Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4396/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(010)-143/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Rafiq Əlicanov küçəsi, 5E saylı fərdi yaşayış evinə dair 24 saylı notariat ofisində 4ə-109 reyestr nömrəsi ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 may 2019-cu il tarixli bağışlama müqaviləsinin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 9 saylı notariat ofisində 4ə-1057 reyestr nömrəsi ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsinin, eyni zamanda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 9 saylı notariat ofisində 4ə-119 reyestr nömrəsi ilə qeydə alınmış, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış 12.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hər iki daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə X18 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən ona 20% dərəcəsi ilə 60 ay müddətinə 835000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X11 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan iki mərtəbəli qeyriyaşayış binası (ofis və məişət xidməti binası) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi R.Əlicanov küçəsində yerləşən üç otaqlı, 728,1 kv.m. ümumi, 151.7 kv.m.yaşayış, 576,4 kv.m. yardımçı sahədən ibarət 5E nömrəli fərdi yaşayış evi 18 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə 18 noyabr 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək cavabdehlər X18 və Cavabdeh1 müştərək qaydada 500 ABŞ dolları məbləğində cərimə borcunun tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qərardadı ilə həmin məhkəmənin 03 may 2018-ci il tarixli qətnaməsinə izah verilərək borcun təminatı olaraq yüklü edilmiş X11 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası (ofis və məişət xidməti binası) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi R.Əlicanov küçəsində yerləşən üç otaqlı, 728,1 kv.m. ümumi, 151.7 kv.m. yaşayış, 576,4 kv.m. yardımçı sahədən ibarət 5E nömrəli fərdi yaşayış evi ipotekadan azad edilmişdir. Qeyd olunan qərardad icra olunması üçün ƏMDK-nin yanında DƏDRX-ə göndərilmiş və qərardad icra olunaraq yuxarıda qeyd olunan hər iki əmlak üzərindən yüklülük tam götürülmüşdür. Lakin ƏMDK-nin yanında DƏDRX nəzərə almamışdır ki, qeyd olunan əmlaklar Bankda başqa kredit müqaviləsinin təminatı olaraq da yüklüdür. Belə ki, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə X17 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli, 3-G2Zl-l-0-137-ll saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə 835000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X11 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan iki mərtəbəli qeyri-yaşayış binası (ofis və məişət xidməti binası) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi R.Əlicanov küçəsində yerləşən üç otaqlı, 728,1 kv.m. ümumi, 151.7 kv.m. yaşayış, 576,4 kv.m. yardımçı sahədən ibarət 5E nömrəli fərdi yaşayış evi 18 noyabr 2011-ci il tarixli ipteka müqaviləsinə əsasən yüklü edilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə 18 noyabr 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək X7 189801,48 ABŞ dolları faiz borcunun və 1000 ABŞ dolları cərimə borcunun, ümumilikdə cəmi 190801,48 ABŞ dolları məbləğində borcun Bankın xeyrinə tutulması, tələbin ilkin satış qiyməti ******* manat müəyyən edilməklə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan iki mərtəbəli qeyri-yaşayış binasına (ofis və məişət xidməti binası) və ilkin satış qiyməti 600000 manat müəyyən edilməklə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi R.Əlicanov küçəsində yerləşən üç otaqlı, 728,1 kv.m. ümumi, 151.7 kv.m. yaşayış, 576,4 kv.m. yardımçı sahədən ibarət 5E nömrəli fərdi yaşayış evinə yönəldilməsi, tutma yönəldikdən və ipoteka predmetləri satıldıqdan sonra onların boşaldılması qət edilmişdir. Göründüyü kimi ƏMDKnin yanında DƏDRX-nin səhvi nəticəsində əmlaklar yüklülükdən tam azad edilmiş və nəticədə həmin əmlaklar mülkiyyətçi tərəfindən oğluna bağışlanmışdır. Halbuki, bunun üçün ipoteka saxlayanın razılığı tələb olunur. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Rafiq Əlicanov küçəsi, 5E saylı fərdi yaşayış evi Bakı şəhərinin notariusu T.H.Kərimova tərəfindən təsdiq edilmiş 4ə-109 reyestr nömrəli 03.12.2011-ci il tarixli alqı-satqı müqaviləsinə, "xxxx" İKB-nin 02-2094 saylı, 05.12.2011-ci il tarixli razılıq məktubuna əsasən X8 adına 30.12.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhərinin notariusu Т.Н.Kərimova tərəfindən təsdiq edilmiş 4ə/766 reyestr nömrəli, 11.09.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqları 21.09.2013-cü il tarixdə tanınmışdır. Sözügedən əmlak 24 saylı Notariat Kontorunun 4ə-109 reyestr nömrəli, 10.05.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən 13.05.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Dövlət reyestrində olan məlumatlara əsasən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Rafiq Əlicanov küçəsi, 5E saylı fərdi yaşayış evi ilə əlaqədar Cavabdeh2 ilə X13 arasında bağlanmış 24 saylı DNK-nın 06.07.2019-cu il tarixli 4ə-148 reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv edilmişdir. X11 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri- yaşayış binası Bakı şəhərinin notariusu Т.Н.Kərimova tərəfindən təsdiq edilmiş 4ə-110 reyestr nömrəli, 03.12.2011-ci il tarixli alqı-satqı müqaviləsinə və "xxxx" İKB-nin 02-2095 saylı, 05.12.2011-ci il tarixli razılıq məktubuna əsasən X8 adına 12.01.2012-ci il tarixdə qeydiyyata alınmışdır. 46 saylı NK-nın 4ə-767 reyestr nömrəli, 11.09.2013-cü il tarixli alqı-satqı müqaviləsi və "xxxx" İKB-nin 338 saylı, 17.09.2013-cü il tarixli razılıq məktubuna əsasən sözügedən qeyri-yaşayış binası Cavabdeh1 adına qeydiyyata alınmışdır. 9 saylı Notariat Kontorunda təsdiq olunmuş 4ə- 1057 reyestr nömrəli, 16.09.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən əmlak Cavabdeh2 adına 16.09.2019-cu il tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Daha sonra onlara məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh2 mülkiyyətinə keçdikdən sonra onun tərəfindən 12.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satılmışdır. Bundan sonra bununla bağlı Bakı şəhəri 9 saylı notariat ofisinə sorğu ilə müraciət edilmiş və bu hal təsdiqini tapmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(010)- 143/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki mübahisəli əmlak iki kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. Əmlaklar üzərində yüklülük azad ediləndə ikinci kredit üzrə ipoteka predmeti özgəninkiləşdirilmişdir. Qanunsuz olaraq əmlaklar üzərində yüklülük tam azad edilmiş və onlar formal olaraq aşağı qiymətə özgəninkiləşdirilmişdir. Məhkəmə daşınmaz əmlakları əldə edən şəxsləri vicdanlı əldə edən kimi qəbul edərək onların mənafeyini müdafiə etdiyi halda, bankın mənafeyinin pozulduğunu, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsinin icrasında çətinliklər yaranacağını nəzərə almamışdır. Qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün zəruri olan işin faktiki halları tam araşdırılmamış və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 və üçüncü şəxs X2 nümayəndəsi X12, üçüncü şəxs X14 və nümayəndəsi X15 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(010)-143/2021 saylı qətnaməsi İddiaçı ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" İKB ASC ilə X18 arasında 18.11.2011-ci il tarixli kredit müqaviləsi bağlanmış, borcalana 835000 ABŞ dolları məbləğində kredit verilmiş, təminat olaraq X11 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binası və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Rafiq Əlicanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evi 18.11.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Sonradan borcalan tərəfindən kredit müqaviləsi üzrə əsas və faiz borcu tam ödənilsə də, Bank ödənilməmiş cərimə borcu ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 500 ABŞ dolları məbləğində cərimə borcunun tutulması qət edilmiş, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə müəyyən edilmiş cərimə məbləği tam ödənilmişdir. Beləliklə, müvafiq borc borcalan tərəfindən tam ödənilmişdir. Bundan başqa, "xxxx" İKB ASC ilə X17 arasında bağlanmış 18.11.2011-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana 835000 ABŞ dolları məbləğində kredit verilmiş, borcun təminatı olaraq yuxarıda göstərilən əmlaklar bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu müqavilə üzrə əsas borc ödənilmiş, bankın iddiası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ödənilməmiş faiz və cərimə borcunun (cəmi 190801,48 ABŞ dolları) borcalandan Bankın xeyrinə tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Bundan sonra, X19 və Cavabdeh1 müraciəti əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinə həmin məhkəmənin 15 fevral 2019-cu il tarixli qərardadı ilə izah verilmiş, qətnamə ilə müəyyən edilmiş 500 ABŞ dolları məbləğində borc ödənildiyi təqdirdə "xxxx" İKB ASC ilə X19, X17 və X18 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş qeyri-yaşayış binası və "xxxx" İKB ASC ilə Cavabdeh1, X17 və X18 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş fərdi yaşayış evi ipotekadan azad edilmişdir. Bank tərəfindən qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardad əsasında hər iki əmlak üzərində olan yüklülük DƏDRX tərəfindən götürülmüşdür. Bundan sonra, fərdi yaşayış evi 10 may 2019-cu il tarixli, qeyri-yaşayış binası isə 16 sentyabr 2019-cu il tarixli bağışlama müqavilələri əsasında Cavabdeh2 mülkiyyətinə keçmişdir. Sonradan Cavabdeh2 X4 əvvəlcə 300000, daha sonra 100000 manat olmaqla, cəmi 400000 manat məbləğində borc pul almış, aralarında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanmış və borc öhdəliyinin təminatı olaraq fərdi yaşayış evi X5 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyri-yaşayış binasına gəldikdə isə bina bağışlama müqaviləsi ilə Cavabdeh2 mülkiyyətinə keçdikdən sonra 12 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə 700000 manata satılmışdır. Cavabdeh3 MMC həmin əmlakı X9 lizinqə vermiş, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmış, lizinq obyekti lizinq alanın istifadəsinə verilmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, qeyd olunan daşınmaz əmlaklar üzərində olan yüklülük müvafiq məhkəmə qərardadına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən götürüldükdən sonra həmin əmlaklar qanuna müvafiq şəkildə özgəninkiləşdirilmişdir. Bu zaman daşınmaz əmlakı əldə edənlər daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın doğruluğunu güman etməyə, buna güvənməyə haqlı olmuşlar. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Rafiq Əlicanov küçəsi, 5E saylı fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası eyni gündə, yəni 18 noyabr 2011-ci il tarixdə "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə X18 arasında bağlanmış kredit müqaviləsi və "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə X17 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli, 3-G2Zl-l-0-137-ll saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olduğu halda, ikinci kredit müqaviləsi üzrə ipoteka yüklülüyünün dövlət qeydiyyatına alınması barədə iş materiallarında heç bir sübut yoxdur. Bu barədə istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı mərhələsində məhkəməyə sübut təqdim olunması iddiaçı bankın nümayəndəsinə təklif olunsa da, məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin formal mülahizələrdən ibarət olan dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırma aparılmış və iddianın rədd olunması barədə düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apellyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(010)- 143/2021 saylı qətnaməsi İddiaçı ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4396/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4396/2021
03.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver