dollarını aylıq 3% ödəmək şərti ilə götürmüş və Babəkə vermişdir, Babəkdə hər ay İsrafilin faiz pullarını ödəmişdir, ümumilikdə İsrafilə 190.000 ABŞ dolları faiz ödəmişdir. Daha sonra 2019-cu ilin sentyabr ayında o, İsrafildən aylıq 2.5 faiz olmaqla 400.000 ABŞ dolları götürmüşdür. Sonuncu 400.000 ABŞ dollarını götürməmişdən öncə İsrafilə 150.000 ABŞ dolları borcu qalmışdır. Qeyd olunan məbləğdə pulun aylıq faizlərini ödəmişdir. Sonuncu pulu götürərkən İsrafil ona bildirmişdir ki, girov olaraq əmlak qoymalıdır. O, da özünə məxsus şirkətin balansında olan "xxxx" sarayını İsrafilə girov qoymuş və şirkəti rəsmi alqı-satqı müqaviləsi əsasında İsrafilin adına keçirmişdir. Aralarında olan razılaşmaya əsasən o, İsrafilə olan borcunu bağlayıb qurtarandan sonra şadlıq evini özünə qaytaracaqdır. Beləliklə, o, ümumi olaraq İsrafildən 900.000 ABŞ dolları faizlə pul götürmüş və ümumilikdə ona 650.000 ABŞ dolları pul qaytarmışdır. Buna baxmayaraq İsrafil ona məxsus dəyəri 4.500.000 manat olan şadlıq sarayını ələ keçirmiş və hal hazırda qaytarmaq istəmir.
4. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalıdakı 100% payın ona satılmasına dair aralarında bağlanmış, 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №də qeydə alınmış 02 sentyabr 2019-cu il tarixli “Müəssisədəki payın alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya onun aldığı və qaytara bilmədiyi borc faizlərinin müqabilində "xxxx" Firmasının girov saxlanılması adı altında formal olaraq "xxxx" firmasının nizamnamə kapitalındakı 100% payın ona satılmasına dair notarial təsdiq edilmiş “Müəssisədəki payın alqı-satqı” müqaviləsi bağlanılmışdır. O, iddia tələbini əsassız olduğunu hesab edir. Belə ki, 02 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovla əvvəlcədən danışıb razılaşdıqları kimi Bakı şəhəri Xətai rayonu, ünvan 2 ünvanda yerləşən "xxxx" firmasını və eyni adlı şadlıq evini 1.620.000 (bir milyon altı yüz iyirmi min) manata almışdır. 02 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovun oğlu və "xxxx" Firmasının təsisçisi İddiaçı ilə ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payı Bakı şəhəri 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də qeydə alınmış “Müəssisədəki payın alqı-satqı” müqaviləsi əsasında almışdır. İddiaçının iddia tələbində əsaslandırmağa çalışdığı kimi guya onun aldığı və qaytara bilmədiyi borc faizlərinin müqabilində "xxxx" Firmasının girov saxlanılması adı altında formal olaraq "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payın ona satılmasına dair notarial təsdiq edilmiş “Müəssisədəki payın alqı-satqı” müqaviləsi bağlanılmamışdır. "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payı nəğd ödədiyi 1.620.000 manat pulun müqabilində almışdır. Alqı-satqı müqaviləsini X13 Səfərov imzalasa da, bu işlərlə Hümbət Səfərovun özü şəxsən məşğul olmuşdur. Təxminən 2021-ci ilin oktyabr-noyabr aylarından başlayaraq Hümbət Səfərov ondan tələb etmişdir ki, "xxxx" şadlıq evini ona ucuz qiymətə satdığına görə ona əlavə 600.000 manat pul verməlidir. O, onun tələbini rədd etdikdən sonra Hümbət Səfərovun vəkili Adəm Məmmədov başının dəstəsi ilə "xxxx" şadlıq evinə onun yanına gələrək tələb edibdir ki, ya Hümbət Səfərova 600.000 manat pul verməlidir, ya da ki, şadlıq evinin fəaliyyətindən əldə olunan gəlirin 50%-i onlara çatmalıdır. Bununla bağlı X15, vəkili X16 və qeyriləri tərəfindən hədə-qorxu və zorakılığa məruz qalmağına dair şikayət ərizəsi əsasında Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirovun, Xətai rayon prokurorluğunun müstəntiqi Aqil Əşrəfovun icraatında araşdırılmalar aparılmış, toplanılmış materiallar üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmişdir. Eyni zamanda o, ərizəsində qeyd etmişdir ki, “Müəssisədəki payın alqısatqı” müqaviləsinin xx.xx.2019-cu il tarixdə bağlandıqdan sonra İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2024-cü il tarixdə verildiyindən və müqavilənin bağlanılmasından 3 ildən artıq vaxt keçdiyindən hazırkı iddiaya münasibətdə iddia müddəti keçmişdir. Ona görə də, o, hesab edir ki, hazırkı iddia tələbi iddia müddəti keçdiyinə görə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq, cavabdeh ərizəsində İddiaçı ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payın ona satılmasına dair aralarında bağlanmış, 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də qeydə alınmış “Müəssisədəki payın alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia tələbindən imtina edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İş materiallarında olan internet portaldan çıxarışdan görünür ki, "xxxx" şadlıq sarayı 15 yanvar 2018-ci il tarixdə iddiaçı tərəfindən satışa çıxarılmış və ilkin satış qiyməti kimi 2.500.000 manat müəyyən edilmişdir.
6. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 15 may 2024-cü il tarixli 02-70/24 saylı hesabatdan görünür ki, ünvan 3 ünvanında yerləşən 2014.87 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (Mirana Palace şadlıq sarayı) 15 may 2024-cü il tarixinə bazar dəyəri 4.443.000 manat təşkil edir.
7. İş materiallarında olan 02 sentyabr 2019-cu il tarixli əlyazmadan görünür ki, Cavabdeh2ov Budaq oğlu yazılmış əlyazmada o, 950 ABŞ dollarının verildiyini, əvəzində Mirana firmasını və Şadlıq evini alqı-satqı etdiyini, məbləğ ödəniləndə Firmanın geri qaytarılacağını qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir.
8. İş materiallarında olan foto-şəkillərdən görünür ki, həmin foto-şəkillərdə Mirana şadlıq sarayının əvvəlki və mövcud vəziyyəti əks olunmuşdur.
9. İş materiallarında olan flash-kartdan məlum olur ki, həmin flash-kartda olan səs yazılarında cavabdeh tərəf faiz məbləğləri qaytarıldığı təqdirdə sözügedən Restoranın qaytarılacağını bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, təsisçisi olduğu "xxxx" Firması 2015-ci il tarixdən etibarən onun mülkiyyətində olmuşdur. "xxxx" Firmasına məxsus təxminən 4.500.000 manat dəyərində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında yerləşən "xxxx" Şadlıq Sarayı uzun müddətdir ki, qeyri-yaşayış obyekti kimi tərəfindən istifadə edilir. Həmin qeyri-yaşayış obyekti "xxxx" Firmasının sifarişinə əsasən inşa edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər bu faktı təsdiq edir. Belə ki, atası X1 İsrafil Budaq oğlundan Amil Həşimov və Babək Məhərrəmovun iştirakı ilə 900.000 ABŞ dolları məbləğində pulu aylıq əlavə 3 faiz ödəmək şərti ilə borc götürmüşdür. Lakin həmin məbləğ yalnız atasının şəxsi istifadəsi üçün deyil, həmçinin Amil Həşimov və Babək Məhərrəmova da faiz şəklində verilmişdir. Cavabdeh2 isə yalnız atasını tanıdığı üçün pulu ona verdiyini bildirmişdir. Lakin pulun faizə borc şəklində Amil Həşimov və Babək Məhərrəmova da verildiyini təsdiqləyən səs yazıları da mövcuddur. Həmin səs yazıları iddia ərizəsinə əlavə edilmişdir. Həmin borcun faizdən əlavə əsas borcdan 650.000 ABŞ dolları qaytarılmışdır. Lakin maddi çətinliklərlə üzləşdiyi üçün atası və digərləri yüksək məbləğdə faizi ödəsələr də, 250.000 ABŞ dolları pulun qaytarılması üçün Cavabdeh2 onlara vaxt verməsini xahiş etmişlər. Cavabdeh2 isə bunun müqabilində onun təsisçisi və rəhbəri olduğu "xxxx" Firmasının mülkiyyətindəki 4.500.000 manatlıq "xxxx" Şadlıq Sarayını girov qoymağı tələb etmişdir. X3 bu haqda məlumat verdikdən sonra əmlakın girov qoyulmasına razılaşmışdır. Lakin borclularla Cavabdeh2 arasında yazılı qaydada borc müqaviləsi olmadığı üçün sonuncu əmlakın girov qoyulduğunu təsdiq etmək məqsədi ilə formal şəkildə alqı-satqı müqaviləsi bağlanılmasını tələb etmişdir. Atası və o, borclu olduqları üçün onun irəli sürdüyü təkliflə razılaşmağa məcbur olmuşlar. Həmçinin cavabdeh, onları müqavilənin yalnız formal olaraq bağlandığına, qeyri-yaşayış sahəsinin istifadəsinə maneəçilik törətməyəcəyinə inandırmışdır. Buna görə də, aralarında formal şəkildə "xxxx" Firmasında ona məxsus olan 100% payın Cavabdeh2 satılması barədə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin hazırda Cavabdeh2 tərəfindən 250.000 ABŞ dolları borcun qarşılığında təxminən 4.500.000 manatlıq şadlıq sarayı qanunsuz olaraq zəbt edilmişdir. Həmin şəxs onu aldadaraq "xxxx" Şadlıq Sarayını mülkiyyətinə keçirmişdir. Şifahi razlaşma zamanı qeyri-yaşayış obyektinin yalnız girov olaraq alındığını, tərəfindən istifadə olunacağına heç bir maneə yaradılmayacağı bildirsə də, cavabdeh onları aldadaraq, alğı-satqı müqaviləsi bağlayaraq, əmlakı mülkiyyətinə keçirtmişdir. Cavabdeh2 hazırda formal olaraq bağlanmış alğı- satqı müqaviləsindən istifadə edərək, əmlaka qanunsuz sahibliyi həyata keçirir. "xxxx" Şadlıq Sarayının girov olaraq verildiyini, alğı-satqı müqaviləsinin formal xarakterli olduğunu, borcunun ödənilmədiyi təqdirdə əmlakı qaytarmayacağını təsdiqləyən səs yazıları mövcuddur. Bu hallar şahidlər X12, X17, X35, X36, X26, X20, X14, X37 tərəfindən də təsdiq oluna bilər. Məhkəmə zamanı qeyd etdiyi şəxslər şahid qismində ifadə verə bilərlər. Qeyd edilən hallar cavabdehlə aralarında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılmış danışıqlarda da öz əksini tapmış, həmin səs yazıları tərəfindən CD elektron daşıyıcısında iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, "xxxx" Firmasında ona məxsus 100% payın alqı-satqısına dair Cavabdeh2 ilə aralarında Bakı şəhəri 32 saylı notariat ofisində bağlanılmış 3M-775 nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 hər iki tərəflə münasibətinin yaxşı olduğunu bildirməklə yanaşı, şadlıq sarayında administrator işlədiyini, şadlıq sarayına 2021-ci ilin noyabr ayının 20-dən Cavabdeh2 oğlu Anarın nəzarət etməyə gəldiyini bildirmişdir. Eyni zamanda H.Səfərovun Cavabdeh2 faizə pul aldığını, qarşılığında şadlıq sarayını girov qoyduğunu, H.Səfərovun Cavabdeh2 950.000 ABŞ dolları borc aldığını bildirmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 bildirmişdir ki, 2014-cü ildə şadlıq sarayı H.Səfərova satılmışdır, Cavabdeh2 isə bir iki dəfə görmüşdür, sonradan İsrafil ona zəng edərək özünü təqdim etmiş, Hümbətin ona şadlıq sarayını girov qoyduğunu, faiz pul götürdüyünü və ödənişləri gecikdirdiyini bildirmiş, o, isə şadlıq sarayını onun işlətdiyini. Cavabdeh2 bir müddət sonra yenidən onunla əlaqə saxlayaraq, faizlərin şişməsini və şadlıq sarayının ona qalmasını istədiyini bildirmişdir. Eyni zamanda şahid H.Səfərov tərəfindən 650.000 ABŞ dolları ödəniş olduğunu bildirmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 “Elmed” kilinikasında kassir vəzifəsində işləməklə yanaşı, gündəlik hesabatların onun tərəfindən aparılmasını, ümumi kassanın Ənvər müəllimdə olduğunu bildirmişdir. İsrafil müəllim ondan Ənvər müəllimin iştirakı ilə faiz adı altında pul almış, dəfələrlə İsrafil müəllimə ödənişlər etdiyini, lakin tərəflər arasında payın alqı-satqısından məlumatının olmadığını bildirmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 iddiaçının atası Hümbət müəllimin bacısı oğlu olmasını bildirməklə yanaşı, hər ay H.Səfərovun göstərişi ilə kassadan Cavabdeh2 120-130.000 manat pul verdiyini, borcun 900-950.000 ABŞ dolları civarında olduğunu bildirmişdir. Anar Quliyev eyni zamanda restoranın satılmadığını, borc pul əvəzinə verildiyini, borc məbləği ödənildiyi təqdirdə restoranın qaytarılacağını bildirmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 hər iki tərəfi tanıdığını, H.Səfərov biznesmen olduğu üçün hər il İsrafildən faizə pul götürdüyün, sonuncu dəfə pulun qarşılığında girov şadlıq sarayını qoyduğunu bildirmişdir.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1784/2024 nömrəli 20 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddianın rədd edilməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144.2, 152.1, 269.1-269.11, 270.1, 307.1, 307.3-307.7, 337.1, 337.2, 337.3, 337.4, 347.1, 354.1, 354.2, 372.1, 372.2, 373.2-373.4, 375.1, 375.2, 377.2, 389.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti” üzrə 2004-cü il 12 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 89, 119.1-ci maddələrinə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı "xxxx" Firmasının nizamnamə kapitalının 100% sahibi olmaqla Firmanın tək təsisiçisi olmuşdur. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən “Mirana Palace”adlı şadlıq sarayı (qeyri-yaşayış sahəsi) "xxxx" Firmasının balansında olmaqla İddiaçı tərəfindən inşa edilmiş və onun tərəfindən də idarə olunmuşdur. Tərəflərin məhkəməyə bildirdiklərindən həmçinin məlum olur ki, İddiaçı X3 və Cavabdeh2 arasında borc (sələmlə, faizlə verilən borc) münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçının atası Hümbət Səfərov, Amil Həşimov və Babək Məhərrəmova borc pul lazım olmuş və bu səbəbdən Hümbət Səfərov Cavabdeh2 borc istəmişdir. X25 tanıdığı üçün borcu ona verəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh2 Amil Həşimov və Babək Məhərrəmovun iştirakı ilə iddiaçının atası Hümbət Səfərova 900.000 ABŞ dolları məbləğində pulu aylıq 3 faiz ödəmək şərti ilə sələmlə borc vermişdir. Bir daha qeyd edirik ki, cavabdehin Hümbət Səfərova verdiyi həmin borc sonuncu ilə yanaşı, həm də Amil Həşimov və Babək Məhərrəmova aid olmuşdur. Qeyd olunan bu faktın, yəni Cavabdeh2 faizə iddiaçının atası Hümbət Səfərova faizə borc verməsi, həmin borcun eyni zamanda Amil Həşimov və Babək Məhərrəmovada aid olması məhkəməyə təqdim olunmuş səs yazıları ilə tam təsdiq olunur (iş materiallarına əlavə olunmuşdur). Cavabdeh2 alınmış 900.000 ABŞ dolları məbləğində borcun 650.000 ABŞ dolları hissəsi (faizdən əlavə) Cavabdeh2 qaytarılmışdır. Lakin maddi çətinliklərlə üzləşdiyi üçün atası və digərləri, yəni Amil Həşimov və Babək Məhərrəmov yüksək məbləğdə faizi ödəsələr də, 250.000 ABŞ dolları pulun qaytarılması üçün Cavabdeh2 möhlət istəmişlər. Cavabdeh2 isə bunun müqabilində iddiaçının təsisçisi və rəhbəri olduğu "xxxx" Firmasının balansında olan 4.500.000 manat dəyərində "xxxx" şadlıq sarayını girov qoymağı tələb etmişdir. İddiaçının atası Hümbət Səfərov bu haqda məlumat verdikdən sonra iddiaçı əmlakın girov qoyulmasına razılaşmışdır. Lakin borclularla Cavabdeh2 arasında yazılı qaydada borc müqaviləsi olmadığı üçün sonuncu əmlakın girov qoyulduğunu təsdiq etmək məqsədi ilə formal şəkildə alqı-satqı müqaviləsi bağlanılmasını təklif etmiş, həmin müqavilənin formal, heç bir hüquqi nəticə doğurmayacağını, borc qaytarıldıqdan sonra girov əmlakın da iddiaçıya qaytarılacağını bildirmişdir. Cavabdeh, İddiaçı və onun atası Hümbət Səfərovu müqavilənin yalnız formal olaraq bağlandığına, şadlıq sarayının istifadəsinə maneəçilik törətməyəcəyinə inandırmağa nail olmuşdur. İddiaçının atası Hümbət Səfərov borclu olduğu üçün, habelə Hümbətlə İsrafilin uzun müddət bir-birlərini tanıdıqları və aralarında normal münasibətlər olduğu üçün iddiaçı cavabdehə inanmış və onun irəli sürdüyü bu təkliflə razılaşmağa məcbur olmuşdur. Buna görə də, "xxxx" Firmasında ona məxsus olan 100% payın Cavabdeh2 satılması barədə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli formal alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən alqı-satqı müqaviləsi formal olaraq bağlandıqdan sonra "xxxx" şadlıq sarayı, əvvəlki dövrlərdə olduğu kimi İddiaçı sahiblik və istifadəsində qalmış, həmin obyekt İddiaçı tərəfindən idarə olunmuş, o cümlədən işçilərin işə qəbulu, işdən çıxarılması, əmək haqqının verilməsi və sair hərəkətlər İddiaçı tərəfindən həyata keçirilmiş, obyektdən gələn gəliri də İddiaçı götürmüşdür. Qeyd olunan bu faktlar, hazırki iş üzrə şahidlərin ifadələri, habelə rəsmi sənədlərlə təsdiq olunur. Belə ki, iş üzrə dindirilmiş "xxxx" şadlıq sarayında administrator işləyən X35 ifadəsində bildirmişdir ki, şadlıq sarayına 2021-ci ilin noyabr ayının 20-dən sonra Cavabdeh2 oğlu Anar nəzarətə etməyə başlamışdır. Şahid həmçinin göstərmişdir ki, X31 Cəbrayılovdan faizə 950.000 ABŞ dolları borc almış, qarşılığında isə şadlıq sarayını girov qoymuşdur. İş üzrə şahid qismində dindirilmiş "xxxx" şadlıq sarayının əvvəlki sahibi X37 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 təşəbbüsü ilə onunla iki dəfə telefon vasitəsilə danışmış, sonuncu ona Hümbətin ondan faizə borc götürdüyünü, müqabilində isə şadlıq sarayını girov qoyduğunu, Hümbətin borcun 650.000 ABŞ dolları hissəsini ödədiyini, ödənilməmiş qalan məbləğə hesablanmış faizlərinı şişməsini, bunu üçün şadlıq sarayının ona qalması istəyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X10 və X17 ifadələrində Hümbət Səfərovun əsas və faiz borcundan hər ay Cavabdeh2 hər ay pul vəsaitləri ödədiklərini, şadlıq sarayının isə satılmadığını, borc əvəzinə girov qoyulduğunu göstərmişlər. Bunlardan başqa, "xxxx" şadlıq sarayına dair iş üzrə tərəflər arasında formal alqı-satqı müqaviləsi bağlandığı gün, yəni 02 sentyabr 2019-cu il tarixdə Cavabdeh2 öz xətti ilə yazdığı əlyazmada 950 (texnik səhv olaraq əsas borcun məbləğini tam göstərməmişdir, əslində 950.000) ABŞ dollarının verildiyini, əvəzində Mirana firmasını və Şadlıq evini alqı-satqı etdiyini, məbləğ ödəniləndə Firmanın geri qaytarılacağını göstərmişdir. Sözügedən əlyazma Cavabdeh2 tərəfindən imzalanmışdır. Bundan əlavə iddiaçı Elvin İsrafilov tərəfindən “faiz məbləğləri qaytarıldığı təqdirdə sözügedən Restoranın qaytarılacağını” əks etdirən Cavabdeh2 səsyazısı məhkəməyə təqdim olunmuşdur. Belə ki, 44 saniyəlik Cavabdeh2 səs yazısında deyilir: “Gecən xeyrə, indicə Hümbət zəng eləmişdi, güya mən sizə demişəm ki, o pullar heç biri faiz zad hesablanmır. Mən keçən illəri mart ayında Hümbətlə Babəki çağırıb demişəm sizə iki ay vaxt verilir ki, faiz hesablanması pulları qaytarın camaatın pulun verin. Bizdə bilirik pandemiyadı. O da Hümbət yalvarıb yaxarıb ki, 2 ay olmasın 3 ay olsun. Mən də 3 ay danışmışam. Ondan sonra danışıq olmayıb. Tak şto bu 3 aydan sonra bütün faizlər verilməlidir. Hümbəti tanıyıram. Hümbətin girovu var məndə. Əgər o pullar qəpiyinə kimi stolun üstünə qoyulmasa sənin girovun qaytarılmayacaq. Bundan əlavə 10 saniyəlik Cavabdeh2 səs yazısında deyilir: “Ay qardaş sən bu neçə ayda 3%-dən vermirsən 2,5 %-dən verirsən. Bu bir. İkincisi mən sənə dedim Babəkə denən ki, pulunu versin qaytarsın da. İki aylıq alıb, budu neçə aydı saxlayıb” Göründüyü kimi, Cavabdeh2 özünün göndərdiyi səsli mesajında faiz verdiyi borcun qaytarılmasının təminatı kimi Hümbətə (iddiaçının atası) aid girovu saxladığını etiraf etmişdir. Bunlardan başqa, "xxxx" Firmasına (balansında olan “Mirana Palace” şadlıq sarayı) dair xx.xx.2019-cu il tarixdə formal olaraq alqı-satqı müqaviləsi bağlandıqdan sonra, həmin obyektlə bağlı dövlət orqanları ilə bütün yazışmalar da İddiaçı tərəfindən həyata keçirilmişdir. Belə ki, Rayon Məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X32 Xidmətinin "xxxx" Firmasının direktoru İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli xx/xx-01348 saylı məktubunda bildirilir ki, : Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli təkrar müraciətinizə baxılmışdır. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 3B-də inşa olunmuş bir ədəd zirzəmili (avtodayanacaq), iki mərtəbəli restoran binasının “Yanğın təhlükəsizliyinə cavabverməsi haqqında akt” Sizə göndərilir. Bundan əlavə, İddiaçı tərəfindən "xxxx" Firmasının balansında olan iaşə obyektinin (“Mirana Palace” şadlıq sarayı) istismarına dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X19 xx.xx.2020-ci il tarixli, 1070 №-li texniki müayinə rəyi alınmışdır. Həmçinin İddiaçı müraciəti əsasında Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən iaşə obyektinin istismarına xx.xx.2020-ci il tarixdə 04 №-li icazə alınmışdır. Göründüyü kimi, İddiaçı “ Mirana Palace” iaşə obyektinin özəlləşdirilməsi ilə bağlı qanunvericiliyin tələb etdiyi hərəkətləri etməyə başlamış, müvafiq sənədləri toplamışdır. Həmin sənədlərin tarixlərinə diqqət yetirsək isə müəyyən edərik ki, İddiaçı dövlət orqanlarına müraciətləri və həmin müraciətlər əsasında verilmiş sənədlər (rəylər, icazələr və s.) xx.xx.2019-cu il tarixdən sonra, yəni alqı-satqı müqaviləsi bağlandıqdan sonra edilmişdir. Göründüyü kimi, İddiaçı "xxxx" Firmasının balansında olan iaşə obyektinin (Mirana Palace” şadlıq sarayı) Cavabdeh2 satmaq niyyəti olmamışdır. Belə bir niyyəti olan şəxs həmin əmlakın özəlləşdirilməsi ilə bağlı nə vaxtını, nə də vəsaitini sərf edərdi. Göründüyü kimi, İddiaçı, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin formal əqd olduğunu, əslində həmin əqdin girov müqaviləsini pərdələdiyini, yəni müqavilənin bağlandığı andan əhəmiyyətsiz əqd olduğunu təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Lakin işə baxan Rayon Məhkəməsi, bu sübutların heç birinə əhəmiyyət verməmiş, iddiaçı tərəfin sübutlarına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən tam, hərətərfli və obyektiv araşdırma aparımamışdır. Rayon Məhkəməsi, Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə istinad edərək, mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, tərəflər arasında borc münasibətlərinə dair yazılı borc müqaviləsinin olduğunu və “Mirana Palace” şadlıq sarayının həmin borcun təminatı kimi girov qoyulduğunu, alqı-satqı müqaviləsinin əslində girov müqaviləsi olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hesab edirik ki, Rayon Məhkəməsinin bu mövqeyi səhvdir. Belə ki, istər iş üzrə tərəflərin, istərsə də şahid qismində dindirilmiş şəxslərin məhkəməyə verdikləri məlumatlara əsasən işin mübahisə doğurmayan halı ilə müəyyən edilir ki, Cavabdeh2 əvvəllər də İddiaçı atası Hümbət Səfərova böyük məbləğlərdə faizlə borc vermiş, sonradan həmin borc qaytarılmışdır. Lakin həmin borc münasibətləri heç vaxt rəsmiləşdirilməmiş, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Başqa sözlə, borcun verilməsi və onun qaytarılması ilə bağlı iddiaçının atası Hümbət Səfərov və Cavabdeh2 arasında inamlı münasibətlər olmuşdur. Cavabdeh2 sonuncu dəfə iddiaçının atası Hümbət Səfərova 950.000 ABŞ dolları borc verərkən, aralarında olan etibar və inama əsaslanmış, tərəflər əvvəlki illərdə olduğu kimi, borc müqaviləsinin yazılı formasına əməl etməmişlər. Lakin Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamış, tərəflər arasında mövcud mübahisənin həllinə formal yanaşmış, X22 Cəbrayılova 950.000 ABŞ dolları məbləğində borcun verilməsini yalnız yazılı müqavilə ilə sübuta yetirilməli olduğunu bildirmişdir. Məhkəmə həmçinin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olmadığını, əksinə həmin müqavilənin qanunvericiliyin tələblərinə əməl olunmaqla bağlandığını və müqavilənin etibarsız olmasının sübuta yetirilmədiyini bildirərək, iddianı əsassız hesab etmişdir. Halbuki, iddiaçı tərəfindən öz iddiasının əsasını təşkil edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim olunmuşdur. Lakin Rayon Məhkəməsi həmin sübutları, o cümlədən ”Mirana” Firması və şadlıq sarayının borcun təminatı olaraq girov qoyulması, borc qaytarılandan sonra həmin əmlakları da qaytaracağı barədə Cavabdeh2 yazaraq imzaladığı xx.xx.2019cu il tarixli sənədi (qəbzi) nəzərə almamış, həmin sənədin sübut kimi qəbul etməməsinin səbəblərini, həmin sənəddəki imzanın və xəttin Cavabdeh2 aid olub-olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-xətşünaslıq ekpertizası təyin etməmiş, ümumiyyətlə bu sənədə hər hansı münasibət bildirməmiş, yalnız qətnamədə belə bir sənədin mövcud olduğunu göstərmişdir. Bundan başqa, Rayon Məhkəməsinin nəzərə almadığı digər sübut – iddiaçı tərəfin təqdim etdiyi fləş kartdır. Həmin fləş kartda "xxxx" şadlıq sarayının borcun təminatı kimi girov qoyulması barədə cavabdeh İsrafil İsrafilovun səs yazısı əks olunmuşdur. Rayon Məhkəməsi bu sübutla bağlı da araşdırma aparmamış, səsin Cavabdeh2 aid olub-olmamasını müəyyənləşdirmək üçün məhəkəmə fonoskopik ekspertizası təyin etməmişdir. Bildiririk ki, yuxarıda sadalanan hər iki sübut "xxxx" şadlıq sarayının balansında olduğu eyni adlı Firmanın iddiaçı tərəfindən atası Hamlet Səfərovun Cavabdeh2 olan borcunun təminatı olaraq girov qoyulduğunu bilavasitə təsdiq edən mötəbər sübutlardır. İş üzrə tərəflərin təqdim etdikləri bütün sübutlara hüquqi qiymət vermək, hansı sübutu qəbul, hansını isə rədd etməyi əsaslandırmaq Mülki Prosessual Məcəllə ilə birinci instansiyası məhkəməsinin üzərinə qoyduğu vəzifələrdən biridir. İddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verməməklə Rayon Məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə görünür ki, bu sübutları qiymətləndirmək Rayon Məhkəməsinin marağında olmamış, onun məqsədlərinə uyğun gəlməmişdir. Bunlardan başqa, qeyd edirik ki, xx.xx.2019-cu il tarixli müqavilə bağlanmazdan əvvəl qismində çıxış edən Cavabdeh2 tərəfindən "xxxx" Firmasının sənədləri ilə, balansında hansı əmlakların olması ilə tanış olmamış, “Milana şadlıq sarayına real olaraq baxmamış, onun şəraiti və digər halları ilə maraqlanmamışdır. Bunun əksini təsdiq edən hər hansı sübut Cavabdeh2 tərəfindən məhkəməyə təqlim olunmamışdır. Hesab edirik ki, alıcı tərəfindən müqavilə bağlanmazdan əvvəl şadlıq sarayına real olaraq baxılmaması, alıcının əldə edəcəyi obyektlə maraqlanmaması özlüyündə müqavilənin formal olaraq bağlandığını təsdiq edir. Müqavilə bağlanarkən alqısatqı müqaviləsində əmlakın dəyəri 10 manat göstərilmişdir. Cavabdeh2 bildirdiklərinə görə, o “Mirana Palace” şadlıq sarayını İddiaçı 950.000 ABŞ dollarına (1.620.000 manat) almışdır. Mülki iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-xü il tarixli, 02-70/24 №li hesabatı ilə isə ünvan 5 ünvanında yerləşən 2014.87 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış sahəsinin “Mirana Palace şadlıq sarayı) bazar dəyəri 4.443.000 manat müəyyən edilmişdir. Hesab edirik ki, 5 il ərzində əmlakın bazar dəyərində üç dəfəyə qədər böyük fərqin yaranması ağlabatan deyil və əmlakın dəyərinin müqavilədə üç dəfəyə qədər aşağı göstərilməsi alqı-satqı müqaviləsinin formallığını sübuta yetirən hallardan biri kimi qiymətləndirilməlidir. Lakin Rayon Məhkəməsi, müzakirə olunan hissədə qeyd olunan hala qiymət verərək, bildirmişdir ki, müqavilədə alqı-satqı predmetinin dəyərinin onun real bazar dəyərindən aşağı göstərilməsi, müqavilənin etiabrsızlığına dəlalət etmir. Hesab edir ki, bu cür yanaşma əsassızdır. Çünki, Cavabdeh2 özünün bildirdiyinə görə, iddiaçının atası Hümbət Səfərova böyük məbləğdə pul (950.000 ABŞ dolları) lazım imiş və bu məqsədlə o, cavabdehə müraciət etmişdir. Lakin cavabdehdə həmin məbləğdə pul olmadığına görə o, Hümbətə borc verməkdən imtina etmişdir. Elə həmin vaxt Hümbət "xxxx" şadlıq sarayını güya satmaq istədiyini cavabdehə bildirmiş, o isə həmin əmlakı almaq qərarına gəlmişdir. Göründüyü kimi, iddiaçının atası Hümbət Səfərovun (dostları ilə birlikdə) sahibkarlıq fəaliyyəti ilə bağlı pula ehtiyacı yaranmışdır. Belə olan vəziyyətdə 4.000.000 manatdan artıq dəyəri olan əmlakın 3 dəfə aşağı qiymətə satılması uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şəxs üçün ağlabatan deyil. Bunlardan başqa, bildiririk ki, Cavabdeh2 bildirdiklərinə görə, müqavilə imzalandıqdan sonra o, Hümbətlə 1-ci mikrorayonda yerləşən ofisin qarşısında görüşərək, güya Hümbətə və oğlu Elvinə 950.000 ABŞ dolları pulu vermişdir. Göründüyü kimi, müzakirə olan hal da onu təsdiq edir ki, "xxxx" Firmasına dair xx.xx.2019-cu il tarixli müqavilədə göstərildiyi kimi Firmanın dəyəri nə iddiaçıya, nə də onun atasına ödənilməmişdir. Çünki, əgər tərəflər həqiqətən də Firmaya dair real alqı-satqı müqaviləsi bağlamaq qərarına gəlmişlərsə, o halda əmlakın dəyərinin də elə Notariat Kontorunda notariusun iştirakı ilə, kamera qarşısında bilavasitə və ya notariusun depozit hesabı vasitəsilə ödənilməsi tələb olunurdu. Lakin Cavabdeh2 həmin vəsaiti Notariat Kontorunda deyil, Kontordan çıxdıqdan sonra kənar bir yerdə, heç kim tərəfindən təsdiq oluna bilməyən bir şəraitdə güya Elvin və onun atası Hümbətə verməsi həqiqətə uyğun deyil. Müzakirə olunan hissədə Cavabdeh2 bildirdikləri yalandır və hər hansı mötəbər sübutla təsdiq olunmur. Beləliklə də müəyyən olunur ki, İddiaçı və Cavabdeh2 arasında "xxxx" Firmasına dair xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi bağlanarkən İddiaçı həmin müqaviləni bağlamağa real iradə ifadəsi olmamışdır. Belə ki, qeyd edilən müqavilə bağlanarkən İddiaçı müqavilənin formal xarakter daşıdığını zənn etmiş, müqavilənin atası Hümbət Səfərovun cavabdehə olan borc öhdəliklərinə görə başqa əqdi pərdələmək məqsədilə bağlandığını hesab etmişdir. Belə ki, iddiaçının həqiqi mənada əmlakını satmaq niyyəti olmamışdır. Qeyd edilən hal birinci instansiya məhkəməsində iclasda verilmiş şahid ifadələri, həmçinin iş materiallarına əlavə edilmiş cavabdehin əlyazması və səs yazısı olan fləş kartla da təsdiqini tapmışdır. Göründüyü kimi mübahisələndirilən müqavilə aldatma yolu ilə bağlandığı və görünüş xarakterli olduğu üçün iddiaçının həmin predmeti satmaq arzusu və iradəsinin olması istisna edilir. Nəzərə alınmalıdır ki, hüquq sistemi, əqdlərdə qurucu ünsürlərlə yanaşı digər bəzi ünsürlərin də mövcud olmasını nəzərdə tuta bilər. Bu ünsürlər, əqdin bağlanmasını deyil, bağlanmış əqdin hüquqi nəticə doğurmasını təmin edir. Bu mənada həmin (tamamlayıcı) ünsürlər əqdin qurucu ünsürü kimi çıxış etmir; sadəcə olaraq, bağlanmış əqdin arzulanan hüquqi nəticəni meydana gətirməsi əqdin məhz bu ünsür vasitəsilə tamamlanmasından asılıdır. Müqavilə baxımından isə qurucu ünsür olan iradə ifadəsi ümumiyyətlə mövcud olmamış, dolayısıyla da həmin əqd əslində bağlanmamışdır. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdə verilmiş anlayışa (“Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir”) əsasən, əqdin əmələ gəlməsinin (bağlanmasının) 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır və qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyildir (bağlanmamışdır); əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqavilənini bağlanması üçün İddiaçı iradə ifadəsi mövcud olmamışdır, həmin əqd bağlandığı andan əhəmiyyətsizdir. Lakin işə baxan Rayon Məhkəməsi işin göstərilən hallarını nəzərə almamış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etməmiş, işi birtərəfli araşdırmış, iş üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə kəsiçi müddət İddiaçı tərəfindən ötürülmüşdür. Hesab edirik ki, Rayon Məhkəməsinin bu mövqeyi də səhvdir. Belə ki, əqdin mövcud olmaması və etibarsızlığının fərqləndirilməsinin praktiki əhəmiyyəti vardır; əvvəla, etibarlılıq və ya etibarsızlıq müqavilə (əqd) bağlandıqdan sonra müzakirə predmeti ola bilər; ikincisi isə, mübahisə edilən əqdin etibarsız sayılması və ya əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqinə dair iddianın irəli sürülməsi üçün müddət nəzərdə tutulduğu halda, mövcud olmayan əqd baxımından hər hansı müddətin mövcudluğundan söhbət gedə bilməz. Bundan başqa, İddiaçı xx.xx.2019cu il tarixdə alqı-satqı müqaviləsini bağlamış olsa da, müqavilənin formal xarakter daşımadığını, 2022-ci ilin yanvar ayında, cavabdeh Şadlıq sarayına gələrək, oranın artıq onun tərəfindən idarə olunmasını şadlıq sarayının işçilərinə bəyan etdikdən sonra bilmişdir. Bundan sonra iddiaçı və Cavabdeh2 arasında yaranmış mübahisə ilə bağlı Hümbət Səfərov, İddiaçı Polis İdarəsinə şikayət ərizələri ilə müraciət etmişlər. Xətai Rayon Polis İdarəsində araşdırma aparılmış, daha sonra isə iddiaçı iddia ərizəsi ilə 2023-cü ilin may ayında Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Daha sonra İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məcəllənin 384.0.4-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Qeyd olunanlara əsasən hesab edirik ki, mübahisəli əmlak – "xxxx" Firması (və Firmanın balansındaolan “Mirana Palace” şadlıq sarayı) İddiaçı mülkiyyətində olduğundan, eyni zamanda iddiaçı öz mülkiyyət hüququnun pozulduğunu bildiyi an dərhal səlahiyyətli dövlət orqanlarına, o cümlədən məhkəməyə müraciət etdiyindən, Rayon məhkəməsi əsassız olaraq hazırki mübahisəyə kəsiçi müddəti tətbiq etmişdir. Hesab edirik ki, Rayon Məhkəməsinin həmin mövqeyi əsassızdır və qanunvericiliyin tələblərinə ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi və vəkili tərəfindən etiraz təqdim edilmişdir.
21. Etiraz onunla əsaslandırılmışdır ki, X15 faktiki sahibliyində olan "xxxx" şadlıq sarayını xx.xx.2018-ci il tarixdə internet portalında və digər resurslarda 2.500.000 manata satışa çıxarsa da, satışına nail ola bilməmiş, 02 sentyabr 2019-cu il tarixdə həmyerlisi və yaxın tanışı Cavabdeh2 ilə əvvəlcədən danışıb razılaşdıqları kimi ünvan 6 ünvanda yerləşən "xxxx" firmasını və eyni adlı şadlıq evini həmin dövrün AZN kursu ilə 1 620 000 ( bir milyon altı yüz iyirmi min) manat təşkil edən 950.000 (doqquz yüz əlli min) ABŞ dollara ona satmışdır. Bununla bağlı 02 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovun oğlu və "xxxx" firmasının təsisçisi İddiaçı ilə ona məxsus "xxxx" firmasının nizamnamə kapitalındakı 100 % payı Cavabdeh2 almasına dair Bakı şəhəri 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də «Müəssisədəki payın alqı-satqı» müqaviləsi qeydə alınmışdır. Təxminən 2021-ci ilin oktyabr-noyabr aylarından başlayaraq Hümbət Səfərov Cavabdeh2 tələb edir ki, "xxxx" şadlıq evini ucuz qiymətə satdığına görə ona əlavə 600 000 (altı yüz min) manat pul verməli, ya da ki, şadlıq evinin fəaliyyətindən əldə olunan gəlirin 50 %-i onlara çatmalıdır. Cavabdeh2 Hümbət Səfərovun təklifini rədd etdiyindən sonuncu və oğlu İddiaçı Binəqədi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib həqiqətə uyğun olmayan məlumatlar yayaraq bildirmişlər ki, guya onlar Cavabdeh2 faizə 900 000 (doqquz yüz min) ABŞ dolları pul götürərkən Cavabdeh2 tələbi əsasında İddiaçı məxsus şirkətin balansında olan "xxxx" şadlıq evini girov qoyaraq şirkəti rəsmi alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına keçirmiş, bundan sonra aldıqları həmin borcdan ümumilikdə Cavabdeh2 650 000 (altı yüz əlli min) ABŞ dollar pul qaytarmasına baxmayaraq Cavabdeh2 ona məxsus dəyəri 4 500 000 (dörd milyon beş yüz min) manat olan şadlıq sarayını dələduzluq niyyəti ilə ələ keçirmişdir. Hümbət Səfərov və oğlu İddiaçı yuxarıda qeyd olunan müraciətləri və Cavabdeh2 bir qrup şəxslə Hümbət Səfərovun "xxxx" şadlıq evinə basqın edərək onu öldürməklə təhdid etmələri ilə bağlı şikayət ərizələri əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Fərid Ağamirov tərəfindən 11 aprel 2022-ci il tarixdə toplanılmış material əsasında Cavabdeh2 və X6 əməlində cinayət tərkibi olmaması səbəbindən cinayət işinin başlanılmasının rədd edilməsi, mübahisənin mülki xarakter daşıdığından mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi barədə qərar çıxarılmışdır. Hümbət Səfərov və oğlu İddiaçı yuxarıda qeyd olunan müraciətləri, X15 və qeyriləri tərəfindən hədə-qorxu və zorakılığa məruz qalmasına dair Cavabdeh2 şikayət ərizələri əsasında toplanmış material üzrə Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı qarşı tərəfin məhkəmə nəzarəti qaydasında şikayəti əsasında Xətai rayon Məhkəməsi tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixdə ləğv edilib. qanunsuz hesab edilərək əlavə araşdırma üçün göndərilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Vlazim Musayev tərəfindən xx.xx.2022-ci il tarixdə, Xətai rayon prokurorluğunun müstəntiqi Aqil Əşrəfov tərəfindən 05 yanvar 2023-cü il tarixdə toplanmış material üzrə təkrarən yuxarıda qeyd olunan əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. X6 "xxxx" şadlıq evini Cavabdeh2 tərəfindən dələduzluq niyyəti ilə ələ keçirməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi əsasında da sonuncu həmin quruma da dəvət edilərək barəsində araşdırma aparılmışdır. Həmin qurumda aparılan araşdırmanın nəticəsinə dair məlumat verilməmişdir. Bununla bağlı iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X11 qarşı iddia ərizəsi əsasında Cəbrayıl rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(072)-381/2023 nömrəli qətnaməsi ilə «şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh2 barəsində yayılmış «dələduzdur...» ifadəsi həqiqətə uyğun olmayan, yalan məlumat hesab edilməsi, cavabdeh İddiaçı mənəvi ziyanın əvəzi olaraq 300 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Binəqədi rayon Məhkəməsində (hakim Pərviz Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı «müqavilənin etibarsız hesab edilməsi»nə dair iddiası üzrə işə baxılarkən iddiaçı tərəf mübahisələndirmək istədiyi Cavabdeh2 verdiyi 900.000 ABŞ dolları borc müqabilində "xxxx" şadlıq evinin formal alqı-satqı müqaviləsi adı altında girov götürməsi, həmin borcdan 650.000 ABŞ dollarının qaytarılması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmədə Bakı şəhəri 32 saylı Notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi qanuna uyğun həyata keçirildiyindən, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürdüyündən iddiaçı tərəfindən mübahisələndirilən əqdin etibarsızlığı ilə bağlı iddianın irəli sürülməsi vicdanlılıq prinsipinə zidd hesab edilməklə iddia tələbi təmin edilməmişdir. Yuxarıda bütün qeyd olunanlara rəğmən Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1 -ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 307.7-ci maddəsinə görə isə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə görə isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəyə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından da görünür ki, İddiaçı müraciətləri əsasında hüquq-mühafizə orqanlarında və məhkəmələrdə aparılan uzun müddətli araşdırmalardan sonra arzuladığı nəticəni əldə edə bilmədikdən sonra Cavabdeh2 ilə aralarında Bakı şəhəri 32 saylı Notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış 3M-775 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə 17 yanvar 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1n nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki qeyd edilən Cavabdeh1n nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 144-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
26. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
28. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
29. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.
30. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
31. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
32. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.
33. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.
34. 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin.
35. 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir.
36. 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.
37. 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır.
38. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
39. 307.1. “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir.
40. 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir.
41. 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir.
42. 307.5. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
43. 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.
44. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
45. 347.1-ci maddəyə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
46. 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
47. 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
48. 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
49. 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
50. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
51. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
59. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1784/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.
62. Kollegiya hesab edir ki, ilk növbədə iddianın hüquqi əsasını təşkil edən xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarlılığı məsələsinə münasibət bildirmək zəruridir.
63. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
64. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
65. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.
66. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.
67. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.
68. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən suiistifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
69. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
70. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
71. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
72. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
73. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
74. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
75. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
76. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.
77. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
78. Göründüyü kimi, daşınmaz əmlaka sərəncam (alqı-satqı, icarə, bağışlama, dəyişdirmə, ipoteka, renta və s.) verilməsinə dair müqavilələrin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunmalıdır ki, notarial formaya riayət edilməsi müqavilələrin etibarlılığını təmin edir, tərəflərin onun məzmunu barəsində qarşılıqlı razılaşmalarını aydınlaşdırır, dəqiqləşdirir və müqavilənin bağlanması faktını təsdiq edir.
79. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
80. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri).
81. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
82. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
83. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
84. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).
85. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).
86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
87. Mülki işdə olan sübutlardan və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı "xxxx" Firmasında ona məxsus olan 100% payın Cavabdeh2 satılması barədə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
88. İşin halları ilə müəyyən edilir ki, 02 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 bağlanmış alqı-satqı müqaviləsinin bağlanması qanuna uyğun həyata keçirilmiş, notarial qaydada bağlanmış alqı-satqı əqdi imzalanan zaman yol verilən qüsurların mövcudluğu, həmçinin həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyən edilməmişdir.
89. Belə ki, Cavabdeh2 qeyd etmişdir ki, 02 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovla əvvəlcədən danışıb razılaşdıqları kimi Bakı şəhəri Xətai rayonu, ünvan 2 ünvanda yerləşən "xxxx" firmasını və eyni adlı şadlıq evini 1.620.000 (bir milyon altı yüz iyirmi min) manata almışdır. 02 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovun oğlu və "xxxx" Firmasının təsisçisi İddiaçı ilə ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payı Bakı şəhəri 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də qeydə alınmış “Müəssisədəki payın alqı-satqı” müqaviləsi əsasında almışdır və həmin məbləği İddiaçı ödəmişdir.
90. İddiaçı həmin müqavilənin X3nun Cavabdeh2 900.000 ABŞ dolları məbləğində pulun aylıq əlavə 3 faiz ödəmək şərti ilə götürdüyü borcun təminatı olaraq bağlanmasını iddia etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda mülki qanunvericiliyin imperativ tələbinə görə borc müqaviləsinin yazılı formada bağlanılması şərti mövcud olduğu halda iddiaçı X3nun Cavabdeh2 900.000 ABŞ dolları məbləğində borcun alınmasını təsdiqləyən borc müqaviləsi məhkəməyə təqdim edilməmişdir.
91. Bununla yanaşı mülki qanunvericiliyin imperativ tələbinə görə daşınmaz əmlakla bağlı ipoteka müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınması şərti mövcud olduğu halda iddiaçı X3nun Cavabdeh2 900.000 ABŞ dolları məbləğində borcun təminatı olaraq "xxxx" Firmasının mülkiyyətindəki "xxxx" Şadlıq Sarayını ipotekaya qoyulmasını təsdiq edən ipoteka müqaviləsi məhkəməyə təqdim edilməmişdir.
92. Həmçinin tərəflərin izahatlarından müəyyən edilmişdir ki, "xxxx" Firmasının mülkiyyətindəki "xxxx" Şadlıq Sarayının əldə edilməsi üçün Cavabdeh2 tərəfindən 950.000 ABŞ dolları (1.620.000 manat) İddiaçı verilmişdir.
93. Birinci instansiya məhkəməsində İddiaçı həmin məbləğin cavabdehdən alınmasını etiraf etsə də, həmin məbləğin borc olaraq alındığını, aralarında olan razılaşmaya əsasən o, İsrafilə olan borcunu bağlayıb qurtarandan sonra şadlıq evini özünə qaytarılacağını bildirsə də, borc məbləğindən 650000 ABŞ dolların qaytarıldığını bildirmiş, lakin bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
94. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məxsus olduğu Firmanın balansında olan qeyri-yaşayış sahəsinin ipoteka təminatı olaraq cavabdehə verilməsi üçün mübahisələndirilən müqavilənin bağlanmasına əsaslansa da, həmin qeyri-yaşayış sahəsinə görə cavabdehdən aldığı məbləğin geri qaytarılmasını sübut edə bilməmişdir. Belə ki, iddiaçı bu dəlili sübut etmək üçün məhkəməyə şahidlər təqdim etsə də, birinci instansiya məhkəmə haqlı olaraq hesab etmişdir ki, sübut ediləcək halın təsdiqi üçün şahid ifadələrini mötəbər və mümkün sübut qismində qəbul edilməsini yol verilməzdir.
95. İddiaçının qeyri-yaşayış sahəsinin faktiki dəyərinin daha yüksək olması ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, real bazar qiyməti ilə satış qiyməti arasında fərq müəyyən edilmiş olsa belə həmin hal müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarının mövqeyindən görünür ki, «Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır.» Həmin qərarda məhkəmə vurğulamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).
96. Kollegiya iddiaçının qeyri-yaşayış sahəsinin faktiki dəyərinin daha yüksək olması ilə bağlı dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 15 may 2024-cü il tarixli 02-70/24 saylı hesabatla müəyyən edilən bazar dəyəri 2024-cü il üçün müəyyən edilmiş qiymətdir. Halbuki, işin mübahisələndirilməyən halından görünür ki, "xxxx" şadlıq sarayı 15 yanvar 2018-ci il tarixdə iddiaçı tərəfindən satışa çıxarılmış və ilkin satış qiyməti kimi 2.500.000 manat müəyyən edilmişdir.
97. Göründüyü kimi, iddiaçı tərəfindən qeyri yaşayış sahəsi 2.500.000 manata ilkin satışa çıxarışmış olsa da uzun müddətə əmlak həmin qiymətə satılmamış və bundan sonra iddiaçı əmlakı cavabdehə təklif etmiş və əmlakın satışa çıxarılması ilə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlandığı zaman dövrüdə əmlakın qiyməti arasında böyük fərq olmamışdır.
98. Birinci instansiya məhkəməsi qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, haqlı olaraq hesab etmişdir ki, iddiaçı iddiasının hüquqi əsası kimi istinad etdiyi hallara dair qanunda nəzərdə tutulmuş sübutları (borc müqaviləsi, ipoteka müqaviləsi) məhkəməyə təqdim etmədiyindən, həmçinin mübahisələndirdiyi əqdin etibarsızlığına əsas ola biləcək halların mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz.
99. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə dair yanaşmanı qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən əqdlərə dair müəyyən edilmiş müddətin kəsici müddət olmasını nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər kəsici müddətlər olduğundan müddətin tətbiqi üçün ayrıca ərizə verilməsinə lüzum yoxdur. Buna baxmayaraq kollegiya bu halı faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir.
100. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337- ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
101. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında mübahisələndirilən müqavilə Bakı şəhəri 32 saylı notariat ofisində 02 sentyabr 2019-cu il tarixdə bağlanmış, iddiaçı həmin müqavilənin etibarsızlığı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə 17 yanvar 2024-cü il tarixdə müraciət etmişdir.
102. Yuxarıda qeyd edilmiş Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
103. Beləliklə, 02 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 bağlanmış alqı-satqı müqaviləsinin bağlanması qanuna uyğun həyata keçirilmiş, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyən edilməmişdir. Digər tərəfdən, iddiaçının iddia etdiyi kimi ipoteka əqdini pərdələmək məqsədi ilə alqı-satqının bağlanması da müəyyən edilməmişdir. Halbuki, bu pərdələnmənin baş verdiyi (müəyyən edildiyi) təqdirdə belə (borc və ipoteka münasibətlərinin müəyyən etdiyi normaların tətbiq edilməsi müstəvisində) əqdin etibarsızlığına əsas olmuş hallar müəyyən edilmir. Belə ki, hər iki tərəfin razılığı ilə bağlanmış əqdlərdə razılıq müəyyən edilirsə, bu əqdə dair müddəalar tətbiq edilməlidir. Bu mənada əqdlərin etibarsızlığına dair qanunla müəyyən edilmiş müddətlər də ötürülmüş və əqdin notariusda imzalanan zaman hüquqlarından xəbərdar olmalı olan iddiaçının mücərrəd və ziddiyətli dəlilləri müddətin ötürülməməsinə də əsas yaratmır. Ona görə iddiaçının iddiası əsassızdır və qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürülməklə verilmişdir. Belə ki, əks edilən dəlillərin etibarsızlığa aid edilməsi şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi və arzuladığı əqdin məzmunu barəsində səhv etdiyini, yəni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi - belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilməsi barədə mülki qanunvericiliyinin dispozitiv şərtlərini ehtiva edir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış hesab edilməsi iddia edilən 02 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilməsi mümkün olduğu halda, iddia məhkəməyə 17 yanvar 2024-cü il tarixdə verilmişdir.
104. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
105. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
106. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
107. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
108. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1784/2024 nömrəli 20 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.