Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-440/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Alikoviçə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ( “divarın cavabdehin öz hesabına sökülməsi”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Alikoviçə (Əlikoviçə) qarşı divarın cavabdehin öz hesabına sökülməsi tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-110/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh Alikoviçə qarşı cavabdehin yaşadığı ünvan 1 ünvanında onun evinin divarına bitişik inşa olunmuş tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Alikoviç və ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında onun və ailə üzvlərinin yaşadıqları ünvanda qonşuluqda yaşayır. Belə ki, hasar qonşusu olsa da faktiki olaraq onun tərəfindən hasar çəkilməmişdir, yalnız onların evi aralarında hasar rolunu oynayır. Cavabdeh tərəfindən isə hasarlarına demək olar ki, bitişik əlavə tikili inşa edilmişdir. Faktiki olaraq həmin tikili cavabdeh tərəfindən bilərəkdən onların evlərinə bitişik tikilmişdir ki, evlərinin nəfəsliyinin qarşısı alınsın. Dəfələrlə tikilinin sökülməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətinə əhəmiyyət vermədiyindən məhkəmə qaydasında həmin tikilinin sökülməsi tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Əslində həmin tikilinin inşa olunması üçün müfaviq icazə də alınmamışdır. Hər bir halda cavabdeh tərəfindən inşa olunan tikili qanunsuz olaraq inşa olunmuş və ona məxus tikilinin zədələnməsinə, evin havalanması üçün açılmış nəfəsliyin bağlanmasına səbəb olmuşdur.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 110/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 3 ünvanında olan və qonşu İddiaçı yaşadığı evin birinci mərtəbəsində yerləşən pəncərərinin (nəfəsliyin) qarşısında inşa edilmiş divar 2,20 metr hündürlüyündən yuxarı hissəsinin (yəni qeyd olunan nəfəsliyin qarşısına düşən hissəsi) Cavabdeh Alikoviçin öz hesabına sökülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh Alikoviçdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
4. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 152.6, 157.4, 157.8, 170.1,170.2, 176, 180.1, 180.4, 240.1, 240.3; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.1.2, 65, 79.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının sahibliyində və istifadəsində olan yaşayış evi (birinci mərtəbəsində inşa edilmiş nəfəsliyi olan yaşayış evi) onun mərhum ərinin atasının adınadır. Ona görə də mərhum ərinin qanun üzrə vərəsəsi kimi iddiaçı, həmin əmlakla bağlı iddia irəli sürməkdə haqlıdır.İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən 28 nömrəli iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinin təxminən ortasında yerləşən nəfəsliklə 0,30 m ara məsafədə qonşu, iş üzrə Cavabdeh öz mülkiyyətində olan ünvan 3 ünvanında divar (hasar) inşa etmişdir. Həmin divarın inşasına səbəb isə iddiaçının yaşadığı evdən onun həyətinin müşahidəsi mümkün olmasın.Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələrindən (həmin nəticələrin yanlış olmasına dair hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi nəzərə alınmaqla) müəyyən olunur ki: -ünvan 4 ünvanında İddiaçı məxsus yataq otağında və mətbəxində aparılmış müayinələrin göstəricilərinə əsasən işıqlanma və hava cərəyanının surəti tələb olunan normadan azdır.-ünvan 5 ünvanında cavabdeh tərəfindən iddiaçının yaşadığı 2 mərtəbəli yaşayış evindən 0,30 m ara məsafəsində inşa edilmiş divar tikinti norma və qaydalarına riayət olunmadan inşa edilmiş, mübahisəli divarın (hasarın) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1 -ci maddəsinə uyğun 2.20 m hündürlükdə inşa olunduğu təqdirdə, iddiaçının yaşadığı evə günəş işığının və hava axımının daxil olmasına maneə aradan qaldırıla bilər.Yuxarıda sadalanan qanunverciliyin tələblərini və iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq,iddia tələbi qismən təmin edilməli və ünvan 3 ünvanında olan və qonşu İddiaçı yaşadığı evin birinci mərtəbəsində yerləşən pəncərərinin (nəfəsliyin) qarşısında inşa edilmiş divar 2,20 metr hündürlüyündən yuxarı hissəsi (yəni qeyd olunan nəfəsliyin qarşısına düşən hissəsi) Cavabdeh Alikoviçin öz hesabına sökülməlidir.Belə ki, hər iki tərəfə məxsus torpaq sahələrinin sərhədlərini ayıran hasar mövcud olmamaqla iddiaçının istifadəsində və sahibliyində olan yaşayış evi torpaq sahələrinin sərhədində inşa edilmiş, iddia tələbi cavabdeh tərəfindən inşa edilən hasarın (divarın) iddiaçının istifadəsində olan evin strukturuna hər hansı bir ziyanın dəyməsi ilə deyil, məhz evə günəş işığın düşməsinə, hava axımının keçməsinə maneçilik törədilməsi ilə əsaslandırılmışdır. İş üzrə isə iddia tələbinin əsasları müəyyən edilmiş, həmin divarın iddiaçının istifadəsində olan evin strukturuna hər hansı bir ziyanın dəyməsi müəyyən edilməməklə, bu hal iş üzrə həmçinin mübahisə predmeti deyil. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən inşa edilmiş divar 2.20 metr hündürlükdə inşa olunduğu təqdirdə, iddiaçının yaşadığı evə günəş işığının və hava axımının daxil olmasına maneə aradan qaldırıla bilər.
5. Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7, xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuş, atası - X5, anası isə X2r;- İN-W seriyalı, 456672 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 arasında xx.xx.1985ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Məlikova soyadı verilmişdir;- Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023- cü il tarixdə ölmüşdür;- Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 Cavabdeh mülkiyyətindədir- AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1977-ci ildə ünvan 6 ünvanında qeydiyyatdadır;- İş üzrə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə cavabdehin ünvanında baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, cavabdeh öz torpaq sahəsində iddiaçının yaşadığı iki mərtəbəli evin birinci mərtəbəsinin təxminən ortasında yerləşən pəncərənin qabağında eni təxminən 150 sm, hündürlüyü təxminən 250 sm olan divar tikmişdir. Həmin divarın yerdən yuxarıya olan 190 sm hissəsi qoşa mişar daşı ilə, 190 sm-dən yuxarı hissəsi (pəncərənin qarşısı olan hissəsi) tək qatlı mişar daşı ilə inşa olunmuşdur. Divarın yerdən yuxarıya olan 190 sm hissəsi ilə cavabdehin yaşadığı evin arasında olan ara məsafə təxminən 7-10 sm, yuxarı hissəsi (pəncərənin qarşısı olan hissəsi) ilə evin ara məsafəsi təxminən 23 sm təşkil edir. Cavabdehin nümayəndəsinin bildirdiyinə əsasən iddiaçının yaşadığı evdə olan pəncərədən cavabdehin həyətinə baxıldığından cavabdeh həmin divarı inşa etmişdir;- İş üzrə qəbul edilmiş məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(003)-1916/2023 saylı qərardadına əsasən: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxs tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanında İddiaçı məxsus yataq otağında və mətbəxində aparılmış müayinələrin göstəricilərinə əsasən işıqlanma və hava cərəyanının surəti tələb olunan normadan azdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/8855 nömrəli ekspert rəyinə əsasən;- ünvan 5 ünvanında cavabdeh tərəfindən iddiaçının yaşadığı 2 mərtəbəli yaşayış evindən 0,30m ara məsafəsində inşa edilmiş divar tikinti norma və qaydalarına riayət olunmadan inşa edildiyi müəyyən edilir. Mübahisəli divarın (hasar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1 ci maddəsinə uyğun 2.20 m hündürlükdə inşa olunduğu təqdirdə, iddiaçının yaşadığı evə günəş işığının və hava axımının daxil olmasına maneə aradan qaldırıla bilər. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-110/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmə kollgiyasından xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66.2, 67, 68, 111; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iddiaçının iddia etdiyi tikilinin qanunsuz tikili olmasını nəzərə almamış, tikinti işləri apararkən lazımi icazələr almamasını və ona məxsus evdə inşa edilmiş hasarın iddiaçıya heç bir maneçilik törətməməsini, cavabdeh tərəfindən açılmış nəfəslik onun yaşadığı evin həyətyanı hissəsinə açıldığından, daim həyətinin iddiaçı tərəfindən müşahidə olmaması səbəbindən hasar çəkilmişdir. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi və sahə rəisi tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl bir neçə dəfə pəncərənin bağlanması ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, pəncərəni bağlamaqdan imtina etmişlər. Həmin şəxslərin məhkəmədə iş materiallarında imzalanmış aktı da mövcuddur. Lakin, Xəzər rayon Məhkəməsi işə baxarkən, qanunsuz inşa edilmiş özbaşına tikili üzərində pəncərənin açılmasına şərait yaratmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsi işə baxarkən, iş üzrə ekspertiza təyin edilməsi barədə qərarla cavabdehləri tanış etməmiş, ekpert tərəfindən torpaq sahəsinə baxış keçirilməsində iştirak etməmiş, ekspert rəyi ilə tanış olmamışlar, ekspert rəyi nə məhkəmə tərəfindən, nə də ekspert tərəfindən cavabdehə təqdim edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə razı deyiləm. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/8855 nömrəli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında cavabdeh tərəfindən iddiaçının yaşadığı 2 mərtəbəli yaşayış evindən 0,30 m ara məsafəsində inşa edilmiş divar tikinti norma və qaydalarına riayət olunmadan inşa edildiyi müəyyən edilir. Mübahisəli divarın (hasar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1 -ci maddəsinə uyğun 2.20 m hündürlükdə inşa olunduğu təqdirdə, iddiaçının yaşadığı evə günəş işığının və hava axımının daxil olmasına maneə aradan qaldırıla bilər. Lakin, məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, iddiaçı tərəfindən pəncərənin açılması nəzərdə tutulmuş tikiliyə baxış keçirilməmiş, həmin tikilinin özbaşına tikili olması ilə bağlı tədqiqat aparılmamışdır. İddiaçının istifadəsində fərdi yaşayış evi və torpaq sahəsi olsa da, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsi işə baxarkən, sübutlara obyektiv qiymət verməmiş, formal tələblərə uyğun qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş, sorğunun cavabinda qeyd edilmişdir ki, Sorğuda qeyd olunan ünvanlara dair məlumatların və sənədlərin surətinin təqdim edilməsi ilə bağlı sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 30 saylı fərdi yaşayış evi X1 adına ilkin hüquqi qeydiyyata alınmışdır. Bakı şəhəri 7 saylı NK-nın 2V-105 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında həmin fərdi yaşayış evi X11 adına rəsmiləşdirilmişdir. X11 xx.xx.2018-ci il tarixli müraciəti əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa, təqdim edilmiş layihə smeta sənədlərinə əsasən qeyd olunan fərdi yaşayış evinin ümumi sahəsi 102,5 kv.m olmaqla X11 adına ********** nömrəli, xx.xx.2018-ci il tarixli yeni çıxarış tərtib edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 2V-469 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə, 3M301 reyestr nömrəli, eyni tarixli “Miras payın bağışlanması müqaviləsi”nə əsasən sözügedən fərdi yaşayış evi hər birinə ½ hissə olmaqla Cavabdeh və Nümayəndə adına qeydə alınmışdır. Bakı şəhəri 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 4ə-1037 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin fərdi yaşayış üzərində Cavabdeh tam mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evinə dair sənədlərin təsdiq edilmiş surətini təqdim edirik. Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 28 saylı fərdi yaşayış evinin hüquqi qeydiyyatı barədə məlumat aşkar edilməmişdir.
8. Apellyasiya icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4816/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 7 evdə açılmış və həyətyanı torpaq sahəsinə baxan iki ədəd pəncərənin cavabdehin hesabına sökülməsi və onun yerinin cavabdehin hesabına bağlanılaraq əvvəlki vəziyyətinə qatraılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Tofiq Məlikovun mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən yaşayış sahəsinin ortaq divarında Tofiq Məlikov tərəfindən inşa edilməklə evin həyətyanı sahəsinə açılmış 0.96x 0.42 və 0.6 x 0.6 metr ölçüdə pəncərələr ( nəfəslik) Tofiq Məlikov öz hesabına bağlanması və iddianın qalan hissədə rədd edilməsi qət edilmiş; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi , yeni qətnamə qəbul edilməklə, iddianın rədd edilməsi qət edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4816/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdiriilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, əvvəllər də cavabdeh tərəfindən onun yaşadığı evdə nəfəsliyin sökülməsi ilə bağlı iddia qaldırıldığını, lakin yekun olaraq iddianın təmin olunmadığını, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə qüvvədə saxlanıldığını,hazırkı iddiasının da tam əsaslı olduğunu, belə ki, cavabdeh tərəfindən inşa edilmiş əlavə tikilinin onun pəncərəsinin qarşısını bağladığını, bununla evə təmiz hava gəlməsinin ciddi şəkildə qarşısının alındığını, cavabdehlə dəfələrlə şifahi söhbətlər aparılsa da nəticə vermədiyini, onun bilərək dən belə maneələr yaratdığını, pəncərini açdığı zamanlarda da müxtəlif xoşagəlməz qoxuları ətrafa yayaraq, onun evinə təmiz hava gəlməsinin qarşısını aldığını,həmçinin evin mərhum qaynatasının adına olduğunu, o rəhmətə getdikdən sonra yoldaşının adına keçdiyini, yoldaşı rəhmətə getdikdən sonra evi öz adına keçirmək üçün maddi cəhətdən çətinlik çəkdiyini və bu səbəbdən hələ də öz adına keçirə bilmədiyini, lakin illərdir orada qeydiyyatda olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin tam qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
10. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh Alikoviçin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər Rayon İcra Hakimiyyətinin iştirakı olmadan işə baxılması mümkün heab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
13. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2.Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.
15. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139 -176, 178,179, 560; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq mübahisəli tikilinin iddiaçının yaşadığı evə hava gəlməsinin qarşısının alınıb-alınmaması ilə bağlı ekspertiza keçirilmiş və ekspert rəyi ilə də cavabdeh tərəfindən inşa edilmiş tikilinin bir hissəsinin iddiaçının yaşadığı evə təmiz hava gəlməsinin qarşısının alınması müəyyən edilmiş, digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(002)-4816/2022 saylı işi üzrə xx.xx.20022-ci il tarixli qərarından da görünür ki, əvvəllər hazırkı iş üzrə cavabdeh iddiaçının mərhum həyat yoldaşına qarşı açılmış pəncərənin sökülməsi və əvvəlki vəziyyətinin bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iddiaçının iddia tələbi təmin edilməmiş və Ali Məhkəmənin müvafiq qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Artq həmin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi hazırkı mübahisə ilə birbaşa əlaqəli olduğundan və qanunvericiliyin tələblərinə uyğun olaraq bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən edilmiş faktlar başqa mülki iş üzrə mübahisələndirilmədiyindən hazırkı apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
17. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan, apellyasiya üzrə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Alikoviçin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-110/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.