Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4385/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Ərizəçi “notariat kontorunun notariusunun hərəkətlərinin (hərəkətsizliyinin)”nə dair şikayət ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2098/2022 saylı, 14 mart 2022-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “notariat kontorunun notariusunun hərəkətlərinin (hərəkətsizliyinin)”nə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 41-ci notariat kontorunun notariusunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, Bakı şəhəri 41-ci notariat kontoruna Ərizəçi ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 payı üçün vərəsəlik haqqında şəhadətnamənin V.V.Qolubevin adına verilməsinin tapşırılması, təqdimat üzrə mülki iş materiallarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120, 134, 150.2.5, 178.3.2, 182.3.3, 294.1, 295.1, 320-ci maddələri üzrə cinayət işinin qaldırılması haqqında qərarın qəbul edilməsi üçün şəhər prokurorluğuna göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 14 mart 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci və 152.1.1-ci maddələrinə əsasən 1. ödənilən dövlət rüsumu şikayət ərizəsinin verilməsinə görə müəyyən edilmiş məbləğdə ödənilməyindən, eləcə də 2. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 №-li Qərarına (24.12.2021-ci il tarixli redaksiya) əsasən notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu halda ərizəçi tərəfindən “notariat kontorunun notariusunun hərəkətlərinin (hərəkətsizliyinin)”nə dair şikayət ərizəsi iddia icraatı qaydasında məhkəməyə təqdim edilməli olduğundan şikayət ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan Ərizəçi tərəfindən verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 16 may 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbacan Respublikası Qanunun müvafiq maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizələrdən 100 manat məbləğində dövlət rüsumu tutulmuşdur, lakin Ərizəçi tərəfindən ərizənin verilməsinə görə 10 manat ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 №-li Qərarına istinad edərək “notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”ə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.8-ci maddəsinə əsasən ümumi məhkəmələr tərəfindən baxılmasını göstərmişdir. Hazırda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsi üzrə xüsusi icraat qaydasında baxdığı işlər sırasından notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər üzrə” bəndi çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 8-ci bəndində (24.12.2021-ci il tarixli redaksiya) qeyd edilmişdir ki, “Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin”. Göründüyü kimi ərizəçi tərəfindən “notariat kontorunun notariusunun hərəkətlərinin (hərəkətsizliyinin)”nə dair şikayət ərizəsi iddia icraatı qaydasında məhkəməyə təqdim edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “Dövlət rüsumu haqqında” Azərbacan Respublikası Qanunun müvafiq maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizələrdən 100 manat məbləğində dövlət rüsumu tutulmalı olduğu halda Ərizəçi tərəfindən ərizənin verilməsinə görə 10 manat ödənildiyindən, eyni zamanda ərizəçi tərəfindən verilən ərizəyə xüsusi icraat qaydasında deyil, iddia icraatı baxılmalı olduğundan şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, ərizəçi 16.03.2022-ci il tarixdə 90 manat dövlət rüsumu ödəsə də, bu hal Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 14 mart 2022-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas deyil, çünki həmin qərardadla şikayət ərizəsi təkcə rüsumun az ödənilməsi ilə yanaşı ərizənin xüsusi icraat qaydasında deyil, iddia icraatında baxılmalı olması əsası ilə geri qatarılmışdır. Ərizəçi isə 90 manat məbləğində rüsum ödəyərək, yenidən iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi, lakin ərizəçi bunun əvəzinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 14 mart 2022-ci il tarixli qərardadından şikayət vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməli; iddia icraatı qaydasında müraciət etməli və qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etməli olduğundan birinci instansiya məhkəməsi şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmaqla öz təsdiqini tapmamışdır. Barəsində şikayət verilmiş qərardad qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 14 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4385/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4385/2022
08.06.2022 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver