Məhkəmə qərarları › İş №2(103)-4425/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4425/2022

14.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4425/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:mülkiyyət hüququnun itirilməsi, kompensasiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkil) Vəkil1, cavabdeh İddiaçı ASC-nin nümayəndəsi (vəkil) X6, A.Babayevanın nümayəndəsi (vəkil) X3 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/22 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı ASC, Cavabdeh1 MMC və X4 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 14 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarının icrasını təmin etmək məqsədi ilə Nərimanov rayon İcra Hakimiyyəti başçısı xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə Bakı şəhəri Nərimanov r-nu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədi ilə 3,82 ha torpaq sahəsi Cavabdeh1 MMC-nin daimi istifadəsinə verilmişdir.

2. Qeyd edilən ərazidə yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 9, mənzil 2 xx.xx.2018-ci il tarixdə açıq hərraca çıxarılmış, 89250 manata "xxxx" ASC tərəfindən əldə edilmişdir.

3. Daha sonra, 2018-ci il tarixdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası ilə əlaqədar "İnteks” MMC ərazidə çoxmərtəbəli yeni yaşayış binalarının tikintisinə başlamaq məqsədilə söküntü işləri aparmış və qeyd edilən mənzil də sökülmüşdür.

4. Qeyd edilən ünvanda söküntü işləri aparıldıqdan sonra (mövcud olmayan əmlak) X4 ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə sökülmüş mənzilə dair müqavilə bağlanmış və mənzil X1 130.000 manata satılmışdır.

5. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı "İnteks” MMC məhkəməyə müraciət edərək, onun tərəfindən İddiaçı ASC-nin xeyrinə 89.250 manat məbləğində pul vəsaiti ödənilməklə, mənzilə İddiaçı ASC-nin mülkiyyət hüquqlarının itirilməsi, eyni zamanda "xxxx" Bank ASC ilə X4 arasında bağlanmış, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh2 ilə X5 xx.xx.2004-cü il tarixdən rəsmi nikahdadırlar.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli 164 nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsi və ona əlavələr təqdim edərək X2 cavabdeh qismində qarşılıqlı iddia ərizəsinə əlavə etmiş və “İnteks “MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 89250 manat məbləğində pul vəsaiti ödənilməklə, mənzilə İddiaçı ASC-nin mülkiyyət hüquqlarının itirilməsi, eyni zamanda "xxxx" Bank ASC ilə X4 arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia və ona əlavələr onunla əsaslandırılmışdır ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısı xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası nəticəsində qəzalı və yaşamaq üçün yararsız vəziyyətdə olan mübahisəli mənzil 2017-ci ilin noyabr ayında sökülmüş və İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli məktubu Cavabdeh1 MMC-yə daxil olandan sonra Cavabdeh1 MMC Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2lə bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Mənzil 2017-ci ilin noyabr ayında sökülmüş və hal-hazırda həmin mənzil mövcud deyildir. Belə olan halda, qanunvericiliyin tələbinə müvafiq olaraq mənzilə İddiaçı ASC tərəfindən mülkiyyət hüququ itirilmişdir. Hazırkı işə baxılarkən məhkəmənin iclası zamanı məlum olmuşdur ki, "xxxx" Bank ASC qanunvericiliyin tələblərini kobud surətdə pozaraq xx.xx.2022-ci il tarixdə mövcud olmayan, sökülmüş mənzilə dair X4 ilə alqı- satqı müqaviləsi bağlamışdır. Həmin müqavilə bağlandığı andan etibarsızdır və heç bir hüquqi nəticəsi yoxdur. İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2021 -ci il tarixli müqaviləyə əsasən satıcı mübahəsili mənzili xx.xx.2022-ci il tarixinədək alıcının faktiki sahibliyinə verilməsini öz öhdəsinə götürmüşdür. Açıq-aydın görünür ki, satıcı tərəfindən mövcud olmayan, sökülmüş mənzilin alıcının faktiki sahibliyinə verilməsi qeyrimümkündür. Belə olan halda, mənzil mövcud olmadığından, "xxxx" ASC-nin həmin mənzilə mülkiyyət hüququ itirilmişdir və mübahisəli mənzil “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən müəyyən olunmuş 89250 manat məbləğində satış qiymətinə İddiaçı ASC-yə verildiyindən, həmin məbləğ banka ödənilməklə, daşınmaz əmlak üzərində olan mülkiyyət hüquqlarına xitam verilməli, eyni zamanda, mövcud olmayan mənzilə İddiaçı ASC-nin mülkiyyət hüququ itirildiyindən, həmin mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli alğısatqı müqaviləsi və onun əsasında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış etibarsız hesab edilməlidir.

10. Birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı ASC iddiadan imtina etmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilmiş, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia üzrə icraata xitam verilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-34/22 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) qarşılıqlı iddia qismən təmin edilmiş, "İnteks” MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130.000 manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC-nin mülkiyyət hüququnun itirilməsi, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması qət edilmiş, qalan hissədə qarşılıqlı iddia təmin olunmamışdır.

13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qeyd edilən ünvanda söküntü işləri aparıldıqdan sonra X4 ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə mövcud olmayan sökülmüş mənzilə dair müqavilə bağlanmış və əmlak X1 130.000 manata satılmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC tərəf olmasa belə, bağlanmış müqavilə birbaşa onların maraqlarına toxunduğundan, həmin əmlakın yerləşdiyi ərazi tikinti üçün onlara ayrıldığı və həmin ərazidə yeni bina inşa etdiklərindən sökülmüş əmlakın dəyəri mülkiyyətçiyə ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.6, 560-cı, Mənzil Məcəlləsinin 5.3, 18, 152.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC, həmin iddia üzrə cavabdehlər İddiaçı ASC və A.Babayeva apellyasiya şikayətləri vermişlər.

16. Cavabdeh1 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 89250 manat satış qiyməti müəyyən olunmuşdur. Mənzilin 89250 manata saılması nəzərə alınmamışdır. Cavabdeh1 MMC qətnamənin qismən - MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130000 manat pulun ödənilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 17.İddiaçı ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı daşnmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsinə, mənzilin hansı tarixdə sökülməsinə dair sübut təqdim edə bilməmişdir. İş üzrə 10 məhkəmə iclası keçirildikdən sonra cavabdeh qarşılıqlı iddia təqdim etmişdir. Məhkəmə prosessual pozuntuya yol verərək qarşılıqlı iddianı icraata götürmüşdür. Məhkəmə əmlakın real qiymətinin müəyyən edilməsi üçün heç bir tədbir görməmiş, habelə Bank tərəfindən eyni şərtlərlə mənzilin alınmasına dair Müqavilənin bağlanmasının tələb edilməsinə münasibət bildirməmişdir. İddiaçı qətnamənin ləğv, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdeh Aidə Babayevanın şikayəti onunla əsaslandırılmışdır ki, dəyərini ödəyərək aldığı əmlakının onun iradəsi ziddinə əlindən alınıb Cavabdeh1 MMC-yə verilməsinin heç bir hüquqi əsası yoxdur. Ona görə ki, ondan əvvəlki mülkiyyətçi onu qanuni əsaslarla əldə etmiş və qanunvericiliyə uyğun olaraq ona satmışdır. İddiaçı ASCnin öz mülkiyyətində olan əmlakını Aidə Babayevaya satması Cavabdeh1 MMC-nin qətiyyən hüquqlarını pozmur. Çünki, Cavabdeh1 MMC-yə istinad edilən Nazirlər Kabinetinin Qərarında və Rayon İcra Hakimiyyətinin Sərəncamında ayrılmış sahədəki mülkiyyətçilərin öz mülkiyyətlərini satmasına hər hansı bir formada qadağa qoyulmamışdır. Nə də iddiaçı şəhərin mərkəzində ayrılmış həmin sahədə mülkiyyətçilərə öz mülkiyyətləri üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdıran maddi hüquq norması tapıb istinad edə bilməyib. İddiaçının istinad etdiyi MM-nin 203-cü maddəsini hazırkı mübahisəyə tətbiq edilməsi üçün ilk əvvəl iddiaçı Cavabdeh1 MMC-nin subyektiv hüququ olmalıdır. Cavabdeh1 MMC-nin isə subyektiv hüququ yoxdur. Əmlak X13 ASC-nin də istəyi olmadan Banka qaytarılıb, bu dəfə də Bankın əvəzində Cavabdeh1 MMC-yə 130.000 manat əvəzində satılması barədə qətnamə qəbul edilib. Mülki iş materiallarından görünür ki, məhkəmə iclası zamanı “X13” ASC-nin nümayəndəsinin mənzili 130.000 manat qarşılığında Cavabdeh1 MMC-yə satmayacaqları barədə fikrini aydın bildirməsinə baxmayaraq hətta iddia tələbindən kənara çıxaraq qətnamə qəbul edib. Cavabdeh Aidə Babayeva qətnamənin qismən - iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkil) Vəkil1, cavabdeh İddiaçı ASC-nin nümayəndəsi (vəkil) X10 və cavabdeh A.Babayevanın nümayəndəsi (vəkil) X7 məhkəmə kollegiyasının iclasında təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

22. Maddə 13, İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

23. Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz;

24. Maddə 29, İV hissəsi. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

25. Maddə 43, İİ hissəsi. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar

27. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir;

28. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;

29. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;

30. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

31. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz;

32. Maddə 18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir;

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanı nan və qorunan hüququdur.

34. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

35. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

36. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

37. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

38. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;

39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir;

40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;

41. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir

Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Məhkəmə kollegiyası qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı və cavabdehlər tərəfindən apellyasiya şikayətləri verdiyini nəzərə alaraq qətnamənin əsaslılığını apellyasiya qaydasında tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Qarşılıqlı iddia üzrə iddiaçı "İnteks” MMC "xxxx" Bank ASC ilə X4 arasında mövcud olmayan mənzilə dair alqı- satqı müqaviləsi bağlandığından həmin müqavilənin etibarsız hesab olunması və 89.250 manat məbləğində pul vəsaiti ödənilməklə, mənzilə İddiaçı ASC-nin mülkiyyət hüquqlarının itirilməsi barədə tələb irəli sürmüşdür.

45. Qarşılıqlı iddia üzrə cavabdehlər "İnteks” MMC-nin hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığını bildirərək iddiaya etiraz etmişlər.

46. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

48. Kollegiya nəzərə alır kı, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC tərəf olmasa belə, bağlanmış müqavilə birbaşa onun maraqlarına toxunur. Belə ki, sökülmüş əmlakın yerləşdiyi ərazi tikinti üçün MMC-yə ayrılmış və həmin ərazidə MMC tərəfindən yeni bina inşa olunmuşdur. Bu baxımdan MMC hazırkı iddianı irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur.

49. İddianın mahiyyətinə gəldikdə isə Kollegiya ilk növbədə qeyd edir ki, məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

50. Hazırkı alqı-satqı müqaviləsinin etibarsızlığı tələbinə aid hissədə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 203.1-ci maddəsi çıxış edir. Maddənin məzmununa görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

51. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka mülkiyyət hüququnun itirilməsinin əsaslarını konkret müəyyən etmişdir.

52. 1) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, 2) daşınmaz əmlak tamamilə məhv olduqda

53. Baxılan iş üzrə mübahisəli mənzilin söküldüyü, mövcud olmadığı işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisə alqı-satqı müqaviləsi bağlanan anda mənzilin mövcud olub-olmadığı ilə bağlıdır.

54. Qarşılıqlı iddia üzrə cavabdeh olan "xxxx" Bank ASC şikayətini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsinə dair işdə hər hansı sübut olmaması ilə əsaslandırmışdır.

55. Kollegiya bununla bağlı qeyd edir ki, rəsmi reyestrdə qeydiyyat yazısının ləğv edilməsi ilə bağlı hər hansı sənəd iş materiallarına əlavə edilməsə də, işdə olan Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 164 №-li müqavilədən görünür ki, mübahisəli mənzili sökülmək üçün Cavabdeh1 MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.

56. Digər tərəfdən, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh Aidə Babayeva xx.xx.2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında mənzilin 2-3 il əvvəl söküldüyünü, alqı-satqı zamanı mənzilin söküldüyünü bildiyini, söküntü işləri aparıldıqdan sonra onunla Bank arasında müqavilə bağlandığını, mövcud olmayan mənzili almağının səbəbinin əvəzinə təzə mənzil verilməsi olduğunu bildirmişdir.

57. MPM-in 106.3-cü maddəsinə müvafiq olaraq tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

58. Mübahisə üzrə birinci instansiya məhkəməsindəki icraat, həmçinn apellyasiya baxışı zamanı cavabdeh Aidə Babayeva həmin məzmunda izahatını mübahisələndirməmiş, protokola qeyd verməmişdir.

59. Beləliklə, alqı-satqı müqaviləsi bağlandığı vaxt mübahisəli mənzilin söküldüyü həmin müqavilənin tərəfi olan cavabdeh Aidə Babayeva tərəfindən etiraf olunduğundan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC qanunun tələbinə əsasən bu faktları sübut etmə vəzifəsindən azaddır.

60. Aidə Babayeva alqı-satqı müqaviləsi bağlanan zaman mənzilin mövcud olmamasından xəbərdar olmuş, mənzilə dair mülkiyyət hüququ, çıxarış əldə edə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair müddəalarının pozulduğu, nəticədə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qənaətə gəlmişdir.

61. Məhkəmə kollegiyası bununla yanaşı birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin olunan digər hissəsində, yəni "İnteks” MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130.000 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmır.

62. "İnteks” MMC-nin həmin hissədə tələbi 89250 manat pul vəsaiti ödənilməklə İddiaçı ASC-nin mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi barədədir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, "İnteks” MMC-nin mülkiyyət hüququnun itirilməsinin əvəzi kimi İddiaçı ASC-yə təklif etdiyi 89250 manat mübahisəli mənzilin hərrac baş tutmadıqdan sonra İddiaçı ASC-yə təklif olunan və əldə olunan qiymətdir. Mənzilin hərracda ilkin satış qiyməti 140 000 manat olmuşdur.

64. Məhkəmə öz təşəbbüsü ilə kompensasiya məbləğini 130 000 manat müəyyən etmiş, lakin bu qənaətini, yəni nəyə görə məhz 130 000 manat ödənilməli olmasını qanunla müəyyən olunmuş qaydada əsaslandırmamışdır. Cavabdeh İddiaçı ASC isə nə 89250 manat, nə də 140 000 manat kompensasiya məbləği ilə razılaşmamışdır.

65. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı mənzilin 2017-ci ilə olan real bazar qiymətini aydınlaşdırarkən onun həmin dövrdəki qiymətinin təxminən 182 000 manat olduğunu müəyyən etdi.

66. Belə ki, “Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi xidməti” MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı hesabatına əsasən mənzilin söküldüyü 2017-ci il tarixinə qədər real dəyəri 182000 manat, sökülməsəydi hazırkı dövrdə real bazar dəyəri isə 205000 manat müəyyən edilmişdir.

67. Göründüyü kimi, iddiaçı tərəfindən təklif olunan 89250 manat mübahisəli mənzilin real bazar qiymətini əks etdirmir.

68. Mülki Məcəllənin 211-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir.

69. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəli mənzil 2017-ci ildə sökülmüş olsa da İddiaçı ASC mənzilin mülkiyyətçisi kimi onun sökülməsi nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmamışdır.

70. Məhkəmə kollegiyasının qənaətinə görə "İnteks” MMC göstərilən hissədə tələbini sübuta yetirə bilməmişdir.

71. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

72. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

73. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, "İnteks” MMC-nin İddiaçı ASC-yə qarşı iddiası 89250 manat məbləğində pul vəsaiti ödənilməklə mülkiyyət hüququnun itirilməsi hissəsində əsaslı seyil və ona görə də qətnamə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından MPM-in 385.1.1, 385.1.2-ci maddələrinə əsasən həmin hissədə ləğv olunmaqla iddia rədd edilməlidir.

74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

75. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi qismən - "İnteks” MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130.000 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində ləğv olunsun. Həmin hissədə iddia rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar