Məhkəmə qərarları › İş №2(103)-4414/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4414/2023

11.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4414/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddiasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(010)-588/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı abonent olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdankənar, qeyri-qanuni istifadə edilməsinə dair xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri arasında beş akt tərtib edilmişdir. Bu aktların hər biri üzrə dəymiş zərər hesablanmış, yekunda abonentin hesabına “qalıq və aktlara”a görə 2954.88 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və **********00014 saylı abonent İddiaçı qanunsuz olaraq tələb olunan 2954.88 manat məbləğində pulun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, General Qılmanov küçəsində nömrəsiz evdə yaşayır. Qeyd edilən yaşayış evinə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və G-4 İtron Smart kart tipli sayğac quraşdırılmışdır. Hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Cavabdeh əməkdaşları tərəfindən əvvəllər quraşdırılmış sayğacın zədələndiyini və işləmədiyini görüb bu barədə Cavabdeh əməkdaşlarına xəbər vermişdir. Cavabdeh əməkdaşları həmin gün gəlib sayğacın zədələndiyini gördülər və şəkillərini çəkib getdilər. Lakin 2-3 gün keçməsinə baxmayaraq evə təbii qazın verilməsi təmin edilmədi. Bu səbəbdən evə müvəqqəti qaz quraşdırmışdır. Cavabdeh əməkdaşları sonradan onların ünvanına gələrək 5 gün sayğacsız təbii qazdan istifadəyə görə ona 2954.88 manat məbləğində cərimə borcu hesablamışdır və sayğacı dəyişdirərək yerinə yeni G-4 İtron Smart kart tipli (№**********771) sayğac quraşdırılmışdır. Baxmayaraq ki, qaz sayğacında onun tərəfindən heç bir müdaxilə edilməmişdir. İstifadə etdiyi qazın həcmindən görünür ki, elə də böyük həcmdə qaz işlətmir və belə olan təqdirdə sayğaca müdaxilə etməsinə əsas yoxdur. Nəzərə alınsa ki, qaz sayğacı evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir. Belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edə bilərlər. Sayğac çöldə olduğundan 7/24 sayğaca nəzarət edə bilmər. Vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması Cavabdeh öhdəsinə düşür və onun səlahiyyətindədir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək məhkəmədən iddia tələbinin aktın ləğv edilməsi hissəsində nəzərə alınmamasını xahiş etmişdir. Bununla yanaşı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddiasının təmin edilməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2954.88 manat məbləğində dəymiş maddi zərərin əvəzi və Cavabdeh İB tərəfindən ödənilmiş 49.54 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin hesabına ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmadan öncə, daha dəqiq 01/2022-ci il tarixindən 05/2022-ci tarixə kimi təbii qazdan istifadə qaydalarını pozaraq qazdan qanunsuz istifadə etdiyi üçün barəsində 5 dəfə akt tərtib edilmiş və Cavabdeh İByə ümumilikdə 2954.88 manat məbləğində maddi zərər vurmuş olduğu müəyyən edilmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-yə müraciət etmiş və ona məxsus həmin ünvana smart qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə isə tərəflər arasında 12-3194 nömrəli təbii qazın alğı-satqısı barədə müqavilə bağlanmış və abonentə məxsus həmin ünvana **********00014 nömrəli abonent hesabı verilmişdir. xx.xx.2022-ci il tarixdə də X3 həmin abonent hesabında mövcud olan 2954.88 manat məbləğində borcu yazılı ərizəsi ilə qəbul etmiş, həmin borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(010)- 588/2023 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı akta görə hesablanmış 2871.9 manat (iki min səkkiz yüz yetmiş bir manat doxsan qəpik) məbləğində borcun silinməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 82.98 manat (səksən iki manat doxsan səkkiz qəpik) məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdehnə ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, istehlakçı tərəfindən təbii qazdan sayğacdankənar, qaz xəttinə qanunsuz qoşulma edilməklə, haqqı ödənilmədən istifadə edilmişdirsə, qazunsuz istehlak edilən qazın dəyəri ödəməlidir. Lakin bunun üçün ilk növbədə, istehlakçının həqiqətən təbii qazdan qanunsuz qoşulma edərək istifadə etdiyi sübut edilməlidir. Bu halı sübut etmək isə hər bir halda qarşılıqlı iddiaçının üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). İş materiallarından görünür ki, ilk iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyini sübut etmək üçün qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə iddia edilən pozuntunun (qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma) aşkar edilməsi barədə müxtəlif tarixli beş akt, abonentin saldosu, bir neçə fotoşəkil kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab etmişdir ki, bu sübutlar əsasında ilk iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi nəticəsinə gəlmək mümkün deyil. İlk növbədə ona görə ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş aktların heç biri istehlakçı tərəfindən imzalanmamış, aktlarda istehlakçının nümayəndəsi kimi qeyd edilmiş şəxsin (İddiaçı) adının qarşısına “imtina etdi” yazılmışdır. Bundan əlavə, aktların heç biri tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, fotoşəkillərdən hansısa sayğacdan kənar qanunsuz qoşulma edildiyi görünür, lakin bu sayğacın məhz iddiaçının yaşadığı evin sayğacı olduğu, sayğaca qanunsuz qoşulanın da məhz iddiaçı olduğu tək fotoşəkil əsasında sübut edilə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, aktlar tərtib edildiyi dövrdə ilk iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi mötəbər sübutlarla müəyyən edilmir. Bununla belə nəzərə alınmalıdır ki, məhkəmə iclasında izahat verən ilk iddiaçı bir həftə ərzində təbii qazdan qanunsuz istifadə etdiyini qəbul etmişdir. Belə olan halda ilk iddiaçının təbii qazdan 7 gün qanunsuz istifadə etdiyi sübut edilmiş hesab edilməli, həmin 7 gün üçün istehlak olunmuş qazın dəyəri ilk iddiaçıdan tutulmalıdır. Aktlara əlavə edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, ilk iddiaçının evində bir gün ərzində istehlak olunan təbii qazın həcmi orta hesabla 98.4 m3 (1.2x24+1.5x24+1.4x24) kimi qəbul edilmişdir. Belə olan halda 7 günə görə itirilmiş qazın həcmi 688.8 m3 hesab olunur. Abonentin saldosundan görünür ki, hər akt üzrə hesablanmış itirilmiş qazın həcmi ~8.3-ə bölünməklə dəymiş zərər hesablanmışdır. Eyni hesablama ilə 688.8 m3 itirilmiş qazın dəyəri ~82.98 manat təşkil edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia 82.98 manat məbləğində pulun ödənilməsi ilə bağlı hissədə təmin edilməli, eyni hissədə ilk iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3, 26, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4 və 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, yəni ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsinə və ilkin iddia tələbinin təmin edilən hissədə rədd, qarşılıqlı iddia tələbinin isə rədd edilən hissədə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı İddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəniki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmiş, şəkilləri çəkilmiş və qeyriqanuni xətt ləğv edilmişdir. Hətta İddiaçı onun təbii qazdan qanunsuz olaraq istifadə etməsini etiraf etmişdir və həmin abonent hesabında mövcud olan 2954.88 manat məbləğində borcu yazılı ərizəsi ilə qəbul etmişdir. Lakin məhkəmə üçün bu sübutlar əsassızdır. Tərtib edilmiş həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və digər hüquqlarının olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Odur ki, iş materiallarında yer almış və təqdim olunan sübutlar iddia tələbinin əsassız olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. Bundan başqa iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ istehlakçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarda qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsinə və ilkin iddia tələbinin təmin edilən hissədə rədd, qarşılıqlı iddia tələbinin isə rədd edilən hissədə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş emtişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd hesab edir ki, qətnamə ilkin iddia tələbinin təmin edilən eləcə də qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı abonent olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdankənar, qeyri-qanuni istifadə edilməsinə dair xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri arasında beş akt tərtib edilmişdir. Bu aktların hər biri üzrə dəymiş zərər hesablanmış, yekunda abonentin hesabına “qalıq və aktlara”a görə 2954.88 manat məbləğində borc hesablanmışdır. İddiaçı iddia edir ki, onun bu aktların heç birindən məlumatı olmamış, o, yalnız bir həftə təbii qazdan sayğacdankənar istifadə etdiyini qəbul edərək ona bu aktlar üzrə yazılmış bütün borcun silinməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbində isə hesablanmış 2954.88 manat məbləğində borcun İddiaçı tutulması xahiş edilmişdir. Cavabdeh həmçinin apellyasiya şikayətində iddiaçının qaz sayğacından kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etməsini tərəflərindən tərtib edilmiş aktla, eləcə də fotoşəkillərlə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə bu qənaətə gəlmişdir ki, hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün etməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş aktlar iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Belə ki, həmin aktların tərtib edilməsinə dövlət qurumlarının nümayəndələri cəlb edilməmiş, eləcə də qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktların bir nüsxəsi abonentə təqdim edilməmişdir. Daha sonra məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş fotoşəkillərdən hansısa sayğacdan kənar qanunsuz qoşulma edildiyi görünsə də, bu sayğacın məhz iddiaçının yaşadığı evin sayğacı olduğu, sayğaca qanunsuz qoşulanın da məhz iddiaçı olduğu tək fotoşəkil əsasında sübut edilə bilməmsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, aktlar tərtib edildiyi dövrdə ilk iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi mötəbər sübutlarla müəyyən edilmir, bununla belə nəzərə alınmalıdır ki, məhkəmə iclasında izahat verən ilk iddiaçı bir həftə ərzində təbii qazdan qanunsuz istifadə etdiyini qəbul etmişdir, belə olan halda ilk iddiaçının təbii qazdan 7 gün qanunsuz istifadə etdiyi sübut edilmiş hesab edilməli, həmin 7 gün üçün istehlak olunmuş qazın dəyəri ilk iddiaçıdan tutulmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(010)- 588/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar