Məhkəmə qərarları › İş №2(103)-4380/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4380/2021

16.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4380/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-323/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 fevral 2020-ci il tarixli müqavilənin ləğv olunması, məhkəmə gedişində işə baxılması ilə əlaqədar yaranacaq bütün məsrəflərin cavabdehdən tutulması, yekun məhkəmə aktı qərarının çıxarılacağı gün ödəmiş olduğu 300 manat məbləğində pulun faiz nisbətiylə geri qaytarılması və həmçinin müvafiq marka, modelli yeni telefonun qiyməti arasındakı fərqin ödənilməsini, malın satışı qiymətinin bir faizi məbləğində dəbbə pulunun ödənilməsini, vurulmuş mənəvi zərər üçün 500 manat, vurulmuş maddi zərər üçün (köhnə telefonun təmiri üçün çəkilən xərc, məhkəməyə qədər poçta və nəqliyyata çəkilmiş xərclər) 100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehin bir istehlakçı kimi ona yaşatdığı gərəksiz stress və gərginlik hallarına, ödəniş etdiyi halda aylardır ya telefonu, ya da pulu geri qaytarmadığına görə ondan rəsmi şəkildə və ya mağaza müdiri vasitəsi ilə üzr istəməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-323/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk növbədə onu qeyd edir ki, qətnamədə mübahisəli telefonun vitrində satışda olan telefon olması və iddiaçının bundan məlumatı olması, buna baxmayaraq telefonu qəbul etməsinin müəyyən edilməsi göstərilsə də məhkəmə iddiaçının vitrində olan telefonu götürməyə razılaşması səbəbini aydınlaşdırmağa çalışmamışdır. Belə ki, müqavilə bağlanan zaman iddiaçıya həmin telefonun son iki gündə vitrində olması və hər hansı bir probleminin olmaması bildirilmişdir ki, bu da nəticədə iddiaçının “vitrin malı” almağa razılıq verməsinə gətirib çıxarmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış 19 fevral 2020-ci il tarixli, BL420011 saylı nisyə satış müqaviləsinə əsasən "İphone 11 Pro Max 256 GB Gold Single”ın vitrində satışda olan telefon olması ilə hağlı heç bir müddəa olmamış və yeni telefon qiymətinə satılmışdır. Belə bir müddəa yoxdursa, qəbul olunur ki, satıcı istehlak olunmamış telefonu alıcıya təhvil verməlidir. Qətnamədə “Alma Store” şirkətinin 25 sentyabr 2020-ci il tarixli aktının surətinə istinadən “**********65105” seriyalı “İPİİONE 11 PRO MAX 256 GB GOLD” markalı telefon açılmadan diaqnostika olunması və hər hansı problem aşkar olunmamasının görünməsi qeyd edilsə də məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında mübahisə 2020-ci ilin fevral ayının 21-22-də yaranmış və mübahisə məhkəməyə gəlib çıxdıqdan sonra - 25 sentyabr 2020-ci il tarixli aktı məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəməyə qədərki sübutu deyil, məhkəmə gedişatında əldə etdiyi aktı məhkəməyə təqdim etməsi onu deməyə əsas verir ki, cavabdeh məhkəməyə qədər mübahisənin həllinə çalışmamışdır. Belə ki, cavabdehin öz təşəbbüsü ilə əldə edərək məhkəməyə təqdim etdiyi hər iki rəyin mötəbərliyi açıq-aşkar şübhəli olsa da məhkəmə kollegiyası ekspert rəyləri üzrə yuvarlaqlaşdırılmış ortaq məbləğ müəyyən etmək qərarına gəlmişdir. Məhkəmənin Cavabdeh MMC-nin öz təşəbbüsü ilə əldə edərək məhkəməyə təqdim etdiyi “sübuta” güvənərək qənaətini formalaşdırması obyektiv sayıla bilməz. Aydın məsələdir ki, tərəf öz əleyhinə olan sübutu, konkret olaraq rəyi məhkəməyə təqdim etməyəcək. Belə olan halda məhkəmə həmin rəyə şübhə ilə yanaşmalı və öz təşəbbüsü ilə mütəxəssis rəyinin alınması üçün təşəbbüs göstərməli idi. Qeyd olunan əşya iddiaçının mülkiyyətində olduğu halda, mülkiyyətçinin razılığı olmadan “Alma Store” şirkətinə təqdim edilmişdir. AR ƏN MEM-nin 18 noyabr 2020-ci il tarixli, 5/768 saylı kompüter-texniki ekspertizanın rəyində göstərilir ki, təqdim edilmiş sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphonell PRO max” markalı “A2218” modelli, “**********65105” imei kodu 256 GB yaddaş tutumlu və G6TZQF0WN710 seriya nömrəli mobil smartfondur. Ekspertiza qarşısında qoyulmuş digər suallar kompüter- texniki ekspertizanın həll etdiyi suallar dairəsinə aid olmadığından həmin suallar üzrə tədqiqat işləri aparılmamışdır. İddianın əsasını cavabdeh tərəfindən mobil telefon barəsində kifayət qədər dolğun məlumatın verilməməsi və keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması səbəbindən bağlanmış müqavilənin ləğv edilməsi təşkil etdiyindən, işin obyektiv həlli üçün qeyd olunan hallar məhkəmənin təşəbbüsü ilə araşdırılmalı idi. Bu da xüsusi bilik tələb edən sahə olduğundan, mütləqdir ki, bu sahədə ixtisaslaşmış ekspertin rəyi alınsın. İş materiallarında olan sübutla təsdiq olunur ki, satılan mobil telefon “vitrin” telefonu olmuş və gün ərzində müxtəlif müştərilər və satıcılar tərəfindən həmin telefon qısa müddətlik də olsa isifadə edilmişdir. Belə olan halda, həmin telefonun müxtəlif formada zədələnməsi ehtimalı da qaçılmazdır. Buna baxmayaraq, məhkəmə qeyd oluna telefonun whatsapp proqramı vasitəsi ilə şəkil çəkərkən ekranın rəng parametrlərinin qarışması halı baş verib-verməməsi, bunun istehlak yaxud istehsal qüsuru nəticəsində əmələ gəlməsi və s. suallarının cavablandırılması üçün aidiyyəti ekspertə yönəldilməsi üçün tədbir görməmişdir. Halbuki, qoyulmuş sualların kompüter-texniki ekspertizanın həll etdiyi suallar dairəsinə aid olmadığından həmin suallar üzrə tədqiqat işləri aparılmadan geri qaytarılması məhkəmənin bunu əsas götürərək təkrar ekspertiza təyin etməsinə və ya mütəxəssis rəyi almasına mane olan səbəb sayıla bilməz. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2020-ci il tarixli, 5/768 saylı məhkəmə trasoloji ekspertizanın rəyindən göstərilir ki, təqdim edilmiş bir ədəd mobil telefonun üzərində, kənarlarında və digər hissələrində cızılma izlər aşkar edilməmişdir. Ekspertiza o zaman təyin olunur ki, obyektin tədqiqi üçün zəruri xüsusi biliklərə ehtiyac yaranır. Hazırki halda, ekspertin verdiyi rəy əsaslı olmadığından və şübhə doğurduğundan sübut kimi qəbul edilə bilməz. Vizual müşahidə xüsusi bilik tələb etmir. Mübahisələndirilən mobil telefonun üzərində zədələri vizual müşahidə ilə deyil, digər xüsusi vasitələrlə müəyyən etmək olar. Aydın məsələdir ki, malın qüsurlu olması barədə sübut xüsusi bilik tələb etdiyindən bunu ekspert müəyyən edə bilər. Tədqiqat aparmadan ekspertin hər kəsin müəyyən edə biləcəyi halla bağlı rəy verməsi məhkəmə ekspertizası təyin olunması barədə qərarın icra edilmədən geri qaytarmasına bərabərdir. Belə olan halda məhkəmənin iş materiallarında olan telefonda qüsurlar aşkar edilməməsi ilə bağlı “Alma Store” şirkəti tərəfindən verilmiş formal aktda və natamam və əsassız ekspert rəylərinə istinad etməsi tamamilə absurddur. Cavabdeh MMC-nin “Baku Service Company” adlı Servisin iddiaçıya təqdim etdiyi 24.02.2020-ci il tarixli, ******* №-li qəbzdə ekranda cızıq, korpusda xırda cızıqlar olduğu təsdiq edilmişdir. “Baku Service Company” Servisin yoxlamanın nəticəsi barədə yekun aktının məhkəməyə təqdim edilməməsi bir daha bunu təsdiq edir. Cavabdehin məhkəməyə təqdim edilmiş 19.02.2020-ci il tarixli Bİ.420011 nömrəli nisyə satış müqaviləsi sonradan tərtib olunmuş müqavilədir. Belə ki, müqavilə tərəfinin nümayəndəsinin adı, qiymət və müqavilənin bağlanma yeri düzgün qeyd olunmamışdır. Müqavilədə tərəfin nümayəndəsinin adı X3, qiymət 3239,0 AZN, bağlandığı yerin ünvanı ünvan 1 X5, qiymət 3099,0 AZN, bağlandığı yer Bakı şəhəri, Şərifzadə küçəsi, 3152- ci məhəllə olmuşdur. Dəfələrlə tərəflər arasında bağlanmış müqavilənin surətinin təqdim edilməsi xahiş edilsə də cavabdeh tərəfindən təmin edilməmiş, sonradan işlə tanış olarkən hazırki müqavilənin əlavə edildiyi məlum olmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” markalı telefonun qüsurlu olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə halın mövcudluğu öz təsdiqini tapmamışdır. Hesab edir ki, məhkəmə sübutların tələb olunmasına münasibətdə mülki prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, rəylər onlara məlumdur, lakin rəylər onlarda şübhə yaradır. Ekspert rəyləri ilə razı deyillər. Yaranan cızıqların onlara aidiyyəti yoxdur. Telefon onlarda cəmi 1 gün olub. Qanunvericilikdə nəzərdə tutulub ki, mal istifadə olunubsa, bu barədə istehlakçıya məlumat verilməlidir. Əgər mal lazımi keyfiyyətdədirsə, satıcı bunu dəyişməli idi. Hesab edir ki, ekspert rəyindən asılı olmayaraq, əgər malda heç bir qüsur aşkar edilməmişdirsə, Cavabdeh MMC malı dəyişdirməli idi. Məhkəmə iclasında İddiaçı bildirdi ki, vəkilin dediklərini təsdiq edir. O, da rəylərə şübhə ilə yanaşır. Telefon uzun müddət qaldığından üzərindəki cızıqlar həmin vaxt orada yarana bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirdi ki, işlə bağlı keçirilmiş ekspertiza nəticəsində cavablandırılmalı olan suallar cavablandırılıb. Hazırda tərəflər arasında da razılıq yoxdur. Hazırda biz iddianın rədd edilməsini xahiş edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 19 fevral 2020-ci il tarixli, BL420011 saylı nisyə satış müqaviləsinə əsasən, satıcı dəyəri 3.239 manat olan avadanlığı – telefon “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” alıcıya verməyi, alıcı isə onu qəbul edib, müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 300 manat məbləğində cavabdehə ödəniş edilmiş və “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” telefonu zəmanət talonu ilə birlikdə cavabeh tərəfindən iddiaçıya verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin telefon vitrində satışda olan telefon olmuş və iddiaçının bundan məlumatı olmuş, buna baxmayaraq telefonu qəbul etmişdir. Hazırda iddiaçı həmin telefonun qüsurlu olduğunu bildirərək, müqavilənin ləğvini, ödədiyi 300 manat pulun qaytarılmasını, ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini və sair xahiş edir, cavabdeh isə mübahisəli avadanlıqda heç bir qüsur olmadığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı tərəfindən “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” markalı telefonun qüsurlu olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə halın mövcudluğu öz təsdiqini tapmamışdır. İş materiallarında olan “Alma Store” şirkəti tərəfindən verilmiş aktdan görünür ki, qeyd edilən telefonda qüsurlar aşkar edilməmiş, ekspert rəyinə əsasən isə telefonun üzərində, kənarlarında və digər hissələrində cızılma izləri aşkar edilməmişdir. Qanunvericliyin yuxarıda istinad edilən normalarından da göründüyü kimi, istehlakçı olaraq iddiaçı müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini aldığı malda qüsur və ya saxtalaşdırma aşkar etdiyi təqdirdə cavabdehdən tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “19 fevral 2020-ci il tarixli müqavilənin ləğv edilməsi” hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. İddia tələbinin qalan hissələri törəmə tələblər olduğundan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir. Məhkəmə kompüter-texniki ekspertizasının 18 noyabr 2020-ci il tarixli, 5/768 saylı rəyindən görünür ki, təqdim edilmiş sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone11 PRO max” markalı “A2218” modelli, “**********65105” imei kodu 256 GB yaddaş tutumlu və G6TZQF0WN710 seriya nömrəli mobil smartfondur. Ekspertiza qarşısında qoyulmuş digər suallar kompüter-texniki ekspertizanın həlll etdiyi suallar dairəsinə aid olmadığından həmin suallar üzrə tədqiqat işləri aparılmamışdır. Məhkəmə trasoloji ekspertizanın 13 noyabr 2020-ci il tarixli, 5/768 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd mobil telefonun üzərində, kənarlarında və digər hissələrində cızılma izlər aşkar edilməmişdir. “Apple Azerbaijan” məhdud məsuliyyətli cəmiyyətinin 27 may 2021-ci il tarixli mütəxəssis rəyində mübahisə predmeti olan telefonla bağlı mütəxəssis qarşısında qoyulmuş suallarla bağlı qeyd edilmişdir ki, batareyanın həcmi 100%-dir; Cihaz 2 dəfə şarj olunub; Telefonun aktivasiya tarixi:19.02.2020; Telefonun korpusunda gözlə görünən zədələr yoxdur; Cihaz açılıb yoxlanıldı, zədə və maye izi aşkar olunmadı; “Apple Service”in 05 iyul 2021-ci il tarixli aktında qeyd olunan avadanlıqla bağlı mütəxəssislərə ünvanlanan sullara cavab:

1. “İPhone 11 Pro Max, 256 GB, Gold” (İMEİ **********65105) mobil telefonunda yoxlama zamanı whatsapp proqramı vasitəsilə şəkil çəkərkən rəng parametrlərinin qarışması halına rast gəlinmədi.

2. “İPhone 11 Pro Max, 256 GB, Gold” (İMEİ **********65105) mobil telefonunun istifadə müddəti 19 fevral 2020-ci il tarixindən başlamışdır.

3. “iPhone 11 Pro Max, 256 GB, Gold” (İMEİ **********65105) mobil telefonu daha öncə sökülməyib, təmir olunmayıb, daxilində hər hansı kənar müdaxiləyə rast gəlinməmişdir.

4. “İPhone 11 Pro Max, 256 GB, Gold” (İMEİ **********65105) mobil telefonunun xarici səthində cızıqlar aşkar olunmadı.

5. “İPhone 11 Pro Max, 256 GB, Gold” (İMEİ **********65105) mobil telefonu cəmi 2 (iki) dəfə enerji ilə doldurulub. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehin ona maddi və mənəvi zərər ödəməli olduğunu, eləcə də digər tələblərini iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. İkincisi, əksinə iddiaçının istinad etdiyi hallar birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza rəyləri, eləcə də apellyasiya baxışı zamanı iddiaçı tərəfin vəsatəti təmin edilməklə bu sahədə ixtisaslaşdırılmış servislərdən alınmış mütəxəssis(mühəndis) rəyləri ilə tam təkzib edilmişdir. Bu cür vəziyyətdə iddiaçı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələblərinin cavabdeh tərəfindən pozulduğuna istinad etsə də həmin qanunun hansısa tələblərinin cavabdeh tərəfindən pozulması öz təsdiqini tapmamışdır. Başqa sözlə mübahisə predmeti olan telefon mütəxəssislər tərəfindən açılıb yoxlanılmış, içərisində zədə və maye izi aşkar olunmamış, telefonda yoxlama zamanı whatsapp proqramı vasitəsilə şəkil çəkərkən rəng parametrlərinin qarışması halına rast gəlinməmiş, istifadə müddətinin 19 fevral 2020-ci il tarixindən başladığı təsdiq olunmuş, daha öncə sökülmədiyi, təmir olunmadığı, daxilində hər hansı kənar müdaxiləyə rast gəlinmədiyi, xarici səthində cızıqlar aşkar olunmadığı və cəmi 2 (iki) dəfə enerji ilə doldurulduğu təsdiq olunmuşdur. Demək, iddiaçının istinad etdiyi bütün hallara rəylərdə cavab verilmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və iddianın təmin olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-323/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar