Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-441/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus **********00220 saylı abonent koduna əsassız hesablanmış 5840 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)-3667/2021) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı hal hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, 30.12.2020-ci il tarixdə AZƏRİQAZ İB nümayəndələri tərəfindən ******* saylı akt tərtib edilmiş və akta əsasən abonent təbii qazdan qeyri- qanuni istifadə etməsi ilə əlaqədar qeyd aparılmışdır, həmin hesablaşma əsasında iddiaçının abonent koduna 6163,3 manat borc hesablanmışdır, cavabdeh tərəfindən iddiaçının ödənişlərindən qismən tutulmuşdur, hazırda onun hesabında 5840 manat qalır ki, həmin məbləğ də qanunsuz hesablandığından silinməlidir, iddiaçı tərəfindən sayğaca hər-hansı kənar müdaxilə edilməmişdir. Sonda S.S.Abdullazadə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qüsuru aşkarlanmış və akt tərtib olunmuş, bununla bağlı itirilmiş qaz sərfiyyatı ilə bağlı müxtəlif tarixlərdə yaranmış borclar hesablanaraq ümumilikdə 6163,30 manat məbləğində borc İddiaçı abonent koduna hesablanmış və hazırda həmin məbləğ ondan tələb edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ekspertiza keçirilməmiş, işin halları ətraflı araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. Mötəbər hallara qiymət verilməməsi və müvafiq qanun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.12.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, həmin aktda abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi nöqsan kimi göstərilmiş və dəymiş ziyanın hesablanıb tələb edilməli olduğu qeyd edilmişdir. Cavabdeh İB tərəfindən **********00220 saylı abonent kodu üzrə sayğacdan itirilmiş 26568 kubmetr qaz sərfiyyatı hesablanmış və 08.01.2021-ci il tarixli abonent saldosunun “qalıq və aktlar” bölməsinə 07/2010-cu il tarixindən 02/2021-ci il tarixinə qədər ümumilikdə 6163,30 manat borc daxil edilmişdir. İddiaçının tələbi əsassız hesablanmış 5840 manat borcun silinməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, aktar əsasında hesablanmış borc məbləği 6163,30 manat olsa da, iddiaçı ondan daha az olan 5840 manat miqdarda pulun silinməsi barədə iddia tələbi irəli sürdüyündən, məhkəmə irəli sürülmüş iddia tələbi həddində məsələyə qiymət verməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 4.1, 4.5 və s. ilə əsaslandırmışdır. Cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlilləri işin hallarının ətraflı araşdırılmaması, hər hansı ekspertiza keçirilməməsi, sübutların düzgün qiymətləndirilməməsi və nəticədə maddi hüquq normalarının pozulması barədədir. Məhkəmə kollegiyası tərəfindən işin hallarının ətraflı araşdırılması və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6460 saylı, 05 yanvar 2022-ci il tarixli mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 2 ünvanına baxış zamanı fərdi yaşayış evinə təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də, paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Göründüyü kimi, ekspert rəyi ilə apellyasiya şikayətinin dəlilləri təsdiq olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-441/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-441/2022
02.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver