Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4400/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh1 nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3387/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 38, M4 ünvanında yerləşən 3 saylı mənzilə aid X4 və Cavabdeh3 arasında imzalanmış 08.11.2018-ci il tarixli bağışlama müqaviləsinin, X5 ilə Cavabdeh2 arasında imzalanmış 22.02.2019-cu il tarixli və Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış 18.04.2019-cu il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh4 hərəkətlərinin qanunsuz hesab edilməsi və Cavabdeh4 mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh4 ilə 30.05.2015-ci il tarixində Bakı şəhərində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 25.03.2019-cu il təvəllüdlü X7 və X8 dünyaya gəlmişdir. İddiaçı ilə Cavabdeh5 və “xxxx” MMC arasında imzalanmış 13.07.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinə əsasən iddiaçıya məxsus Heydər Əliyev prospekti 66 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 58,2 kv.m olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə Heydər Əliyev prospekti 66-68 ünvanında inşa olunmuş yeni yaşayış binasının dördüncü mərtəbəsində 74 saylı ümumi sahəsi 89,8 kv.m olan 3 otaqlı mənzillə təmin olunmuşdur. Qeyd olunan mənzilin qaz, işıq, su və telefon xətləri iddiaçının adına rəsmiləşdirilmişdir. 08.11.2018-ci il tarixində “xxxx” MMC-nin adından etibamamə üzrə səlahiyyətli nümayəndəsi qismində X4 Heydər Əliyev prospekti 38, M4 ünvanında yerləşən ümumi sahəsi 88,8 kv.m olan 3 saylı mənzili Cavabdeh3 bağışlama müqaviləsi əsasında hədiyyə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş ******* saylı RX seriyalı çıxarışa əsasən mənzil Cavabdeh3 adına rəsmiləşdirilmişdir. 22.02.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmışdır. 18.04.2019-cu il tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh2 mənzili Cavabdeh1 satmışdır. Göründüyü kimi qeyd olunan mənzilin özgəninkiləşdirilməsi zamanı onun razılığı alınmamışdır, Cavabdeh4 tərəfindən şifahi razılıq verilmişdir. Cavabdeh4 tərəfindən verilmiş razılıq əsasında digər cavabdehlər arasında əsassız müqavilələr imzalanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3387/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, sifarişçi və zəmanətverən Cavabdeh5, podratçı “xxxx” MMC və zəmanətalan İddiaçı arasında bağlanmış 13.07.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsindən görünür ki, tərəflər İddiaçı Heydər Əliyev prospekti 66 saylı binanın 1-cı mərtəbəsi ona məxsus, ümumi sahəsi 58,2 kv.m olan sökülmüş qeyri-yaşayış |sahəsinin əvəzinə, Heydər Əliyev prospekti 66-68 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 89,8 kv.m 3 otaqlı 74 saylı mənzil ilə təmin olunması barədə razılığa gəlmişlər. İcraçı “xxxx” MMC ilə sifarişçi İddiaçı arasında 24.01.2018-ci il tarixdə “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə 2055816-12-65 saylı müqavilənin surətindən görünür ki, icraçı müvafiq abunə haqqı müqabilində sifarişçinin domofon sistemi üçün təmir xidmətinin göstərilməsini öhdəsinə götürmüşdür. Bildirir ki, birinci instansiya məhkəməsində hüquqlarını müdafiə edən Vəkil1 tərəfindən X2 həmin müqavilədəki imzanın ona aid olduğunu sübut etmək üçün həmin mərkəzə sorğu ünvanlamışdır. X1 16 dekabr 2020-ci il tarixli 422 saylı tədqiqatın nəticəsinə görə tədqiqata təqdim edilmiş, 13 iyul 2017-ci il tarixli 66-68-74 nömrəli zəmanət müqaviləsinin sonunda “maddə 6. Tərəflərin İmzalan’ bölməsində “Zəmanətalan” qrafasındakı imza və “Budaqova” yazısı -İddiaçı tərəfindən icra olunmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər əvvəlki məhkəmə iclaslarında iştirak etsələrdə, məhkəmə kollegiyasının hazırkı iclasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh5, podratçı “xxxx” MMC və zəmanətalan İddiaçı arasında bağlanmış 13.07.2017- ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinin kserosurətinə görə, tərəflər İddiaçı Heydər Əliyev prospekti 66 saylı binanın 1-ci mərtəbəsi ona məxsus, ümumi sahəsi 58,2 kv.m olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə, Heydər Əliyev prospekti 66-68 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 89,8 kv.m 3 otaqlı 74 saylı mənzil ilə təmin olunması barədə razılığa gəlmişlər. 08.11.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 2 ünvanında 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 88,8 kv/m olan 3 otaqlı mənzil tam mülkiyyət üzrə hədiyyə verən “xxxx” MMC tərəfindən əvəzsiz olaraq Cavabdeh3 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4, m3 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində 23.11.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 22.02.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4, m3 saylı mənzili alıcı Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 547755 nömrəli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4 m3 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində 28.02.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 18.04.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4, m3 saylı mənzili alıcı Cavabdeh1 satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu zaman qeydiyyatda heç kim olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 547755 nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 38, M4 m3 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində 23.04.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 1 saylı ünvan 3 ünvanlanmış 26.10.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 66 saylı qeyri-yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 58,2 kv.m olan qeyriyaşayış sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzil ilə bağlı İddiaçı ilə “xxxx” ASC, “Azəriqaz” İB və “xxxx”ASC həmçinin “xxxx” MMC arasında xidmət müqavilələri bağlanmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı iddia tələbinin əsası kimi Cavabdeh5 və "xxxx” MMC arasında imzalanmış 13.07.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinə istinad etsə də, bu müqavilənin etibarlı olmaması ilə bağlı Cavabdeh5in nümayəndəsinin izahatında göstərilənlər və mülki işin materiallarında olan sənədlər ilə müəyyən edilən halların təkzib edilməsi üçün iddia ərizəsində qeyd edilən hallar üzrə sübutlar təqdim edə bilməmişdir. İddiaçı tərəfə mübahisəli mənzilin verilməsinə əsas olmuş Heydər Əliyev prospekti 66 saylı binanın 1-ci mərtəbəsi, ümumi sahəsi 58,2 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olmasına dair hər hansı hüquq müəyyənedici sənədlərin təqdim edilməsi məhkəmə tərəfindən təklif olunsa da, iddiaçı bu sənədləri təqdim edə bilməmişdir. Bundan başqa İddiaçı, mübahisəli mənzilə hər hansı hüquqi aidiyyəti müəyyən edilmədiyindən, mübahisəli mənzilə dair bağlanmış 17.08.2018-ci il tarixli bağışlama, 22.02.2019-cu il tarixli və 18.04.2019-cu il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etməsinə hüquqi ixtiyarı yoxdur və beləliklə də onun cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddiası, iddia ərizəsində göstərilən tələbləri irəli sürmək üzrə subyektiv hüquqa malik olmadığı əsası ilə də rədd edilməlidir. Bundan başqa İddiaçı ilə “xxxx” ASC, “Azəriqaz” İB və “xxxx”ASC arasında xidmət müqavilələrinin bağlanması, İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququnun olmasına əsas ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Kollegiya qeyd edir ki, iddiaçı 13.07.2017- ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinə istinad etsə də, həmin müqavilənin əsli məhkəmə kollegiyasına təqdim edilməmişdir. Bundan başqa Bakı şəhəri Cavabdeh5in 24.06.2021-ci il tarixli məktubundan görünür ki, iş materiallarına kserosurət kimi əlavə edilmiş, Cavabdeh5 başçısının birinci müavini Ş.İbadov, podratçı şirkət “xxxx” MMC-nin direktoru Qəribov A.A və zəmanətalan İddiaçı tərəfindən imzalanmış 13.07.2017-ci il tarixli 66-68-74 nömrəli zəmanət müqaviləsi Nərimanov RİH-də mövcud deyildir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 13.07.2017- ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsinin kserosurəti mötəbər sübut kimi qiymətlədirilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təstiq edən hüquqmüəyyənedici sənədi olmadığından, onun müvafiq subyektiv hüquqa, malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla iddiaçının subyektiv mövqeyinə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti rədd edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3387/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4400/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4400/2021
29.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver