Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4414/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı Əliyeva Natəvan Naib qızının, cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi Qasımova Sona İlyaz qızının iştirakları ilə, İddiaçı Əliyeva Natəvan Naib qızının cavabdeh «Azəriqaz» İB-yə qarşı “borcun ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 432/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Əliyeva Natəvan Naib qızı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 942,19 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB ilə məhrum atası Əliyev Naib Əzzurla oğlu arasında bağlanmış müqavilə əsasında hazırda yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi 203, “Arzu” b/y ünvana 2006-cı ildə mexaniki qaz sayğacı qoyulmuşdur. Həmin vaxtdan onlar qaz sayğacından istifadə etmişlər. Atası vəfat edəndən sonra Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi 203, “Arzu” b/y ünvan onun adına qeydiyyatdan keçmişdir. Hazırda da həmin ünvanda o yaşayır. Hər ay mövsümlə əlaqədar olaraq müxtəlif məbləğlərdə qaz pulu ödəmişlər. Təxminən 25 oktyabr 2019-cu il tarixdə qaz idarəsində tərəfindən bizə məxsus qaz sayğacı smart qaz sayğacı ilə əvəz edilmişdir. Qaz sayğacına hər hansı bir müdaxilənin olması aşkar olunmamışdır. Bundan sonra qaz idarəsinin əməkdaşları tərəfindən akt tərtib edilmiş və həmin aktda istismar müddəti bitdiyi üçün yeni sayğacla əvəzləndiyi kimi qeyd edilmişdir. Bundan sonra onlara bildiriş gəlmiş və 942,42 manat borc olması qeyd edilmişdir. O, sayğaca heç bir müdaxilə etməmiş, sayğac evin çöl hissəsində yerləşirilmiş, sayğac dəyişdirilərkən plombu üzərində olmuş, plomba hər hansı bir müdaxilə olmamışdır. Göründüyü kimi əvvəlki sayğac 2006-cı il tarixdə qoyulmuş, istismar müddəti 5 il olan sayğac müddətindən artıq işləmişdir. Onun yaşadığı ünvanda yerləşən qaz sayğacının dəyişdirilməsi zamanı plombunda heç bir zədə olmamış, klapanın işlək olub-olmamasına o məsuliyyət daşımır. Buna nəzarətçi nəzarət etməli idi. Heç bir əsas olmadan ona 942,42 manat borcun hesablanması tam əsassızdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-432/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşur. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, abonentə hesablanmış 942,19 manat borcun 194,40 manatı aktlara görə yazılmış borc olsa da, qalan borcu qaz sərfiyyatına görə (sayğac göstəricinə görə) hesablanmış borcdur. Və bununla bağlı birinci instansiya məhkəməsi bütövlükdə borcu silməklə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq idianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan hüquqların Dövlət Qeydiyyatı haqqında əmlakın Dğvlət Reyestrindən Çıxarışın məzmunundan aydın olur ki, Bak şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 203, Arzu b\y ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Əliyeva Natəvan Naib qızına məxsusdur və bu hüquq 04.12.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan 23.10.2019-cu il tarilxi ******* saylı aktın məzmunundan aydın olur ki, 10591051 nömrəli abonent üzrə sayğac əvəzləndi, sayğacın çıxarılma səbəbi mexaniki sayğacın itronla əvəzlənməsi olmuşdur. İş materiallarında olan 25.10.2019-cu il tarilxi QAR\179 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin məzmunundan aydın olur ki, Əliyev Naib Ərzulla oğlu ilə BAQSD arasında qazdan istifadə olunmasına dair müqavilə bağlanılmışdır. İş materiallarında olan **********00000 nömrəli abonentin saldosu haqqında məlumatdan görünür ki, mənzildə sayğacın quraşdırılma tarixi 23.10.2019-cu il qeyd edilmiş, abonentə hesablanmış 942,19 manat borcun 194,40 manatı qalıq və aktlara görə yazılmış borc, qalan borcu isə qaz sərfiyyatına görə (sayğac göstəricinə görə) hesablanmış borcdur. İş materiallarında olan 30 aprel 2018-ci il tarixli aktın məzmunundan aydın olur ki, **********00000 nömrəli abonent üzrə qaz itkisi 972 m3 müəyyən edilmiş, buna əsas ******* nömrəli 30.04.2018-ci il tarixli akt olmuşdur. İş materialalrında olan ******* nömrəli aktın məzmunundan aydın olur ki, 10591051 nömrəli abonet üzrə dəymiş ziyanın hesablanmasına dair akt tərtib eidlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya akt əsasında hesablanmış borcun əsassız olduğu qənaətinə gəlməkdə haqlı olsa da, həmin borcla yanaşı sayğac göstəricinə görə hesablanmış borcu da silməklə səhvə yol vermiş, beləliklə də nəticəsinin işin hallarına uyğun olmamasına yol açmışdır. Buna görə də kollegiyanın qənaətinə görə qətnamə ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, 25.10.2019-cu il tarilxi QAR\179 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiya hesab edir ki, iddiaçıya hesablanmış 194,40 manat borc baxımından cavabdeh bunu sübut edə bilməmişdir; çünkü cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin qaz təchizatı üzrə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və onun təqsirliliyi sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə cavabdeh “Azəriqaz” İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Bununla belə, iş materialalrına əlavə edilmiş Abonent Saldosundan görünür ki, iddiaçıya sayğac göstəricinə görə iddiaçıya 747,79 manat borc hesablanmış və bu borc qaz sərfiyyatına görə hesablanmış olduğundan həmin borc silinə bilməz. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: “Azəriqaz” İB-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-432/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Bakı şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsi 203, Bağ evləri, «Arzu» b/y ünvana (abonentin kodu: **********00000) hesablanmış 194,40 (yüz doxsan dörd manat 40 qəpik) manat məbləğində borc cavabdeh «Azəriqaz» İB tərəfindən silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu “Azəriqaz” İB-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4414/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4414/2021
21.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver