Məhkəmə qərarları › İş №2(103)-4375/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4375/2023

11.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4375/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(011)-1398/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və “abonent sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edir” barədə nöqsan qeyd olunmuşdur, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 dekabr 2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş, akta əsasən itirilmiş qazın bərpası üzrə 12/2021-ci il tarixinə 1333,20 manat borc iddiaçının **********00003 saylı abonent hesabına yazılmışdır, hazırda həmin məbləğ ondan tələb edilir, həmçinin abonentin 11/2021-ci il tarixi üzrə ayın sonuna borcu 4640,50 manat borcu olmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6963/2022 saylı qətnaməsinə əsasən, həmin borcdan 4316,50 manat silinmiş, 324 manat borc saxlanmışdır, xx.xx.2023-cü il tarixi üzrə abonentin ay sonuna borcu 1657,20 (1333,20+324) manat olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş aktın ləğvi və akt əsasında tətbiq edilmiş cəmi 1180 manat məbləğində hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ərizə təqdim edərək, 1333,20 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar 326C ünvanında bağ evi vardır, cavabdehin nümayəndələri tərəfindən bağ evinə quraşdırılmış sayğaca baxış keçirilmişdir, baxış zamanı guya qaz sayğacından kənar xətlə istifadə etdiyini bildirmişlər, onun iştirakı olmadan akt tərtib edilmiş, abonent koduna güya təbii qazdan qeyri-qanuni istifadəyə görə 1333,20 manat borc yazılmışdır, cavabdehə yazılı və şifahi müraciət etsə də, cavabdeh buna məhəl qoymamışdır, heç bir nəticə olmamış, hesablanmış borc silinməmişdir, tutulma dayandırılmamışdır, həmçinin borcun silinməsi barədə əvvəl də məhkəməyə müraciət etmişdir, qətnamə çıxmışdır, bu borcdan 4316 manat silinmişdir, bu mübahisə gedən dövrdə yenidən hesabına borc yazılmışdır, hazırda silinməsini istədiyi borc həmin, o 2021-ci ildə məhkəməyə müraciət etdikdən sonra – 2021- ci ilin dekabr ayında hesaba yazılmışdır, silinən borc həmin məbləğə daxil deyildir, hazırda 2021-ci ilin dekabr ayında 11880 m3 uyğun hesablanmış 1333,20 manat borcun silinməsini istəyir, əvvəl ərizəsində yanlışlıqla kubu yazmışdır, bu səbəbdən ərizə təqdim edərək, kuba uyğun yazılmış borcun silinməsini istəyir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(011)-1398/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı **********00003 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1333 (min üç yüz otuz üç) manat 20 (iyirmi) qəpik borcun silinməsi, Cavabdehndən 33 (otuz üç) manat 33 (otuz üç) qəpik dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı əsassız olaraq akt əsasında hesablanmış 1333,20 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00003) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1333,20 manat məbləğində borc silinməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.3.5.2-ci maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.8, 5.2, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnaməninn ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan qaz sayğacından kənar xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla, yerində çəkilmiş fotoşəkillərlə rəsmiləşdirilmişdir. İddiaçının (abonentin) qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 1333,20 (min üç yüz otuz üç manat, iyirmi qəpik) məbləğində CavabdehİB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində qeyd edilən xüsusatları nəzərə alaraq iddia ərizəsinə sübut kimi əlavə edilmiş sənədlər əsasında təhqiqat aparsa da, bu təhqiqatı qarşılıqlı çəkişmə prinsipiylə deyil, yalnız iddiaçının iddia ərizəsində sərgilədiyi iddiaçının mövqeyi əsasında həyata keçirmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının qazpaylayıcı-istehlakçı arasında bağlanmış müqavilədən əsaslar gətirsə də, oradan yalnız istehlakçıya münasibətdə öhdəlik və hüquqlarından müddəalara əsaslanmışdır. Qazpaylayıcının isə Müqavilə üzrə Hüquqları haqqında heç bir əsas gətirilməmişdir. Belə ki, sənədlərdən, GASREP (ödəniş cədvəli)-dən məlum olmuşdur ki, iddiaçı sayğaca müdaxilə etmək nəticəsində borc məbləği yaranmışdır. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddia ərizəsinə əlavə edilən abonent saldosundan görünür ki, cavabdeh iddiaçının ünvanına, onun təqsirli hərəkətlərinə görə akt tərtib etmişdir. Lakin məhkəmə bu akta münasibətdə yalnız iddiaçının iddia ərizəsində qeyd edilən və qoşma kimi əlavə edilən dəlillərdən istifadə etmişdir. İddia ərizəsinə əlavə edilmiş abonent saldosunda əks olunan iddiaçının ödəniş intizamı hərtərəfli araşdırılması üçün cavabdeh tərəfin iddiaçı ilə dəlil-əks dəlil gətirilmə və sənədlərlə sübutların təqdim edilməsinə şərait yaratmamış və çəkişmə prinsipini təmin etməməklə Azərbaycan RespublikasıMPM-nin 9.3-cü maddəsinin tələblərinə əməl etməmişdir. Birinci instansiya məhkəməsi araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki iş materiallarında mövcud olan aktlarda imza etmiş şəxslərin şahid qismində dəvət olunmasını təmin etməmişdir. Mülki iş üzrə hesabatların doğru olub olmadığını yoxlamaq üçün iş materiallarını mülki işlə birgə mühasibatlıq ekspertizasına göndərməmişdir. Trassoloji ekspertiza keçirilməmişdir. Bundan əlavə iddiaçının öz iddia ərizəsinə əlavə edilmiş AGİS-dən çıxarış (ödəniş cədvəli) ətraflı araşdırılmamış və iddiaçının doğrudan da, təbii qazdan özünə sərf etdiyi tərzdə (yəni sayğacdan kənar xətt vasitəsilə) istifadə edilməsini əsaslandıran ödənişlərin müntəzəmliliyinə diqqət yetirilməmişdir. Belə ki, İddiaçı 2020-ci il ərzində iddiaçının apardığı ödənişlər və sərf etdiyi qazın həcminə görə cəmi 1333,20 manat qalıq borcu qalmışdır. Aşağıdakı müqayisəli təsnifata əsasən göstərilən bu ödənişlər iddiaçının həqiqətən də, sayğaca müdaxilə vasitəsilə təbii qazdan qeyri-qanuni olaraq istifadə etdiyini bir daha sübut edir. Təbiidir ki, ödənişlərdə görünən bu hallar şübhə doğurur. Müqayisəli şəkildə təhlil etdikdə iddiaçının göstərilən ödəniş nəticələri təbii qazın talanmasına əsas dəlildir. Göstərilən nəticələr bunu deməyə əsas verir ki, iddiaçı təbii qazdan cərimə tədbiqindən öncə özünə sərf etdiyi tərzdə və üsulda (yəni sayğaca müdaxilə etməklə) qeyri-qanuni olaraq istifadə edirdi. Bu fakt Cavabdehistehsalat Birliyinin aktlarda əks olunan mövqeyini bir daha sübut edir. İddiaçıya aid olan abonent koduna hesablanaraq qeyd edilmiş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, iddiaçının GASREP-dən çıxarışında (ödəniş cədvəlində) illər üzrə aparılmış ödənişlərin müqayisəli təhlili bunu deməyə əsas verir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Bunu isə məhkəmə araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu hal sübut etməkdən azad olmaq üçün əsasdır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 dekabr 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “abonent sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 25 dekabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 25 dekabr 2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 11880 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB istehlakçının qaz təsərrüfatının inventar aktının surətindən görünür ki, İddiaçı məxsus Maştağa qəsəbəsi, 326 C saylı bağ evinə - mənzilə baxış keçirilmiş, heç bir qeyri-qanuni birləşmə aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-441/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 326 C saylı bağ evi fərdi yaşayış evi üzrə (abonent kodu **********00003) İddiaçı hesablanmış 4640,50 manat məbləğində borcun silinməsi, 66,40 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspert tədqiqatının dəyəri kimi hesablanmış 102 manat məbləğində xərcin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin Qətnamə ilə işin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 326 C saylı bağ evi üzrə **********00003 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı və xx.xx.2020-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması (sayğacdan kənar xətt vasitəsilə istifadə edilmə) barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq qaz itkisinin xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə 14880 m3 , xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 8856 m3 və xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 22680 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsində 2021-ci ilin oktyabr ayında ümumilikdə 4640,50 manat məbləğində borcunun olması qeyd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 6963/2022 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-441/2022 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 326 C saylı bağ evi fərdi yaşayış evi üzrə (abonent kodu **********00003) İddiaçı hesablanmış 4316,50 manat məbləğində borc silinməsi qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsində 2021-ci ilin oktyabr ayında ümumilikdə 4640,50 manat məbləğində borcunun olması qeyd edilmişdir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********40000 saylı abonent hesabına 11/2021-ci il tarixi üzrə ayın sonuna borc 4640,50 manat borc olmuşdur, “Qalıq və aktlar” əsasında 12/2021-ci il tarixdə 1333,20 manat borc yazılmışdır, 12/2022-ci il tarixdə 4316,50 manat borc hesabdan silinmiş, ay sonuna 1657,20 manat borc qalmışdır. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və “abonent sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edir” barədə nöqsan qeyd olunmuşdur, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 dekabr 2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş, akta əsasən itirilmiş qazın bərpası üzrə 12/2021-ci il tarixinə 1333,20 manat borc iddiaçının **********00003 saylı abonent hesabına yazılmışdır. Lakin hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş akt iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Belə ki, həmin aktın tərtib edilməsinə dövlət qurumlarının nümayəndələri cəlb edilməmiş, eləcə də qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizanın keçirilməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Göründüyü kimi iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir və birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əsassız olaraq akt əsasında hesablanmış 1333,20 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(011)-1398/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar