Məhkəmə qərarları › İş №2(103)-4381/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4381/2023

08.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4381/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun ləğv olunması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 may 2023-cü il tarixli qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı, cavabdeh ASC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC tərəfindən ona (abonent kodu:**********001:********) əsassız olaraq hesablanmış 899,74 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 “A”-da yerləşən 11 “A” saylı evdə yaşayış yeri üzrə qeydiyyatda olan və həmin evdə yaşayan iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “Dəniz neftçisi” b/y-də yerləşən 5 saylı bağ evi (Bakı şəhəri, Qaradağ rayonu, Bağlar, Neftçilər, ev 5/A) var, lakin iddiaçı bağ evində yaşamır. Bu səbəbdən həmin bağ evində sudan istifadə etmirlər. Cavabdeh ASC tərəfindən həmin bağ evinə su sayğacı qoyulmuş və evdə sudan istifadə edilmədi üçün sayğac suya görə borc hesablamamışdır. Lakin sonradan su sayğacı 899,74 manat məbləğində borc hesablamışdır. İddiaçı hesab edir ki, həmin borc əsassız olaraq hesablanmışdır. İddiaçı əmindir ki, bu hal sayğacda yaranmış hansısa nasazlığa görə baş vermişdir. İddiaçı bildirir ki, sayğaca nəzarət etmək və sayğacı işlək vəziyyətdə saxlamaq onun deyil, cavabdeh ASC-nin əməkdaşlarının vəzifəsidir. Sayğacda yaranmış hər hansı nasazlığa görə o ziyan çəkməməli, borc silinməlidir. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fiziki şəxs olan iddiaçıya məxsus bağ evində quraşdırılmış su sayğacında nasazlıq yaranmış və sayğac istismara yararsız vəziyyətdə olmuşdur. Bu səbəbdən iddiaçıya aid olan **********001:26194797 saylı abonent koduna 899,74 manat məbləğində borc hesablanmışdır. Su sayğaca nəzarət etmək və sayğacı işlək vəziyyətdə saxlamaq iddiaçının deyil, su paylayıcısı olan cavabdeh ASC-nin əməkdaşlarının vəzifəsidir. Bu səbəbdən də iddia əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh ASC-nin buna səlahiyyəti olan nümayəndəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh ASC arasında bağlanmış xx.xx.1997-ci il tarixli müqavilə əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Müqavilənin şərtlərinə uyğun olaraq abonent olan iddiaçı istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydalara əsasən ASC-yə ödəyir. ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvana xx.xx.2013-cü il tarixdə “Alfasu-20” markalı su sayğacı quraşdırılmışdır. İstifadə etdiyi su və kanalizasiya xidmətinə görə sayğac göstəricisinə əsasən hesabat aparılmışdır. İddiaçıya aid “Abonent kartından” görünür ki, 2021-ci il üçün 899,49 manat borcu yaranmışdır. xx.xx.2021-ci il tarixində sayğaca baxış keçirərkən üzərində bazaya işlənməmiş sərfiyyatın olduğu aşkar edilmişdir. Abonent bazası ilə qarşılaşdırma zamanı iddiaçının istifadə etdiyi, lakin dəyərinin ödəmədiyi sərfiyyatların hesablama nəticəsində 899,49 manat olduğu müəyyən edilmişdir. Bu faktları Rayon Məhkəməsinə təqdim edilmiş “Abonent kartından” da görmək mümkündür. Lakin Rayon Məhkəməsi qətnamə qəbul edərkən, təqdim edilmiş iddiaçıya aid “Abonent kartına” diqqət yetirməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə qəbul etmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

7. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apallyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. İşə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmiş iddiaçı, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, cavabdeh ASC tərəfindən iddiaçının adına (abonent kodu: **********001:********) tərtib edilmiş “Abonent kartından” görünür ki, iddiaçıya məxsus olan bağ evinə dair görülmüş su təchizatı xidmətlərinə görə iddiaçının cavabdeh ASC-yə 899,74 manat məbləğində borcu yaranmışdır.

11. İddiaçı tərəfindən cavabdeh ASC-yə ünvanlanmış məktubundan görünür ki, iddiaçı həmin məktubla ASC-yə bildirmişdir ona məxsus olan və “Şıxlar bağ massivində” yerləşən bağ evində yaşayış yoxdur. Bu səbəbdən həmin ünvanda su təchizatı ilə bağlı xidmətlərindən istifadə edilmir. Buna baxmayaraq evə aid su xəttinin üzərində quraşdırılmış sayğac, ona məlum olmayan səbəbdən 899,74 manat məbləğində borc hesablamışdır. Göstərilənlərə əsasən iddiaçı həmin borcun silinməsini ASC-dən xahiş etmişdir.

12. Cavabdeh ASC-nin nümayəndəsinin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baışı iclasında işə baxmış Rayon Məhkəməsinə təqdim etdiyi, ASC-nin “Sukunal sistemlərinin təhlili şöbəsinin Su kəməri təsərrüfatının nəzarətçisi X2 tərəfindən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, ərizənin müəllifi təsdiqləyir ki, onun tərəfindən iddiaçıya məxsus ünvanda quraşdırılmış su sayğacına baxış keçirilən zaman o müəyyən etmişdir ki, iddiaçının mübahisələndirdiyi borc, su sayğacında baş vermiş nasazlıq səbəbindən yaranmışdır.

13. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir (maddə 5.3.). Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını təmin etməlidir (maddə 12.; bənd “b”). Verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir (maddə 30.). Fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur (maddə 31.). Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür (maddə 32.). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır (maddə 61.1.).

14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər (maddə 3.). İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir (maddə 26.).

15. Qeyd edilən maddi hüquq normaların tələblərinin hazırki işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, fiziki şəxs olan iddiaçı istehlakçı olaraq yaşayış ünvanına cavabdeh ASC tərəfindən quraşdırılmış su sayğacında yaranmış qüsura görə məsuliyyət daşımamalı, hər hansı bir zərər çəkməməlidir. İşə baxmış Rayon Məhkəməsi də eyni nəticəyə gəlməkdə və iddianı əsaslı hesab etməkdə haqlı olmuşdur. Cavabdeh ASC-nin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. e) apellyasiya baxışının nəticəsi

16. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

17. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

18. Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

20. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar