Məhkəmə qərarları › İş №2(103)-4401/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4401/2021

18.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4401/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 oktyabr 2020-ci il tarixli qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə və iddiaçının özünün iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ASC tərəfindən ona əsassız olaraq hesablanmış 2.027,19 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2 yaşayış sahəsi var. Onlardan biri Bakı şəhəri, H.Zərdabi küçəsi, bina 71 “A”-da yerlən 109 saylı mənzil, digəri isə Bakı şəhəri, Nəsimi rayonu, Kəpic-49-da yerləşən, 12 saylı fərdi yaşayış evidir. İddiaçı ilin əksər fəsillərində birinci ünvandakı mənzildə yaşayır, ikinci ünvanda qeyd edilən fərdi yaşayış evində isə çox qısa müddət ərzində yaşayır. Ev cavabdeh ASC tərəfindən elektrik enerjisi ilə təmin edilir və elektrik enerjisinin istifadəsi nəticəsində yaranmış borc ASC tərəfindən həmin ünvanda, lakin yaşayış sahəsindən kənarda, yəni küçədə quraşdırılmış A31816511 saylı sayğac vasitəsi ilə hesablanır. Sonuncu dəfə, 04.08.2018-ci il tarixdə iddiaçı tərəfindən 46 manat məbləğində pul ödənilmiş və borcunun olmaması barədə elektron qəbz verilmişdir. Sayğacının son göstəricisi kimi 07.11.2019-cu il tarixdən, 08.12.2019-cu ilə tarixədək 112 kvts. sərfiyyat göstərilmiş və iddiaçı 7,84 manat pul ödəməli olduğu göstərilmişdir. Eyni zamanda heç bir əsas olmadan həmin elektron qəbzdə qalıq borc kimi 2.027,19 manat göstərilmişdir. Dəfələrlə cavabdeh ASC-yə bu borcun yaranma səbəbini soruşmasına baxmayaraq bunun səbəbini iddiaçıya izah edən olmamış və borcu silməmişlər. Halbuki, iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 29.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı kənar xətt vasitəsi ilə 2027.19 manat dəyərində elektrik enerjisini istehlak etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "xxxx" MTK tərəfindən verilmiş 13.12.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə iddia ərizəsində qeyd edilən birinci ünvanda yerləşən mənzildə yaşayır. Kommunal xərcləri vaxtında ödəyir və heç bir borcu yoxdur. İddia ərizəsində qeyd edilən ikinci ünvanda yerləşən fərdi yaşayış evinə aid sənədlərdən görünür ki, həmin evdə elektrik sayğacı 21.11.2008-ci il tarixdə və evdən kənarda, yəni küçədə quraşdırılmışdır. ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 19.11.2020-ci il tarixli, NDM seriyalı, 017421 saylı aktdan və başqa sənədlərdən görünür ki, həmin tarixdə ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış və müəyyən edilmişdir ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti daxil olur. Kənar xətt sayğacları qidalandıran xətdən çəkilərək fərdi yaşayış evinin arxa hissəsindən fərdi yaşayış evinə daxil olur. Ölçmə zamanı xətdən axan yükün “Pkən = 2,86 kvt, Psay =0kvt” kimi olması müəyyən edilmişdir. Kənar xətt ləğv edilmişdir. Akta əsasən 740,61 manat və limitdən artıq sərfiyyata görə 1.304,00 manat əlavə ödəniş hesablanmışdır. ASC-nin Nəsimi Rayon Satış Şöbəsinin aparıcı-mühəndisi X1 işə baxmış Rayon Məhkəməsinə mütəxəssis kimi ifadə verərək bildirmişdir ki, ona təqdim edilmiş sənədlər üzrə apardığı araşdırma zamanı müəyyən etmişdir ki, ASC tərəfindən iddiaçının abonent koduna hesablanmış borcun bir hissəsi, yəni 1.304 manat iddiaçıya aid deyil, həmin məbləğ səhv olaraq iddiaçının abonent koduna daxil edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının” 7.11-ci bəndinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.17-ci bəndinə görə, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələdikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar 7 özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Qaydaların 8.34-cü bəndində görə, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidmət vəsiqəsini təqdim etməyə borcludurlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barəsində çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Qaydaların 8.32-ci bəndinə görə, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 9-cu bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır (bənd 9.1.). İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir (bənd 9.4.). Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların yaşayış və ya qeyri-yaşayış sahəsindən kənarda quraşdırılmış elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi, yəni indiki halda cavabdeh ASC daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, elektrik sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşıya bilməz. Müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun cavabdeh ASC tərəfindən məhkəmələrə təqdim edilməməsi ASCnin dəlillərinin həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh ASC-nin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar