Məhkəmə qərarları › İş №2(103)-4404/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4404/2023

17.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4404/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddiası, İddiaçı Cavabdeh İddiaçı2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi; maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdehlər İddiaçı2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(011)-2214/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Hazırda həmin fərdi yaşayış evi İddiaçı2 məxsusdur.

2. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı1 10.782.72 manat məbləğində cərimə borcu hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh tərəfindən Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********197 saylı sayğac üzrə istifadədə olan **********00000 abonent kodu olan qaz sayğacına guya vizual müdaxilə olması nəticəsində dəymiş ziyanla bağlı Cavabdeh tərəfindən tərtib edilmiş qazdan istifadə qaydlarının pozulmasına dair xx.xx.2022-ci il tarixli Aktın qanunsuz və əsassız olduğu üçün etibarsız hesab edilməsi və tərtib edilmiş akta əsasən hesablanmış 10.782 manat cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 9 İddiaçı2 mülkiyyətindədir. Halhazırda həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin fərdi yaşayış evində qeydiyyata alınmış **********00000 abonent koduna əsasən qaz sayğacı mənzilin əvvəlki mülkiyyətçisi olmuş İddiaçı1 adına quraşdırılmışdır. Həmin qaz sayğacı yenisi ilə əvəz edilərək balans plastik kart olan smart kart ilə yüklənilir. İddiaçı2 evdə olmayarkən xx.xx.2023-cü il tarixdə Cavabdehın əməkdaşları ondan xəbərsiz sayğacı yeni sayğac ilə əvəzləmişlər və evə qazın verilməsini dayandırmışlar. İddiaçı2 evə qazın verilməsinin dayandırılmasından xəbərdar olduqdan sonra bu barədə Cavabdeh-a müraciət etmişdir. Oradan bildirilmişdir ki, Cavabdehın Baş Ofisinə getməlidir. Səbəbini isə şifahi şəkildə cavablandıraraq məlumat vermişlər ki, işlətdiyi qaz sərfiyyatı azdır və bu da onlarda şübhələr yaradıb. Ona görə Cavabdeh İB-nin işçilərinin özləri guya sayğaca baxış keçirərəkən sayğacın oxunmasında şübhələr mövcud olmuşdur. İddiaçı2 Cavabdeh İB-nin əməkdaşlarına bildirmişdir ki, sayğac evdən kənarda olduğu üçün həmin sayğaca müdaxilənin edilib-edilməməsinə görə cavabdehlik daşımır. Cavabdeh İB tərəfindən rəsmi qaydada İddiaçı2 heç bir xəbərdarlıq və bildiriş gəlmədən mülkiyyətində olan fərdi yaşayış evinə xx.xx.2023-cü ildən **********00000 abonent kodu olan qaz sayğacına qazın verilməsi qanunsuz dayandırılmışdır. İddiaçı2 bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda qış ayı olduğu və fərdi yaşayış evin isidilməsi kombi sistemi ilə tənzilmləndiyi üçün fərdi yaşayış evinə qazın verilməsinin dayandırılması üzündən evində yaşaya bilmir. İddiaçı2 Cavabdeh İB-nin Babək filialında yerləşən Departamentinə gedib müraciət edəndən sonra məlum olmuşdur ki, qaz sayğacına guya vizual müdaxilə olmuş, bunun da nəticəsində dəymiş ziyanla bağlı xx.xx.2022-ci il tarixdə Akt tərtib edilərək 10.782 manat cərimə yazıldığı bildirilmişdir. Lakin cərimə barədə yazılmış akt iddiaçı tərəfə rəsmi qaydada bu günə kimi təqdim edilməmişdir. Digər tərəfdən, sayğaca ümumiyyətlə kənar müdaxilə olmamış və bu baxımdan qeyd edilən akt əsassız olaraq tərtib edilmişdir.

5. Cavabdeh İddiaçı2 qarşı sonuncudan təbii qazdan qeyri qanuni istifadəyə görə Cavabdehnə vurduğu 10.782,72 maddi ziyan məbləğinin və 124 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq Cavabdeh İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NÄBZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN AZ72İBAZ******************** bank hesabına ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Qazpaylayıcıistehlakçı" müqaviləsi əsasında İddiaçı2 məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsində yerləşən 9 saylı mənzili təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 10.782 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Əməkdaşlar tərəfindən xx.xx.2022-ci ildə qarşılıqlı iddia üzrə cavabdehin yuxanda göstərilən mənzildə quraşdırılmış G-6 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın özündə vizual müdaxilə aşkar edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində qaz sayğacının göstəricisi 42.443 m3 təşkil edirdi. xx.xx.2023-ci il tarixindən isə sayğacın göstəricisi 40.847m3 təşkil edirdi, yəni 1.596 m3 fərqlə sayğac istehlakçı tərəfindən geriyə işlədilmişdir. Faktla bağlı əməkdaşları yerində foto şəkil çəkmiş, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, akta əsasən qaz sayğacın müayinə edilməsi üçün laboratoriyaya dövlət yoxlanmasına göndərilmiş və yoxlamanın nəticəsi olaraq sayğaca müdaxilə haqqında MSK-14-2- 2-3-5-271 saylı rəy verilmişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün hesabat aparılmışdır. Qaz sayğacı laboratoriyaya göndərilməsi üçün çıxarıldıqda hər iki tərəfin iştirakı ilə ******* saylı akt tərtib edilmiş, aktda qaz sayğacında aşkar edilmiş nöqsan qeyd edilmiş, həmin nöqsan istehlakçıya bildirilmiş və qazpaylayıcının nümayəndələri və istehlakçı tərəfindən imza edilərək təstiq edilmişdir.Bundan əlavə, keçmiş mülkiyyətçi Rafiq Vəliyevin külli miqdarda təbii qazın talama faktına görə Baş Mütəşəkil Cinayətkarklıqla Mübarizə İdarəsinə 14-2-2/2-680/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmişdir. O cümlədən, 14-2-2/2-880/2023 saylı, xx.xx.2023 tarixli xatırlatma məktubu da ünvanlanmışdır. Hal-hazırda bu işlə əlaqədar araşdırma aparılır.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 2214/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) ilkin iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********197 saylı sayğac üzrə istifadədə olan **********00000 abonent kodu olan qaz sayğacına dəymiş ziyanla bağlı Cavabdeh tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2022-ci il tarixli Aktın etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evi üzrə İddiaçı2 və İddiaçı1 (abonent kodu: **********00000) hesablanmış 10.782 manat məbləğində borcun silinməsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı2 qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə Cavabdehnə vurduğu 10.782,72 manat maddi ziyan məbləğinin və 124 manat ödənilmiş dövlət rüsumunun İddiaçı2 məcburi qaydada tutularaq Cavabdeh Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Cavabdeh İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin Cavabdeh İB-yi tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, ilkin iddia üzrə iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, ilkin iddia üzrə cavabdeh tərəfindən yol verilmiş səhvə görə ilkin iddia üzrə iddiaçı məsuliyyət daşımadığından, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşısında məsuliyyət daşımır. Odur ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının ilkin iddia üzrə iddiaçıdan, qarşılıqlı iddia üzrə cavabdehdən təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır.

9. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8 və 9-cu hissələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 4.2, 4.9, 5.2-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə ilkin iddia ərizəsi üzrə iddiaçının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsində yerləşən 9 saylı mənzilində quraşdırılmış G-6 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın özündə vizual müdaxilə aşkar edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində qaz sayğacının göstəricisi 42.443 m3 təşkil edirdi. xx.xx.2023-ci il tarixindən isə sayğacın göstəricisi 40.847 m3 təşkil etdiyi üçün sayğac 1.596 m3 fərqlə istehlakçı tərəfindən geriyə işlədilmişdir. Faktla bağlı yerində fotoşəkil çəkilmiş, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, akta əsasən qaz sayğacın müayinə edilməsi üçün laboratoriyaya dövlət yoxlanmasına göndərilmiş və yoxlamanın nəticəsi olaraq sayğaca müdaxilə haqqında MSK-14- 2-2-3-5-271 saylı rəy verilmişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün hesabat aparılmış və aşağıdakı nəticəyə gəlinmişdir: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlı qaz sərfi 1.2 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Qazanın maksimal qaz sərfi 8 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 2x1.2x24x360=20736m; 8x24x360=69120m. Akt tərtib olunduqdan sonra ilkin iddia üzrə iddiaçı tərəfindən əvvəlki ödənişlərə nisbətən daha çox məbləğ ödənməyə başlanmışdır. Bu fakt xx.xx.2023-cü il tarixli saldoda öz əksini tapmışdır. İlkin iddia üzrə iddiaçıların (abonentlərin) qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında, ilkin iddia üzrə iddiaçılar (abonentlər) cəmi 10.782 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə sözügedən akta və xx.xx.2023-cü il tarixli saldoya düzgün qiymət verməmişdir. Həmçinin, iş üzrə əhəmiyyət kəsb edən fotoşəkillərə və akta ümumiyyətlə münasibət bildirilməmişdir. Sənədlərdən, aktlardan və aktlar əsasında yerində çəkilmiş fotoşəkillərdən də, məlum olmuşdur ki, ilkin iddia ürə iddiaçı sayğaca kənar müdaxilə etmiş və borc məbləği yaranmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, “sayğaca müdaxilə olunduğu aşkarlandı” və həmin akt İddiaçı2 tərəfindən imzalanmışdır. İddiaçı2 aktı imzalayarkən aktı oxuyub tanış olmuş və həmin sayğaca müdaxilə etdiyini etiraf etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi, əlavə olaraq bildirdi ki, iki akt mövcuddur, biri xx.xx.2023-cü il tarixlidir, digər aktda isə tarix göstərilməmişdir. İddia ərizəsində qeyd etdiyi aktın niyə xx.xx.2022-ci il tarixli göstərilməsini bilmir.

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin ilk iddia üzrə digər İddiaçı1 məhkəmə iclasına gəlməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia tələbi qismən təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçılar tərəfindən iddia ərizəsində mübahisələndirilən aktın tarixi xx.xx.2022-ci il göstərilmişdir. Lakin iş materiallarından xx.xx.2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın tərtib olunduğu müəyyən edilmir. İşdə olan aktın tarixi xx.xx.2022-ci ildir, birinci instansiya məhkəməsi iddiaçılara bununla bağlı iddia tələbinin dəqiqləşdirilməsini təklif etməmiş, bununla bağlı iddiaçılar ərizə təqdim etməmişdlər.

23. Nəticə etibarı ilə, birinci instansiya məhkəməsi ilkin iddianı “aktın etibarsız hesab edilməsi” hissəsində təmin etməklə, faktiki olaraq mövcud olmayan aktı etibarsız hesab etmişdir.

24. Bundan başqa, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzrə **********00000 saylı abonent kodu İddiaçı1 adına qeydiyyata alınmış, təbii qazdan istifadəyə görə Cavabdeh İB tərəfindən akt üzrə 10.782,72 manat məbləğində borc da məhz İddiaçı1 hesablanmışdır.

25. Lakin birinci instansiya məhkəməsinə ilkin iddianı təmin edərkən səhv olaraq nəticəyə gəlmişdir ki, həmin borc İddiaçı2 və İddiaçı1 hesablanmışdır.

26. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

27. Bundan başqa, Cavabdeh “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-1-ci maddəsinin tələblərinə uyğun olaraq sayğaca müdaxilə hallarını aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.

28. Qanunun tələbinə əsasən, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

29. Lakin ilkin iddia üzrə iddiaçıların sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən Cavabdeh İddiaçı1 vurulmuş zərərin ödənilməsini xx.xx.2022-ci il tarixli akt əsasında tərtib edilmiş tələbnamə ilə tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.

30. Kollegiya onu da qeyd edir ki, İddiaçı1 barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, həmin akt xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, lakin həmin aktda xx.xx.2023-cü il tarixli sayğac göstəricilərinə istinad olunur ki, bu da özlüyündə həmin aktın mötəbərliyini şübhə altına alır.

31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia tələbi qismən təmin edilməli, Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı1 (abonent kodu: **********00000) hesablanmış 10.782 manat məbləğində borc silinməlidir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İB tərəfindən hesablanmış borcun məbləği 10.782,72 manat təşkil etsə də, iddiaçılar yalnız 10.782 manat məbləğində borcun silinməsini xahiş edirlər və məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbindən kənara çıxa bilməz.

33. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, yuxarıda şərh olunanlara əsasən qarşılıqlı iddia tələbi təmin edilməməlidir və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-2214/2023 nömrəli qətnaməsi qismən - ilkin iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilsin. Bakı şəhər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi (keçmiş 26 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı1 (abonent kodu: **********00000) hesablanmış 10.782 (on min yeddi yüz səksən iki) manat məbləğində borc silinsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdehnə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar