Məhkəmə qərarları › İş №2(103)-4411/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4411/2022

10.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4411/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(009)-43/2022 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Maraqlı şəxs1, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi, X1 üçüncü şəxs kimi qeyd edilən) “ipoteka müqaviləsinin etibarsız sayılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(009)-43/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız sayılması tələbinə dair” mülki iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(009)-43/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(009)-43/2022 saylı qərardadı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(009)-43/2022 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddət ötürüldüyündən şikayət onu verən şəxsə geri qaytarılmışdır. İddiaçının təmsilçisi qərardaddan şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi kabineti yoxdur və məhkəmə tərəfindən göndərilən bildiriş, qərardad və s. yalnız poçt vasitəsi ilə rəsmi şəkildə ala bilir. Digər tərəfdən nümayəndənin kompyuterində virus oduğundan şəxsi kabinetə baxmasında problemlər yaşanmışdır, bu səbəbdən mart ayının sonundan aprel ayınınn sonuna kimi şəxsi kabinetdən (bu və digər bütün) məlumatlar oxuna bilinməmiş, bu işlə bağlı qərardadlar qəbul olunmamışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-43/2022 saylı qərardadı isə nümayəndə tərəfindən “MƏRKƏZ” vəkil bürosunda xx.xx.2022-ci il tarixində rəsmi şəkildə almışdır ki bu barədə məhkəmə bildirişinin üzərində müvafiq qeyd edilmişdir. Deyilənlərə əsasən hesab edir ki, əslində hər iki qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürülməmişdir. Texniki problemlər üzündən anlaşılmazlıq olmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərardadı “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, lakin iddiaçının nümayəndəsi və vəkili həmin qərardaddan şikayəti xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da o, qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qanunvericiliklə müəyyən edilmiş şikayət verilmə müddətini ötürmüş, prossesual müddətin bərpası barədə vəsatət isə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının təmsilçisi tərəfindən verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 157, 158, 160-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(009)-43/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar