Məhkəmə qərarları › İş №2(103)-443/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-443/2021

05.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-443/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mirzəhüseyn Axundzadə, ünvan 2 17-də yerləşən abonent kodu **********00000 olan fərdi yaşayış evinə əsassız olaraq borc kimi yazılmış olan 464 manat borcun Cavabdeh İB-i tərəfindən silinməsi və artıq silinmiş 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İB, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri tərəfindən iddiaçının ünvanında quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacda nasazlıq olduğu aşkar edilmiş, sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Laboratoriyanın rəyinə əsasən, sayğacın yivli birləşməsindəki plastmas hissəsinin deşik olması aşkar edilmişdir. Faktla bağlı müvafiq qaydada akt tərtib edilmiş, itirilmiş təbii qazın dəyərinin bərpası üçün iddiaçıya 1109 manat dəymiş ziyan hesablanmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.02.2019-cu il tarixli qətnaməsi ilə Mirhüseyn Axundzadənin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” barəsində iddiası təmin edilmiş, ünvan 2 ünvanı (abonent kodu **********00000) üzrə Mirhüseyn Axundzadəyə hesablanmış 1109 manat borcun silinməsi qət edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, Mirzəhüseyn Axundzadənin 2011-ci il üçün ayın sonuna 943,80 manat borcu vardır, 2012-ci il tarixində 943,80 manat ödəniş olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4, şikayətin dəlillərinə uyğun izahat verərək, həmçinin bildimişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə silinməli borc cavabdeh tərəfindən silinmişdir. İddiaçının hazırda silinməsini və qaytarılması tələb etdiyi 964 manat borc əvvəlki illər üzrə hesablanmış və ödənilməmiş borcdur ki, bunun məhkəmə qətnaməsi ilə silinmiş 1109 manata heç bir aidiyyatı yoxdur. Odur ki, şikayətin təmin olunmasını xahiş edir. Göründüyü kimi, cavabdeh apelyasiya şikayətində iddiaçının hesabından silinmələrin silinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan 1109 manat borcla bağlı olduğunu bildirmiş, nümayəndəsi isə məhkəmə iclasında bu faktı təkzib edərək, 964 manat borc iddiaçıya əvvəlki illər üzrə hesablanmış və ödənilməmiş borcdur. Bu ziddiyyətlə bağlı məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.02.2019-cu il tarixli qətnaməsi ilə silinməsi qət edilmiş 1109 manat iddiaçının hesabından silinib-silinməməsi, işdə olan abonent saldoları nəzərə alınmaqla, 09.12.2019-cu il tarixə qeyd olunan ünvandakı mövcud avadanlıqlar və iddiaçının apardığı ödənişlər nəzərə alınmaqla borc yaranıb-yaranmaması, əgər yaranmışdırsa qalıq (ödənilməmiş) borcun nə qədər təşkil etməsi, əks təqdirdə iddiaçı tərəfindən edilmiş ödənişlərdən cavabdeh tərəfindən əsassız tutmalar olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli, 9/3695 saylı rəyində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən təqdim olunmuş abonentin saldosu cədvəlində iddiaçının 2020-ci ilin yanvar ayına hesablanmış 470,90 manat məbləğində borc qalığının qəbul edilməsi məsələsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Belə olan halda, Kollegiya hesab edir ki, sübutetmə yükü baxımından bu halı sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Cavabdeh isə, məhkəməyə iddiaçının təbii qazdan istifadəyə görə 964 manat məbləğində borcunun qaldğını, həmin məbləğin konkret hansı tarixlər üzrə hesablnmasını və tərəfindən iddiaçının hesabından aparılmış silinmələrin əvvəlki illər üzrə yaranmış həmin borcla bağlı olduğunu təsdiq edən mötəbər və kifayətedici sübutlar təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-997/2020 saylı iş üzrə 10 mart 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar