Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4380/2023 09.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (əmək haqqının, məzuniyyət pulunun və.s ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh BOKT "xxxx" ASC-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 02 may 2023-ci il tarixli, 2(005)-1593/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən BOKT "xxxx" QSC-nin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmri ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyi BOKT "xxxx" QSC-nin üzərinə qoyulması qət edilmişdir. 2.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4696/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. 3.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2186/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4696/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir.. 4.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-621/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6489/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. 5.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən BOKT "xxxx" QSC-nin sədri X6 İXM-in 528.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. 6.Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları ilə birlikdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 7.Məhkəmə qərarına əsasən əmək kitabçasına dəyişiklik edilərək, “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsin” sözü “Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinin “a” yarımbəndinə əsasən işdən azad edilsin” olaraq dəyişdirilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35160 manat məcburi işburaxma dövrü üçün -(41 ay x 600 manat = 24600) aylıq əmək haqqı (41 ay x 200 manat = 8200 manat) - motivasiya haqqı (4 il x 590 manat = 2360 manat), məzuniyyət pulu və 25.000 manat məbləğində mənəvi zərər olmaqla cəmi 60160 (altmış min bir yüz altmış) manat pulun cavabdeh BOKT "xxxx" QSC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş 17 oktyabr 2019-cu il tarixdə 148 nömrəli köhnə tarixə yazılmış intizam tədbirinin tədbiqi haqqında əmrin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə olan 17 oktyabr 2019-cu il tarixli, 43 nömrəli əmrin ləğv edilib, həmin əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, öz ərizəsi ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsi ilə işdən azad edilməsi barədə əmrin verilməsi öhdəliyi, habelə həmin əmrə müvafiq qeydin əmək kitabçasında edilməsi öhdəliyinin "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(005)-468/2020 saylı qətnaməsi ilə) iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 43 nömrəli, 17 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyi "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin üzərinə qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2186/21 saylı, 27 aprel 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)-6489/20201 saylı qətnaməsi ilə apelyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-621/22 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6489/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. O, xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il 33 nömrəli əmr ilə Bokt İnternational QSC-nin Gəncə filialının qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə 43 nömrəli əmr ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsinə aldıqdan sonra 2022-ci ilin noyabrında onun əmək kitabçasına düzəliş edilərək ƏM-nin 68 A maddəsinə əsasən işdən çıxması qeyd edilmişdir. İşdən çıxarıldıqdan sonra onlarla yerə işə qəbul olunmaq üçün sənəd versə və imtahanlardan və müsabiqələrdən müvəffəqiyyətlə keçsə də portalda əmək müqaviləsinə xitam verilmə səbəbi ƏM-nin 70-ci maddəsinin Ç bəndi qeyd olunduğundan işəgötürənlər onu işə götürməkdən imtina etmişlər. Göründüyü kimi hazırki tarixədək cavabdeh təşkilatın qanunsuz əmrinə görə işsiz qalmış, mənəvi sarsıntılar keçirmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 10.Cavabdeh BOKT "xxxx" ASC məhkəməyə iddia tələbindən etiraz təqdim edərək, İddiaçı əmək haqqı və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı tələbinin əsassız olduğunu bildirmişdir. Belə ki, tərəflər arasında əvvəlki məhkəmə mübahisəsinin predmeti-əmək müqaviləsinə xitam verilməsi haqqında 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının AR ƏM-nin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyinin QSC-nin üzərinə qoyulması olmuşdur. Yəni, tərəflər arasında olan mübahisə yalnız işdən çıxma əsasının dəyişdirilməsi ilə bağlı olduğundan, həmin mübahisə zamanı iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə hər hansı bir tələb olmadığından hazırkı halda işəgötürənlə işçi arasında məcburi iş buraxma müddəti yaranmamışdır. Məcburi iş buraxma müddəti yaranmadığı üçün iddiaçının ödəniş tələb etməsi qanunsuz və əsassız sayılmalıdır. Belə ki, AR Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qanunvericiliyin də tələbindən göründüyü kimi, məcburi iş buraxmaya görə ödəniş yalnız qanunsuz olaraq işdən çıxarılmış işçi əvvəlki işinə bərpa olunduğu halda işçiyə ödənilə bilər. Yəni, məhkəmə qərarına əsasən işçinin işdən azad edilməsi qanunsuz hesab edilərsə, o zaman, işçi öz iş yerinə bərpa edilməli və müəssisə işçiyə məhkəmə müddətində yaranan bütün məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilə bilər. Hazırki halda da məcburi işburaxma dövrü olmadığı üçün isə ona hər hansı ödənişin edilməsi tələbi əsassızdır. Hazırki iş üzrə İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə bağlı iddia müddəti tətbiq edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən “pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmamağla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər”. İddiaçı hüquqlarının pozulduğunu bildiyi gün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi gün sayılır. Buna görə də iddia müddətinin axımının başlanğıcı İddiaçı hüquqlarının pozulması üçün birinci instansiya məhkəməsinə müraciət etdiyi tarix, yəni 2019-cu il hesab edilməlidir. Həmin tarixdən bu günədək isə ƏM-də nəzərdə tutulmuş 1 illik iddia müddəti artıq ötürülmüşdür. İddia tələbinin son hissəsinə, yəni vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə isə ölkə qanunvericiliyində bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx.xx.2008-ci il tarixli Qərar qəbul etmişdir. X7 3-cü maddəsinə əsasən “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Hazırkı tarixədək cavabdehin qanunsuz əmrinə görə işsiz qalması nəticəsində İddiaçı iztirab keçirməsi və onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi məhkəmə qarşısında sübut olunmamışdır. 11.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 may 2023-cü il tarixli, 2(005)-1593/2023 saylı qətnaməsi ilə (hakim-Aytən Novruzova) iddia tələbi təmin eilməmişdir. 12.Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə müəyyən edilməli hallar–1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. 13.Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia ərizəsinin məzmunundan və məhkəmədə verdiyi izahatlardan görünür ki, o, 2019-cu il tarixdən əmək münasibətlərinə xitam verildiyi vaxta qədər əmək haqqının verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. İddiaçının iddia tələbində işə bərpa olunması tələbi mövcud deyil, cavabdehdən ödənilməmiş əmək haqqı tələb edir. Buna görə də məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin hərəkətlərinin qanuni olub-olması məhkəmə araşdırılmasının predmeti deyil. 14.Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Bugünədək iddiaçının əmək haqqı tələbi olmamış, hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, iddiaçının iddia tələbinin təmin edilməsi onun iddia müddətini ötürməsi səbəbindən də qeyrimümkündür. 15.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 16.İş materiallarından görünür ki, iddiaçı hüquqlarının pozulmasını Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi vaxtdan, yəni 2019-cu il tarixdən bilmişdir. 17.Məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 18.İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda iddia etdiyi hüquqlarının pozulduğunu Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri baxımından bilmiş, iddiaçının əmək haqqının ödənilməsi ilə bağlı tələbi bugünədək olmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əmək haqqı tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. 19.Məhkəmə iddia tələbinin “25.000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, əmək haqqı tələbi rədd olunduğundan və mənəvi zərər tələbi ondan törəmə tələb olduğundan həmin hissədə də iddia təmin oluna bilməz. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə, 294-cü, 296-cı maddəsənin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcələsinin 377.1-ci: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 21.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, o, iddianı qanunla nəzərdə tutulmuş müddət ərzində vermişdir. Belə ki, onun əmək kitabçamda düzəliş 2022-ci ilin noyabr ayında edilmişdir və o, ƏM-nin 296.4-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulan müddəti ötürməmişdir. Əmrin ləğv edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və sonda iddiaçı 2022-ci ilin noyabr ayında mübahisələndirilən əmr ləğv edilmiş və əmək kitabçasında müvafiq düzəliş edilmişdir. Bu faktı iş materiallarına əlavə edilmiş əmrin ləğv edilməsi ilə bağlı müvafiq məhkəmə qərarları eyni zamanda cavabdeh təşkilatın məhkəmə qərarını icra etməməsi ilə bağlı icra məmurunun təqdimatına əsasən məhkəmə tərəfindən cərimə edilməsi barədə qərarlar da təsdiq edir. Belə olan halda məhkəmə əsassız olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından göründüyü kimi məhkəmə bu prosessual maddənin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməməkdə haqlı olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Cavabdeh BOKT "xxxx" ASC iddia ərizəsinə etirazla eyni məzmunlu, apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçının apellyasiya şikayətinin qəbul edilməməsini və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 02 may 2023-ci il tarixli, 2(005)-1593/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdmişdir. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə kollegiyasının iclasında cavabdeh BOKT "xxxx" ASC-nın nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərini qəbul etmədi, apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 25.İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: 26.Əmək Məcəllsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 27.Əmək Məcəlləsinin 142-ci maddəsinə əsasən məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. 28.Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 29.Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 30.Maddə 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. 31.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 37.Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il 33 nömrəli əmr ilə Bokt İnternational QSC-nin Gəncə filialının qrup rəhbəri vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə 43 nömrəli əmr ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinə əsasən xitam verilmişdir. 38.İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş 17 oktyabr 2019-cu il tarixdə 148 nömrəli köhnə tarixə yazılmış intizam tədbirinin tədbiqi haqqında əmrin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə olan 17 oktyabr 2019-cu il tarixli, 43 nömrəli əmrin ləğv edilib, həmin əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, öz ərizəsi ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsi ilə işdən azad edilməsi barədə əmrin verilməsi öhdəliyi, habelə həmin əmrə müvafiq qeydin əmək kitabçasında edilməsi öhdəliyinin "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 39.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(005)-468/2020 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunaraq, cavabdeh "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 43 nömrəli, 17 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyi "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin üzərinə qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. 40.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. 41.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2186/21 saylı, 27 aprel 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 42.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)- 6489/20201 saylı qətnaməsi ilə apelyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 43.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-621/22 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6489/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 44.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsinə aldıqdan sonra 2022-ci ilin noyabrında onun əmək kitabçasına düzəliş edilərək ƏM-nin 68 A maddəsinə əsasən işdən çıxması qeyd edilmişdir. 45.Hazırda iddiaçı məcburi işburaxma dövrü üçün aylıq əmək haqqı, motivasiya və məzuniyyət pulunu tələb edir. 46.Göründüyü kimi, tərəflər arasında olan mübahisə yalnız işdən çıxma əsasının dəyişdirilməsi ilə bağlı olmuş, iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə hər hansı bir tələbi olmamışdır. 47.Belə ki, AR Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 48.Qanunvericiliyin də tələbindən göründüyü kimi, məcburi iş buraxmaya görə ödəniş yalnız qanunsuz olaraq işdən çıxarılmış işçi əvvəlki işinə bərpa olunduğu halda işçiyə ödənilə bilər. Yəni, məhkəmə qərarına əsasən işçinin işdən azad edilməsi qanunsuz hesab edilərsə, o zaman, işçi öz iş yerinə bərpa edilməli və müəssisə işçiyə məhkəmə müddətində yaranan bütün məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilə bilər. 49.Hazırkı halda da məcburi işburaxma dövrü olmadığı üçün isə ona hər hansı ödənişin edilməsi tələbi əsassızdır. 50.Kollegiya hesab edir ki, məhkəmə tərəfindən İddiaçı pul tələbinə ilə bağlı Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddəti düzgün olaraq tətbiq edilmişdir. 51.İddiaçının hüquqlarının pozulduğunu bildiyi gün onun əvvəlki iddia tələbi ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi gün sayılır. Bu tarix isə 2019-cu il hesab edilməlidir. Həmin tarixdən hazırki iddianın verildiyi xx.xx.2023-cü il tarixədək 1 illik iddia müddəti artıq ötürülmüşdür. 52.Kollegiya apellyatorun iddia müddətinin axımının 2022-ci ilin noyabr ayından, yəni əmək kitabçasına düzəliş edilərək ƏM-nin 68 A maddəsinə əsasən işdən çıxmasının qeyd edilməsi dövründən hesablanması ilə bağlı dəlilini əsasssız hesab edir. 53.Belə ki, başqa iş yerlərinə imtahan verməsi, lakin əmək kitabçasında ƏM-nin70-ci maddəsinin “ç” bəndinə əsasən azad olmasının qeyd olunmasına görə işə götürülməməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim olunmamışdır. Digər tərəfdən kollegiya qeyd edir ki, əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinin qeyd olunması, şəxsin yeni işə götürülməsinə mane yaratmamaqla, Əmək Qanunvericiliyində bununla bağlı hər hansı məhdudiyyət mövcud deyildir. 54.Kollegiya qətnaməni dəymiş mənəvi zərər üçün 25000 manat məbləğində pulun ödənilməsinin təmin edilməyən hissəsində əsaslı hesab edir. 55.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 56.Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 57.Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 58.Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə sübutlar təqdim etmədiyindən, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilə bilməz. 59.Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. 60.Həmin maddənin Qeydinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. 61.Göründüyü kimi mənəvi zərərlə bağlı xüsusi norma olan Əmək Qanunvericiliyində qeyd olunan əsaslar hazırda araşdırılmış işin halları ilə müəyyən olunmur. 62.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 63.Kollegiya hesab edir ki, məhkəmə xərcləri ilə əlaqədar məsələ məhkəmə tərəfindən MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq düzgün həll edilmişdir. 64.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 65.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək,qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 66.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(005)-1593/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-4380/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4380/2023
09.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver