Məhkəmə qərarları › İş №2(103)-4404/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4404/2024

01.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4404/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Əliağa oğluna, Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-921/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər İddiaçı, Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə cəmi 5400 manat məbləğində kompensasiya ödəməklə onun mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi evə (mənzilə) istifadə hüququna xitam verilməsi, cavabdehlərin əşyaları ilə birgə həmin evdən (mənzildən) məcburi çıxarılmaları, evin (mənzilin) həyatyani sahəsində onun tərəfindən inşa edilmiş tikilidə hər hansı bir tikinti inşa-işlərinin aparılmalarına qadağa qoyulması, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı xx.xx.1954-cü il təvəllüdlü X1 ilə birgə ünvan 2 ünvanında yaşayır. Həmin evin mülkiyyətçisi olduğunu təsdiq edən Qeydiyyat vəsiqəsi Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 13 iyul 1950-ci ildə verilmişdir. 08 iyul 1995-ci il tarixli Texniki pasportda olan məlimata əsasən 2 otaqlı mənzilin ümumi sahəsi 46,43 kv metrdir. Belə ki, mənzilin yaşayış sahəsi: hər otaq 17, 85 kv metr olmaqla ümumi 35,7 kv metr, balkon isə 10,73 kv metr təşkil edir. Bənövşə Hüseynova ilə birgə nikahdan iki övladı var: X3 ailə quraraq başqa evə köçmüşdür. Oğlu Cavabdeh1 nikaha daxil olmuş, xx.xx.2003- cü ildən onlarla birgə həmin mənzildə yaşayırlar. Oğlu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 uzun müddətdir ki, ona və anasına qarşı kobud davranır, səbəbsiz olaraq mübahisə edir, hətta onlara qarşı zorakı hərəkətlər edir. Dəfələrlə bu haqda Daxili İşlər Nazirliyinə, Sabunçu Rayon Polis İdarəsinə müraciət olunub, müvafiq araşdırma aparılmış, övladı olduğu üçün onu bağışlamaq məcburiyyətində qalmış, bir valideyn kimi onun cinayət məsuliyyətinə cəlb edilməsini istəməmişdir. Lakin, Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 onlarla bir mənzildə yaşaması artıq mümkünsüzdür, onların səbəbsiz olaraq mübahisə etmələri dözülməzdir. Belə ki, sonuncu dəfə xx.xx.2023-cü ildə Şahin və həyat yoldaşı İlahə onunla və həyat yoldaşı olan Bənövşə ilə mübahisə etmiş, X4 Nazirliyinin "102" qaynar xəttinə (xidmətinə) zəng etmək istəyərkən telefonu əlindən alaraq sındırmış, Bənövşəyə qarşı zorakı hərəkətlər edilmiş, buna görə tərəfindən xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Səhhətində problemlər mövcuddur, bu yaşda hər ikisi üçün övladları və onun həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmaq, mütəmadi olaraq mübahisə etdikdə psixi gərginlikdə yaşamaq çox çətindir. Bu səbəbdən mülkiyyətçisi olduğu mənzilə oğluna (onun həyat yoldaşına) müvafiq kompensasiya ödəməklə istifadə hüququna xitam vermək, məhkəmə qaydasında evdən məcburi çıxarmaq qərarına gəlmişdir. O, Bənövşə Hüseynova ilə evin həyatyani sahəsində öz vəsaitləri, əmək pensiyalarının hesabına bir tikili tikdirmişlər. Həmin tikili 2 mərtəbədən ibarət, 1-ci mərtəbəsi mişar daşlardan (kubikdən), 2-ci mərtəbə isə qırmızı kərpicdəndir. Həmin tikililiyə hər hansı bir rəsmi sənəd olmadığından özbaşına tikili hesab edilir. Lakin cavabdehlər onlara müvafiq kompensasiya ödəməklə fərdi evdən (mənzildən) istifadə hüquqlarına xitam veriləcəyini bilib, dəfələrlə cəhd ediblər ki, fərdi evin həyatyani sahəsində inşa edilmiş tikilidə inşa-tikinti işlərini öz vəsaitləri hesabına başa çatdırmaqla həmin tikiliyə sahiblənsinlər. Ona görə də, cavabdehlərə fərdi evin həyatyani sahəsində inşa edilmiş tikilidə hər hansı bir tikinti-inşa işlərinin aparmalarına qadağa qoyulmalıdır. Mülkiyyətində olan mənzil Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşir, həmin ərazidə eyni şəraitli evin (mənzilin) 1 otağının kirayə haqqı orta hesabla maksimum 150 manat təşkil edir. Buna görə cavabdehlərin istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 5400 manat məbləğində kompensasiya onların davamlı sürətdə və müəyyən müddət daxilində, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı verir və cavabdehlərin evdən istifadə hüququnun itirilməsi üçün yetərlidir. Cavabdehlərə yetərli məbləğdə kompensasiya verilərək istifadə hüququna xitam verildikdən sonra onlar himayələrində olan 1 uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etmiş olurlar, həmin hal yetkinlik yaşına çatmamış uşaqlarının hüquq və mənafelərini pozmur. Mənzilin uzun müddət istifadəsində olması əsas verir ki, bu mənzilə onun sahiblik və istifadə hüququnu məhkəmə qaydasında tanınsın. Həmçinin mənzillə bağlı tam təsərrüfat səlahiyyətinə malik olduğu üçün hesab edir ki, cavabdehlərin mənzildən istifadə hüquqlarının xitam verilməsinə, müvafiq kompensasiya ödənməklə onların mənzildən məcburi çıxarılmalarını tələb etmək hüququ vardır.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-921/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Adilə Paşayeva) ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi S.Hüseynzadə küçəsi küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilindən istifadə hüququna xitam verilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birgə həmin evdən (mənzildən) çıxarılması, müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh1 verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılmasının eyni vaxtda icra olunması, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilin həyatyani sahəsində cavabdehlər tərəfindən hər hansı bir tikinti inşa işlərinin aparılmalarına qadağa qoyulması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qərara alınmışdır. Apelyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qətnamədən birgə apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ədalətli deyil, rayon məhkəməsi özü bazar qiymətinə uyğun ağlabatan kompensasiya müəyyən etməklə iddiaçıya təklif etməli idi. Lakin məhkəmə bunu etməmiş, iddiaçının təlkif etdiyi məbləği heç bir hüquqi və faktiki əsas olmadan qəbul etmişdir. Bundan başqa, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, söz gedən mənzilin texniki pasportunda olan göstəriciləri ilə real göstəriciləri eyni deyildir. Həmin mənzilə cavabdehlər tərəfindən əhəmiyyətli artırmalar edilmiş və mənzilin sahəsi əhəmiyyətli dərəcədə böyüdülmüş və dəyəri artmışdır. Rayon məhkəməsi bu halı araşdırmamışdır.

5. Rayon məhkəməsi həmin mənzilin, eləcə də həyətində tikilmiş yeni mənzilin (yarımçıq tikilinin) kim tərəfindən inşa etdirildiyini də araşdırmadan qətnamə çıxarmışdır. Həmin hissədə məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddia tələbində göstərilən iddiaçıya məxsus mənzilin həyətyanı sahəsində inşa edilmiş özbaşına tikilinin kim tərəfindən tikilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Lakin onu da qeyd etmək lazımdır ki, məhkəmə həmin tikilidən cavabdehlərin çıxarılması və yaxud tikilinin sökülməsi tələbinə baxmadığına görə hazırkı vəziyyətdə tikilinin kimin tərəfindən tikilməsinin araşdırılmasını məhkəmə zəruri hesab etməmişdir. Lakin bundan sonra cavabdehlərin iddiaçının mülkiyyətində olan evə dair heç bir hüququ qalmayacağına görə onların iddiaçının evinin həyətyanı sahəsində də hər hansı tikilinin aparması onlara qadağan edilməlidir. Göründüyü kimi, məhkəmə iş üzrə ziddiyətli nəticəyə gəlmiş, torpaq sahəsindən çıxarılma barədə iddia tələbi olmadığı halda, müvəqqəti təminat tədbiri qaydasında baxılmalı olan məsələyə mahiyyət üzrə baxaraq qətnamə çıxarmışdır.

6. Şikayətçi qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək və müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, o, həmin evdə doğulmuş və böyümüşdür, evin sənəddə sahəsi 46,43 kv.m təşkil etsə də, 2004-cü ildə, evlənməmişdən öncə öz qazancı hesabına aparılmış sonrakı artırmalar hesabına reallıqda mənzilin sahəsi daha çoxdur. Belə ki, həmin artırmalar nəticəsində evin sahəsi hazırda 90 kv.m təşkil edir. Bundan başqa, onların həyətyanı sahəsi 0,21 ha. təşkil edir, torpaq sahəsi mülkiyyətdə deyil, faktiki istifadədədir, həmin həyətyanı sahədə atasının razılığı ilə 2019-cu ildən başlayaraq iki mərtəbəli ev inşa etmişdir, həmin yeni inşa edilmiş evin tikisi onun və arvadının hesabına inşa edilmişdir, həmin evin sənədi yoxdur, evi özü lahiyələndirib, evin bütün materialını özü alıb və tikdirib, həmin evin tikintisinə 30 min manat xərc çəkib, ev ikimərtəbəlidir, aşağısında zal, mətbəx, sanitar qovşaq, dəhliz, ikinci mərtəbədə isə üç yataq otağı, eyvandan ibarətdir. Amma hələ yaşayış üçün tam hazır deyildir. Rayon məhkəməsi həmin sənədi olmayan tikiliyə münasibətdə də onların tikinti aparmasını qadağan etməkdə səhv nəticəyə gəlmişdir. Həmçinin də kompensasiya məbləği də çox azdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildirdi ki, cavabdeh qeyd etdiyi kimi, iddiaçıya məxsus mənzilin sahəsi cavabdehin də təmir-tikintisində iştirak etdiyi əlavə artırmalar hesabına iki dəfə artmışdır, iddiaçı isə bütövlükdə həmin mənzildən cavabdehlərə kompensasiya verilməklə çıxarılmasını tələb etməkdə haqlı olmamışdır, həmçinin həyətdəki inşa edilmiş yeni tikili özbaşına tikilidir, həmin ev cavabdehlərin hər ikisinin əməyi və vəsaiti hesabına inşa edilmişdir, həmin tikilidə qaz, işıq və su verilməsi barədə müqavilələr də Cavabdeh2 adınadır. Rayon məhkəməsi iddiaçıya məxsus mənzilin Cavabdeh1 əməyi və vəsaiti hesabına əhəmiyyətli artırmaların həyata keçirilməsinə, eləcə də həyətdə mövcud yeni iki mərtəbəli evin kim tərəfindən tikilməsini araşdırmadan, torpaq sahəsinin iddiaçının mülkiyyətində deyil, tərəflərin faktiki istifadəsində olmasına əhəmiyyət vermədən, iddianı təmin etmiş, habelə cavabdehlərə iddiaçının evinin həyətyanı sahəsində də hər hansı tikilinin aparılmasını onlara qadağan etməklə, iş üzrə ziddiyyətli nəticəyə gəlmiş, torpaq sahəsindən çıxarılma barədə iddia tələbi olmadığı halda, tələbdən kənara çıxmış, müvəqqəti təminat tədbiri qaydasında baxılmalı olan məsələyə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, cavabdehlər ona və arvadına qarşı kobudluq edir, ləyaqətsiz davranırlar, onların birgə yaşaması mümkün deyil, o da, arvadı da yaşlı insanlardı, hər gün davadalaşla yaşamaq istəmirlər, tələbi budur ki, cavabdehlər evdən və onun həyətindən çıxarılmalıdırlar, həyətyanı sahə 0.21 ha. təşkil edir, həmin torpaq sahəsi mülkiyyətdə olmasa da, ona məxsusdur, o, bələdiyyəyə vergi ödəyir, onu xüsusi mülkiyyətində olan mənzildə, həqiqətən də, artırmaları olmuşdur, həmin işlər 2004-cü ildə edilib, həmin işləri– mal-materialların alınması, ustaların tapılması və işlədilməsini oğlu Şahin icra etsə də, lakin maliyyələşməni o özü etmişdir. İddiaçı daha sonra göstərdi ki, həqiqətən də, həyətdə yeni iki mərtəbəli ev inşa edilmişdir, həmin ev hələ tam hazır deyil, həmin tikilinin işlərini də oğlu Şahin həyata keçirmiş, lakin həmin tikilinin də pulunu o, verib, Şahin isə usta gətirib, material alıb, layihəni də Şahin hazırlayıb, lakin bu o demək deyil ki, həmin ev Şahinə məxsusdur. Şahin ankorluq edib, yeni evin də ona qalmasına qətiyyən razı deyil. Təklif edilən kompensasiyanın məbləğini isə məhkəmə müəyyən edib, həmin məbləği artırmaq niyyəti yoxdur. Cavabdehlərin onun evindən və həyətindən çıxarılmasını, şikayətin rədd olunmasını istəyir.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, mənzildə artırmaları 2004-cü ildə edib, həyətdəki tikilinin də pulunu iddiaçı verib, Şahin isə usta gətirib, material alıb. Tərəflər arasında münasibətlər çox gərgindir, onların bir həyətdə yaşaması mümkünsüzdür, aralarında başqa məhkəmə mübahisələri var, eləcə də polisdə araşdırmalar aparılır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

11. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1995-ci ildə verilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzil İddiaçı şəxsi mülkiyyətində olan mənzildir.

12. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş "Qeydiyyat Vəsiqəsi"ndən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında xx.xx.1995-ci ildə 30/61381 nömrə ilə qeydiyyat aparılmışdır.

13. AR DİN "Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilində iddiaçı və cavabdehlər qeydiyyatdadırlar.

14. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin "Müşayiət məktubu"ndan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilin xx.xx.2024-cü il vəziyyətinə satış üçün bazar dəyəri 23540 manat, likvid dəyəri 22363 manat, 1 ay üçün nəzərdə tutulmuş icarə haqqı dəyəri ortalama 150-180 manat aralığında müəyyən olunmuşdur.

15. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilin mülkiyyətçisi 1995-ci ildən İddiaçıdur. O, həmin evdə xx.xx.1954-cü il təvəllüdlü həyat yoldaşı X1 ilə birgə yaşayır. Bundan başqa, sözügedən evdə cavabdehlər olan iddiaçının oğlu Cavabdeh1 elı mənzil iddiaçıya verilən vaxtdan orda yaşayır. İddiaçının gəlini Cavabdeh2 isə 2003-cü ildən qeyd olunan ünvana gəlin olaraq köçüb və yaşayır. Həmin ünvan üzrə qeydiyyatdadırlar. Bundan başqa, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilin həyatyani sahəsində özbaşına tikili inşa edilmişdir.

16. Məhkəm iclasında Cavabdeh1 həyətdə inşa edilmiş iki mərtəbəli evin tikintisinə dair materialların alınması və digər xərclərlə bağlı qeydiyyat dəftəri, qaimə fakturaları təqdim etmişdir. Tətbiq edilən maddi hüquq normaları:

17. Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

20. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

25. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

26. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

27. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

28. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

29. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi

30. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri

31. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

32. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.

33. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

34. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

35. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ

36. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.

37. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.

38. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

39. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması

40. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

41. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması

42. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir.

43. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

44. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarı. Tətbiq edilən prosessual hüquq normaları:

45. Mülki Prosessual Məcəllə

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

50. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

51. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

52. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

53. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

54. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər.

57. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

58. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

60. Hazırkı halda qətnamə cavabdehlər tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayətinə əsasən tam yoxlayır.

61. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan evinə edilən yaxşılaşdırmalar nəticəsində onun sənəddə 46,43 kv.m olan mənzilin sahəsi artaraq, hazırda təxminən 90 kv.m təşkil edir.

62. İddiaçı cavabdehlərə 5400 manat məbləğində kompensasiya ödəməklə onun mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi evə (mənzilə) istifadə hüququna xitam verilməsi, cavabdehlərin əşyaları ilə birgə həmin evdən (mənzildən) məcburi çıxarılmaları, evin (mənzilin) həyatyanı sahəsində onun tərəfindən inşa edilmiş tikilidə hər hansı bir tikinti inşa-işlərinin aparılmalarına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

63. Məhkəmə kollegiyasında iddiaçı tərəfin izahatı ilə məlum olmuşdur ki, onun tələbi cavabdehlərin onun həm xüsusi mülkiyyətdə olan mənzildən, eləcə də özbaşına tikililərdən, habelə bütünlüklə həyətdən çıxarılmasına yönəlmişdir.

64. İddia tələblərini bütünlüklə təmin edən rayon məhkəməsinin qətnaməsindən cavabdehlərin mənzildən, özbaşına tikilidən, eləcə də həyətyanı torpaq sahəsindən çıxarılmasının ehtiva edildiyi görünür.

65. Məhkəmə kollegiyası tələbin cavabdehlərə 5400 manat məbləğində kompensasiya ödəməklə onun mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi evə (mənzilə) istifadə hüququna xitam verilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

66. Rayon məhkəməsinin də müəyyən etdiyi kimi, Cavabdeh2 -iddiaçının gəlini mübahisəli mənzilə 2003-cü ildə köçdüyünə görə tərəflər arasında hüquq münasibətləri həmin zaman yaranmışdır və həmin vaxt artıq qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi - iddiaçı ilə Cavabdeh2 arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh2 sözügedən mənzilə istifadə hüququ yaranmamışdır.

67. Cavabdeh1 dünyaya gələndən (1978-ci ildə doğulub) mübahisəli evdə yaşayıb, buna görə də araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi iddiaçının oğlu Cavabdeh1 sözügedən mənzilə istifadə hüququ yaranmışdır.

68. İddiaçının hazırkı tələbinin cavabdehlərə kompensasiya ödənilməklə onun xüsusi mülkiyyətində olan evindən çıxarılması barədə hissəsi üzrə Kollegiya qeyd edir ki, tərəflərin izahatı ilə həmin mənzildə cavabdehlərin iştirakı (əməyi və vəsaiti) ilə əlavə artırmalar aparılması və onun sahəsinin iki dəfəyə yaxın artırılaraq (təxminən 90 kv.m olması) müəyyən edilmişdir. Belə olan halda, iddiaçı hazırda cavabdehlərin bötövlükdə ona məxsus mənzildən (əlavə tikililərlə birlikdə) çıxarılmasını tələb etdiyindən, iddia tələbi təmin edilə bilməz.

69. Belə ki, qeyd edilən yaxşılaşdırmalarda Cavabdeh1 da əməyinin olmasını iddiaçı öz izahatında təsdiq etmişdir. Qeyd edilən əlavə tikililər mənzilə dair çıxarış və texniki sənəddə əks olunmadığından, həmin tikililər özbaşına tikili hesab edilir, həmin özbaşına tikililərdə isə cavabdehlərin də həmin tikililərdən iddiaçı qədər istifadə etməkdə və faydalanmaqda eyni hüquqları var. Belə olan halda müəyyən olunur ki, iddiaçı yalnız onun xüsusi mülkiyyəti kimi qeydə alınmış və sahəsi 46.43 kv.m. olan sahədən kompensasiya verilməklə çıxarılmanı tələb etmək hüququna sahibdir.

70. Həmin mənzilə edilmiş əlavə sahələrə, eləcə də həyətdə yeni inşa edilmiş iki mərtəbəli evə münasibətdə cavabdehlər ən azından iddiaçı ilə eyni qaydada və həcmdə sahiblik, istifadə və faydalanmaq imkanına sahibdirlər. Eyni zamanda da müəyyən olunmuşdur ki, iddiaçının mənzilinin yerləşdiyi 0,21 ha. torpaq sahəsi iddiaçının mülkiyyətində olmayıb, tərəflərin faktiki istifadəsindədir. Belə olan halda müəyyən olunur ki, cavabdehlərin həmin sahələrdən çıxarılması yalnız qarşılıqlı razılaşma və ya mütənasib (cavabdehlər iddiaya etirazlarında 50.000 manatı mütənasib məbləğ olaraq göstərmişlər) kompensasiya müqabilində ola bilər. İddiaçı isə hazırkı tələbində həmin sahələrlə bağlı cavabdehlərə hər hansı kompensasiya təklif etməmişdir. Demək ki, iddia tələbi cavabdehlərin qeyd edilən həmin özbaşına tikililərdən çıxarılması hissəsində əsassız olmuşdur və təmin edilə bilməz.

71. Hazırkı halda idiaçı yalnız xüsusi mülkiyyətində olan mənzilə münasibətdə kompensasiya məbləğini 5400 manat təklif etmişdir.

72. “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

73. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz.

74. "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər.

75. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

76. Hazırkı halda Məhkəmə kollegiyası hesab edir ki, 5400 manat kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi baxımından ədalətli və ağlabatan olmamışdır. Odur ki, işin halları baxımından və hazırda mənzil bazarında baş verən artımlar zəminində həmin kompensasiya məbləğinin 7500 manat müəyyən edilməsi ədalətli hesab edilə bilər.

77. Bundan başqa Məhkəmə Kollegiyası iddiaçının xüsusi mülkiyyətindəki 46,43 kv.m sahəsi olan mənzildən cavabdehlərin çıxarılması ilə bağlı əlavə olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

78. Həmin xüsusi mülkiyyətdə olan rəsmi 46,43 kv.m olmaqla qeydiyyata alınmış mənzilin cavabdehlərin də əməyi və vəsaiti hesabına 2004-cü ildə iki dəfəyə yaxın atrılması tərəflərin izahatları ilə mübahisəsiz qaydada müəyyən edilmişdir. Belə olan halda mənzilin rəsmi qeydiyyata alınmış sahəsi və sonradan artırılan sahəsinin sərhədləri də müəyyən edilməmişdir. Bu baxımdan da, iddiaçının mənzilin 46,43 kv.m sahəsindən cavabdehlərin çıxarılması barədə tələbi də qeyri-müəyyən olduğundan (kimin haradan istifadə etməsi müəyyən olunmadığından) həmin tələb öz-özlüyündə də təmin edilə bilməz.

79. Məhkəmə kollegiyası iddia tələbinin evin (mənzilin) həyatyanı sahəsində inşa edilmiş tikilidə hər hansı bir tikinti inşa-işlərinin aparılmalarına cavabdehlərə qadağa qoyulması ilə bağlı hissəsi üzrə aşağıdakıları qeyd edir.

80. Kollegiya qeyd edir ki, həmin tələbin təmin edilməsi üçün həmin tikilinin kim tərəfindən inşa edilməsi müəyyən edilməlidir.

81. Məhkəmə kollegiyasının iclasında iddiaçı həmin tikilini oğlu Şahin tərəfindən inşa edildiyini, lakin tikinti üçün oğlu Cavabdeh1 pul verdiyini, onun da usta gətirdiyini, material aldığını, layihəni də Cavabdeh1 hazırladığını bildirmişdir. Bununla belə, iddiaçı, həyətdə inşa edilmiş iki mərtəbəli yeni evin tikintisi üçün oğluna hansı tarixlərdə, eləcə də nə qədər pul verdiyini xatırlamadığını bildirmişdir.

82. Cavabdeh1 isə həyətdə inşa edilmiş iki mərtəbəli evin atasının razılığı ilə özü tərəfindən layihələndirildiyini və yalnız öz ailəsinin vəsaitləri hesabına tikildiyini, arvadının da əməyi olduğunu, evin qaz, işıq və su müqavilələrinin də onun arvadının adına rəsmiləşdirilməsini qeyd etmiş, həmin evin tikintisinə 30.000 manata yaxın vəsait xərclədiyini bildirmiş, həmçinin evin tikilməsi zamanı çəkdiyi xərclərin qeyd edildiyi dəftər və müvafiq qaimələri təqdim etmişdir.

83. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa edən şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir.

84. Kolegiya qeyd edir ki, tərəflərin izahatı ilə qeyd edilən tikilinin tikilməsində cavabdehlərin əhəmiyyətli vəsait və əməyinin olması müəyyən edildiyindən, həmin tikilinin inşasına iddiaçının razılığı ilə başlanıldığından, evin tikintisinin əsas hissəsinin başa çatdığı müəyyən edildiyindən, habelə özbaşına tikintinin faydalı xassələrindən istifadə etməkdə cavabdehlər də iddiaçı ilə eyni hüquqlara malik olduğundan, iddiaçının evin (mənzilin) həyatyanı sahəsində inşa edilmiş (özbaşına) tikilidə hər hansı bir tikinti inşaişlərinin aparılmalarına cavabdehlərə qadağa qoyulması barədə tələbi əsassızdır və təmin edilə bilməz.

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

86. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

87. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

88. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin olunmalı, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri təmin edilməməlidir.

89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

90. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehlərə verilməlidir.

91. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-921/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbləri təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 50 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 İddiaçı alınaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar