Məhkəmə qərarları › İş №2(103)-4403/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4403/2021

04.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4403/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, iddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh qarşı “alqı-satqı və kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 2 müqavilənin etibarsız hesab edilməsi tələb olunub: 1) iddiaçı İlahə Həsənova (alıcı) ilə cavabdehin (satıcının) arasında bağlanmış 10.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi; 2) İddiaçı (kredit alan) ilə cavabdehin (kredit verənin) arasında bağlanmış 10.01.2019-cu il tarixli kredit müqaviləsi. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında işdirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirk edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Alqı-satqı müqaviləsinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həmin müqavilədən görünür ki, satıcı Nəsimi rayonu, Sübhi Salayev küçəsində yerləşən, ümumi sahəsi 131,9 kv.m təşkil edən 39 №-li fərdi yaşayış evinin 1/6 hissəsini 36.500 manata alıcıya satıb. Alıcı müqaviləni ona görə mübahisələndirib ki, müqavilə aldatma nəticəsində bağlanıb. Aldatma onunla izah olunur ki, müqavilə bağlanarkən satıcı alıcıya bildirmişdir ki, evin 1/6 hissəsi 39,7 kv.m təşkil edir, lakin alıcıya 27 kv.m sahə verilmişdir. Aldatma sübut olunmur. Belə ki, müqavilənin mətnində satılan sahənin (yəni evin 1/6 hissəsinin) ölçüsünün 21,9 kv.m təşkil etidiyi qeyd olunub, alıcı nümayəndəsi vasitəsilə həmin müqaviləni imzalayıb, ona görə də müqavilə üzrə satıcının vəzifəsi alıcıya 21,9 kv.m sahəni vermək olub. Məhkəmə Mülki Məcəllənin 339.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Kredit müqaviləsinə aid hissədə qətnamə ləğv edilməli və kredit müqavilsi etibarsız hesab edilməlidir. Belə ki, həmin müqavilədən görünür ki, kredit verən kredit alana 4.500 manat pulu borc verir, kredit alan isə pulu 31.08.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürür. İddiaçı apellyasiya icraatı zamanı bildirmişdir ki, kredit müqaviləsində göstərilən 4.500 manat alqı-satqı müqaviləsinə göstərilən 36.500 manatın davamıdır, belə ki, 39,7 kv.m sahənin alqı-satqısı 41.000 manata razılaşdırılmış, 36.500 manat satıcıya verilmiş, qalan 4.500 manatın verilməsi isə “kredit müqaviləsi” kimi sənədləşdirilmişdir, lakin həmin müqavilə üzrə cavabdeh ona 4.500 manat borc pul verməmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi uydurma əqd kimi etibarsızdır. Belə ki, alqı-satqı müqaviləsi və kredit müqaviləsi eyni gündə bağlanıb. Kredit müqaviləsində kredit verən (cavabdeh) alqı-satqı müqaviləsində satıcıdır. Kredit müqaviləsində kredit alan (İddiaçı) alqı-satqı müqaviləsində alıcının (İlahə Həsənovanın) nümayəndəsidir. Satıcının (alıcının nümayəndəsindən 36.500 manat pul almalı olan şəxsin) eyni gündə alıcının nümayəndəsinə (ona 36.500 manat pul verməli olan şəxsə) 4.500 manat borc pul verməsi ağlabatan deyil. Ona görə də məhkəmə Mülki Məcəllənin 340.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, kredit müqaviləsi uydurma əqd kimi əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsinin bu tələb üzrə gəldiyi nəticə işin hallarına uyğun olmadığından qətnamə həmin hissədə ləğv edilməli və tələb təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli qətnaməsi qismən – kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin tələb təmin olunsun. Cavabdeh ilə İddiaçı arasında 4.500 manat pula dair bağlanmış, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 3M-29 nömrə ilə reyestrdə qeydə alınmış 10.01.2019-cu il tarixli kredit müqaviləsi etibarsız hesab olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar