Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4424/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Baxışova Vüsalə Ələkbər qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2780/2023 saylı, 10 aprel 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. xx.xx.2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-dən ilkin 200 manat ödəniş edilməklə, 1399 manat dəyərində 1 ədəd “Samsunq” markalı televizor almış, dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. 2.«X1 Olmayan Kredit Təşkilatı» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlinə əsasən xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 1199 (min yüz doxsan doqquz ) manat , 338.53 (üç yüz otuz səkkiz manat əlli üç qəpik) cərimə, cəmi 1537.53 (min beş yüz otuz yeddi manat əlli üç qəpik )manat təşkil edir.
3. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən nisyə satış üçün aylıq ödəniş məbləği 100, sonuncu ay 99 manat manat təşkil edir.
4. «X1 Olmayan Kredit Təşkilatı» MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün müqavilənin dəyərini tam ödəməyi barədə təklif olunmuş, əks təqdirdə barəsində məhkəmə iddiası qaldırılacağı barədə xəbərdar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1199 (min yüz doxsan doqquz )manat ödənilməmiş qalıq borcu, 333.53 ( üç yüz otuz üç manat əlli üç qəpik) manat cərimə olmaqla, ümumilikdə 1537.53 (min beş yüz otuz yeddi manat əlli üç qəpik) manatın və 35.37 (otuz beş manat otuz yeddi qəpik) dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiada göstərilir ki, cavabdeh müqavilənin və ödəniş qrafikinin şərtlərinə əməl etməmiş, yəni öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, cəmi ödədiyi məbləğ 200 manat təşkil edir.
7. İşə sadələşdirilmiş icraat qaydasında baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi qəbul etdiyi e-2(008)-2780/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnamə ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 1199 (bir min bir yüz doxsan doqquz) manat ödənilməmiş qalıq borcu, 338.53 ( üç yüz otuz səkkiz manat əlli üç qəpik) manat cərimə olmaqla, cəmi 1537.53 (min beş yüz otuz yeddi manat əlli üç qəpik) manat və 35.37 (otuz beş manat otuz yeddi qəpik) dövlət rüsumu əvəzi «X1 Olmayan Kredit Təşkilatı»MMC-nin xeyrinə tutulmuşdur.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqısı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 465.2, 600.2, 600.1, 600.4, 601, 601.2ci, Mülki-Prosessual Məcəlləinin 107, 119.1, 284-1, 284-5, 284-5.1, 284-5.2, 284-5.3, 284- 5.4 və 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə hazırki tələb üzrə heç bir araşadırma aparmadan iddia tələbini təmin etmişdir. Belə ki, iddiaçı işin faktiki halları barədə məlumat verməmiş və məhkəmədən gizlətmişdir. Məhkəmə isə hansı səbəbdən 3 ildən sonra iddiaçının hazırki tələblə məhkəməyə müraciət edilməsini aydınlaşdırmadan hazırki məhkəmə qətnaməsini qəbul etmişdir. Göstərilən tarixdə “Samsung” modelli, UE50TU7100UXRU markalı, 0CLG3LDN5001D seriyalı televizoru 200 manat ilkin ödəniş etməklə almışdır. Televizoru aldıqdan 6 gün sonra televizorun sol tərəfində qaralmalar baş verdiyi üçün televizorun alındığı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Xalqlar dostluğu Filialına təhvil verilmişdir. Sonradan isə nə televizor təmir olunaraq qaytarılmış, nədəki, yenisi ilə əvəz edilmişdir. Bundan əlavə, iddiaçı tərəf bugünə kimi, bu halla bağlı nə zəng, hər hansı pretenziya və ya xəbərdarlıq məktubu göndərməmişdir. Hazırki mübahisə üzrə xəbərdar edilmədiyindən məsələyə hər hansı münasibət bildirmək imkanı da olmamışdır. Göründüyü kimi satılmış televizorda qüsur olduğundan qanunverciliyin tələblərinə uyğun geri qaytarılaraq yenisi ilə əvəz edilməsini xahiş etmişdir. Lakin haqlı tələbi yerinə yetirilməmiş, əksinə televizor onda olmadığıl halda, istifadə etmədiyi, ilkin olaraq 200 manat ödəniş etdiyi televizora görə ondan pul tələb olunur. Buna görə də, iddia tələbində göstərilən əsas borc məbləği və dəbbə pulu həqiqəti əks etdirmir. Bu baxımdan həmin hallar “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin əsassız varlanmasına səbəb olacaqdır, yəni onun hesabına varlanacaq ki, buda onun hüquq və mənafelərinin pozulmasıdır. Məhkəmə iclasında iştirakı təmin edilmədiyi üçün göstərilən halı vaxtında mübahisələndirə bilməmişdir. “Texnoservis” tərəfindən göndərilmiş 21 avqust 2020-ci il tarixli məktubdan, fotoşəkildən, səsdən və videogörüntüdən aydın olur ki, “Samsung” markalı televizoru 26 iyun 2020-ci il tarixdə doğurdanda şirkətə geri təhvil vemişdir. Oradan da televizorun yenisi ilə əvəz ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında iştiakı təmin olunmadığı üçün isə hazırki, sübutları məhkəməyə təqdim edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmir və ərizə ilə məhkəməyə müraciət edərək icraatında məhkəmə, dövlət və digər hüquq mühafizə orqanlarında olan işlərin çoxluğu, həmçinin bu işlər eyni tarixə təsadüf etdiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, şikayətin əsassız olduğunu təsdiq edən sübutların təqdim edilməsi zərurəti yarandığından iclasın təxirə salınmasını xahiş etsə də, ərizədə göstərilənlərə dair sübut təqdim etməyib, həmçinin iddiaçı olaraq sübutları birinci instansiya məhkəməsinə təqdim etməsi üçün imkanı və vaxtı olub, eləcə də iddiaçı hüquqi şəxs olduğundan onun başqa nümayəndəsinin olması da istisna olunmur. Buna görə də, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələri nəzərdən keçirilə bilər. İddia ilə bağlı faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarının qorunması baxımından aradan qalxdığı üçün də iddia haqlı sayılmır.
23. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
25. Hazırki işdədə tərəflər arasında xx.xx.2020-ci ildə məişət əşyası olan televizorla bağlı nisyə alqı-satqı müqaviləsi bağlanması, iddiaçı tərəfin həmin malı cavabdehə təhvil verməsi və 26 iyun 2020-ci ildə cavabdehin həmin malı qüsurlu olması səbəbi ilə iddiaçıya qaytarması işin mübahisəsiz halına çevrilib. Çünki, bu ana qədər həmin halları tərəflər mübahisələndirmir.
26. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mümkün olan sübutlarını təqdim edib. Ancaq, iddia tələbinin əsası kimi istinad etdiyi bütün halları sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü onun üzərinə düşür. Belə ki, iddiaçı cavabdeh ilə arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə sonuncunun icra edilməmiş öhdəliyinin qaldığını bəyan edirsə bunu özü sübut etməlidir, lakin sübut edə bilmir. Çünki, cavabdeh şikayətində iddia tələbinə etiraz edərək aldığı televizorun qüsurlu olduğuna görə 26 iyun 2020-ci ildə qaytardığını, müqavilə üzrə heç bir öhdəliyinin qalmadığını, əksinə onda olmayan televizora görə ödədiyi 200 manatın da iddiaçıda qaldığını bildirir.
27. İddiaçı tərəf cavabdehin göstərdiyi bu halları təkzib etmək üçün apellyasiya instansiyası məhkəməsinə heç bir məlumat təqdim etmir. Düzdü iclasın təxirə salınması barədə ərizədə şikayətin əsassız olduğunu təsdiq edən sübutların təqdim edilməsi zərurəti yarandığını göstərsə də iddiaçı olaraq sübutları birinci instansiya məhkəməsinə təqdim etməsi üçün imkanı və vaxtı olmasına baxmayaraq cavabdehin şikayətində göstərdiklərini təkzib etmək üçün hansısa məlumatı apellyasiya instansiyası məhkəməsinə də təqdim edə bilərdi, ancaq etmir yaxud belə bir məlumat olmadığı üçün edə bilmir. Demək ki, iddiaçı cavabdehin bəyan etdiklərinin həqiqi olması ilə razılaşır və buna etiraz etmir.
28. Bu cür vəziyyətdə olmayan yaxud xitam olunmuş öhdəliyə görə cavabdehdən hər hansı bir məbləğin tutulması əsassız olmuşdur. Ona görə də apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, onu əsaslı və qanuni hesab etmir. Çünki, Mülki Məcəllənin 600.4-cü maddəsindədə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırki işdə isə cavabdeh əşyanı aldığı vaxtdan 15 gün sonra qüsurlu olması səbəbilə geri qaytarmış, iddiaçı isə 3 ilə yaxın bir müddətdə bu vəziyyətlə, yəni müqaviləyə xitam verilməsi ilə razılaşmışdır. Demək, qeyd olunan normanın tələbinə görə iddiaçı vermədiyi, yəni artıq müqavilənin xitamı nəticəsində ona qaytarılan əşyanın ödənilməsini də tələb edə bilməzdi.
29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqaviləyə xitam verilməsi və hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı.
30. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2780/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. 31.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2780/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.