Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4398/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Usubova (Ağayeva) Mehriyyə Xəlil qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın alqı-satqısı müqavilələrin etibarsız hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Usubova (Ağayeva) Mehriyyə Xəlil qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın aıqı-satqı müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-774/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı Usubova (Ağayeva) Mehriyyə Xəlil qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Usubova (Ağayeva) Mehriyyə Xəlil qızı ilə Cavabdeh1 arasında xx.xx.2007ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması akt qeydləri kitabında 246 nömrə ilə xx.xx.2007-ci il tarixdə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən Bakı səhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. İddiaçı qızının xx.xx.2010-cu il tarixdə 15 saylı dövlət notariat kontoruna ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən o, həyat yoldaşı X7 məxsus olan Bakı şəhəri, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 0.01 ha sahəsinin satılmasına etiraz etməmişdir.
4. İddiaçı xx.xx.2010-cu il tarixdə 15 saylı dövlət notariat kontoruna ünvanlanladığı notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən o, həyat yoldaşı X7 məxsus olan Bakı şəhəri, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 0.03 ha sahəsinin satılmasına etiraz etməmişdir.
5. AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətdə olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində 0,12 ha torpaq sahəsinin 0,03 hektar hissəsini Cavabdeh3, 0.03 ha sahəsini isə Cavabdeh4 mülkiyyətinə vermiş, 0.06 ha isə öz mülkiyyətində qalmışdır.
6. Cavabdeh1 ünvan ünvanladığı xx.xx.2011-ci il tarixli ərizəsinə əsasən Cavabdeh1 bu günə kimi heç kimlə nikahda olmadığını və hazırda da subay olduğunu, bununla bağlı məsuliyyəti öz üzərinə götürməsini qeyd etmişdir.
7. AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh3 Bakı səhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX serialı, ******* saylı çıxarışa əsasən Bakı səhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi, habelə həmin müqavilə əsasında Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. Cavabdehlə birgə nikahda olduğu dövrdə Bakı səhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi əldə edilmişdir. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2011-ci il tarixində ******* nömrəli çıxarışla cavabdehin adına qeydiyyata alınmış, torpaq sahəsinə olan hüquq rəsmiləşdirilmişdir. Cavabdeh xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin 0.01 ha torpaq sahəsinə dair sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipotekaya qoymaq, pulunu almaq, buna dair müqavilə imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etmək hüquqlarını etibarnamə əsasında 50 il müddətinə X10 həvalə etmişdir. Bununla bağlı o, Bakı şəhəri 15 saylı dövlət notariat kontorunda ərizə yazmış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0.01 ha hissəsinin satılmasına etiraz etməmişdir. xx.xx.2011-ci il tarixdə cavabdeh həmin torpaq sahəsinin 0,03 ha hissəsi barədə alqı-satqı müqaviləsi bağlamaq üçün Bakı şəhəri 15 saylı Notariat kontoruna getmiş, ərizə yazaraq heç kimlə rəsmi nikahda olmadığını bildirmişdir. Notariat orqanında isə bu hal araşdırılmamış, həmin tarixdə Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsini Cavabdeh3, 0.03 ha sahəsini isə Cavabdeh4 onun razılığı olmadan rəsmi müqavilə ilə satmışdır. Onun qeyd edilən torpaq sahəsinin Cavabdeh3 satılmasından 2021ci ilin dekabr ayında məlumatı olmuşdur. Cavabdeh3 qeyd edilən torpaq sahəsinin 0.03 ha hissəsini xx.xx.2018-ci il il tarixdə Bakı şəhəri notariat kontorunda rəsmi alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satmış, bu əsasla da, Cavabdeh2 xx.xx.2018-ci il tarixində AR ƏMDK yanında DƏDRX-dən ******* nömrəli çıxarış almışdır. Rəsmiləşdirmə prosesi zamanı onun qeyd olunan torpaq sahəsinə dair hüquqları nəzərə alınmamış, heç bir məlumatı və icazəsi olmamasına baxmayaraq torpaq sahəsinə olan mülkiyyət hüquqlarından məhrum olmuşdur.
11. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsinə əsasən Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 da cavabdeh qismində işə cəlb olunmuşdular.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-774/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X12)
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçı mülki qanunvericiliyin tələblərinə əsasən mübahisələndirdiyi əqdlər barədə ona məlum olduğu vaxtdan etibarən 1 il müddətində mübahisələndirmək hüququndan tam üzürsüz səbəblərdən istifadə etməmişdir. İddiaçının torpağın satılmasından 11 il sonra məhkəməyə müraciət etməsinə dair dəlilləri ondan ibarətdir ki, o, belə bir torpağın varlığından və satılmasından xəbərsiz olmuşdur. Lakin, bu dəlil iddia ərizəsində iddiaçının özü tərəfindən yazılanları təkzib edir. Belə ki, iddia ərizəsindən və iş materiallarından da məlum olur ki, iddiaçı qeyd olunan torpaq sahəsi barədə məlumatlı olmuş, hətta onun bir hissəsinin satılmasına razılıq ərizəsini notariusda təsdiq etdirmişdir. Bundan başqa, əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı, 148.2-ci, 337.1-ci, 347.1-ci, 354-cü, 373-cü, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli və “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi sübutları düzgün araşdırmadan, cavabdeh tərəfindən təqdim edilmiş 26 noyabr 2010-cu il tarixli ərizəni mötəbər sübut qismində qəbul etmiş, həmin ərizənin iddiaçının həqiqi niyyətini hansı dərəcədə əks etdirməsinə qiymət verməmişdir. Belə ki, məhkəmə yekun məhkəmə aktı çıxararkən yalnız cavabdeh tərəfindən təqdim olunmuş X5 15 saylı notariat kontorunda Bakı şəhəri, Balaxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0,3 ha hissəsinin satılmasına etiraz etməməsi barədə yazdığı ərizəyə əsaslanmışdır. Baxmayaraq ki, ərizənin məzmununa və imzalanma tarixinə nəzər saldıqda həmin ərizə iddiaçının qeyd olunan torpaq sahəsinin Cavabdeh3 satılmasına razılıq verməsinə dair həqiqi niyyətini göstərmir. Belə ki, Cavabdeh1 ilə Cavabdeh3 arasında Balaxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0,3 ha hissəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi xx.xx.2011-ci il tarixdə bağlansa da, iddiaçı tərəfindən müvafiq torpaq sahəsinin satılmasına razılığa dair ərizə xx.xx.2010-cu il tarixdə təqdim edilmişdir. Eyni zamanda, iddiaçının xx.xx.2010-cu il tarixli ərizəsində qeyd olunan torpaq sahəsinin məhz kimə satılmasına razılıq verməsi göstərilməmiş, onun iradə ifadəsi öz əksini dəqiq tapmamışdır. Mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqısı ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən 15 saylı notariat kontorundan qeyd olunan notariat işinin təqdim edilməsi tələb edilmiş, müvafiq notariat işinin içərisində Cavabdeh1 tərəfindən xx.xx.2011-ci il tarixli bu günə qədər heç kimlə rəsmi nikahının olmaması və hazırda da subay olduğunu bildirən ərizə təqdim olunmuşdur. Həmin notariat işindən göründüyü kimi, Cavabdeh1 tərəfindən müvafiq torpaq sahəsi Cavabdeh3 və Cavabdeh4 satılarkən iddiaçının razılığı olmamış, o, bu barədə heç bir ərizə yazmamışdır. Birinci instansiya məhkəməsi Cavabdeh1 xx.xx.2011-ci il tarixli ərizəsinə ümumiyyətlə qiymət verməmiş, onun rəsmi nikahda olduğu halda iddiaçının razılıq ərizəsinin alınmamasını nəzərə almamışdır. İddiaçının xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından, qeyd olunan torpaq sahəsinin 0,03 ha hissəsinin Cavabdeh3 və Cavabdeh4 satılmasından xəbəri olmamış, bu barədə yalnız 2021-ci ilin dekabr ayında məlumatı olmuşdur. Nəticədə, X8 qanunvericilikdə nəzərdə tutulan müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi qanunvericilikdə nəzərdə tutulduğu qaydada müddət axımının başlanması anını düzgün müəyyənləşdirmədən, iddiaçının müddəti ötürməsini iddianın təmin edilməmə əsası kimi göstərmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı verdiyi izahatda Bakı şəhəri, Balaxanı qəsəbəsində yerləşən torpaq sahəsinin mövcud olmasından xəbərdar olduğunu, lakin qeyd olunan torpaq sahəsinin satılmasından məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd olunduğu kimi 2021-ci ilin dekabr ayında məlumatı olduğunu və bu barədə müddəti ötürməkdən ehtiyat edərək dərhal məhkəməyə müraciət etdiyini bildirmişdir. Lakin qətnamədə iddiaçının izahatı təhrif edilmiş, iddiaçının qeyd olunan torpaq sahəsinin mövcudluğundan ümumiyyətlə xəbərdar olmadığı qeyd olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı Usubova (Ağayeva) Mehriyyə Xəlil qızının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
19. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 11.4-cü maddəsinə əsasən xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 148.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 354.2-ci maddəyə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər; 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır; 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur; 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin; 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir; 404.1-ci maddəsinə əsasən qüqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsində şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
24. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.
29. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, hazırki iddiaya Mülki Məcəllənin 354-cü maddəsi tətbiq edilə bilməz. Lakin bu halın mövcudluğu hüquqi baxımdan iddianın əsassız olmasını aradan qaldırmır.
30. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı səhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi tərəflərin birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2011-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə keçmişdir. İddiaçı xx.xx.2010cu il və xx.xx.2010-cu il tarixlərdə notarial qaydada təsdiq edilmiş ərizələr üzrə həmin əmlakın müvafiq olaraq 0,01 ha və 0,03 ha hissəsinin satlmasına dair razılıq vermişdir. Aralarında bağlanmış xx.xx.2011-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh1 torpaq sahəsinin 0,03 ha hissəsini Cavabdeh3, 0,03 ha hissəsini isə Cavabdeh4 satmış, 0,06 ha hissəsi isə onun mülkiyyətində qalmışdır. Aralarında bağlanmış xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən isə Cavabdeh3 artıq onun mülkiyyətində olan həmin 0,03 ha torpaq sahəsini Cavabdeh2 satmışdır.
31. Bununla belə, iddiaçı iddiada bunu etiraf etməsə də, xx.xx.2011-ci il tarixli müqavilə bağlanan zaman onun predmeti olan 0,06 ha torpaq sahəsinin 0,04 ha hissəsinə iddiaçının razılığı olmuşdur. Bu razılığın həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə keçməzdən əvvəl verilməsi qeyd edilən əmlakın razılıq verilən tarixdə artıq sonuncunun istifadə və sahibliyində olmasını, yəni onun bu əmlaka mülkiyyətçi hüquqları ilə sahiblik etməsini təsdiq edir. Başqa sözlə, 2010-cu ildə (onun hələ Cavabdeh1 rəsmi mülkiyyətinə keçməzdən əvvəl, razılıq verdiyi tarixdə) iddiaçı həm bu əmlakın onlara məxsus olması, həm də, Cavabdeh1 onun ən azı 0,04, ha hissəsini özgəninkiləşdirmək niyyətində olması barədə məlumatlı olmuşdur.
32. İddiaçının vəkili və nümayəndəsi Vəkil (xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında protokolu, i.v. səh.70) iddiaçının nəinki torpaq sahəsinin 0,06 ha hissəsinin satılması, ümumiyyətlə torpaq sahəsinin mövcudluğu barədə məlumatının olmadığını, bu barədə yalnız X13 adlı şəxsin onlar barəsində etdiyi şikayət üzrə 2021-ci ildə (iddiada 2021-ci ilin dekabr ayında bildiyi göstərilir) polis orqanlarında izahat verdiyi zaman xəbərinin olduğunu, iddiaçının başqa torpaq sahəsinin 0,03 ha hissəsinin satılmasına razılıq verdiyini (yəni belə bir halın mövcud olması etiraf edilir), həmin ərizədə hansı torpaq sahəsinin satılması barədə hər hansı qeydin aparılmadığını bildirirmişdir.
33. Lakin torpaq sahəsinin satılması barədə məlumatın 2021-ci ilin dekabr ayında və polis orqanlarında izahat yazılan zaman əldə edildiyini təsdiq edən hər hansı sübut təqdim edilmir. Bu torpaq sahəsindən başqa Cavabdeh1 mülkiyyətində hər hansı başqa torpaq sahəsinin olmasını təsdiq edən sübut da mövcud deyil. Məlumat əldə edilməsi də birmənalı şəkildə alqı-satqını təsdiq edən sənədlərin əldə edilməsini özündə ehtiva edir.
34. Belə ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil həmin məhkəmə iclasında torpağın satılması barədə məlumatın 2021-ci ilin dekabr ayında əldə edilməsi ilə yanaşı, həmçinin, bu barədə sənədlərin əldə edilməsi üçün sorğunun onun tərəfindən verildiyini bildirir. Halbuki, iddiaçıdan əvvəl xx.xx.2018-ci il tarixli müqavilənin etibarsızlığı qeyd edilən X13 tərəfindən mübahisələndirilmişdir və həmin iş üzrə icraat zamanı onun da vəkili və nümayəndəsi Vəkil olmuşdur. Həmin mübahisənin nəticələrinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(008)-848/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamədə də torpağın 0,06 ha hissəsinin satılmasına dair bütün sənədlər təsbit edilmişdir. Belə olan halda, bu sənədlər barəsində tam məlumatlı olan eyni vəkil tərəfindən 2021-ci ilin dekabr ayından sonra yenidən bu sənədlərin əldə edilməsi üçün sorğu verməsi anlaşılmazdır.
35. Nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində torpaq sahəsinin 0,01 ha hissəsinin X2 etiraz etmədiyini bildirir. Halbuki, bu ərizədə də hansı torpaq sahəsinin və hansı şəxsə satılması göstərilməmişdir. Başqa sözlə, həmin xx.xx.2010-cu il tarixli ərizə ilə xx.xx.2010cu il tarixli ərizə eyni məzmunludur. Lakin artıq müəyyən edildiyi kimi, onun tərəfindən satılmasına dair razığın məhz mübahisəli torpaq sahəsinin 0,01 ha hissəsinə verildiyini, razılıq verildiyi 0,03 ha hissənin isə başqa torpaq sahəsinin tərkib hissəsi olmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Ümumiyyətlə başqa torpaq sahəsinin mövcud olması müəyyən edilmir.
36. Digər tərəfdən Cavabdeh3 Məsdalı oğlu tərəfindən xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər sırasında həmçinin, iddiaçı ilə Cavabdeh1 aid nikah haqqında şəhadətnamədə olmuşdur. Başqa sözlə, həm Cavabdeh3 Məsdalı oğlunun izahatı, həm də qeyd edilən sənədlərlə Cavabdeh1 nikahını gizlətmək niyyətində olmadığı öz təsdiqini tapır.
37. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə barədə yalnız 2021-ci ilin dekabr ayında, xüsusilə də X9 Cavabdeh2 qarşı iddiası rədd edildikdən sonra məlumat əldə etdiyini sübuta yetirə bilməmişdir. Əksinə işin halları ilə onun bu müqavilə və onun nəticəsi olaraq birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin 0,06 hissəsinin özgəninkiləşdirilməsi barədə məlumatlı olması və bundan sonra onlar (onun və Cavabdeh1 oldar oğlu) tərəfindən istifadə edilməməsinə razılıq verməsi tam sübuta yetir. Hüquqi nəticə etibarı ilə iddiaçı həmin sahənin 0,04 hissəsinin satılmasına razılıq vermiş, qalan 0,02 hissənin özgəninkiləşdirilməsinə razılıq verməsə də, bu barədə xəbərdar olmuşdur. Bu da onun həmin müqaviləni bəyənməsi və bu baxımdan müqavilənin tərəfi hesab edilməsi deməkdir. Qeyd edilənlər öz növbəsində xx.xx.2011-ci il tarixli müqavilə bağlanan zaman həmin müqaviləni bağlayan Cavabdeh1 bunun üçün səlahiyyətə malik olması kimi qiymətləndirilməli və iddiaçı üçün bütün müvafiq hüquqi nəticələrə səbəb olmalıdır.
38. Mübahisə üzrə əhəmiyyət kəsb edən məqamlardan biri də ondan ibarətdir ki, torpaq sahəsinin 0,04 hissəsinə dair iddiaçı tərəfindən razılıq verilmişdir. Qalan 0,02 ha torpaq sahəsinin hazırda cavabdehlərin hansının mülkiyyətində olmasının müəyyən edilməsi də qeyri-mümkündür. Mübahisə ilə bağlı aidiyyəti sənədlərin Cavabdeh3 tərəfindən təqdim edilməsi torpaq sahəsinin 0,03 ha hissəsinin Cavabdeh4 deyil, məhz ona satılmasına dair razılığın verilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Cavabdeh4 iştirakını nə birinci, nədə ki, apellyasiya instansiya məhkəməsindəki icraatda təmin etmək mümkün olmamışdır. Bu halın mövcudluğu da iddianın xx.xx.2011-ci il tarixli müqavilə ilə bağlı hissədə hər hansı formada təmin edilməsini qeyri-mümkün edən ayrıca bir müstəqil əsasdır.
39. Qeyd edilənlər xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız olması barədə iddiaçının dəlillərinin əsassız olmasını təsdiq edir və onun bu barədə tələbinin rədd edilməsini şərtləndirir. Bu tələbin təmin edilməməsi, digər, yəni xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələbin də təmin edilməməsi üçün əsas yaradır.
40. Məhkəmə kollegiyası xx.xx.2018-ci il tarixli müqavilə ilə bağlı ayrıca olaraq qeyd edir ki, xx.xx.2011-ci il tarixli müqavilənin Cavabdeh3 münasibətdə etibarsız hesab edilməsi heç bir halda xx.xx.2018-ci il tarixli müqavilənin etibarsızlığına səbəb olmur. Belə ki, Mülki Məcəllənin 225.6-cı maddəsi ilə tənzimlənən bu münasibətlər xüsusi münasibətlərdir və bu baxımdan istisna norma olmaqla, onun analogiya üzrə tətbiq edilməsinə yol verilmir. Bu müddəa ər-arvadın ümumi birgə mülkiyyətində olan daşınmaz əşyaya sərəncam verilməsi barədə onlardan biri tərəfindən bağlanmış əqdlərə münasibətdə vicdanlığı istisna edir. Lakin ər-arvaddan biri ilə bağlanmış belə bir müqavilə əsasında əmlakın mülkiyyətçisinə çevrilmiş şəxs (yeni mülkiyyətçi) tərəfindən bağlanmış sonrakı belə bir müqavilə üzrə əldə edənin vicdanlılığı qorunur. Başqa sözlə, Cavabdeh3 mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsini əldə etməklə ona dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırdıqdan sonra həmin sahəni xx.xx.2018-ci il tarixdə Cavabdeh2 satmış və bu zaman Cavabdeh1 bu müqavilənin tərəfi olmamışdır. Bu baxımdan Cavabdeh2 həmin əmlakın vicdanlı əldə edənidir və onun vicdanlılığı qorunur.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Usubova (Ağayeva) Mehriyyə Xəlil qızının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-774/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Usubova (Ağayeva) Mehriyyə Xəlil qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-774/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi iddiaçı Usubova (Ağayeva) Mehriyyə Xəlil qızının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı Usubova (Ağayeva) Mehriyyə Xəlil qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.