Məhkəmə qərarları › İş №2(103)-4389/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4389/2021

21.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4389/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs2 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” ərizə və “ərizə üzrə tələbin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş Ərizəçi, qardaşı X1 miras qalmış Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 1 saylı evin 56 saylı mənzilinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.07.2018-ci il tarixli qətnaməsi ilə ərizəni təmin edilməsini, Ərizəçi 03.12.2016-cı il tarixdə vəfat etmiş qardaşı Elman Əliyevin ölümündən sonra miras qalmış mənzilin faktiki qəbul etməsi faktının müəyyən edilməsini qət etmişdir. İş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” Ərizəçi ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və ərizəçinin “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” ərizəsi onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı 09.06.1944-cü il təvəllüdlü Elman Əliyev ömrünün son illərində xəstəliklərdən əziyyət çəkmiş və tənha yaşamışdır. Elman Əliyev xəstəliyə görə sərbəst hərəkət edə bilmədiyi üçün və başqa şəxsin köməyinə möhtac olduğundan ərizəçi qardaşının yanında yaşamış və qardaşına qulluq etmişdir. Elman Əliyev 03.12.2016-cı il tarixdə vəfat etmişdir. Ondan miras qalmış mənzilin ərizəçi tərəfindən qəbul edilməsi faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, ərizəçi, “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyator Maraqlı şəxs2 anası X2 ilə X3 02.02.2002-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah 13.07.2002-ci il tarixdə pozulmuşdur. Bundan təxminən 3 ay əvvəl, yəni 02.04.2002-ci il tarixdə Elman Əliyev Maraqlı şəxs2 övladlığa götürmüş və bu barədə müvafiq şəhadətnamə verilmişdir. İddiaçının valideynləri boşansalar da, 2015-ci ilə kimi həmişə münasibətləri olmuşdur. X5rla əlaqəni kəsmiş və onlara demişdir ki, onu daha axtarmasınlar. Səriyyə Əliyeva 2020ci ilin təqribən avqust ayında Elman Əliyevin yaşadığı evə ((012) 538-30-13) nömrəsinə zəng vurmuş, lakin nömrə işləməmişdir. Uzun müddət Elman Əliyevdən xəbər olmadığı üçün onlar Elman Əliyevin yaşadığı evə gedərək qonşudan məlumat almışlar ki, Elman Əliyev 2016-cı ildə vəfat etmişdir. Bundan sonra Maraqlı şəxs2 Elman Əliyevin yeganə varisi olaraq vərəsəlik şəhadətnaməsinin alınması üçün 53 saylı Notariat Ofisinə müraciət etmiş və ona imtina məktubu ilə bildirilmişdir ki, miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bundan sonra vəkil sorğusu ilə 53 saylı Notariat Ofisinə müraciət olunmuş və miras qalmış mənzilə dair notariat işinin təqdim edilməsi xahiş edilmişdir. Vərəsəlik işi təqdim olunandan sonra müəyyən olunmuşdur ki, artıq həmin mənzilə dair vərəsələr (mərhumun qardaşı) X4 və (mərhumun bacısı) Ərizəçi təyin olunmuşlar. Daha sonra müəyyən olunmuşdur ki, Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 09.07.2018-ci il tarixli qətnaməsi ilə ərizəni təmin edilməsi, Ərizəçi 03.12.2016-cı il tarixdə vəfat etmiş Elman Əliyevin ölümündən sonra miras qalmış mənzilin faktiki qəbul etməsi faktının müəyyən edilməsini qət edilmişdir. Apellyator Maraqlı şəxs2 hesab edir ki, o, mərhum Elman Əliyevin yeganə birinci növbə vərəsəsi olduğundan Rayon Məhkəməsini 09.07.2018-ci il tarixli qətnaməsi ləğv edilməli və Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” ərizəsi rədd edilməlidir. Göründüyü kimi, mərhumun ikinci növbə vərəsəsi olan Ərizəçi ilə mərhumun birinci növbə vərəsə olan Maraqlı şəxs2 arasında hüquq haqqında mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin “Ərizənin baxılmamış saxlanılmasının” adlı 20-ci fəslin 259-cu maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır (maddə 259.0.10.). Odur ki, MPM-nin 259.0.10, 306.4, 391-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə, MPM-nin 263, 264 və 391-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs2 apellyasiya şikayəti qismən təmin edilsin. Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki işin başlanmasına əsas olmuş həmin ərizə baxılmamış saxlanılsın. Maraqlı şəxslərə izah olunsun ki, onların ümumi əsaslarla iddia icraatı qaydasında iddia ərizəsi ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları vardır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar