Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4374/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş (Açar sözlər: «subroqasiya qaydasında pul tələbi, avtomobilin qanuni əsas olmadan idarə edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh1, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1450/2025 saylı, 17 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1066/2024 №-li qərarına əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
2. Yol-nəqliyyat hadisəsi “BMW 528İ minik” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh2 tərəfindən törədilmişdir, həmin avtomobilin mülkiyyətçisi isə Cavabdeh1dur.
3. Cavabdeh1 mülkiyyətində olan avtomobili avtomobil yuma məntəqəsinə yuyulması üçün vermişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 4732,19 manat zərər əvəzi və 67 manat dövlət rüsumuna görə xərcin əvəzi alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
5. İddiada göstərilib ki, xx.xx.2023-cü il tarixində, saat 06:00 radələrində Bakı şəhəri, K.Səfərəliyeva küçəsində Cavabdeh1 məxsus və tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “BMW 528İ minik” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Hyundai Grandeur” markalı, **-GP-***, “X1” markalı, 90- DD-766 və “Mercedes Benz markalı” 09**-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsi tərəfindən qəbul edilmiş 3(003)-1066/2024 №-li qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “Hyundai Grandeur” markalı, **-GP-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 5248,00 (altı yüz on iki) manat, “X1” markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər isə 3587,00 (üç min beş yüz səksən yeddi) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA164940 və PXA164941saylı sığorta aktı tərtib edilməklə “Hyundai Grandeur” markalı, **-GP-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 2810,93 (iki min səkkiz yüz on manat, doxsan üç qəpik) manat, “X1” markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 1921,26 (bir min doqquz yüz iyirmi bir manat, iyirmi altı qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. (Ümumilikdə 4732,19 (dörd min yeddi yüz otuziki manat, on doqquz qəpik) manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1450/2025 saylı, 17 mart 2025ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4732,19 manat məbləğində vurulmuş zərərin və 67,0 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, yol nəqliyyat hadisəsi sürücülük vəsiqəsi olmadan Cavabdeh2 tərəfindən idarə edilərkən törədildiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət həm nəqliyyat vasitəsinin sahibi Cavabdeh1, həm də Cavabdeh2 üzərinə qoyulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 (nümayəndəsi və vəkili Nümayəndə2) apellyasiya şikayətində qətnamənin ona münasibətdə ləğv edilərək həmin hissədə iddianın rədd edilməsini xahiş edib şikayətində göstərib ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobillərə dəymiş ziyanın günahkarı Cavabdeh2 olmuşdur. Bununla bağlı Bakı şəhəri Xəzər rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3(003)-1066/2024 №-li qərarına əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Avtomobillərə dəymiş ziyanın günahkarı Cavabdeh2 olduğu halda məhkəmə tərəfindən mülki iş ətraflı araşdırılmadan hadisənin hansı şəraitdə baş verməsi, kimin tərəfindən törədilməsi avtomobillərə dəymiş ziyanın hansı şəraitdə baş verməsi açıq aşkar olduğu halda Cavabdeh1 cavabdeh qismində işə cəlb edilmişdir. Cavabdeh1 avtomobilini Cavabdeh2 idarə etməyə deyil, yuyulması üçün obyektə gətirərək həmin obyektin həyətinə yerləşdirmişdir. Belə olan halda, birinci inistansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı bir şəxs avtomobilini yuyulma yerinə gətirdikdə avtomobili yuyan şəxsə etibarnamə verməlidir. Cavabdeh1 avtomobilini Cavabdeh2 idarə etməyə verməmiş, yalnız yuylması üçün obyektə gətirmişdir. Lakin Cavabdeh2 icazə almadan avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. AR MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh1 və nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi. 10.İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasında iştirak etməyib və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
12. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 25.1. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni iddianın ona aid təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsasdır.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia hər iki cavabdehə münasibətdə təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın Cavabdeh1 aid təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın Cavabdeh1 münasibətdə təmin edildiyi hissədə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
20. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın Cavabdeh1 münasibətdə təmin edildiyi hissədə qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. Lakin Cavabdeh1 münasibətdə faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia ona aid hissədə haqlı sayılmır.
21. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, eləcə də müəyyən olunmuş hesab etdiyi iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, yəni iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər sübutlarla təsdiq edilib. Bu hallar da məhkəmə qətnaməsinin yoxlanılan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, mübahisələndirilən hissədə iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
22. Belə ki, məhkəmənin qənaətinə görə yol nəqliyyat hadisəsi sürücülük vəsiqəsi olmadan Cavabdeh2 tərəfindən idarə edilərkən törədildiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət həm nəqliyyat vasitəsinin sahibi Cavabdeh1, həm də Cavabdeh2 üzərinə qoyulmalıdır. Ancaq birinci instansiya məhkəməsi bu nəticəyə gəlməmişdən əvvəl mühüm əhəmiyyət kəsb edən Cavabdeh2 yol nəqliyyat hadisəsi baş verən zaman qeyd olunan avtomobili qanuni əsaslarla yaxud mülkiyyətçinin iradəsinə və hüquqa zidd idarə edibetməməsini yoxlamağa borclu idi. Çünki bu hallar aydınlaşdırılmadan avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxslə yanaşı mülkiyyətçinin mülki hüquqi məsuliyyət daşıyıb-daşımaması məsələsi həll edilə bilməzdi.
23. Bundan başqa, birinci instansiya məhkəməsi həm Bakı şəhəri Xəzər rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3(003)-1066/2024 №-li qərarına əsasən Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini müəyyən edir, həmçinin Cavabdeh2 nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edərək yol nəqliyyat hadisəsi törətdiyini qeyd edir. Ancaq İXM-in 332.4-cü maddəsi nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilib zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Demək ki, məhkəmə Cavabdeh2 nəqliyyat vasitəsini sürücülük hüququ yaxud etibarnamə olmadan idarə edərək yol nəqliyyat hadisəsi törətməsini dəqiq müəyyənləşdirə bilməmişdir. Bu halın dəqiq müəyyən edilməsi isə zəruri idi. Çünki Cavabdeh2 sürücülük hüququ olan şəxs kimi idarəetməni Cavabdeh1 iradəsinə uyğun həyata keçirdiyi halda sonuncuya qarşı iddia ümumiyyətlə təmin edilə bilməzdi. Çünki bu cür vəziyyətdə Cavabdeh2 “nəqliyyat vasitəsini istifadə eməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs” hesab edilməsi üçün Cavabdeh1 mövqeyi aydınlaşdırılmalı idi.
24. Bundan əlavə, iddiaçı iddia tələbinin qanuni əsası kimi iddia ərizəsində “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsini göstərib. Həmin normanın dispozisiya şərtinə əsasən Cavabdeh1 aid hissədə iddia o zaman təmin edilə bilərdi ki, o, Cavabdeh2 sözügedən nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi idarə etməsindən məlumatlı olmağa borclu olsun. Düzdü, hazırkı şikayət üzrə Cavabdeh2 nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olan yaxud olmayan şəxs olub-olmamasının müəyyənləşdirilməsi Cavabdeh1 aid hissədə iddianın əsaslı olubolmamasına bilavasitə təsir etmir. Çünki hər bir halda avtomobil Cavabdeh1 məlumatı, xəbəri və iradəsi olmadan Cavabdeh2 tərəfindən idarə edilərək yol nəqliyyat hadisəsi törədilmişdir. Düzdü, sual oluna bilər ki, Cavabdeh1 avtomobilini yuyulması üçün yuma məntəqəsinə təhvil veribsə, demək, idarə edilməsinə də icazə verib. Ancaq Cavabdeh1 avtomobil yuma məntəqəsinin hansısa işçisinə, o cümlədən Cavabdeh2 avtomobili yumaqla yanaşı, həm də idarə yaxud istismar üçün təhvil verməsini iddiaçı da iddia etmir. Belə bir halın olması hansısa formada sübuta da yetirilməyib. Yəni, avtomobillərin yuyulması üçün bu cür məntəqələrə təhvil verən şəxslərin, o cümlədən Cavabdeh1 iradəsi onları idarə yaxud istsmar üçün verməklə əhatə olunmur. Bu cür vəziyyətdə avtomobillərin həm də istsmar və idarə edilməsi üçün verilməsi də inandırıcı və ağlabatan deyildir. Təcrübədə avtomobili yuma məntəqəsinə yumaq üçün verən şəxslər məntəqə işçiləri tərəfindən onun daxilində zərurət olduğu halda yerdəyişməsi yaxud içərisinin təmizlənməsi üçün çox vaxt açarı içərisində saxlayırlar. Lakin bu hallar o demək deyil ki, avtomobil sahibləri bu cür məntəqə işçilərinə avtomobili kənar ərazidə də idarə etmək üçün icazə verirlər. Göründüyü kimi, aparılan bu dəyərləndirmələr ona dəlalət edir ki, iddianın Cavabdeh1 aid hissədə təmin edilməsi açıq-aşkar əsassız olmuşdur.
25. İddiaçı tərəf özü də tələbin başqa qanuni əsasını aşkar etməyib yaxud aşkar edə bilməyib və ya başqa qanuni əsasın olmadığına şübhə etmir. Birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.2 və “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü və 63.1-ci maddələrini tətbiq edilən hüquq kimi qətnamədə göstərsə də konkret olaraq hazırki iddianın qanuni əsası kimi, daha dəqiq deyilsə subroqasiya hüququnun hansı normaya əsasən yarandığını müəyyən etmədən iddianı təmin edib. Düşünmək olar ki, məhkəmə də iddiaçı tərəfin göstərdiyi qanuni əsasla razılaşaraq bu qənaətə gəlib. Ancaq ən azından qətnamədə göstərməli idi ki, iddianı hansı normaya əsasən təmin edir, ancaq göstərməyib, başqa sözlə subroqasiya hüququnun yaranma əsasını müəyyən etməyib.
26. Şərh olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 1450/2025 saylı, 17 mart 2025-ci il tarixli qətnaməsi qismən, yəni iddia Cavabdeh1 aid təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1450/2025 saylı, 17 mart 2025-ci il tarixli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 aid təmin edildiyi hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.