Məhkəmə qərarları › İş №2(103)-443/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-443/2023

13.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-443/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1 və Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “son haqq hesabın düzgün hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 65/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə) “son haqq hesabın düzgün hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 2020-ci ilin iyun, iyul və avqust ayları üçün olan ümumilikdə 4200 manat məbləğində ödənilməmiş əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ümumilikdə 2450 manat məbləğində kompensasiyanın, vurulmuş mənəvi zərərə görə 4000 manat məbləğində kompensasiyanın, ilk 5 ay gecikdirilmiş əmək haqqının müqabilində ümumilikdə 6420 manat məbləğində kompensasiyanın, iyun, iyul, avqust ayları üçün müəyyən olunan əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın hesablanaraq cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-də layihə meneceri vəzifəsində çalışmış, xx.xx.2020-ci il tarixində onun əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən təzyiqlərə məruz qaldığından və son haqq-hesab düzgün aparılmadığından, əmək qanunvericiliyi ilə müəyyən olunan hüquqları pozulmuşdur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun əmək müqaviləsi üzrə əmək haqqı 1500 manat təşkil edir. 2020-ci ilin yanvar ayından etibarən, Cavabdeh MMC onun əmək haqqının ödənilməsini müəyyən intervallarla gecikdirmişdir. Bank hesabından çıxarışdan da göründüyü kimi, onun maaşı 2020-ci il ərzində hər ayın tamamında bütöv şəkildə ödənilməmişdir. Bundan əlavə olaraq, cavabdeh müəyyən aylarda onun maaşını tam ödəməmiş, ona borclu qalmışdır. Əmək müqaviləsinə xitam verilərkən aparılan son haqqhesab işləri zamanı ona ödənilməli olan məbləğ düzgün hesablanmamış, cavabdehin ona ödəməli olduğu məbləğdən dəfələrlə az ödəniş edilmişdir. “COVİD19” virusunun ölkə ərazisində yayılması ilə əlaqədar olaraq ölkədə elan edilən karantin rejimi onun işləməsinə mane olmamışdır. Belə ki, gördüyü işin mahiyyəti onun iş yerində iştirak etmədən də əmək funksiyalarını tam icra etməsinə imkan vermişdir. Beləliklə, o, fiziki olaraq iş yerində olmasa belə, bütün vəzifə öhdəliklərini icra etmiş və iş günü buraxmamışdır. Həmçinin, işlədiyi son iki il ərzində o, əmək məzuniyyəti hüququndan istifadə etməmişdir. Belə ki, son iki iş ilində cəmi 10 gün məzuniyyət götürmüşdür. Əmək müqaviləsinə xitam verilərkən isə istifadə edilməmiş əmək məzuniyyətinə görə ona pul əvəzi ödənilməmişdir. O, işəgötürənin təzyiqi altında əmək müqaviləsinin xitam olunması barədə ərizə ilə müraciət etmişdir. Belə ki, cavabdeh əmək müqaviləsi üzrə maaşını azaltmağı, rəsmi sənədlərdə maaşının 250 manat olaraq göstərilməsini və qalan məbləği ona əlbəəl verməyi təklif etmişdir. Bundan başqa, ondan ərizə yazaraq öz hesabına 6 aylıq məzuniyyət götürməsi tələb olunmuşdur. O, bu təkliflərlə razılaşmadıqda cavabdeh qurumun rəhbərliyi ərizə yazaraq ondan işdən çıxmağını tələb etmişidir. Bu səbəbdən də o, xx.xx.2020-ci il tarixində əmək şəraitinin dəyişdirilməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni yazıb cavabdeh qurumun rəhbərliyinə təqdim etmişdir. Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmiş, son haqq-hesab işləri də həmin tarixdə görülmüşdür. Ona həmin tarixdə cəmi 1100 manat məbləğində pul ödənilmişdir. Onun 1 aylıq əməkhaqqı 1500 manat təşkil edir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər ona ümumilikdə 11800 manat məbləğində pul ödənilməli idi. Bank hesabından çıxarışdan da göründüyü kimi, 2020-ci il ərzində ona cəmi 7600 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdir ildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələrlə bölməsində nəzərdə tutulan qaydada həll edilir. Cavabdeh əmək haqqını uzun müddət gecikdirməklə ödəmişdir. Odur ki, cavabdeh ona hər gecikdirilən gün üçün maaşının 1%-i məbləğində olmaqla, yəni 15 manat məbləğində pul ödəməlidir. Onun əmək haqqı hər ayın sonuncu günü ödənilməli olduğu halda aşağıda göstərilən tarixlərdə tam olaraq ödənilmişdir: Yanvar ayının ödənişi 17 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixdə, fevral ayının ödənişi 94 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixdə, mart ayının ödənişi 118 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixdə, aprel ayının ödənişi 110 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixdə, may ayının ödənişi 89 gün gecikdirilməklə xx.xx.2020-ci il tarixdə. Bank hesabından çıxarışdan da göründüyü kimi, ilk 5 ayın əmək haqqısı ümumilikdə 428 gün gecikdirilmişdir. İyun, iyul və avqust ayının ödənişləri isə bu günə qədər ödənilməmişdir. Odur ki, ilk 5 ay üçün, hər gün üçün 15 manat olmaqla, ümumilikdə 6420 manat məbləğində kompensasiya ödənilməlidir. İyun, iyul və avqust aylarının kompensasiyası hələ də ödənilmədiyindən, gecikdirilən günlərin sayı hər keçən gün daha da artır. Bu səbəbdən də əmək haqqının ödənilmədiyi aylar üçün isə gecikdirilməyə görə müəyyən olunan ödənc məhkəmə tərəfindən hesablanılmalı və cavabdehdən tutulmalıdır. Onun öz işindən ayrılmaq istəyi heç zaman olmamışdır. Ərizə yazaraq işdən çıxma səbəbi yalnız cavabdehin ona təzyiq etməsi, şərtlərin onun iradəsinə zidd olaraq dəyişdirilməsi olmuşdur. Hesab edirəm ki, cavabdeh qanunsuz olaraq ona təzyiq edərək əmək qanunvericiliyi ilə müəyyən olunan hüquqlarını pozmuşdur. Qanunsuz olaraq işdən çıxarılmağına görə isə ona iki aylıq əmək haqqı - 3000 manat məbləğində kompensasiya ödənilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərindən də göründüyü kimi, ona istifadə etmədiyi əmək məzuniyyətinin müqabilində kompensasiya ödənilməli idi. O, son iki iş ili ərzində ümumilikdə 10 gün əmək məzuniyyəti hüququmdan istifadə etmişdir. Beləliklə, onun 50 gün istifadə edilməmiş əmək məzuniyyəti günü qalmışdır. Son haqq-hesab işləri görülərkən onun həmin istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ümumilikdə 2450 manat məbləğində pulu ödənilməli idi. Bəllidir ki, cavabdeh ona əmək haqqını hissə-hissə ödəmiş və bu ödəmələri vaxtından 90 gün artıq müddətdə etmişdir. Bu isə onun və himayəsində olan ailəsinin maddi tələbatlarını ödəməsinə imkan verməmişdir. Əmək haqqının cavabdehin təqsirinə görə və üzrsüz səbəbdən gecikdirilməsi onun həm maddi, həm də mənəvi ziyan görməyilə nəticələnmişdir. Belə ki, yeganə gəlir mənbəyi olan maaşının qeyri-müəyyən müddətə qədər verilməməsi onun aylıq büdcəsinin səmərəli idarə ediməsini mümkünsüz etmişdir. Hər gün maaşın ödəniləcəyini gözlədiyi halda, ödənilməli olandan dəfələrlə az məbləğin alınması onun stress keçirməsinə, o cümlədən başqa şəxslər qarşısında borclanmağına səbəb olmuşdur. Xüsusilə ölkə ərazisində elan edilən şərtləşdirilmiş karantin dövründə bir sıra yerlərin fəaliyyətinin qadağan olunması əlavə gəlir əldə etməyini mümkünsüz etmişdir. O, aylarla bütün vəzifə öhdəliklərini dəqiqliklə yerinə yetirməsinə baxmayaraq, əməyinin qarşılığını layiqincə almamışdır. Cavabdeh ona iyun, iyul və avqust ayları boyunca iş gördürmüş, lakin onların pulunu ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-65/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia qismən təmin olunaraq, İddiaçı işdən azad olunduğu xx.xx.2020-ci ilədək hesablanmış 3830,59 (üç min səkkiz yüz otuz manat əlli doqquz qəpik) manat əmək haqqı və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 2373,3 (iki min üç yüz yetmiş üç manat otuz qəpik) manat kompensasiya, əmək haqqının gecikdirilməsinə görə gündəlik 1 faiz ödəncin verilməsi qismində 6200,45 (altı min iki yüz manat qırx beş qəpik) manat olmaqla, cəmi 12404,34 (on iki min dörd yüz dörd manat otuz dörd qəpik) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq isə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin subyektiv mülahizə əsasında qərar qəbul etməsi, təqdim olunmuş sübutlara obyektiv, ədalətli və düzgün hüquqi qiymət verməməsi, iddiaçının Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən 1 faizlik kompensasiya tələb etməkdə subyektiv hüquqlarının olmaması, həmin maddədə nəzərdə tutulmuş kompnsasiyanın yalnız işçilərə ödənilməli olması, iddiaçının isə işçi statusında olmaması, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, cavabdeh tərəfindən iş vaxtının uçotunun elektron qaydada aparılması, 2020-ci ilin yanvar ayından iddiaçının işə gəlməsi günlərinə uyğun olaraq əmək haqqının hesablanaraq ödənilməsi, yanvar ayında maddi vəziyyətlə bağlı əmək haqqının ödənilməsində gecikmələrin olması, bu səbəbdən həmin ayın əmək haqqısının favral ayında ödənilməsi, sonrakı aylarda əmək haqlarının kəsrlə ödənilməsi, lakin qalıq məbləğlərin sonrakı aylaorda tam ödənilməsi, hətta iyun ayına olan nəticəyə görə iddiaçıya 19,50 manat artıq pul vəsaitinin ödənilməsi, iddiaçıya borcun qalmaması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq, iddiaçının 2020-ci ildə yanvar ayından avqust ayınadək cəmi 56 gün işdə olmasına baxmayaraq, onun barəsində heç bir intizam tənbeh tədbirinin görülməməsinin səbəbi kimi ölkədə və dünyada baş verən pandemiya olmasını, həmçinin iddiaçıya işdə olduğu qeyd olunan günlərə münasibətdə əlavə ödəmələrin həyata keçirlməsinin səbəbinin isə işəgötürənin hüququ olmasını bildirmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından, şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan İ ******* nömrəli əmək kitabçasının və əmrlərin surətlərindən görünür ki, iddiaçı 02.10.17-ci il tarixdə Cavabdeh MMC-də Xidmət və Proqram təminatlarının tətbiqi üzrə menecer vəzifəsinə qəbul edilmiş (Əmr №36), 17.04.19-cu il tarixdə Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən layihə meneceri vəzifəsinə keçirilmiş (Əmr №4) və xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş məlumatlarından göründüyü kimi xx.xx.2019-cu il tarixdən 544 manat, xx.xx.2019-cu il tarixdən əmək haqqı 1102 manat, xx.xx.2019-cu il tarixdən 1270 manat, xx.xx.2020-ci il tarixdən 1661 manat müəyyən edilmişdir. İşdə olan 549 nömrəli Epikrizdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ginekomastiyanın ləğvi, lokal liposaksiya əməliyyatı olmuş və xx.xx.2020-ci il tarixdə evə yazılmışdır. İşdə olan son haqq-hesabının hesablanmasına dair arayışda qeyd edilmişdir ki, İddiaçı 2020-ci ildə yanvar ayında 18 gün, fevral ayında 17 gün, mart ayında 10 gün, aprel ayında 1 gün, may ayında 2 gün, iyun ayında 1 gün, iyul ayında 7 gün yekun olaraq 56 gün işə gəlmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilən vaxtı 624,53 manat artıq əmək haqqı ödənişi olmuşdur. İstifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanan kompensasiya məbləği 805,46 manat müəyyən olunmuşdur. İddiaçı əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab qalıq borcu 180,93 manat olmuşdur. (İstifadə edilməmiş məzuniyyət günlərinə görə 805,46-624,53=180,93). İşdə olan "xxxx" MMC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 08-01/386 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 2020-ci il ərzində aralarında olan mövcud müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar xx.xx.2020ci il tarixində saat 10:00-dan 12:40-dək, xx.xx.2020-ci il tarixində saat 14:00-dan 15:20dək, xx.xx.2020-ci il tarixində saat 11:07-dən 12:15-dək, xx.xx.2020-ci il tarixində saat 11:00-dan 12:25-dək "xxxx" MMC-nin inzibati binasında olmuşdur. Eyni zamanda İddiaçı 2020-ci il ərzində Şirkətlər arasında onlayn qaydada keçirilən görüşlərdə iştirak etmiş, lakin həmin görüşlərin reyestri aparılmadığı səbəbilə tarix və vaxt barədə məlumatı təqdim etmək mümkün deyildir. İşdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 16/1-38 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə “PROLİNE" MMC arasında bağlanmış müqavilə əsasında 2020-ci ilin avqust-sentyabr aylarında “PROLİNE" MMC tərəfindən Cəmiyyətin çağrı mərkəzi yaradılmışdır. Həmin işlərin görülməsinə “PROLİNE" MMC tərəfindən hansı işçilərinin cəlb edilməsi barədə dəqiq məlumatları yoxdur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerləşdiyi Hökumət evinin inzibati binasına daxil olan (işçi olmayan) kənar şəxslər barədə məlumatlar uzun müddət saxlanılmadığından İddiaçı şirkətin fəaliyyəti ilə bağlı binaya daxil olub-çıxması barədə sorğuya konkret cavab vermək mümkün oolmamışdır. İş materiallarında olan email yazışmalarından görünür ki, Elektron ünvan iş email ünvanından müxtəlif email ünvanları arasında xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 09,06.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və s. tarixlərdə iş fəaliyyəti ilə bağlı xidməti məktublar göndərmişdir. İşdə olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli, 9/5996 nömrəli ekspertiza rəyindən görünür ki, İddiaçı İqbal oğlunun Cavabdeh MMC-də işlədiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə (əmək müqaviləsi qüvvədə olduğu dövrdə) istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləğinin 1616,96 manat, o cümlədən ona əmək müqviləsinə xitam verilən vaxtadək müəssisə tərəfindən ümumilikdə 3424,53 manat (7600 manat-4175 manat) artıq vəsait ödənildiyi müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 9/987 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-mühasibat ekspertizası, məhkəmə-mühasibat ekspertizasının metodikasına görə tədqiqat (hesablamalar) ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Bu səbəbdən hazirki ekspertiza tədqiqatı - İddiaçı ilə “PROLİNE" MMC arasında bağlanmış əmək müqaviləsində və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi məlumatları, iş vaxtının elektron qeydiyyatı cədvəlləri əsasında, həmin məlumatda qeyd edilən əmək haqqı məbləği əsas götürülməklə işçiyə əmək haqqı, məzuniyyət haqqı və son haqq-hesab hesablanmışdır. Hesablama ilə İddiaçı İqbal oğlunun “PROLİNE" MMC-də işlədiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə (əmək müqaviləsi qüvvədə olduğu dövrdə) istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləğinin 1617,33 manat təşkil etdiyi, o cümlədən ona əmək müqaviləsinə xitam verilən vaxtadək müəssisə tərəfindən ümumilikdə 3424,73 manat (7601,2 manat - 4175,47 manat) artıq vəsait ödənildiyi müəyyən edildi. İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dövr ərzində iş vaxtının elektron qeydiyyatı cədvəlləri nəzərə alınmamaqla, İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə faktiki iş günləri üzrə davamiyyəti aylıq iş vaxtı normasına uyğun nəzərə alınmaqla hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, almadığı əmək haqqı məbləğinin 3830,59 manat (11431,79-7601,2) və məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləğinin 2373,3 (906,25+522,25 + 944,8) manat təşkil etdiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi İddiaçı cavabdeh "Proline” MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dövrdə ona ödənilməmiş və gecikdirilmiş əmək haqqının 1% məbləğində ödəncin hesablanıb-hesablanmamasının müəyyən edilməsi hüquqi xarakterli olduğundan məhkəmə tərəfindən nəzərə alınmalıdır. İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dövrdə ona ödənilməmiş və gecikdirilmiş əmək haqqının 1% faiz məbləğində ödəncin hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə hazirki ekspertiza zamanı hesablanmış 1% məbləğində ödəncin məbləği 6200,45 manat müəyyən edilir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, xx.xx.2020-ci il tarixli, 26-08/20 nömrəli əmək müqaviləsinə xitam verilmə haqqında əmrə əsasən Cavabdeh MMC-də layihə meneceri vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə (öz xahişi ilə) uyğun olaraq xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iyun, iyul və avqust ayları üçün müəyyən olan ümumilikdə 4200 manat məbləğində ödənilməmiş əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ümumilikdə 2450 manat məbləğində kompensasiyanın, vurulmuş mənəvi zərərə görə 4000 manat məbləğində kompensasiyanın, ilk 5 ay gecikdirilmiş əmək haqqının müqabilində ümumilikdə 6420 manat məbləğində kompensasiyanın, iyun, iyul, avqust ayları üçün müəyyən olunan əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın hesablanaraq cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli 9/5996 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı İqbal oğlunun Cavabdeh MMC-də işlədiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə (əmək müqaviləsi qüvvədə olduğu dövrdə) istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləğinin 1616,96 manat təşkil etdiyi, o cümlədən ona əmək müqviləsinə xitam verilən vaxtadək müəssisə tərəfindən ümumilikdə 3424,53 manat (7600 manat-4175 manat) artıq vəsait ödənildiyi müəyyən olunmuşdur. Belə ki, sözügedən ekspertiza tədqiqatı cavabdehin məhkəməyə təqdim etdiyi İddiaçı son haqq-hesabının hesablanmasına dair arayış nəzərə alınmaqla aparılmışdır. Həmin arayışda qeyd olunmuşdur ki, İddiaçı 2020-ci ildə yanvar ayında 18 gün, fevral ayında 17 gün, mart ayında 10 gün, aprel ayında 1 gün, may ayında 2 gün, iyun ayında 1 gün, iyul ayında 7 gün yekun olaraq 56 gün işə gəlmişdir. Lakin daha sonra İddiaçı həmin tarixlərdə də əmək müqaviləsi üzrə əmək funksiyalarına icra etməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Belə ki, iş materiallarında olan e-mail yazışmalarından görünür ki, İddiaçı aid Elektron ünvan adlı xidməti email ünvanı ilə müxtəlif email ünvanları arasında xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 09,06.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və s. tarixlərdə iş fəaliyyəti ilə bağlı xidməti məktublar göndərilmişdir. Habelə "xxxx" MMC-nin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 08-01/386 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 2020-ci il ərzində aralarında olan mövcud müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixində saat 10:00-dan 12:40-dək, xx.xx.2020-ci il tarixində saat 14:00-dan 15:20-dək, xx.xx.2020-ci il tarixində saat 11:07-dən 12:15-dək, xx.xx.2020-ci il tarixində saat 11:00-dan 12:25-dək "xxxx" MMC-nin inzibati binasında olmuşdur. Eyni zamanda İddiaçı 2020-ci il ərzində Şirkətlər arasında onlayn qaydada keçirilən görüşlərdə iştirak etmiş, lakin həmin görüşlərin reyestri aparılmadığı səbəbilə tarix və vaxt barədə məlumatı təqdim etmək mümkün deyildir. Belə ki, cavabdeh təqdim etdiyi arayışda iddiaçının 2020-ci ildə yanvar ayından avqust ayınadək cəmi 56 gün işdə olduğunu göstərmiş son haqq-hesabı da onu nəzərə almaqla etmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bu da işçi barəsində intizam tənbehinin tətbiq edilməsi və halhazırki vəziyyətdə yəni işçinin 2020-ci ilin yanvar ayından avqust ayınadək 56 günü çıxmaqla qalan günlər işə çıxmamasını nəzərə alaraq işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən iddia etdiyi bu pozuntularla bağlı heç bir tədbir görməmişdir. Bunun tam əksi olaraq iddiaçı həmin günlərdə də öz əmək funksiyalarını icra edərək xidməti emailindən iş fəaliyyəti ilə bağlı xidməti məktublar göndərmişdir. Bu baxımdan məhkəmə ilkin olaraq aparılmış ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmayaraq əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair qərardad qəbul etmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli, 9/987 nömrəli ekspert rəyinə əsasən İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dövr ərzində iş vaxtının electron qeydiyyatı cədvəlləri nəzərə alınmamaqla, İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə faktiki iş günləri üzrə davamiyyəti aylıq iş vaxtı normasına uyğun nəzərə alınmaqla hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, almadığı əmək haqqı məbləğinin 3830,59 manat (11431,79- 7601,2) və məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləğinin 2373,3 (906,25+522,25 + 944,8) manat təşkil etdiyi müəyyən edilmiş, İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dövrdə ona ödənilməmiş və gecikdirilmiş əmək haqqının 1% məbləğində ödəncin hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə hazırki ekspertiza zamanı hesablanmış 1% məbləğində ödəncin məbləği 6200,45 manat müəyyən edilir. Məhkəmə kollegiyası, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X2 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən, əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. ƏM, həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. ƏM-in 12-ci maddəsində əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sadalanmış və onlardan biri kimi əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi qeyd olunmuşdur. ƏM-in 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ƏM-in 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. ƏM-nin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. ƏM-nin 135-ci maddəsinin tələbinə görə, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. ƏM-nin 143-cü maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. ƏM-nin 144-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Beləliklə, qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Eləcə də, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Hazırki işin mübahisə olunmayan hallarına əsasən – iddiaçıya 2020-ci ilin yanvar ayından etibarən əmək haqqının ödənilməsində gecikmələr olmuş, əmək haqqı aylar üzrə tam ödənilməmişdir. Cavabdehin nümayəndələri bu halı hüquqi şəxsin maddi vəziyyəti ilə əlaqələndirərək, sonrakı aylarda əmək haqqlarının qalıq hissələrinin tam ödənilməsini, hətta iyun ayının nəticəsinə görə artıq ödəmənin olmasını, əmək haqqının iddiaçıya faktiki işə çıxdığı günlərin sayına uyğun ödənildiyini, borcun qalmamasını və s. bildirmişlər. İddiaçı isə 2020-ci ilin yanvar ayından işdən çıxdığı günədək əmək müqaviləsi üzrə vəzifələrini tam icra etməsini, bunun müqavilində əmək haqlarının tam ödənilmədiyini, gecikdirildiyini, bəzi aylar (iyun, iyul və avqust) üzrə isə heç ödənilmədiyini, əmək müqaviləsinə xitam verilən zamanı son haqq-hesabının (həmçinin, istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya) tam ödənilmədiyini bildirərək, hazırki tələblərini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Cavabdeh iddiaçının 2020-ci ildə yanvar ayından avqust ayınadək olan müddət kəsiyində yalnız 56 gün işdə olduğunu bildirsə də, işçinin əmək funksiyasını icra etməməsi və bunun nəticəsi olaraq onun barəsində hər hansı intizam tənbehinin tətbiq olunmaması barədə ağlabatan, şübhədən kənar heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, işçinin uzun zaman kəsiyində işə gəlməməsi, əmək funksiyalarını yerinə yetirməməsi halında cavabdehin buna tam səssiz qalması inandırıcı olmamaqla, əsaslandırılmamışdır. Cavabdehin nümayəndələri iddiaçı barəsində intizam tənbehinin görülməsinin işəgötürənin hüququ olduğunu bildirsə də, ən azında iddiaçıya işə davamiyyətlə bağlı hər hansı formada (istər rəsmi yazılı, istər elektron formada və s.) xəbərdarlığın olunmamasının səbəblərini də izah edə bilməmişlər. Cavabdehin məhkəməyə təqdim etdiyi, birtərəfli qaydada tərtib olunmuş sənədlər (cədvəllər) isə mötəbər sübut kimi qəbul edilməməklə, iddiaçının müvafiq dövrlərdə işdə olmaması, əmək funksiyalarını yerinə yetirməməsi anlamına gələ bilməz. Bununla yanaşı, iddiaçının faktiki olaraq əmək funksiyasını yerinə yetirməməsi, işə gəlməməsi barədə cavabdeh tərəfin bildirdikləri şərti olaraq qəbul edilsə belə, o zaman nəyə görə ona ümumilikdə 3424,53 manat artıq vəsaitin ödənilməsini də cavabdehin nümayəndələri ağlabatan mühakimə əsasında əsaslandıra və izah edə bilməmişlər. Əksinə, işdə olan sübutlarla (email yazışmaları, "xxxx" MMC-nin məlumatı və s.) müəyyən olunur ki, iddiaçı müvafiq aylar üzrə əmək funksiyalarını yerinə yetirmiş, əmək funksiyasının xarakterindən irəli gələrək, eləcə də pandemiya zamanı müəyyən vaxtlarda işləri şirkətdən kənarda icra etmişdir. Bu səbəbdən də ona aylıq əmək haqqı məbləğləri tam həcmdə ödənilməli idi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müvafiq aylarda natamam işləməsi, bəzi aylarda isə ümumiyyətlə işləməməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, işdə olan sübutlarla müəyyən edilmir. İşdə olan 13 iyun 2022-ci il tarixli, 9/987 nömrəli ekspertiza rəyinə əsasən iddiaçının cavbadeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dövr ərzində almadığı əmək haqqı məbləğinin 3830,59 manat (11431,79-7601,2) və məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləğinin 2373,3 (906,25+522,25 + 944,8) manat təşkil etdiyi müəyyən edilir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh işdə olan digər ekspertiza rəyinə (18 oktyabr 2021-ci il tarixli, 9/5996 nömrəli ekspertiza rəyi) əsaslansa da, birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyi nəzərə almamışdır. Çünki, qeyd edilən rəy məhz cavabdehin təqdim etdiyi faktiki iş günləri üzrə verilmişdir ki, bu da işin hallarına uyğun olmamışdır. Cavabdehin apellyasiya şikayətinin digər dəlili Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin hazırki işə tətbiq olunmalı olmaması, iddiaçının həmin normaya istinad etməkdə subyektiv hüquqlarının olmaması ilə bağlı olmuşdur. Apellyasiya şikayətinə baxış zamanı müzakirələr gedişində müəyyən olunmuşdur ki, şikayətin qeyd edilən dəlili kimi gecikdirilmiş əmək haqqının 1% faizi məbləğində ödəncin hesablanması ilə bağlı (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin tətbiqi ilə bağlı) məhkəmə təcrübəsində fərqli yanaşmalar və müvafiq olaraq da fərqli məhkəmə qərarları mövcuddur. Belə olan halda məhkəmə kollegiyası hazırda icraatda olan mübahisənin mahiyyəti üzrə düzgün həll edilməsi, bu növdən olan iddialara baxılmasında düzgün qərarlar qəbul edilməsi, bu sahədə qanunvericiliyin eyni cür tətbiq olunması və məhkəmə təcrübəsində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin şərh olunması zərurət hesab edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Sözügedən müraciətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən baxılmış və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin Qərara əsasən - işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Belə olan halda isə, iddiaçının iddia tələbinin gecikdirilmiş əmək haqqının 1% faizi məbləğində ödəncin hesablanaraq ona ödənilməsi hissəsində subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətinin dəlili aradan qalxmış olur. Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. İşdə olan 13 iyun 2022-ci il tarixli, 9/987 nömrəli ekspertiza rəyindən görünür ki, iddiaçının cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dövrdə ona ödənilməmiş və gecikdirilmiş əmək haqqının 1% məbləğində ödəncin məbləği 6200,45 manat təşkil etmişdir.. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandıra, habelə etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin bildirdikləri isə, özü-özlüyündə iddianın yoxlanılan hissədə əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “son haqq hesabın düzgün hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 65/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-65/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar